Məhkəmə qərarları › İş №1(011)-308/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-308/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-308/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 13 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 may 2023-cü il tarixli, 4(011)-361/2023 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,824 qram narkotik vasitə heroin əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 18 yanvar 2023-cü il tarixdə saat 19:10 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 22 ünvanının qarşısında saxlanılıb ünvan 3nin 35-ci PB-nin inzibati binasına gətirilərək orada polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla aparılan şəxsi axtarış və götürmə zamanı əyində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0,824 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən beş ildir ki, müxtəlif narkotik vasitələri inyeksiya yolu ilə istifadə etmişdir. 18 yanvar 2023-cü il tarixdə saat 12 radələrində narkotik vasitənin “kakos” kimi tanıdığı heroin növündən almaq məqsədilə Xətai rayonu, Neapol dairəsinə getmiş və orada üzdən tanıdığı, lakin haqqında heç bir məlumata sahib olmadığı şəxsi görmüşdür. Həmin şəxsdə şifahi olaraq narkotik olduğunu bildiyi üçün yaxınlaşıb narkotik vasitə istəmişdir. Həmin şəxsə 20 manat pul vermiş və bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə “kakos” alıb cibinə qoyaraq həmin şəxsdən ayrılmışdır. Sonra həmin narkotik vasitənin bir qismini kimsəsiz bir ərazidə istifadə etmiş, qalan hissəsini isə üzərində saxlamışdır. Həmin günü saat 19:00 dəqiqədə Xətai rayonu, Neapol küçəsi 22 ünvanın qarşısında olarkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşlarına özünü təqdim etdikdən sonra, polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirmişlər. Bundan sonra polis əməkdaşları Xətai RPİ-nin 35-ci PB-nə gətirmişlər. Polis bölməsində xidməti otaqların birinə vəkil dəvət edilərək hüquq və vəzifələrim izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılaraq, üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif edilmişdir. Bundan sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə “kakos” təqdim etmişdir. Polis əməkdaşı həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual vermişdir. O da sellofana bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroin olmasını, narkotik vasitəni həmin günü Xətai rayonu, Neapol dairəsinin yaxınlığnda üzdən tanıdığı, lakin haqqında heç bir məlumata sahib olmadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almasını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa heç bir əşya aşkar edilməmişdir. Narkotik vasitə polis əməkdaşı tərəfindən elektron tərəzi ilə çəkilmiş və çəkisi 1,02 qram olmuşdur. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etmiş, heç vaxt kiməsə narkotik vasitə heroin satmamış və verməmişdir. Narkotik maddələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin və əkilib-becərilməsinin qadağan olunması barədə məlumatı olmuşdur. Narkotik vasitə heroini aldığı şəxs haqqında heç bir məlumata sahib deyil, belə ki, həmin şəxsi tanımamışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, DİNnin Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin Cinayət Axtarış Üzrə əməliyyat müvəkkili vəzifəsində işləmiş və polis mayoru rütbəsindədir. 18 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs inzibati ərazidə qanunsuz olaraq narkotik vasitə istifadə etməsi, üzərində daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən polis şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis bölməsinin rəisinə raportla məruzə etmiş, rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Bundan sonra xx.xx.1992-ci ildə ünvan 5 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar şöbə rəisi tərəfindən təsdiq edilərək, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokuroruna və Xətai rayon məhkəməsinə məlumatlar verilmişdir. Sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə bölmənin əməliyyat müvəkkili Şahid2 təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmış və həmin gün Şahid2 ilə birlikdə məlumata əsasən ünvan 6 ünvanın qarşısına gəlmişlər. Saat 19:10 dəqiqədə həmin ünvanın yaxınlığında Təqsirləndirilən şəxs əlamətlərinə görə oxşadıb yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəqisələrini göstərib özlərini təqdim etmişlər və sonuncudan da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olmasını bildirmiş və Məmmədbağıra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Məmmədbağır da heç bir etiraz etməmişdir. Bundan sonra Məmmədbağırı polis bölməsinə gətirmişlər və bölmədə raport yazıb rəisə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət olunmuşdur. Xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş maddəni çıxarıb təqdim etmişdir. Sellofan açılaraq içərisinə baxış keçirilmiş və sellofanda göy rəngli toz şəkilli, spesifik iyli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verildikdə, sonuncu həmin maddənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu və 18 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu Neapol dairəsi yaxınlığında üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almasını bildirmişdir. Həmin maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 1.02 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsədə, üzərindən başqa qanunsuz əşya aşkar olunmamışdır. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılıb və zərfin üzəri 154 saylı möhür ilə möhürlənmiş, zərfin üzərinə baxışda iştirak edən şəxslər imza etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin tərkibinin və çəkisinin müəyyən edilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza mərkəzinə göndərilmiş və bununla bağlı rəy verilmiş və məlum olmuşdur ki, sonuncunun üzərindən aşkar edilmiş maddə narkotik vasitə heroindir, çəkisi də 0,824 qramdır. Məhkəmə iclasında ibtidai istintaqda zamanı Şahid2 digər şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə oxşar məzmunda ifadə verməsi elan edildi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, iş materiallarında olan Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 19 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, 18 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, 18 yanvar 2023-cü il tarixdə saat 19:10 dəqiqədə ünvan 8 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq Xətai RPİ-nin 35-ci PB-nə gətirilmiş Təqsirləndirilən şəxs videoçəkiliş ilə üzərinə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli spesifik iyli maddəni çıxarıb təqdim edərək həmin maddənin narkotik vasitə hesab edilən kakos olduğunu, Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi yaxınlığında dəqiq anket məlumatlarını və adını bilmədiyi şəxsdən ümumilikdə 20 manat pul müqabilində şəxsi istifadəsi üçün almasını bildirmişdir. Həmin maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 1.02 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin onun üzərindən başqa qanunsuz əşya aşkar olunmamışdır. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri 154 saylı möhür ilə möhürlənmişdir. Zərfin üzərinə baxışda iştirak edən şəxslər imza etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2023-cü il tarixli, 6/340 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 154” dairəvi möhür əksi olan, “B.Məmmədbağır” sözləri, soyadları və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən bir ədəd bükümdə təmiz çəkisi 0,824 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, tədqiqatdan sonra qalan çəkisi 0,774 qramdır. İş materiallarından görünür ki, 20 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarından görünür ki, 20 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən 25 yanvar 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkoloji ekspertizasının 03 fevral 2023-cü il tarixli, 579 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra 0,774 qram qalan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd “CD” formatlı disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 may 2023-cü il tarixli, 4(011)-361/2023 saylı qərarı ilə hazırda ibtidai istintaqı aparılan digər cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 26 may 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 18 yanvar 2023-cü il tarixdən 20 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 23 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 may 2023-cü il tarixli, 4(011)- 361/2023 saylı qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,774 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd “CD” formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 2 (iki) gün azadlıqdan məhrum etmə cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 23 iyun 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 may 2023-cü il tarixli, 4(011)-361/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs həbs olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,774 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar