Məhkəmə qərarları › İş №1(011)-307/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-307/2024

24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-307/2024 24.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, məhkəmə iclasının katibi X6 katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Füzuli rayonu, Yuxarı Rəfədinli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 2nda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan təbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Bakı şəhərində Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində ünvan 1 ünvanında yerləşən “Mirvari” şadlıq sarayının qarşısında Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə yanında olmuş tanışı piyada X1 ehtiyatsızlıqdan vuraraq ağır dərəcəli bədən xəsarəti yetirməklə yol nəqliyyat hadisəsi törətməsi səbəbindən onunla Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə zamanı sonuncunu sifət nahiyəsindən yumruq və təpiklə vuraraq Zərərçəkmiş şəxs boyun nahiyəsinin sıyrıqları, qapalı kəllə beyin travması ilə müşayiət olunmuş sol qaş və burun nahiyələrinin şişkinlik halında əzikləri və ənsə nahiyəsinin hematoması, boyunun, sol kürək, sol bazu oynağı nahiyələrinin qançırları ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ünvan 2 qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. X1 təxminən 2-3 ildir ki tanıyır, onunla münasibəti yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə axşam saatlarında tanışları Anar, Cahid, Sənan Quliyev, Sənan Şahbazov, Ceyhun və o Xətai rayonu, R.Quliyev küçəsində yerləşən Mirvari restoranında otaqların birində əyləşib yemək yemişlər. O, Sənan və Anar spirtli içki qəbul etmişlər. Daha sonra saat 22 radələrində onlar restorandan qalxmışlar. Ceyhun, o və Anar digər şəxslərdən ayrılıb R.Quliyev küçəsi istiqamətində getmişlər. Onlar yolu sağdan sola tərəf keçməyə başlamış, bu zaman Zərərçəkmiş şəxs idarə etdiyi “Kia Rio” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Anarı vurmuşdur. Anar avtomobilin üzərinə və oradan da yerə yıxılmışdır. O, Anarın yıxıldığını görüb öldüyünü fikirləşmişdir. Nicat idarə etdiyi avtomobillə Anarı vurub bir az qarşıda saxlamışdır. O, avtomobilə yaxınlaşmış və əli ilə avtomobili vurmuşdur. Nicat avtomobildən düşən zaman iradını bildirməklə bir neçə dəfə yumruqla Nicatı vurmuşdur. Daha sonra Nicatdan ayrılıb Anarın yanına gəlmişdir. Bundan 2-3 dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım stansiyasının avtomobili yaxınlaşmışdır. Anarı avtomobilə əyləşdirmiş və hadisə yerindən uzaqlaşıb getmişdir. Bundan sonra onlar avtomobilə əyləşib təcili tibbi yardım stansiyasının avtomobilinin arxasınca xəstəxanaya getmişlər. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstəmişdir ki, Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi ev 6-da qeydiyyatda olmaqla valideynləri ilə birlikdə yaşayır. O, atasına məxsus “Kia Rio” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edirmiş. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində idarə etdiyi “Kia Rio” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ünvan 1 ünvanında yerləşən “Mirvari” şadlıq sarayının qarşısında yol nəqliyyat hadisəsi törətmiş və avtomobillə X1 vurub bədən xəsarətləri yetirmişdir. Həmin vaxt avtomobili saxlayıb düşmək istəyən zaman vurduğu piyadanın yanında olan ağ qara saçlı orta boylu şəxs adını sonradan bildiyi Təqsirləndirilən şəxs onun sifət nahiyəsindən yumruqla vurmuş, o özünü itirib əli ilə sifətini tutmuş, bu zaman Şahin təpiklə sol diz qapağına vurmağa başlamışdır. Bu vaxt Ceyhunun yanında olan hündür boylu şəxsdə onu vurmuşdur. O, onların zərbələrindən qorunmaq üçün avtomobildən düşə bilməmişdir. Təxminən onu 5 dəqiqə ərzində vurmuşlar. Onu vurduqdan sonra ətrafda olan tanımadığı şəxslər onları ayırmışlar. O, bir təhər avtomobildən düşmüş və bu zaman ara yoldan təcili tibbi yardım avtomobili gəlmiş, avtomobildən düşdükdən sonra Şahin ona “səni öldürəcəm” demişdir. Onlar təcili tibbi yardım avtomobilini saxlatdırıb xəstəni oraya qoyaraq yola salmışlar. Bundan sonra o, Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında tanışları Anar, Cahid, Sənan Quliyev, Sənan Şahbazov və Şahinlə Xətai rayonu, R.Quliyev küçəsində yerləşən Mirvari restoranında otaqların birində əyləşib yemək yemişlər. Sənan, Şahin və Anar spirtli içki qəbul etmişlər. Daha sonra saat 22 radələrində onlar restorandan durmuşlar. O, Şahin və Anar digər şəxslərdən ayrılıb R.Quliyev küçəsi istiqamətində getmişlər. Bu zaman Zərərçəkmiş şəxs idarə etdiyi “Kia Rio” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Anarı vurmuşdur. Anar avtomobilin üzərinə və oradan da yerə yıxılmışdır. O, dərhal geri qayıdıb onlarla masa da əyləşən şəxslərə məlumat vermişdir. Həmin avtomobil Anarı vurub bir az qarşıda avtomobilin sürücüsü Zərərçəkmiş şəxs avtomobili saxlamışdır. Bundan 2-3 dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım stansiyasının avtomobili yaxınlaşmış, Anarı avtomobilə əyləşdirmiş və hadisə yerindən uzaqlaşıb getmişdir. Hadisə zamanı o, Nicatı vurmamış, nə də Şahinin Nicatı vurmasını görməmişdir. Təqsirləndirilən şəxs əməli özünün etirafı, zərər çəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi, üzləşdirmə protokolu, habelə digər toplanmış istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 05 fevral 2024-cü il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılması və istintaqı aparılması qərara alınmışdır.(i.v. 1); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3- Təcrübi və Tədris Birliyinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 462 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs boyun nahiyəsinin sıyrıqları, qapalı kəllə beyin travması lə müşaiyət olunmuş sol qaş və burun nahiyələrinin şişkinlik halında əzikləri və ənsə nahiyəsinin hematoması, boyunun, sol kürək, sol bazu oynağı nahiyələrinin qançırları müəyyən edilmiş,xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni kənar şəxs(lər) tərəfindən törənə bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özü-özünə yetirməsi, eləcə də hündürlükdən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur. ( i.v.37-39); xx.xx.2024-cü il tarixində zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.121) xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 139) 22 aprel 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs bir daha istintaqa verdiyi ifadəsini təsdiqləyərək, Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dediklərini qismən təsdiqləyərək onu başqa şəxsin vurmadığını özünün vuraraq xəsarət yetirdiyini bildirmişdir. (i.v 147-149) 23 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur(i.v 158-159) 23 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki,Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 175-176) 24 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilməsinə və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanması,məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 462 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 134 və 221-ci maddələri ilə Şahid barəsində isə həmin məcəllənin 128-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi və Azərbaycan Respublikası Baş prokurorunun “İşin təşkili qaydalarının” 346.13.04 bəndinə əsasən cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi epizodları ilə əlaqədar materiallar cinayət işindən ayrılaraq Bakı şəhəri Qaradağ rayonu prokurorluğunun dəftərxanasına verilməsi, qərarın surətinin ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır. (i.v 179- 185) “AZEMİS” elektron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci ilə təvəllüdlü X2 adlı övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal himayəsində bir az yaşlı uşağının (xx.xx.2012-ci il təvəllüdlü X2) olmasını nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi, əməli törətmiş şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkün olduğu nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52- 1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 06(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar