Məhkəmə qərarları › İş №1(011)-304/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-304/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-304/2024 16.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1993-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində, nömrəsiz evdə yaşamış, Xətai rayon məhkəməsinin xx.xx.2024-cü il tarixdə barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,445 qram narkotik vasitə heroin əldə edib saxlamaqla daşımış, 15 fevral 2024-cü il tarixdə saat 17:00-da ünvan 3 ünvanında Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb ünvan 5 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək inzibati binada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə keçirilərkən əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş təmiz çəkisi 0,445 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 14 fevral 2024-cü il tarixdə bəzi problemlərə görə evdən çıxmışdır və gecə evdə qalmamışdır. Həmin gecəni onların məhəlləsində İnqilab İsmayılov küçəsi 48 ünvanında yerləşən xeyir-şər evinin bağ hissəsində gecələmişdir. Səhəri gün 15 fevral 2024-cü il tarixdə mühafizəçi gəlib onu görüb elə bilmişdir ki, o oğurluq edir. Lakin o həmin gün orada yatıb qalmışdır, gecəni orada keçirtmişdir, evdə bəzi problemləri olduğu üçün evə gedə bilməmişdir. Daha sonra isə həmin xeyir-şər evinin müdiriyyəti polisə zəng etmiş və 35-ci Polis Bölməsinin əməkdaşları gəlib onu xeyir-şər evindən götürüb bölməyə aparmışlar. 102 xidmətinə zəng edən şəxs də polis şöbəsinə gəlmişdir, lakin 3 dəqiqədən sonra getmişdir. Daha sonra əməliyyatçı ona bildirmişdir ki, onu 234.1-ci maddə ilə məhkəməyə göndərəcək. Polis bölməsində ona təzyiq olunduğu üçün narkotik vasitənin ona məxsus olduğunu boynuna almışdır. Lakin onu haqsız yerə tutublar. Həmin gecə o xeyir-şər evinin bağ hissəsində yatıb qalmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək ibtidai istintaqdan fərqli olaraq məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 37-ci PŞ-nin kibercinayətkarlıqla mübarizə üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.1993-cü ildə Ağdam rayonunda anadan olmuş, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, ünvan 7 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və narkotik vasitə heroin əldə edərək üzərində saxlaması barədə Xətai RPİ-nin 35-ci PB-nə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat şöbə rəhbərliyinə məruzə olunmuş və Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Təşkil edilmiş əməliyyat qrupunun tərkibinə o və PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 daxil edilmişdir. Onlar Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasından çıxıb Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsinə yollanmışdırlar. Orada müşahidə mövqeyi tutaraq bir qədər gözlədikdən sonra saat 17:00-da həmin ünvanda zahiri görünüşünə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsin gəldiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Xətai RPİ-nin 35-ci PBnə məlumat daxil olduğunu bildirmişlər. Həmin məlumatın yoxlanılması üçün Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına gəlmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edildikdən sonra sonuncunun üzərinə təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Bundan sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxardaraq təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümdə narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni 14 fevral 2024-cü il tarixdə axşam saat 22 radələrində metronun Həzi Aslanov stansiyasının yaxınlığında üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat pul müqabilində alaraq istifadə etmək məqsədi ilə üzərində saxladığını, 15 fevral 2024-cü il tarixdə saat 17:00-da Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 48 ünvanında polis əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-nin 35-ci PB-nə gətirilməsini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddə tərəzidə çəkilmiş və çəkisinin 0,58 qram olması müəyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılmış, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 35-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvvəkili Şahid2 analoji məzmunda ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiklərini eynilə təsdiqləmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, İnqilab İsmayılov küçəsi 48 ünvanında yerləşən xeyir-şər evinin açarı onda olur. Səhər durub gəzirdi, lakin hava küləkli olduğu üçün çöldə gəzə bilməmişdir. Bu səbəbdən xeyirşər evinə getmiş və qapısını açıb mətbəx tərəfə getmişdir. Orada olan kresloların üzərindəki ötüyü düzəltmək istəyən zaman əli bir nəfərə dəymişdir, həmin şəxs də ayağa qalxmışdır. Həmin şəxsdən bura necə gəldiyini soruşduqda pəncərədən düşdüyünü demişdir. Daha sonra həmin xeyir-şər evinin müdiri polis çağırdı. Lakin Təqsirləndirilən şəxs oradan heç nə götürməmiş, oğurluq etməmiş, lakin üzərindən narkotik tapılıbsa bununla bağlı bir söz deyə bilməz. Məhkəmə iclas zalında elan edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, yəni ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində bildirmişdir ki, o, bir neçə vaxtdır ki, narkotik vasitələrdən mütəmadi olaraq istifadə edir. Əvvəllər məhkum olunmuşdur. 14 fevral 2024-cü il tarixdə axşam saat 22 radələrində bədənində ağrılar olduğu üçün şəxsi istifadəsi üçün narkotik vasitə almaq məqsədi ilə Bakı şəhəri Xətai rayonu metronun Həzi Aslanov stansiyasının yaxınlığında üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat pul müqabilində yarım qram narkotik vasitə heroin alaraq istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 15 fevral 2024-cü il tarixdə saat 17:00-da Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 48 ünvanında olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə Xətai RPİ-nin 35ci PB-nə məlumat daxil olduğunu bildirərək onu saxlamışdırlar. Polis əməkdaşları onu Xətai RPİ-nin 35-ci PB-ə gətirmişdirlər. Polis bölməsində hüquq və vəzifələri ona izah olunmuş, ona müdafiəçi seçmək üçün vəkillərin siyahısı təqdim edilmişdir. O sərbəst olaraq hüquqlarının vəkil tərəfindən müdafiə olunmasını istəmişdir. Daha sonra üzərində müdafiəçinin və digər polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş toz şəkilində olan bükümü çıxararaq təqdim etmişdir. Ondan həmin 1 ədəd bükümdə nə olması soruşulduqda, o həmin bükümdəki kütlənin narkotik vasitə heroin olmasını bildirmişdir. Həmin büküm açıldıqda, içərisindən qəhvəyi rəngli maddə, toz şəkilli, spesifik qoxuya malik maddə aşkar edilmişdir. Həmin bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 0,58 qramdır. Eyni zamanda ondan həmin narkotik vasitəni haradan və kimdən almağını soruşanda, o həmin maddəni özü qəbul etmək üçün 14 fevral 2024-cü il tarixdə axşam saat 22 radələrində Bakı şəhəri Xətai rayonu metronun Həzi Aslanov stansiyasının yaxınlığında üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat pul müqabilində aldığını və üzərində saxladığını bildirmişdir. Sonra isə polis əməkdaşları və müdafiəçinin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 16 fevral 2024-cü il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, icraata götürülmüş və istintaqı aparılmışdır; (i.v. 1) - 15 fevral 2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, xx.xx.1993-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olmuş, Ağdam rrayonu, T.İsmayılov küçəsi döngə 12, ev 9-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs inzibati ərazidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və narkotik vasitə əldə edərək üzərində saxlaması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə xx.xx.1993-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, İşsiz, əvvəllər məhkum olmuş, Ağdam rrayonu, T.İsmayılov küçəsi döngə 12, ev 9-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılması qərara alınmışdır; (i.v. 6- 7) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər BPİ-nin Xəta RPİ-nin 35-ci PB-nin 15 fevral 2024-cü il tarixli əmrindən görünür ki, xx.xx.1993-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olmuş, ünvan 7-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Qeyd edilən məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri: Xətai Rayon Polis İdarəsinin 35-ci PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, qrupun üzvü - Xətai RPİ-nin 35-ci PB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 olmuşdur; (i.v. 8) - 15 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2024-cü il tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 20) - 15 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş tünd qəhvəyi rəngində toz şəklində maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin heroin olduğunu və həmin narkotik vasitəni xx.xx.2024-ci il tarixdə saat 22:00 radələrində H.Aslanov metrostansiyasının yaxınlığında üzdən tanıdığı anket məlumatını bilmədiyi şəxsdən istifadə etmək üçün 20 manata aldığını, həmin bir bükümdə olan narkotik vasitə heroini əynindəki şalvarın sağ yan cibinə qoymasını və xx.xx.2024-cü il tarixdə təxminən saat 17:00 radələrində ünvan 10 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-nin 35-ci Polis Bölməsinin inzibati binasına gətirilməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş siqaretin gümüşü kağızına bükülmüş bir ədəd büküm elektron tərəzi ilə çəkilərkən çəkisinin 0,58 qram olması müəyyən olunmuşdur; (i.v. 30-31) - Cinayət işində olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən bir ədəd “CD” disk sübut kimi tanınmışdır; (i.v. 32) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/937 nömrəli 16 fevral 2024-cü il tarixli rəyindən görünür ki, təqdimat obyekti üzərində AR DİN “Zərflər üçün № 154” möhür əksi, “...Əliyev...” və s. soyadlar, imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,445 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi – 0,445 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,395 qram; (i.v. 41-45) - 17 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir; (i.v.53-54) - 17 fevral 2024-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında disk üzrə videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasında təhqiqatçı polis mayoru X1 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X2, Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 35-ci PB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan böz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxardaraq təqdim edir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümdə narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni 14 fevral 2024-cü il tarixdə axşam saat 22 radələrində metronun Həzi Aslanov stansiyasının yaxınlığında üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat pul müqabilində alaraq istifadə etmək məqsədi ilə üzərində saxladığını, 15 fevral 2024-cü il tarixdə saat 17:00-da ünvan 12 ünvanında polis əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-nin 35-ci PB-nə gətirilməsini bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddə tərəzidə çəkilir və çəkisinin 0,58 qram olması müəyyən edilir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılır, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanır; (i.v.64) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-126/2024 saylı, 17 fevral 2024-cü il tarixli qərarından görünür ki, həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat və vəsatət təmin edilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbsdə olma müddətinin əvvəli 15 fevral 2024-cü il tarixdən hesablanması qərara alınmışdır; (i.v.74-78) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərfindən verilmiş 01 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Əliyev X4 rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına və Yasamal rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 81-82) - Bakı şəhəri Yasamal rayon məhkəməsinin 1(004)-377/2022 saylı, 13 sentyabr 2022-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5. və 66.2-ci maddələri tətbiq edilməklə, hazırkı hökmlə təyin edilmiş cəza ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli 1(004)-44/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 5 (beş) ay, 28 gün müddətə azadlıqdan, məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 10 aprel 2022-ci il tarixdən hesab edilməsi hökm edilmişdir; (i.v.93- 98) - Bakı şəhəri Yasamal rayon məhkəməsinin 1(004)-44/2022 saylı, 29 aprel 2022-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 ay (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 05 ay 28 gün (beş ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 10 aprel 2022-ci il tarixdən hesablanması hökm edilmişdir; (i.v.101-103) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin 11 mart 2024-cü il tarixli 1623 №-li Ambulator X3 rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; (i.v.105-106) - 15 oktyabr 2024-cü il tarixli Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin 55-2/2-9141/24 saylı məktubundan görünür ki, İnqilab İsmayılov küçəsi 48 ünvanında yerləşən xeyir-şər evinə kənar şəxsin daxil olmasına dair müraciət barədə məlumat aşkar edilməmişdir. - 15 oktyabr 2024-cü il tarixli Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin 55-2/2-9142/24 saylı məktubuna əlavə edilmiş Bölməyə “şəhər, rayon, xətt orqanlarına gətirilmiş şəxslərin qeydiyyat”ı kitabının surətindən görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2024-cü il tarixdə saat 17:10-də bölməyə gətirilmiş və 21:10-da MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə və 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına əsasən, amnistiya aktının özündə məhkumluğun götürülməsi birbaşa nəzərdə tutulduğu hallar istisna olmaqla, qalan hallarda cəzadan (cəzanın çəkilməsindən) azad edilmiş şəxs məhkum olunmuş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, özünü müdafiə xarakterlidir, o cümlədən ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarlar, əməliyyat qrupunun təşkil edilməsi barədə protokol, şəxsi axtarış və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində xüsusilə də şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakının təmin edilməsi (həmçinin müdafiəçənin iştirakı ilə aparılması), o cümlədən şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişinə, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarına əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar hansılar ki, ona polis bölməsində təzyiq olunduğu üçün narkotik vasitənin ona məxsus olduğunu boynuna alması həqiqətə uyğun deyil. Belə ki, məhkəmə iclasında maddi sübut kimi tanınmış diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, şəxsi axtarış və götürmə aparılması zamanı ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş tünd qəhvəyi rəngində toz şəklində maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin heroin olduğunu və həmin narkotik vasitəni xx.xx.2024-ci il tarixdə saat 22:00 radələrində H.Aslanov metrostansiyasının yaxınlığında üzdən tanıdığı anket məlumatını bilmədiyi şəxsdən istifadə etmək üçün 20 manata aldığını bildirmişdir. Bundan əlavə Polis Bölməsinə “şəhər, rayon, xətt orqanlarına gətirilmiş şəxslərin qeydiyyat”ı kitabının surətindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 15 fevral 2024-cü il tarixində özünün söylədiyi kimi səhər saatlarında deyil saat 17:10-da gətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,445 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə tərəfindən cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 15 fevral 2024-cü il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 15 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X3nın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,395 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 19 (on doqquz) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 114 (yüz on dörd) manat ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirəyə məruz qalınası əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 15 fevral 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,395 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 19 (on doqquz) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 114 (yüz on dörd) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar