Məhkəmə qərarları › İş №1(011)-301/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-301/2024

02.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-301/2024 02.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - "Alyans" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, 27 avqust 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqla müəyyən edilməmiş şəxsdən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,420 qram narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, 29 yanvar 2024-cü il tarixdə saat 13:50-də Bakı şəhəri, Xətai rayonu M.Hadi küçəsi, 23/47 saylı evin qarşısında Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılıb ünvan 2 ünvanda yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi-axtarış və götürmə zamanı əynindəki boz rəngli idman gödəkcəsinin sağ yan cibindən 1(bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,420 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Əhmədli metrostansiyasının yaxınlığında taksofonla zəng edən zaman polis əməkdaşları ona yaxınlaşmış və şübhəli olduğunu bildirmişlər. Narkotik vasitə istifadə etdiyini etiraf etmiş, lakin tutulduğu zaman istifadə etmədiyini bildirmişdir. Heroindən isə heç vaxt istifadə etməmişdir. Daha sonra polis əməkdaşları onu polis bölməsinə aparmışlar və üzərinə keçirilən axtarış zamanı cibindən narkotik vasitə çıxmışdır. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, polis bölməsində sübutu olmadığı üçün narkotik vasitənin ona aid olduğunu etiraf etmişdir. Lakin həmin narkotik vasitənin cibinə necə düşdüyündən məlumatı yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək ibtidai istintaqdan fərqli olaraq məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbul etməsi və saxlaması barədə daxil olmuş əməliyyat məlumatı barədə polis şöbəsinin rəisinə raportla məruzə edilmiş və xx.xx.2024-cü il tarixli qərarla əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna özü və Xətai RPİ-nin 34-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 daxil edilmişlər. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs 29 yanvar 2024-cü il tarixdə saat 13:50-də ünvan 5 ünvanın yaxınlığında saxlanılaraq şübhəli şəxs kimi Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət edilmişdir. PŞ-də Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edildikdən sonra polis şöbəsinin inzibati otaqların birində onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs qərarla tanış edilmiş, ona hüquqları izah edilmiş və hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Bundan sonra videoçəkilişdən istifadə etməklə onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarışa başlamadan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, əşya və ya sənədlər varsa könüllü təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman gödəkcəsinin sağ yan çibindən ağ kağız parçasına bükülmüş 01 ədəd bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Bükümü açarkən içərisinndə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində olan maddənin nə olduğunu və hardan əldə etdiyi barədə soruşulduqda bildirmişdir ki, təqdim etdiyi kağız parçasının içərisindəki narkotik vasitə heroindir, onu Əhmədli qəsəbəsində tanımadığı şəxsdən 10 manata almışdır. Həmin narkotik maddə elektron tərəzi vasitəsilə çəkilərkən 0,65 qram olmuşdur. Bundan sonra həmin narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq möhürlənmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş şəxsi axtarış və götürmə zamanı videoçəkilişin əks olduğu disk protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs və müdafiəçi protokolla tanış olub imza etmişlər. Şəxsi axtarış zamanı iştirakçılar tərəfindən heç bir şikayət və təklif daxil olmadı. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə ekspertiza tədqiqatına göndərilmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulan zaman narkotik vasitə istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 analoji məzmunda ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini eynilə təsdiqləmişdir. Məhkəmə iclas zalında elan edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, yəni ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində bildirmişdir ki, o, təxminən bir ildir narkotik vasitələrdən istifadə edir. 29 yanvar 2024-cü il tarixdə saat 13-14 radələrində ünvan 5 ünvanın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib 34cü PŞ-nə dəvət etmişlər. Onlara müqavimət göstərmədən polis şöbəsinə getmişdir. 34-cü PŞ-də müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilərkən üstündə qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmaması soruşulmuşdur. Bu zaman əynindəki boz rəngli idman gödəkcəsinin sağ yan cibindən bir ədəd ağ rəngli kağız parçasına bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində nə olmasını soruşduqda bükümdə «kakos» adı ilə tanıdığı narkotik vasitə heroinin olmasını bildirmişdir. Sorğu sual edildikdə bildirmişdir ki, həmin "kakos" adı ilə tanıdığı narkotik vasitə heroini 10 manata öz şəxsi istifadəsi üçün Əhmədli qəsəbəsində tanımadığı şəxsdən alıb əynindəki boz rəngli idman gödəkcəsinin sağ yan cibinə qoymuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə həmin maddə zərfə qoyularaq, imzalanmış və qablaşdırılmışdır. Narkotik vasitəni satış məqsədi ilə deyil, özü üçün qəbul edtmək məqsədilə əldə etmişdir. Əldə etdiyi narkotik vasitəni heç kimə satmamış və heç kəsə pay verməmişdir. Narkotik vasitə istifadə etməyini heç kim bilməmiş, narkotik vasitəni həmişə tək istifadə etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 30 yanvar 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaq aparılmışdır; (i.v.1) - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 29 yanvar 2024-cü il tarixli qərardan görünür ki, 27 avqust 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi ev 4 A, m. 12-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılması qərara alınmışdır; (i.v. 6-7) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Xətai RPİ-nin 34-cü PŞ-nin 29 yanvar 2024-cü il tarixli, 55-1/Ə26/2024 №-li əməliyyat qrupunun yaradılması barədə əmrdən görünür ki, 27 Avqust 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi ev 4 A, m 12-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri qəbulu, üzərində saxlaması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Qeyd edilən məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış – qrupun rəhbəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, qrupun üzvü Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 olmuşdur; (i.v. 10) - 29 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2024-cü il tarixdə saat 13:50 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur; (i.v.22) - 29 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd ağ rəngli kağız parçasına bükülmüş içərisində qəhvəyi rəngli, qatı şəkilli (özünün “kokos" adlandırdığı) narkotik vasitə heroinə bənzər maddəni təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddənin nə olması haqqında sual verilərkən sonuncu bildirdi ki, əynində olan boz rəngli idman gödəkçəsinin sağ yan cibində ağ rəngli kağız parçasına bükülmüş içərisində qəhvəyi rəngli, qatı şəkilli narkotik vasitə hesab olunan heroindir. Təqdim olunmuş maddəni şəxsi istifadəsi üçün Əhmədli qəsəbəsində 10 manat məbləğdə tanımadığı şəxsdən aldığını bildirmişdir. Götürülmüş kütlələr təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş və bir bükümdə ağ rəngli kağız parçasına bükülmüş qəhvəyi rəngli, qatı şəkilli maddənin çəkisi isə 0.65 qram müəyyən olunmuşdur; (i.v.33-34) - Təqsirləndirilən şəxs aşkar edilmiş 0,420 qram olan narkotik vasitə heroin, üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 ədəd "DVD" disk maddi sübut kimi tanınmış, heroinin tədqiqata sərf edildikdən sonrakı qalıq çəkisi olan 0,370 qramı Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 1 ədəd "DVD" disk cinayət işinin materiallarına əlavə edilmişdir; (i.v.35) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/568 nömrəli 30 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №152"-li dairəvi möhür əksi “Təqsirləndirilən şəxs (İmza)” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,420 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi – 0,420 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,370 qram; (i.v 41-45) - 30 yanvar 2024-cü il tarixli “DVD-R” disk üzrə videoyazı məlumatlatına baxış keçirilməsi barədə protokoldan və məhkəmə iclasında diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin DVD diskdə əks edilmiş görüntülər 29 yanvar 2024-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X3 əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Qəribov Elxan sağ yanında oturmuş şəxs, Bakı şəhəri 13 saylı hüquq bürosunun vəkili X4r. Xidməti otaqda təhqiqatçı Qəribov Elxanın qarşısında ayaq üstə durmuş əynində böz rəngli idman gödəkcə və göy rəngli cins şalvarı olan şəxs isə Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs yanında dayanmış şəxslər - adları video çəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 və 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2dur. Video çəkilişin davamında təhqiqatçı Elxan Qəribov Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz (ləkəli) rəngli idman gödəkcəsinin sağ yan cibindən 01 ədəd ağ rəngli kağız parçasına bükülmüş bükümü masanın üzərinə qoyur. Daha sonra təhqiqatçı Elxan Qəribov həmin bükümdə nə olmasını soruşduqda, Təqsirləndirilən şəxs 01 ədəd bükümdə olan maddənin narkotik vasitə olduğunu bildirir. Bundan sonra təhqiqatçı Elxan Qəribov ağ rəng kağız parcasına bükülmüş bükümün açaraq içərisində qəhvəyi rəngli, narkotik vasitəyə oxşar maddə aşkar edilir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddə elektron tərəzidə çəkilir, həmin kağız büküm kütlənin birlikdə çəkisi 0.65 qram olması müəyyən edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində digər qanunsuz əşya və predmet olduğu soruşuldu və təhqiqatçı Elxan Qəribov tərəfindən onun üzərində şəxsi axtarış aparıldı. Axtarış zamanı onun üzərindən narkotik vasitə və hər hansı sübut əhəmiyyətinə malik ola biləcək predmet və əşya aşkar olunmadı. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd içərisində narkotik vasitəyə bənzə maddə olan büküm görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və möhürlənir. Həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanır; (i.v.53-54) - 31 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir; (i.v.60-61) - 31 yanvar 2024-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Xətai RPİ-nin istintaq şöbəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Əbülfəz Quliyevin 31 yanvar 2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlandığı Xətai RPİ-nin MSY-dən dərhal azad edilmişdir; (i.v.73-74) - 31 yanvar 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 27 avqust 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 7 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir; (i.v.75) - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 43 nömrəli Şəhər Poliklinikasının 01 fevral 2024-cü il tarixli, 137 nömrəli məktubundan görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küç., ev 12 A, m.12-də yaşayan xx.xx.2000-ci ildə anadan olmuş Kişizadə X1 qeydiyyatında yoxdur; (i.v.81) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 16 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur;(i.v.83) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X6 xx.xx.2024-cü il tarixli 1316 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs PSİXOSTİMULYATORLARİN qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; (i.v.88-89) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X10 tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli, 4125 №-li məktubdan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü, ünvan 7 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2023-xx.xx.2023-cü il tarixdə Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuşdur. Diaqnoz: “Nevrasteniya, özünü kəsmələrlə. Anamnezində PAM qəbulu.”; (i.v.94,99) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 02 aprel 2024-cü il tarixli, 867 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Tibbi sənədlərə əsasən anamnezində keçirilmiş "Nevrasteniya, özünü kəsmələrlə. Anamnezində PAM qəbulu" qeyd edilir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilərinə xas olan hövsələsizlik, tez özündən çıxmaq, inadkarlıq, qıcığa qarşı həssaslıq və s. kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. (İ.v.100-103) Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, özünü müdafiə xarakterlidir, o cümlədən ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarlar, əməliyyat qrupunun təşkil edilməsi barədə protokol, şəxsi axtarış və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində xüsusilə də şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakının təmin edilməsi (həmçinin müdafiəçənin iştirakı ilə aparılması), o cümlədən şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişinə, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarına əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar hansılar ki, narkotik vasitədən tutulduğu zaman istifadə etmədiyi, həmçinin heroindən isə heç vaxt istifadə etmədiyi, cibindən çıxan narkotik vasitənin ona aid olmadığı, cibinə necə düşdüyünü bilməməsi həqiqətə uyğun deyil. Belə ki, məhkəmə iclasında maddi sübut kimi tanınmış diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, şəxsi axtarış və götürmə aparılması zamanı ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz (ləkəli) rəngli idman gödəkcəsinin sağ yan cibindən 01 ədəd ağ rəngli kağız parçasına bükülmüş bükümü masanın üzərinə qoyur. Bu onun cibində olan əşyanın qanunsuz əşya olmasından və məhz hansı cibində olmasından xəbərdar olmasına dəlalət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,420 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 29 yanvar 2024-cü il tarixdən 31 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,420 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,370 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanına təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 32 (otuz iki) iş saatına görə 192 (yüz doxsan iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 02 (iki) gün həbsdə saxlama müddəti 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,370 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 32 (otuz iki) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 192 (yüz doxsan iki) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar