Məhkəmə qərarları › İş №1(011)-301/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-301/2022

21.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-301/2022 21.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, 18 avqust 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir büküm kustar üsulla hazırlanmış təmiz çəkisi 6,614 qram olan narkotik vasitə asetilə edilən tiryəki əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 01 aprel 2022-ci il tarixdə, saat 14:40-da Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 88 ünvanının yaxınlığında saxlanılıb, ünvan 3erləşən Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə gətirilərək, üzərində videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı, əynində olan qara rəngli şalvarının sol arxa cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 6,614 qram olan tünd qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, narkotik maddələrin istifadəçisidir. Narkotik maddələri Bakı şəhərinin müxtəlif yerlərindən, tanımadığı şəxslərdən alır. Bir neçə il əvvəl yol-nəqliyyat hadisəsi zamanı, ayağından xəsarət almış və sağ ayağı amputasiya edilmişdir. Həmin dövrdən sonra, ağrıları olması səbəbindən, mütəmadi olaraq narkotik vasitə olan tiryəkdən istifadə etməyə başlamışdır. 01 aprel 2022-ci il tarixdə yaşadığı ünvandan çıxaraq, Bakı şəhərində “Kubinka” adlanan ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxslə görüşmüş və sonuncudan 20 manata narkotik vasitə olan tiryək almışdır. Aldığı maddənin bir qismini istifadə etmiş, qalan hissəsini isə əynində olan şalvarının cibinə qoymuşdur. O, bir qədər Xətai rayonu ərazisində gəzdikdən sonra, yaşadığı ünvana doğru hərəkət etməyə başlamışdır. Xətai rayonu, Babək prospektində, yaşadığı ünvanın yaxınlığında olan zaman, mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim edib, onu 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman, vəkil dəvət olunmuş və ona üzərində axtarış keçirələcəyi bildirilmişdir. İlk əvvəl ona üzərində hər hansı bir qeyri-qanuni əşya olduğu təqdirdə, təqdim etməsi təklif edilmişdir. O, həmin vaxt əynində olan şalvarının cibindən bir bükümdə narkotik vasitə olan tiryəki çıxardıb, polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bir ədəd bükümə baxış keçirib, sonra qablaşdırıb, möhürləyərək götürmüş, ardınca şəxsi axtarışı aparılmış, lakin üzərindən başqa qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman, o, hər hansı bir fiziki və ya psixi təsirə məruz qalmamışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində narkotik vasitələri qanunsuz olaraq qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də, ondan və Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra, onlar birlikdə məlumat əsasında həmin gün, saat 15 radələrində Xətai rayonu, Babək prospekti 88 ünvanına getmişlər. Həmin vaxt onlar xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü 18 avqust 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, sonuncunu Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmiş və bundan sonra, onların və vəkilin iştirakı ilə, videoçəkilişdən istifadə olunmaqla, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl, həmin şəxsə üzərində qeyriqanuni əşya olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynində olan şalvarının arxa cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxardıb, masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə olan tiryək olduğunu, həmin maddəni “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Fərruxun üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz əşya aşkar olunmamışdır. Fərruxun üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Fərrux tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və videogörüntüdən görünür ki, 01 aprel 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd qara rəngli şalvarının arxa sol cibindən bir ədəd sellofana bükülmüş qara rəngli, spesifik qoxuya malik maddəni təqdim edərək, həmin bükümdəki kütlənin narkotik maddə olan tiryək olmasını, “Kubinka” adlanan ərazidən, tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunmuş maddə bir ədəd zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2022-ci il tarixli, 6/1765 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə, təmiz çəkisi 6,614 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəkdir, tədqiqatdan sonra qalıq - 6,564 qramdır. İş materiallarından görünür ki, 6,564 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 25 aprel 2022-ci il tarixli, 2069 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 02 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Xətai RPİ-nin MSY-dən azad olunmuşdur. Eyni zamanda, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyindən, seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində axtarış elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 15 avqust 2022-ci il tarixdə Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq, Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 11 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 mart 2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatından görünür ki, aldığı xəsarət nəticəsində Təqsirləndirilən şəxs cərrahi müdaxilədən sonrakı vəziyyəti: sağ ümumi bud arteriyasının ləğvi, sağ budun orta 1/3-nin amputasiyası, nevrosteniya müəyyən olunmuş və 30 oktyabr 2020-ci il tarixdə ona ikinci dərəcəli əlillik verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və aldığı xəsarət nəticəsində onun ikinci dərəcəli əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun 01 aprel 2022-ci il tarixdən 02 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 15 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 6,564 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 1 (bir) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 15 avqust 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 6,564 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar