Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-302/2022 18.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdə tanışı X1 20 manat ödəyərək satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 bükümdə təmiz çəkisi 0,403 qram olan narkotik vasitə heroini və 01 bükümdə təmiz çəkisi 0,249 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 29 aprel 2022-ci il tarixdə saat 15:35 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 ünvanının qarşısında saxlanılıb ünvan 3əşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin falqası bükümdə təmiz çəkisi 0,249 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,403 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. Bir müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri Bakı şəhərinin müxtəlif ərazilərində tanımadığı şəxslərdən alaraq bədənində ağrılar olan zaman qəbul edir. O qeyd etmişdir ki, tanışı Ramal adlı şəxs də onun kimi narkotik vasitə aludəçisidir və sonuncu da narkotik və psixotrop maddələrdən istifadə etmişdir. Buna görə də, Ramalla bir neçə dəfə birlikdə narkotik vasitələri qəbul etmişlər. 29 aprel 2022-ci il tarixdə yenidən narkotik vasitə və ya psixotrop maddə əldə etmək qərarına gəlmişdir. Lakin, heç bir yerdən narkotik vasitə və psixotrop maddə əldə edə bilməyəcəyini başa düşüb Ramalla əlaqə saxlayıb sonuncuda narkotik vasitə olub olmaması ilə maraqlanmışdır. Ramal da ona öz şəxsi istifadəsi üçün psixotrop maddə olan metamfetamin və narkotik vasitə heroin aldığını bildirmişdir. O, həmin tarixdə yəni 29 aprel 2022-ci il tarixdə saat 15 radələrində Ramala 20 manat verərək sonuncudan bir büküm narkotik vasitə heroin və 01 büküm psixotrop maddə metamfetamin almışdır. Əldə etdiyi metamfetamini və heroini üzərində saxlayaraq gəzdirmişdir ki, bədənində ağılar olan zaman münasib yer taparaq orada istifadə etsin. 29 aprel 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Araz” hotelin qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. O razılaşaraq polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə getmişdir. Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olması və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd şəffaf rəngli sellofan torbanı və 01 ədəd siqaret folqasına bükülmüş metamfetamini çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümlərin içərisində psixotrop maddə olan metamfetamin və digər bükümdə olan narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və onların imzaları ilə protokolun doğruluğu təsdiq edilmişdir. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Xətai RPİ-nin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Eyvaz birlikdə məlumat əsasında saat 15:35 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Toğrulun əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Toğrula narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Toğrul da buna etiraz etmədikdən sonra sonuncunu PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Asiman İmaməliyə təhvil vermişlər. Asiman İmaməli də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Toğrula üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Toğrul da əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü və 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin, 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Araz” otelin qarşısında tanışı Ramal Hətəmzadədən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Sonra Toğrulun üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Toğrulun üzərindən aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ədəd şəffaf rəngli sellofan bükümün ümumi çəkisinin 0.47 qram, 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün ümumi çəkisinin 0,38 qram olması müəyyən edilmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Toğrulun üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara oxunmuş, iştirakçılar və Toğrul tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Hüseyin oğlu ifadəsində bildirmişdir ki, o, Xətai RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Xətai RPİ-nin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Xətai RPİ-nin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Şəhriyar birlikdə məlumat əsasında saat 15:35 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Toğrulun əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Toğrula narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Toğrul da buna etiraz etmədikdən sonra sonuncunu PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Asiman İmaməliyə təhvil vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 30 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 29 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:35 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 20); şəxsi axtarış və götürmə aparılması haqqında 29 aprel 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, qəhvəyi rəngli, toz halında spesifik iyə malik olan “kakos” (heroin) və 01 ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş şəffaf kristal şəklində olan metamfetamin adlı narkotik maddələrə bənzər kütlələri çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin nədən ibarət olması, nə vaxt və haradan alması soruşulduqda o, həmin maddələrin narkotik vasitə heroin və şüşə adlanan metamfetamin olduğunu, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Araz” otelin qarşısında tanıdığı Ramal adlı şəxsdən özünün istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr elektron tərəzi vasitəsilə çəkildikdən sonra 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, qəhvəyi rəngli, toz halında spesifik iyə malik olan “kakos” (heroin) adlı kütlənin 0.47 qram və 01 ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş şəffaf kristal şəklində olan metamfetamin adlı kütlənin 0.38 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 155 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 32-35); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2022-ci il tarixli, 6/2493 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində": (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,403 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və 1 (bir) ədəd təmiz çəkisi 0,249 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Heroin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısı və metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İİ siyahısına daxildirlər (i.v. 42-45); diskə baxış keçirilməsi haqqında 30 aprel 2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 29 aprel 2022-ci il tarixli protokola uyğun olmuşdur (i.v. 59-60); 30 aprel 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və X3 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 65-70); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 30 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (i.v. 71-72); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(011)-226/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır (i.v. 94-97); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 103); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsinin xx.xx.2022-ci il tarixli 2357 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 113); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 19 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2493 nömrəli və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2357 saylı rəyləri sübut növü kimi qiymətləndirilmiş, iş üzrə X4 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.403 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.353 qram narkotik vasitə olan heroin və 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.249 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.199 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişlər, 01 ədəd DVD-R disk maddi sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (i.v. 122-130); elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü övladı X2 vardır. Məhkəmə istintaqı zamanı 1 ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, qəhvəyi rəngli, toz halında spesifik iyə malik olan “kakos” (heroin) və 01 ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş şəffaf kristal şəklində olan metamfetamin adlı narkotik maddələrə bənzər kütlələri çıxararaq təqdim edir. Təqsirləndirilən şəxs həmin maddələrin nədən ibarət olması, nə vaxt və haradan alması soruşulduqda o, həmin maddələrin narkotik vasitə heroin və şüşə adlanan metamfetamin olmasını, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Araz” otelin qarşısında tanıdığı Ramal adlı şəxsdən özünün istifadəsi üçün 20 manata aldığını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0.403 qram olan narkotik vasitə heroin və «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0.249 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilmişdir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını (CM-59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, narkotik vasitənin və psixotrop maddənin miqdarını, bükümlərin sayını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzaçəkmənin əvvəli tutulduğu vaxtdan hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ilkin təmiz çəkisi 01 ədəd bükümdə 0.403 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.353 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə 0.249 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.199 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı (CPM-132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 29 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ilkin təmiz çəkisi 01 ədəd bükümdə 0.403 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.353 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə 0.249 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.199 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-302/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-302/2022
18.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver