Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-306/2020 09.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Cəlilabad rayonu, Günəşli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Dənizçi küçəsində kirayə yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş və saxlamışdır. İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 18 radələrində Xaçmaz rayonu ərazisində istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq, satış məqsədi olmadan bir ədəd siqaretin gümüşü kağızına bükülmüş, şəxsi istehlak miqdarından artıq miqdarda, 0,182 qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd gümüşü rəngli kağıza bükülmüş, şəxsi istehlak miqdarından artıq miqdarda 0,018 qram çəkidə psixotrop maddə metamfetamin və doqquz ədəd ağ rəngli kağıza bükülmüş, 0,057 qram çəkidə narkotik vasitə FUB-144-ü 30 manat pul müqabilində əldə edib, əlindəki qara rəngli «Gucci» markalı əl çantasının içərisində saxlayaraq ünvan 1 saylı ünvanın qarşısına daşımış, xx.xx.2019-cu il tarixdə saat 19:10-da Bakı şəhəri, Xətai RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşı tərəfindən qeyd edilən ünvanda saxlanılaraq 37-ci Polis şöbəsinin inzibati binasına gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı əlindəki qara rəngli «Gucci» markalı əl çantasının içərisindən həmin iki ədəd bükümdə, bir ədəd siqaretin gümüşü kağızına bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda 0,182 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd gümüşü rəngli kağıza bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda 0,018 qram çəkidə psixotrop maddə metamfetamin və doqquz ədəd ağ rəngli kağıza bükülmüş, 0,057 qram çəkidə narkotik vasitə FUB-144 aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.Hökm qanuni qüvvəsin alsada icra edilməmişdir. Cəlilabad rayonunun Günəşli kəndində anadan olmuşdur.Tikinti sahəsinə marağı böyük olduğu üçün bu sahəyə daha çox maraq göstərmişdir. Bakı şəhərində müxtəlif vaxtlarda müxtəlif yerlərdə usta kimi işləyib pul qazanmışdır. 2019-cu ilin mart aylarında narkotik vasitələrdən istifadə etməyə başlamış və bir neçə dəfə istifadə etdikdən sonra aludəçiliyi yaranmışdır. Daha sonra tanımadığı şəxslərdən öz şəxsi istifadəsi üçün narkotik vasitələr alıb qəbul etmişdir. Sonuncu dəfə xx xxxxxx 2019-cu il tarixdə Xaçmaz rayonuna qohumunun toyuna getmişdir. Rayon ərazisində axşam saat 18 radələrində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 30 (otuz) manat müqabilində şəxsi istifadəsi üçün doqquz ədəd bükümdə, əvvəllər narkotik vasitə marixuana kimi bildiyi, sonra isə adının FUB-144 olduğunu öyrəndiyi ot kütləsini, bir ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin alıb “Gucci” markalı əl çantasının içərisinə qoymuşdur. Daha sonra həmin gün, xx xxxxxx 2019-cu il tarixdə içərisində narkotik vasitələr olan əl çantası ilə, axşam saatlarında Xaçmazdan Bakıya, yaşadığı Bakı şəhəri, Xətai rayonu, Dənizçi küçəsinə gəlmişdir. xx.xx.2019-cu il tarixdə saat 19 radələrində işdən çıxıb evə getmək istəmişdir. İçərisində narkotik vasitələr olan “Gucci” markalı əlçantasını da özü ilə evə aparmışdır.Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsində olan zaman bir nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqəsini göstərib özünü ona Xətai RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşı kimi təqdim etmiş və şəxsiyyət vəsiqəsini göstərməyini ondan xahiş etmişdir. Həmin şəxsin polis əməkdaşı olduğunu eşidəndə üzərində narkotik vasitə olduğu üçün təlaşlanıb həyəcan keçirmişdir. Polis əməkdaşı onun həyəcanlandığını və suallara çətinliklə cavab verdiyini görüb onu Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə dəvət etmişdir. Daha sonra Polis Şöbəsində inzibati otaqların birində ona təyin edilmiş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyi deyilmiş və ona üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. O da üzərində gəzdirdiyi «Gucci» markalı əl çantasını açaraq ön cibindən 09 ədəd bükümdə əvvəllər narkotik vasitə marixuana kimi bildiyi, sonra isə adının FUB-144 olduğunu öyrəndiyi ot kütləsini, bir ədəd bükümdə narkotik vasitə heroini və bir ədəd bükümdə psixotrop maddə olan metamfetamini, həmçinin həmin narkotik vasitələri qəbul etmək üçün istifadə etdiyi iki ədəd yaşıl rəngli pipetkanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra üzərindən aşkar olunaraq götürülmüş və içərisində narkotik vasitələr olan bükümlər zərfə qoyularaq möhürlənmiş, həmçinin bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Daha sonra əməlindən peşman olduğunu, səmimi etirafını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai RPİ-nin NMBnin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 19 radələrində xidməti işi ilə bağlı Xətai rayonu, UPD qəsəbəsinə getmişdir. Yaşadığı UPD qəsəbəsi, Qafqaz küçəsindən keçərkən bir nəfər təxminən 30 yaşlı, əynində cins şalvar, ağ rəngli, qolsuz, sinəsi rəngli, yay köynəkli, boynunda qara rəngli dəri çanta asmış, üzü orta tüklü, rayon adamına oxşar kişi cinsindən olan şəxsin onu görən kimi özünü itirdiyini, ətrafa şübhəli baxışlarla göz gəzdirdiyini, sanki onun yaxınlaşmağından ehtiyat etdiyini görüb həmin şəxsin yaşadığı ərazi sakini olmadığını bilərək ona yaxınlaşıb özünü təqdim etmiş və şəxsiyyəti barədə maraqlandıqda sonradan adı məlum olan Təqsirləndirilən şəxs adlı şəxs çətinliklə ona cavab vermişdir. Şəxsiyyətini təsdiq edən sənəd istədikdə üzərində olmadığını deyib təlaş keçirməyə başlamışdır. Bu halda o adını Şaiq kimi təqdim edən şəxsə onunla birlikdə Xətai RPİ-nin 37-ci PŞ-nə getməyi təklif etmişdir. Həmin şəxs onun bu təklifindən imtina etməmiş və onlar birlikdə 37-ci PŞ-nə getmişlər. Şəxsin boynundan asmış olduğu çantanın içərisində qanunsuz əldə edilmiş narkotik vasitə və maddələrin olmasını ehtimal edib həmin çantanı açmaması üçün ona diqqət yetirməli və həmin şəxsi PŞ-nə əl çantası ilə birlikdə təqdim etməli olmuşdur. PŞ-də onun şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, həmin şəxs xx.xx.1989-cu ildə Cəlilabad rayonunda anadan olmuş, Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. PŞ-nin rəisinin adına raportla müraciət edib şəxsi təhvil verərək həvalə olunmuş işinin icrası ilə bağlı getmişdir,həmin gün PŞ-nin əməkdaşları ilə əlaqə saxlayaraq təhvil verdiyi şəxsin aqibəti barədə maraqlandıqda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlı şəxsin üzərindən narkotik vasitə aşkar edilərək götürülmüş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 37-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxx 2019-cu il tarixdə PŞ-nin digər əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə o şöbənin təhqiqatçısı, polis leytenantı X4 tərəfindən saat 20:10 radələrində təhqiqatçının xidməti otağına dəvət edilərək şəxsiyyəti barədə məlumat verildiyi xx.xx.1989-cu ildə Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Dənizçi küçəsindəki fərdi evdə kirayədə yaşayan, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama və gəzdirmədə şübhəli bilinən Təqsirləndirilən şəxs üzərinə keçirilməsi nəzərdə tutulan şəxsi axtarışda iştirak etmələri təklif olunmuşdur. X5 adlı, 13 saylı Vəkil Bürosunun vəkilinin iştirakında rəqəmsal kamera ilə aparılan çəkiliş zamanı şəxsi axtarışda iştirak edən hər bir əməkdaş və şəxslər barədə şübhəli şəxsə məlumat verilərək hüquqları izah edildikdən sonra üzərində qanunla əldə edilməsi, saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddələri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs adlı şəxs təklifi dinlədikdən sonra əlindəki özünə məxsus qara rəngli, üzərində “Gucci” markası yazılmış əl çantasını açaraq ön cibindən 09 ədəd bükümləri, bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü, və bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü, həmçinin həmin narkotik vasitələri qəbul etmək üçün istifadə etdiyi 02 ədəd yaşıl rəngli pipetkanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bükümlər və pipetkalar barədə sual verilərkən Təqsirləndirilən şəxs bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində narkotik vasitə “kokos” yəni heroin, bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümün içərisində isə narkotik vasitə “şüşə” yəni, metamfetamin olduğunu, həmçinin digər 09 ədəd bükümlərdəki ot şəkilli maddələrin isə marixuana olduğunu bildirmişdir. Pipetkaları isə narkotik vasitələri qəbul edərkən istifadə etdiyini bildirmişdir. Həmin maddələri Xaçmaz rayonunda üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 30 manat pul müqabilində özünün şəxsi istifadəsi üçün alıb üzərində gəzdirərək Bakı şəhərinə gətirdiyini bildirmişdir. İçərisində narkotik vasitələr olan bükümlər təhqiqatçı tərəfindən götürülərək zərfə qoyulub ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ 37-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi ondan öncə ifadə verən Şahid3 ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan şəxsi xx.xx.2019-cu il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs məxsus qara rəngli "Gucci" markalı əl çantasından 9 ədəd ağ rəngli kağıza bükülmüş narkotik vasitə olan “marixuana", 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə olan “kokos” və 1 ədəd gümüşü rəngli kağıza bükülmüş narkotik maddə olan “metamfetamin” götürülərək Təqsirləndirilən şəxs və iştirakçıların gözü qarşısında paketlənib möhürlənmişdir. Vət.Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq heç bir qeyriqanuni əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə qablaşdırılmış zərf 153 saylı möhürlə möhürlənmişdir.Keçirilən şəxsi axtarış videogörüntü vasitəsi ilə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, «CD» diskin faylında olan video görüntü 07:58 dəqiqədən ibarətdir. Kamera müşahidəsinə düşmüş video çəkilişdə, 00:01-ci dəqiqədən özünü və iştirakçıları təqdim edən Xətai RPİ-nin 37-ci PŞ- nin təhqiqatçısı, polis leytenantı X2 nitqindən məlum olur ki, video çəkiliş xx xxxxxx 2019-cu il tarixdə saat 20:15-də Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasında yerləşən xidməti otağında rəqəmsal videokamera vasitəsi ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyanın və ya predmentin olub-olmaması, olduğu təqdirdə təqdim etməsi təklif olunur. 01:25- dən 05:33dək Təqsirləndirilən şəxs özü əlində tutduğu qara rəngli, üzərində “Gucci” markası qeyd olunmuş əl çantasını açaraq içərisindən ağ kağıza bükülmüş 9 ədəd bükümləri çıxarıb təqdim edir və bildirir ki, həmin bükümdəkilər narkotik vasitə “nəşə” yəni marixuanadır. Daha sonra siqaretin gümüşü kağızına bükülmüş 1 ədəd bükümü çıxarıb təqdim edərək həmin bükümdəki maddənin isə narkotik vasitə “kokos” yəni, heroin olduğunu, daha 1 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim edərək bükümdəki maddənin psixotrop maddə olan “şüşə” yəni, metamfetamin olduğunu bildirir. Həmin maddələri, əvvəl tapmışam desə də sonra Xaçmaz rayonunda üzdən tanıdığı, adını bilmədiyi şəxsdən özünün şəxsi istifadəsi üçün aldığını, Xətai RPİ-nin NMB-nin əməkdaşı tərəfindən saxlanılaraq Xətai RPİ-nin 37-ci PŞ-nə gətirildiyini bildirir. Həmin bükümlər iştirakçıların yanında Bahadur Ənnağızadə tərəfindən açılaraq iştirakçılara göstərilir və bu hal video çəkilişlə bükümün içərisində olan maddə dəqiq, yaxın rakursla əks olunur. Video çəklişin 05:34-cü dəqiqəsindən 07:16-cı dəqiqəsinədək təhqiqatçı tərəfindən həmin bir ədəd büküm iştirakçıların yanında zərfə qoyularaq qablaşdırılır və həmin zərf iştirakçılar tərəfindən imzalanır. 07:17-dən 07:58-dək təhqiqatçı Bahadur Ənnağızadə tərəfindən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sevdiyar Bayramova hər-hansı şikayət və vəsatətlərinin olub-olmaması barədə sual verildikdə, həmin şəxslər heç-bir şikayət və vəsatətlərinin olmamasını bildirirlər. Bununla da bir ədəd fayldan ibarət olan “CD” diskdə olan video görüntünün müşahidəsi başa çatır. İş materiallarında məhkəmə-kimyəvi-bioloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 21703 saylı rəyindən görünür ki, təqdim olunmuş bir ədəd zərfdə, içərisində 1 ədəd bükümdə qəhvəyi rəngli maddə təmiz çəkisi 0,182 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Bir ədəd gümüşü rəngli kağız bükümdə ağ rəngli kristallik formada maddə təmiz çəkisi 0,018 qram metamfetamindir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi-bioloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 21704 saylı rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqata təqdim olunmuş zərfdə 09 (doqquz) ədəd kağız bükülüdə olan bitki mənşəli kütlələrin tərkibində sintetik kannabinoidlərə aid FUB-144 adlı narkotik vasitə vardır. Onun çəkisi 0,057 qram təşkil edir. Cinayət işi üzrə təyin edilmiş kompleks məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 22976 saylı rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqata təqdim olunmuş 09 (doqquz) ədəd kağız bükülüdə olan bitki mənşəli kütlələr tərkiblərinə görə eynidirlər. Təqdim olunmuş bitki mənşəli kütlələrin tərkibində olan maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısına aid deyildir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin verdiyi xx.xx.2019-cu il tarixli, 2906 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbiri seçilməsinə dair xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında olan protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə tutulmuşdur. Müvəqqəti saxlamaq yerindən azad etmək haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə həbsdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 08 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan Cəlilabad rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 46/2020-30-1 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində olanNizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmün göstərişi xx xxxxxxxx 2020-ci il tarixdə icraata daxil olmuş, 30 sentyabr barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilmişdir. Məhkum Təqsirləndirilən şəxs ona Nizami Rayon Məhkəməsininxx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gündə olsun belə çəkməmişdir. İş materiallarında olan “əşyanın madi sübut kimi tanınması və saxlanılması haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan məlum our ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,182 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0,018 qram çəkidə psixotrop maddə metamfetamin, 1,369 qram çəkidə narkotik vasitə FUB-144, 2 ədəd boş vəziyyətdə olan yaşıl rəngli pipetka və 1 ədəd falqa formada bükülmüş 1 manatlıq əskinas, o cümlədən iş üzrə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin və psixotrop maddənin aşkar edilərək götürülməsi ilə bağlı içərisində videogörüntü olan 01 ədəd “CD” formatlı disk maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,132 qram narkotik vasitə heroin, 0,008 qram psixotrop maddə metamfetamin, 1,139 qram narkotik vasitə FUB-144, 2 ədəd boş vəziyyətdə olan yaşıl rəngli pipetka və 1 ədəd falqa formada bükülmüş 1 manatlıq əskinas saxlanılması üçün Xətai RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş, 01 ədəd “CD” disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddəni əldə edib özündə saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Lakin məhkəmə hesab edir ki, 09 (doqquz) ədəd kağız bükülüdə olan 0.057 qram çəkidə olan (FUB-144) narkotik vasitəyə görəTəqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan həmin bənd çıxardılmalıdır. Belə ki, cinayət işi üzrə təyin edilmiş kompleks məhkəmə-bioloji və məhkəməkimyəvi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 22976 saylı rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqata təqdim olunmuş 09 (doqquz) ədəd kağız bükülüdə olan bitki mənşəli kütlələrin tərkibində olan maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısına aid deyildir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə,saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Buna baxmayaraq ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısına aid olmayan 09 (doqquz) ədəd kağız bükülüdə olan bitki mənşəli kütlələrə görə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən yüngülləşdirici hal kimi səmimi etirafını, əməlindən peşman olmasını, ilk məhkumluğunu müəyyən etdi. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Göstərilənləri, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən faktiki üç gün saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin ediləcək cəzaya Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanmaqla, yəni 10 (on) ay 07 (yeddi) gün müddəti qismən toplamaqla,Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsə alınmalıdır, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-cı il tarixindən hesablanmalıdır. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Xətai RPİ-nin maddi sübutların saxlama kamerasına təhvilverilmişekspertiza tədqiqatından sonra qalıq qalmış 0,132 qram narkotik vasitə heroin, 0,008 qram psixotrop maddə metamfetamin, 1,139 qram narkotik vasitə FUB-144, 2 ədəd boş vəziyyətdə olan yaşıl rəngli pipetka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 1 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Beləliklə, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 364,80 (üç yüz altmış dörd manat səksən qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan 09 (doqquz) ədəd kağız bükülüdə 0.057 qram çəkidə olan narkotik vasitəyə (FUB-144) görə verilmiş bənd çıxardılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci mad-dəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 (üç) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilən 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanmaqla, yəni 10 (on) ay 07 (yeddi) gün müddəti qismən toplamaqla, Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış qalıq qalmış 0,132 qram narkotik vasitə heroin, 0,008 qram psixotrop maddə metamfetamin, 1,139 qram narkotik vasitə FUB-144, 2 ədəd boş vəziyyətdə yaşıl rəngli pipekta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman video çəkilişi əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 364,80 (üç yüz altmış dörd manat səksən qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-306/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-306/2020
09.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver