Məhkəmə qərarları › İş №1(011)-305/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-305/2021

05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-305/2021 05.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Mirzəyeva Ünsiyyət Hacımehdi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxx 1991-ci ildə Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-131/2021 nömrəli, 06 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 04 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində idarə etdiyi “BMW” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs idarə etdiyi “BMW” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində törədilmiş yol-nəqliyyat hadisəsində Təqsirləndirilən şəxs avtomobilində olmuş hamilə arvadı X2 aldığı xəsarətlərdən ölməsi və bununla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində aparılan cinayət təqibi üzrə Zərərçəkmiş şəxs uzun müddət məsuliyyətə cəlb edilməməsi, sonuncu tərəfindən vurulmuş ziyanın ödənilmədiyinə görə aralarında yaranmış narazılıq səbəbindən 07 fevral 2021-ci ildə, saal 01:30 dəqiqədə ünvan 2 ünvanında yeni inşa edilən yaşayış binasının həyətində Zərərçəkmiş şəxsun kürək nahiyəsindən mətbəx bıçağı ilə bir dəfə vuraraq, ona döş qəfəsinin arxa səthinin bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2020-ci ilin mart ayında o, Xanım adlı qadınla ailə həyatı qurmuş və bir yerdə yaşamışlar. 04 oktyabr 2020-ci il tarixdə, günorta saatlarında idarə etdiyi «BMW- 535» markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Suraxanı rayonu, Hovsan qəsəbəsi ilə hərəkətdə olduğu zaman, onunla eyni istiqamətdə hərəkətdə olan BMW markalı avtomobilin sürücüsü onun idarə etdiyi avtomobili yan hissədən vurmuş, nəticədə o, yoldan çıxaraq maneəyə çırpılmış və nəticədə avtomobildə olan arvadı bətnində olan 7 aylıq körpəsi ilə biryerdə aldığı bədən xəsarətlərindən xəstəxanada vəfat etmişdir. Bu faktla bağlı Suraxanı Rayon Polis İdarəsində istintaq getmişdir. Həmin müddət ərzində hadisəni törətmiş şəxs məsuliyyətə cəlb edilməmiş, ona vurduğu maddi və mənəvi ziyanı ödəməmişdir. Sonradan adını bildiyi Zərərçəkmiş şəxs adlı həmin sürücünün hərəkətləri ona çox pis təsir etmiş və həmin sürücünün məsuliyyətə cəlb olunmaması səbəbindən özü həmin şəxsi cəzalandırmaq qərarına gəlmişdir. 01 fevral 2021-ci il tarixdə Xətai rayonu, Sadıqcan küçəsi ilə keçən zaman, təsadüfən görmüşdür ki, yeni tikilməkdə olan hündür mərtəbəli yaşayış binasının dəmir materialla hasara alınmış yerində olan giriş qapısının yanında bir nəfər şəxs dayanıbdır. O, həmin şəxsin onun yol-nəqliyyat hadisəsinin törətməsinə səbəb olan şəxs olmasını başa düşmüş və həmin yerdən çıxıb getmişdir. Bundan sonra, 07 fevral 2021-ci il tarixdə, gecə saat 01 radələrində Hovsan qəsəbəsində evlərində olan zaman, özü ilə mətbəxdən bir ədəd mətbəx bıçağı götürüb, Xətai rayonu, Sadıqcan küçəsi və Cavanşir küçələrinin kəsişməsində tikilməkdə olan yaşayış binasının həyətinə gedib, həmin yerdə mühafizəçi oturan yerə çatmışdır. Orada olan şəxs onu görən kimi, ona yaxınlaşıb “nə lazımdır” deyərək, ona tərəf yaxınlaşan zaman demişdir ki, “məni tanıdın”. Həmin şəxs isə demişdir ki, tanımır. Bunu deyib, həmin şəxs ondan ərazini tərk etməyini tələb edən zaman, o, üzərində olan mətbəx bıçağı ilə həmin şəxsin kürək nahiyyəsinə bir dəfə vurub oradan uzaqlaşmışdır. Həmin vaxt bıçaq da özündə olmuşdur. Bıçaqla vurduğu şəxs yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olan Zərərçəkmiş şəxs olmuşdur. Sonra isə Əhmədli qəsəbəsində bir az gəzdikdən sonra, qərara gəlmişdir ki, gedib polisə təslim olsun. Bu məqsədlə Xətai RPİ-nin 36-cı Polis Bölməsinə gedib, polis əməkdaşlarına törətdiyi hadisəni danışaraq bıçağı təqdim etmişdir. Odur ki, qərar qəbul olunarkən qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Xətai rayonu, Sadıqcan küçəsi ilə Cavanşir küçəsinin kəsişməsində yerləşən yerdə hündürmərtəbəlİ yaşayış binasının tikintisi gedir və o, həmin binanın ərazisinin mühafizəsi ilə məşğul olmuşdur. 04 oktyabr 2020-ci il tarixdə Suraxanı rayonunda, Hovsan istiqamətində idarə etdiyi avtomobillə hərəkətdə olmuşdur. Onunla eyni istiqamətdə hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü onun idarə etdiyi avtomobilin yan hissəsindən toxunmuş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Bu faktla bağlı Suraxanı Rayon Polis İdarəsində istintaq getmişdir. 06 fevral 2021-ci il tarixdə, səhər saat 09 radələrində işlədiyi binanın həyətinə gedərək, işə başlamışdır. 07 fevral 2021-ci il tarixdə, gecə saat 01:30 radələrində iş yerində olduğu zaman görmüşdür ki, bir nəfər tanımadığı şəxs mühafizə etdiyi əraziyə keçdi. O, həmin şəxsə yaxınlaşıb nə lazım olduğunu soruşduqda, həmin şəxs demişdir ki, xəstədir, vəziyyəti yaxşı deyil, ona kömək etsin. O, da demişidr ki, ərazidən bayıra çıxıb, orada köməklik edə bilər. O, qabağa düşüb gedən zaman, həmin şəxs də onun arxasınca gəlmişdir. Həmin vaxt gözləmədiyi anda birdən hiss etmişdir ki, həmin şəxs onun kürək nahiyyəsindən bir dəfə bıçaqla vurmuşdur. O, kənara çəkildikdə, həmin şəxs üzərinə gəlib yenidən onu vurmaq istəyən zaman o, özünü müdafiə etmişdir. Sonra həmin şəxs ərazidən qaçıb getmişdir. Daha sonra o, çıxıb evə getmiş, oradan isə təcili tibbi yardım həkimləri gəlib, onu 3 saylı şəhər xəstəxanasına aparmışlar. Sonradan ona məlum olmuşdur ki, onu bıçaqla vuran 04 oktyabr 2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı toqquşduğu avtomobilin sürücüsü olan Təqsirləndirilən şəxs adlı şəxsdir. Həmin şəxslə aralarında barışıq baş tutmamışdır. Göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını və barəsində qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 12 mart 2021-ci il tarixli, 174 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs üzərində aşkar olunan xəsarətlər - döş qəfəsinin arxa səthinin bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət iti uca və kənara malik əşya (alət) təsirindən törənmiş, 07.02.2021-ci il tarixdə törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2021-ci il tarixli, 3/350 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təhqiqata təqdim etdiyi, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bir ədəd mətbəx bıçağı iş üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Sübutların qiymətləndirilməsi haqqında 24 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 228.4, 221.3 və 29,120.1-ci maddələri ilə cinayət təqibi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 21 aprel 2021-ci il tarixli tələbnamədən və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 1(010)-131/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmçinin, həmin hökmlə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən, Zərərçəkmiş şəxs qəti olaraq 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarından görünür ki, 24 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 2 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinin arayışından görünür ki, məhkum Təqsirləndirilən şəxs 16.07.2021-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsinin göndərişinə əsasən 2 saylı MTCM-nin qeydiyyatına alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri etirafı ilə yanaşı, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, məhkum olunmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-131/2021 nömrəli, 06 may 2021-ci il tarixli hökmü çıxarılmazdan əvvəl hazırki cinayət əməlini törətməkdə təqsirli olduğunun müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 16 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilməli və o, məhkəmə zalında həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Xətai Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan - Təqsirləndirilən şəxs təhqiqata təqdim etdiyi, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bir ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-131/2021 nömrəli, 06 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə, ona qəti olaraq 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 16 iyul 2021-ci il tarixdən hesablansın; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə zalında həbsə alınsın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bir ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar