Məhkəmə qərarları › İş №1(011)-306/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-306/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-306/2024 22.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 2001-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Beyləqan rayonu, Öyrənqala kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23:30 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 10 saylı evin 1-ci mənzilində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı dostu Zərərçəkmiş şəxs qəsdən əl zərbəsi ilə sifət nahiyəsindən, mətbəx bıçağı ilə isə qulaq nahiyəsindən vurmaqla döyərək sonuncuya sol qulaq seyvanı nahiyəsində cərrahi tikilmiş deşilmiş-kəsilmiş yara, sol qulaq seyvanı nahiyəsində və sol qulaq keçəcəyindən, sol yanaq nahiyəsinə qədər olan sahədə kəsilmiş səthi dəri yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətləri yetirmişdir. Məhkəmənin hazırlıq iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı aidiyyəti üzrə məhz Bakı şəhəri Xətai Rayon Məhkəməsinə aiddir. Aparılmış ibtidai araşdırma dövründə Azərbaycan Respublikası CPM-nin tələblərinin pozulması məhkəmənin hazırlıq iclası zamanı aşkar edilməmişdir. Yekun protokolun prosessual formasına riayət edilmişdir. Məhkəməyədək icraat hüquqi pozuntulara yol verilmədən aparılmışdır. İş üzrə icraatın dayandırılması üçün əsaslar müəyyən olunmamışdır. İş materiallarında olan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 29 aprel 2024-cü il tarixli, 448 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - sol qulaq seyvanı nahiyəsində cərrahi tikilmiş deşilmiş-kəsilmiş yara, sol qulaq seyvanı nahiyəsində və sol qulaq keçəcəyindən, sol yanaq nahiyəsinə qədər olan sahədə kəsilmiş səthi dəri yaraları kəsici-deşici və ya kəsici kənarlı əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan xx.xx.2024-cü il tarixdə və şəraitdə yəni, kənar şəxs tərəfindən bıçaq ilə yetirilə bilərdilər və ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Vətəndaş Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə xəsarətlərin şəxsin özü-özünə yetirilməsinə xarakterik deyildir; (i.v.22-24) - zərərçəkmiş şəxs qismində tanınma haqqında 29 aprel 2024-cü il tarixli qərardan görünür ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə vətəndaş Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri aldığı üçün zərərçəkmiş şəxs qismində tanınmış və ona qərar elan olunmuşdur; (i.v.25) - Beyləqan rayonu İcra Hakimiyyəti Başçısının Örənqala qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, 2001-ci il təvəllüdlü, Beyləqan rayonu Öyrənqala qəsəbəsində anadan olmuş, milliyyətcə azərbaycanlı, orta təhsilli, subay, Beyləqan rayonu, Öyrənqala qəsəbəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs qəsəbədə yaşadığı müddət ərzində özünün nörmal davranışı, nizam-intizamı, əməksevərliyi və vətənpərvərliyi ilə qəsəbə sakinlərinin və qonşularının dərin hörmətini qazanmış, Əlizadə X3 qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin təçkil edib həyata keçirdiyi bütün ictimai və mədəni kütləvi tədbirlərdə fəal iştirak etmiş, özünü layiqli bir vətəndaş kimi göstərmişdir. Təqsirləndirilən şəxs barəsində qəsəbədə yaşadığı müddətdə, Öyrənqala qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə, qəsəbə sakinləri və qonşuları tərəfindən heç bir ərizə, şikayət və ya hər hansı mənfi xarakterli məlumat daxil olmamışdır; (i.v.36) - Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; (i.v.55) - Beyləqan rayonu İcra Hakimiyyəti Başçısının Örənqala qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 may 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Beyləqan rayonu, Örənqala qəsəbəsində qeydiyyatdadır; (i.v.56) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X5 tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Bakı Şəhər Narkoloji Mərkəzində qeydiyyatda yoxdur; (i.v.57) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 tərəfindən verilmiş 30 aprel 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2001-cü il təvəllüdlü, Beyləqan rayonu, Öyrənqala kəndində qeydiyyatda olan, ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb; (i.v.58) - Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti yoxdur, Təqsirləndirilən şəxs barəsində olan sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir; - Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, əməlindən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, barəsində olan sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və iş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək barışdıqlarını qeyd edərək məhkəməyədək sadələşdirilmiş iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müddəaları nəzərə alınaraq məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə hazırlıq mərhələsində xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: belə ki, 299.3.4-cü maddəsinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılır. 300.1.7-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. 305.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. 40.1-ci maddəsinə əsasən Cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Məcəllənin 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 20 oktyabr 2017-ci il tarixli Qanunla əlavə edilmiş və 01 dekabr 2017-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, Təqsirləndirilən şəxs səmimi peşmançılığını və zərərçəkmiş şəxslə barışmasını, əvvəllər eyni şəkildə cinayət məsuliyyətindən azad edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 14 (on dörd) iş saatına görə 84 (səksən dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, xüsusi müsadirəyə məruz qalınmalı əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.8, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi vəsaiti hesabına 14 (on dörd) saat üçün nəzərdə tutulan 84 (səksən dörd) manat pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar