Məhkəmə qərarları › İş №1(011)-31/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-31/2022

25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-31/2022 25.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarasinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5 oğlunun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, himayəsində üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhərində kirayə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, 04 avqust 2021-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti ev 29, mənzil 459-u sonuncu ilə aylıq 500 manat müqabilində kirayələməyə razılaşdıqdan sonra mənzildə olan zaman oradan qiyməti 1500 manat olan TCL markalı və qiyməti 650 manat olan TCL markalı televizorları gizli yolla talayaraq həmin gün saat 21 radələrində internet vasitəsi ilə televizorların alqı satqısı ilə məşğul olan Şahid sataraq zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 2150 manat ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında və istintaqda verdiyi ifadələri və cinayət işinin digər materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, karantin rejimi ilə əlaqədar son zamanlar işləyə bilmədiyindən maddi sıxıntıları yaranmışdır. Maddi sıxıntıları yarandığından övladlara baxmaq üçün oğurluq etmək qərarına gəlmişdir. Bir az fikirləşdikdən sonra belə qərara gəlmişdir ki, elan saytlarından günlük olaraq kirayə ev götürsün. Evi kirayə götürdükdən sonra isə evdəki olan əşyaları sataraq pul əldə etsin. Bu məqsədlə tap.az saytında kirayə verilən ev elanlarına baxmışdır. Həmin elanlar arasında Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti ev 29 mənzil 459-un günlük 110 manat olaraq kirayə verildiyini görmüşdür. O Zərərçəkmiş şəxs məxsus ***-***- **-** saylı nömrəyə öz istifadəsində olan ***-***-**-** saylı nömrəylə əlaqə saxlamışdır. O, Seymur ilə 04 avqust 2021-ci il tarixdə 19 radələrində Xətai metrosunun qarşısında görüşərək Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti ev 29 mənzil 459-a gəldi. Evə baxdıqdan sonra evin bir günlük 100 manat müqabilində kirayə götürməyə razılaşmışlar. Razılaşmaya əsasən o, Zərərçəkmiş şəxs 100 manat pul vermiş Seymur da onun şəxsiyyət vəsiqəsinin şəklini çəkdikdən sonra evi ona təhvil vermişdir. Seymur evdən çıxıb getdikdən sonra evdə olan iki ədəd TCL markalı televizoru satmaq qərarına gəlmişdir. Bu məqsədlə o, lalafo.az saytına daxil olaraq həmin saytda məişət əşyaları alan şəxsin elanını görmüşdür. O həmin elanda yerləşdirilən ***-***-**-** saylı nömrə ilə öz istifadəsində olan ***-***-**-** saylı nömrə ilə əlaqə saxlayaraq özünə məxsus iki ədəd televizoru satmaq istədiyini bildirmişdir. Həmin şəxs televizorların olduğu ünvanı ondan soruşaraq televizorları baxdıqdan sonra həmin televizorları ala biləcəyini söyləmişdir. Bundan sonra o, həmin şəxsə günlük olaraq kirayələdiyi evin ünvanı vermişdir. Onun verdiyi ünvana saat 21 radələrində bir nəfər şəxs gələrək evdə olan televizorlara baxmışdır. Razılaşmalarına əsasən televizorlardan birini 290 manata, digərini isə 320 manat müqabilində alqı-satqı etməyə razılaşmışlar. Bundan sonra həmin şəxs televizorları evdən götürərək evdən getmişdir. Həmin şəxs getdikdən sonra o da evdən çıxaraq getmişdir. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmişə dəyən ziyanı tam olaraq ödədiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbin olmadığını, azyaşlı uşaqlarını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvan ona məxsusdur. Həmin evi aylıq 500 manat müqabilində kirayə vermək üçün tap.az saytına elan yerləşdirmişdir. Onun yerləşdirdiyi elan əsasında istifadəsində olan ***-***-**-** saylı nömrəyə 04 avqust 2021-ci il tarixdə axşam saatlarında zəng gəlmişdir. Zəng əsasında Təqsirləndirilən şəxs adlı bir xanım ona məxsus evi kirayələmək istədiyini bildirmişdir. Həmin xanım mənzilə baxmış və bir günü 100 manat müqabilində qalmağa razılaşmışlar. Təqsirləndirilən şəxs ona 100 manat pulu qabaqcadan vermişdir. Mənzilin açarlarını Təqsirləndirilən şəxs verərək getmişdir. Vaxt tamam olduqda Mahirə xanıma zəng etmiş, lakin telefona cavab verən olmamışdır. Mənzilinə gələrək özündə olan ehtiyat açar ilə evin giriş qapısını açaraq içəri daxil olmuşdur. Evə daxil olan zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona məxsus evdən iki ədəd birinin qiyməti 1500 manat olan digərinin qiyməti isə 650 manat olan TCL markalı televizorları oğurlamışdır. Bundan sonra o baş vermiş hadisə ilə bağlı 37-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Daha sonra zərərçəkmiş şəxs ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət tələbinin olmadığını qeyd edərək Təqsirləndirilən şəxs yüngül cəza veriməsini xahiş edərək bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınmış və Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid ifadəsində göstərmişdir ki, o, 20-25 gündür ki, onlayn qaydada televizorların alqı-satqısı ilə məşğuldur. Bununla bağlı internet saytlarında elan yerləşdirmişdir. Həmin elanda televizorları almağı barədə qeyd aparmışdır. Elanla bağlı onu yığan şəxslərlə danışır. Daha sonra isə gedib televizorlara baxır. Televizora baxdıqdan sonra əgər həmin televizoru almaq ona uyğun olursa həmin televizoru alır. Aldığı televizorları isə yenidən elan saytlarına yerləşdirərək onlayn qaydada satır. 04 avqust 2021-ci il tarixdə istfadəsində olan ***-***-**-** saylı nömrəyə ***-***-**-** saylı nömrədən zəng gəlmişdir. Telefona cavab verən zaman əvvəllər tanımadığı bir nəfər xanım evində olan iki ədəd TCL markalı televizoru satmaq istədiyini bildirmişdir. O da həmin xanıma televizorları gəlib baxdıqdan sonra alıb almayacağı barədə söz deyə biləcəyini söyləmişdir. Bundan sonra xanım ona yaşadığı Xətai rayonu ərazisində yerləşən evinin adresini bildirmişdir. Xanımın verdiyi adresə əsasən o, Xətai metrosunun yaxınlığında yerləşən yeni tikili binaya yaxınlaşmışdır. Binaya daxil olmaq istəyən zaman binanın mühafizəçiləri ondan hara getməyi barədə soruşan zaman o, elanla bağlı onu yığmış xanıma zəng edərək mühafizəçilərin onu buraxmadığını söyləmişdir. Həmin xanım telefon vasitəsi ilə mühafizəçilərlə danışdıqdan sonra onlar binaya buraxmışlar. O, xanımın istiqaməti ilə evə qalxmışdır. Evdə olan iki ədəd TCL markalı televizora baxdıqdan sonra onları ala biləcəyini söyləmişdir. Həmin televizorlardan birini 290 manat, digərini isə 320 manat müqabilində alqı-satqı etməyə razılaşmışlar. Bundan sonra o, televizorları götürərək oradan getmişdir. Əldə etdiyi televizorları elan saytlarına yeləşdirmişdir. Bundan sonra səhəri gün 05 avqust 2021-ci il tarixdə bir nəfər kişi yaşadığı ünvan 4 ünvana gələrək televizorlara baxıb onları almaq istədiyini bildirmişdir. O, həmin şəxslə televizorlarının birinin 730 manat, digərinin isə 530 manat müqabilində alqı satqı edilməsi barədə razılaşmışlar. İş materiallarında olan 14 avqust 2021-ci il tarixli ifadənin yerində yoxlanması protokolundan məlum olur ki, istintaq zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisənin necə baş verməsini əyani təsvir etmişdir. İş materiallarında olan Xətai RPİ İŞ-nin müstəntiqi Həsənbəy Şərifovun 14 avqust 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərarından məlum olur ki, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 23.08.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnəmələrin surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində 2013-cü il təvəllüdlü X4, 2014-cü il təvəllüdlü X2 və 2011-ci il təvəllüdlü X3 adlı üç azyaşlı uşağı var. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslə barışmış və ona qarşı şikayət və tələbi yoxdur, cəza təyin edərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi və digər iş materialları ilə Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi tamamilə sübuta yetirildi. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanın tamamilə ödənilməsini, himayəsində üç azyaşlı uşağının olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ziyanın ödənilməsini, barışıq əldə edilməsini, himayəsində azyaşlı uşaqların olmasını nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hazırda qeydiyyatda olduğu Gəncə şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Beləliklə, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar