Məhkəmə qərarları › İş №1(011)-306/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-306/2021

05.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-306/2021 05.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 qeydiyyatda olmaqla yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, o, 27.05.2021-ci il tarixdə, saat 01 radələrində yaşadıqları Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yaşadıqları evdə qardaşı Zərərçəkmiş şəxs valideynləri ilə münaqişə etməsini irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı mətbəxdə masanın üzərində olan şüşə qənd qabını qəsdən sonuncunun baş nahiyəsinə vuraraq ona başın ənsə nahiyəsinin və sol əlin əzilmiş yaraları, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirdi ki, qardaşı Zərərçəkmiş şəxs ruhi əsəb xəstəliyindən əziyyət çəkir, əvvəllər onu 1-saylı ruhi əsəb xəstəxanasına yerləşdirmişlər və orada müalicə olunmuşdur. Rəsul ailə daxilində heç kimlə yola getmir, münaqişələr yaradır. 27.05.2021-ci il tarixdə, gecə 01:00 radələrində ı Rəsul yaşadıqları evdə valideyinləri ilə münaqişə edirdi, bu zaman o, otaqların birində yatırdı. Onların münaqişəsini eşidib yuxudan oyanaraq mətbəxə daxil olmuş və qardaşı Rəsulun valideynləri ilə mübahisə etdiyini görmüşdür. Bu zaman o, Rəsulu sakitləşdirməyə çalışmışdır. Həmin vaxt Rəsul mətbəxdən mətbəx bıçağını götürərək onun üzərinə gəlmiş, o, mətbəxdə masanın üzərində olan şüşə qənd qabını götürərək Rəsula tərəf atmışdır, onun atdığı şüşə qab Rəsulun baş nahiyəsinə dəymişdir. Rəsulun baş nahiyəsindən qan gəldiyini görmüşdür. Yekun olaraq o, əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 27.05.2021-ci il tarixdə, 01:00 radələrində yaşadıqları evin mətbəxində Təqsirləndirilən şəxs ilə arasında yaranmış mübahisə vaxtı qardaşı Təqsirləndirilən şəxs ona əsəbləşərək mətbəxt masasının üzərində olan şüşə qənd qabını qəsdən ona tərəf atan zaman, şüşə qənd qabı onun baş nahiyəsinə dəymiş, qənd qabı qırılaraq mətbəxə dağılmışdır. O, başından qan gəldiyini görmüşdür. Bundan sonra o, evdən çıxaraq 34-cü PŞ-nə getmişdir və bu barədə ərizə yazmışdır. O qardaşı Rasim ilə birlikdə Xətai rayonu, ünvan 1 ünvanında ata evində valideynləri ilə birlikdə yaşayırlar, onların münaqişəsinin səbəbi ata evində birlikdə yaşamaqlarıdır. Hazırda cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs ilə barışmamışdır, ondan şikayətçidir və bunun üçün də ona törətdiyi əməlinə görə ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Tacəddin qızı ifadəsində göstərmişdir ki, oğlu 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs uzun müddətdir ki, ruhi əsəb xəstəliyindən əziyyət çəkir və əvvəllər onu dəfələrlə 1-saylı ruhi əsəb xəstəxanasına yerləşdirmişlər və orada müalicə olunmuşdur. Oğlu Rəsul ailədə onlarla yola getmir, ailə daxili münaqişələr yaradır. 27.05.2021-ci il tarixdə, gecə saat 01:00 dəqiqədə növbəti dəfə oğlu Rəsul yaşadıqları evdə onunla və əri Şahid2 ilə münaqişə etmişdir və oğlu Rasim həmin vaxt evin digər otağında yatırdı. Həmin vaxt oğlu Rasim onlarla Zərərçəkmiş şəxs arasında olan münaqişəni eşidib mətbəxə gəlmişdir. Oğlu Rasim mətbəxdə masanın üzərində olan şüşə qənd qabını qəsdən Rəsula tərəf atmışdır və qənd qabı Rəsulun baş nahiyəsindən dəymişdir, şüşə qənd qabı qırılmış və Rəsulun başından qan gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, oğlu 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs uzun müddətdir ki, ruhi əsəb xəstəliyindən əziyyət çəkir və əvvəllər onu dəfələrlə 1-saylı ruhi əsəb xəstəxanasına yerləşdirmişlər və orada müalicə olunmuşdur. Oğlu Rəsul ailədə onlarla yola getmir, ailə daxili münaqişələr yaradır. 27.05.2021-ci il tarixdə, gecə saat 01:00 dəqiqədə növbəti dəfə oğlu Rəsul yaşadıqları evdə onunla və yoldaşı Solmazla münaqişə etmişdir və oğlu Rasim həmin vaxt evin digər otağında yatırdı. Həmin vaxt oğlu Rasim onlarla Zərərçəkmiş şəxs arasında olan münaqişəni eşidib mətbəxə gəlmişdir. Oğlu Rasim mətbəxdə masanın üzərində olan şüşə qənd qabını qəsdən Rəsula tərəf atmışdır və qənd qabı Rəsulun baş nahiyəsindən dəymişdir, şüşə qənd qabı qırılmış və Rəsulun başından qan gəlmişdir. Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 Tacəddin qızı və Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X2 31 may 2021-ci il tarixli 4631 saylı sorğuya cavab məktubundan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs 19.06.2012-20.06.2012-ci il, 19.05.2019-11.07.2019-cu il tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuşdur (i.v.28); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X2 01 iyun 2021-ci il tarixli 19/51-5948 saylı sorğuya cavab məktubundan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs 29.10.2005-01.12.2005-ci il, 23.09.2006-29.09.2006 və 29.09.2006-02.10.2006-cı il tarixlərdə Respublika Narkoloji Mərkəzində stasionar müalicədə olmuşdur (i.v. 30); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X2 31 may 2021-ci il tarixli 4632 saylı sorğuya cavab məktubundan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmamışdır (i.v. 32); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X2 01 iyun 2021-ci il tarixli 19/51-5949 saylı sorğuya cavab məktubundan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində stasionar müalicədə olmamışdır (i.v. 34); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X1 31 may 2021-ci il tarixli 433 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın ənsə nahiyəsinin və sol əlin əzilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyalar təsirindən kənar şəxs(lər) tərəfindən törənmişlər, qərarda göstərildiyi kimi 27.05.2021-ci il tarixdə törənə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər (i.v. 46-47); zərərçəkmiş şəxs qismində tanınma haqqında 01.06.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 03 iyun 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 71); cinayət işinin başlanılmasının rədd edilməsi barədə 04.06.2021-ci il tarixli qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs DİN-nin 102 xidmətinə verdiyi məlumat və anası Şahid1 Tacəddin qızının ərizəsi əsasında cinayət işinin başlanılması rədd olunmuşdur (i.v. 73-75); 07.06.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilmiş və onlar verdikləri ifadələri təsdiq etmişlər (i.v. 80-82); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X2 07 iyun 2021-ci il tarixli 1221 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs hərhansı bir xroniki psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Onda üzvi emosional-ləbil pozuntusu müəyyən edilir. Zərərçəkmiş şəxs müəyyən edilmiş qeyri-psixotik pozuntular o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməl dövründə baş vermişləri düzgün qavramaq, bu barədə ifadə verə bilmək imkanına malik olmasın. Yəni Zərərçəkmiş şəxs iş üzrə ifadə vermək iqtidarındadır, həmçinin öz psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. Yoxlanılan şəxs bu iş üzrə zərərçəkmiş şəxs qismində keçdiyi üçün onun anlaqlı olub-olmaması barəsində qərarda qoyulmuş sual ona şamil edilmir (i.v.84- 85); sadələşdirilmiş icraat materialının araşdırılması ilə əlaqədar sübutların qiymətləndirilməsi haqqında 08 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkib əlamətləri təsdiq olunmadığından, həmin xüsusat üzrə barəsində cinayət təqibi üzrə icraata xitam verilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş inayət əməlini törətməsinə dair açılmış sadələşdirilmiş icraat materialının araşdırılması davam etdirilməsi, Zərərçəkmiş şəxs, Şahid1 Tacəddin qızının, Şahid2 və Şahid3 şahid ifadələri, 27.05.2021-ci il tarixli hadisə yerinə baxış protokolu, 07.06.2021-ci il tarixli üzləşdirmə protokolu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PAB” X3 13 nömrəli şöbəsinin verdiyi 31.05.2021-ci il tarixli, 433 saylı rəyi sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v. 88-91). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə qeyd edir ki, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallarda olan izahatlar, ekspertiza rəyi, o cümlədən məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadənin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2.) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həlledir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (CM-59.2) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli,öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən yaşayış evində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar