Məhkəmə qərarları › İş №1(011)-31/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-31/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-31/2025 13.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, xüsusi ittiham qaydasında barəsində şikayət verilən – X6 və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X7, xüsusi ittiham qaydasında şikayət verən X14 və nümayəndəsi Femida Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, 25 may 1961-ci ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Laçın rayonu, M.Əzizbəyov küç, 60 ünvanında qeydiyyatda olan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə bağlı işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X14 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək X1 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Xüsusi ittihamçı X14 xüsusi ittiham qaydasında şikayət ərizəsini onunla əsaslandırmışdır ki, uzun müddətdir ki, Laçın rayon X2 Dərnək rəhbəri vəzifəsində işləyir. İşlədiyi müddətdə işinə məsuliyyətli və peşəkar yanaşmışdır. Cəmiyyət və kollektiv arasında yüksək nüfuza və hörmətə malikdir. Yüzlərlə şagirdlərin əl əmək bacarıqlarının inkişaf etdirilməsinə nail olmuşdur. Lakin, işlədiyi Laçın rayon X2 dərnək rəhbəri X6 tərəfindən 17 mart 2023-cü il tarixdə bütün kollektivin gözü qarşısında təhqirə məruz qalmışdır. Belə ki, 17 mart 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən 20 saylı Laçın rayon tam orta məktəbin binasında fəaliyyət göstərən Laçın rayon X2 15 nəfər kollektiv üzvü və 4 nəfər online olmaqla 19 nəfərdən ibarət X25 keçirilmişdir. Şura iclası keçirilən zaman müzakirə edilən məsələlərdən biridə əmək intizamına əməl edilməsi məsələsi idi. Əmək intizamını pozduğu üçün Laçın rayon X2 dərnək rəhbəri X4 17 mart 2023-cü il tarixdə X17 İclasında töhmət elan edilmişdir. Töhmət elan edildikdən sonra X6 yerindən qalxaraq bütün kollektivi, dərnəyin direktorunu müxtəlif sözlərlə təhqir edərək şəxsən onun və kollektivin digər üzvlərinin hər birinin üzünə tüpürdü. Sözügedən hadisə 17 mart 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən 20 saylı Laçın rayon tam orta məktəbin binasında fəaliyyət göstərən Laçın rayon X3 şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 gözü qarşısında baş vermişdir. Laçın rayon X2 dərnək rəhbəri X1 şəxsən ona qarşı bu cür təhqirəmiz hərəkətlərə yol verməsinin səbəbləri bu günə kimi ona məlum deyildir. Hörmətli Məhkəmə. X6 tərəfindən mənim üzümə tüpürməsi faktı mənim şərəf və ləyaqətimi alçaltmaq və kollektivdə olan nüfuzumu zədələmək üçün qəsdən icra edilən bu hərəkətdə Təhqir cinayətinin bütün tərkib elementləri vardır. Belə ki, X1 məni bütün kollektivin qarşısında təhqir etməsi nəticəsində kollektivdə olan nüfuzuma ciddi xələl gəlmiş, mənim psixoloji-emosional vəziyyətim gərginləşmiş, əsəblərim pozulmuş və şəxsimə qarşı yönəlmiş təhqir mənim iş kollektivindəki əmək fəaliyyətimin məhsuldarlığını azaltmışdır. X1 təhqiri nəticəsində mənə 10.000 (on min) manat miqdarında mənəvi ziyan dəymişdir. Hüquqlarımı bərpa etmək üçün 05 mart 2024cü il tarixdə "Femida" vəkil bürosunun vəkili Nümayəndə ilə 258 nömrəli Hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlayaraq ********** nömrəli VÖEN ilə fəaliyyət göstərən "Femida" vəkil bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul ödəmişəm. Bununla da mənə 300 (üç yüz) manat miqdarında da maddi ziyan dəymişdir. Belə ki, 17 mart 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən 20 saylı Laçın rayon tam orta məktəbin binasında fəaliyyət göstərən Laçın rayon X2 15 nəfər kollektiv üzvü və 4 nəfər online olmaqla keçirilən X20 əmək intizamını pozduğu üçün Laçın rayon X2 dərnək rəhbəri X4 töhmət elan edildikdən sonra yerindən icazəsiz qalxaraq bütün kollektivi müxtəlif sözlərlə təhqir edərək şəxsən mənim üzümə tüpürməsi ilə 4 nəfər online olmaqla 19 nəfər kollektiv üzvünün qarşısında şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçaltmışdır. Onu və bütün kollektivi təhqir edərək mənim üzümə və kollektivin digər üzvlərinin üzünə tüpürməsi faktını kollektivin üzvləri Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 şahid qismində təsdiq edə bilərlər. Laçın rayon X2 dərnək rəhbəri X1 təhqirləri nəticəsində kollektivdə olan nüfuzuma ciddi xələl gəlmiş, mənim psixoloji-emosional vəziyyətim gərginləşmiş, davam edən təhqirlər fondunda əsəblərim pozulmuş və şəxsimə qarşı yönəlmiş təhqirlər mənim iş kollektivindəki əmək fəaliyyətimin məhsuldarlığını azaltmışdır. X1 təhqirləri nəticəsində mənə 10.000 (on min) manat miqdarında mənəvi ziyan və hüquqlarımı bərpa etmək üçün vəkil xidmətinə ödədiyim 300 (üç yüz) manat miqdarında maddi ziyan dəymişdir. Göstərilənlərə əsasən X1 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X15 ərizəsində göstərdiyi xüsusatları bir daha müdafiə edərək bildirmişdir ki, X1 Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə həmin maddələrin sanksiyaları həddində ən ağır cəzaya məhkum edilmələri barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X9 etibarnamə üzrə nümayəndəsi Femida Vəkil Bürosunun vəkili Nümayəndə ərizəsində göstərdiyi xüsusatları bir daha müdafiə edərək X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə həmin maddələrin sanksiyaları həddində ən ağır cəzaya məhkum edilmələrinə dair hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zəravənd müəllimin onunla və başqa bir müəllimə ilə aralarında narazılıq var idi. Çünki bütün müəllimlər kimi onlar aylıq pul vermirdilər. Daha sonra Zəravənd müəllim onu dəfələrlə yoxlamağa başladı. Diplomunun həqiqiliyini və s. işlərini yoxlayırdı. O işdə olduğu halda, video çəkib qrupa göndərirdi ki, guya işdə yoxdur. O həmin iclasda qızlara bildirmişdir ki, direktorun dedikləri ilə oturubdurmasınlar. Başı aşağı şəkildə “Tfu. Bu nə idi?” demişdir. Çünki əsəbləşmişdir, belə ki, həmin iclasda onunla bağlı deyil, digər müəllimə ilə bağlı məsələ müzakirə olunmalı idi. Qızların nəyisə imzaladıqlarını görmüş, Zəravənd müəllim iclasda onun ailəsi, yoldaşı Həsi ilə bağlı yamsılamalar etmişdir. İclasda ona töhmət elan edilməmişdir. Prezidentə şikayət ərizəsini o yazmışdır, çünki bütün bu söhbətlər 50 manata görə yaranmışdır. Zəravənd müəllim onun hər bir hərəkətini videoya çəkirsə, niyə tüpürməyini videoya çəkməmişdir. O sadəcə özünə əsəbiləşərək “tfu” deyib ayağını yerə vurub otağı tərk etmişdir. Məhkəmədən bu halları nəzərə alıb, ədalətli qərar qəbul edilməsini və bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X22 ifadəsində göstərmişdir ki, o, 50 manatla bağlı məlumatı sosial şəbəkələrdən oxuduğuna görə demişdir. Oradan nə oxuyubsa onu deyib. Sosial şəbəkələrdə paylaşan şəxsi Zəravənd müəllim də tanıyır. Seyid Kamil adlı şəxsdir. Həmin paylaşılmış məqalənin mətnini məhkəməyə təqdim etmişdir. Hətta anası da bir neçə dəfə direktora pul verdiyi barədə ona demişdir. Axı sosial şəbəkə konkret 50-100 manat yazılmayıb, maaşın 40-50 faizi yazılıb sualına cavab olaraq bildirmişdir ki, anasının maaşının həmin faizi elə 50-100 manat edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 17 mart 2023cü il tarixdə Pedaqoji Şura iclası keçirilmişdir, bütün müəllimlər iştirak etmiş, 4 nəfər isə onlayn formada qoşulmuşdurlar. Həmin iclasda hamı bir nəfər kimi iştirak edir, yalnız üzrlü səbəblərdən iştirak etməyən ola bilər. Orada Pərvanə müəllimə onları təhqir etmiş, üzlərinə tüpürmüşdür. Bu hərəkət kollektivin acığına getmişdir. Onların şikayətləri ondan ibarətdir ki, Pərvanə müəllimə onları X27da hansı səbəbdən təhqir etdi. Bu fakt olub, yalan demir, həmçinin Pərvanə müəllimə ilə də heç bir qərəzli münasibəti olmayıb. Lakin iclasda həqiqətən onları təhqir edib, üzlərinə tüpürüb, sözlə “tfu üzünüzə” demişdir. Bu söz isə tüpürmək kimi olmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Pərvanə müəllimə “tfu üzünüzə” sözünü ümumi olaraq ünvanlamışdır. Həmin iclasda həm müəllimlərə aid məsələlər, həm də davamiyyətlə bağlı məsələlər müzakirə olunurdu. Müəllimlərin dərsə gedib gəlməyinə Zəravənd müəllim özü nəzarət edirdi, müəllim dərsdə olmayanda isə video çəkib qrupa göndərirdi. Zəravənd müəllim bütün müəllimləri yoxlayırdı, dərsdə olmayanlar barəsində isə akt tərtib edirdi. Zəravənd müəllim Pərvanə müəllimənin qrupuna girib görmüşdür ki, dərsdə yoxdur videoya çəkib göndərmişdir ümumi qrupa. X27 iclasında Zəravənd müəllim Pərvanə müəlliməyə davamiyyətə görə töhmət verilməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, o Əsmər müəllimə və Zəravənd müəllimlə oturub jurnal işləyirdilər. Daha sonra Həsi müəllim içəri daxil olaraq Zəravənd müəllimin arxasına keçmişdir. Zəravənd müəllim də Həsi müəllimə demişdir ki, “Həsi keç o tərəfə”. Bundan sonra Həsi müəllim dedi ki, “işlədiyin də bunlardı da, pozğunlardı”. Həmçinin Həsi müəllim dəfələrlə onu yiyəsiz adlandırıb, bildirib ki, Ülviyyənin yiyəsi yoxdur. Lakin o anası ilə birlikdə yaşayır, atası və həyat yoldaşı rəhmətə gedib. Nəyə görə Həsi müəllim onu yiyəsiz adlandırmalıdır? Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 17 mart 2023-cü il tarixdə keçirilmiş X21 müəlliməyə töhmət verilmişdir. Pərvanə müəllimə də durub demişdir ki, “tüpürüm sizə, sizin şərəfinizə” sonra isə getmişdir. Həmçinin Həsi müəllim “whatsapp” yazışmalarında ona yazmışdır, “Zəravənd müəllim sizi qoyub cırıx yerinə”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Pedaqoji Şura iclasında Pərvanə müəllimənin kollektivi təhqir etməsinin şahidi olmuşdur. Pedaqoji Şura iclasında 15 nəfər əyani iştirak etmiş, 4 nəfər isə onlayn formada qoşulmuşdur. Həmin iclasda məktəbin bütün məsələləri müzakirə olunurdu, sonra isə Pərvanə müəllimədən danışılmışdır. Pərvanə müəllimənin dərsdə iştirak etməməsinə dair videolar var idi. Daha sonra iclasda Pərvanə müəlliməyə töhmət verilməsi təklif olunmuşdur. Problem töhmət veriləndən sonra başlamışdır. Pərvanə müəllimə kollektivə yönələrək dedi ki, “tfu sizin üzünüzə, vicdansızlar”. Pərvanə müəlliməyə töhmət verilməsi ilə bağlı tərtib olunmuş akta müəllimlər səs verib qol çəkmişdirlər. Orada əlavə təhqirlər də oldu, lakin tüpürmək bütün kollektivə yönəlmişdir. Daha sonra Əsmər müəllimə ilə jurnal yazanda Pərvanə müəllimənin oğlu Orxan bəy gəlib anasının əmək kitabçasını götümək istəyirdi. Zəravənd müəllim də ona başa saldı ki, Əmək Məcəlləsinə əsasən əmək kitabçasını ona verə bilməz, Pərvanə müəllimənin özünə verməlidir. Bundan sonra Orxan bəylə Zəravənd müəllim arasında konflikt oldu, Zəravənd müəllimi təhqir etdi. Orxan bəy demişdir ki, “buradakı müəllimlərlə necə rəftar edirsiz özünüz bilərsiz”, bu ifadə onlara yönəlmiş təhqir idi və ona təsir edən cümlənin o hissəsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, onlar Pedaqoji Şura iclası keçirtmişlər. Həmin iclasda 15 nəfər əyani iştirak edirdi, 4 nəfər də regiondan onlayn formada qoşulmuşdur. İclasda məktəbdə keçirilən tədbirlər barədə, bütün ümumi təhsil haqqında müzakirələr aparılırdı. Həmin iclasda digər müəllimlər, həmçinin də Pərvanə müəllimənin dərsə getməməsi, dərsləri təşkil etməməsi müzakirə olunmuş və ona töhmət verilmişdir. Bununla bağlı akt tərtib olunmuşdur, bütün müəllimlərin də adları qeyd edilmişdir. Bundan sonra Pərvanə müəllimə ayağa qalxdı və dedi ki, “tfu sizin üzünüzə”. Bu ifadəni işlədərək onları təhqir edib, alçaltmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zəravənd müəllim daim qrupa videolar atıb, kimin dərsdə iştirak edib etməməsi ilə bağlı hamını məlumatlandırırdı. Həmin iclasda Pərvanə müəllimədən başqa Məhparə müəllimə də əsəbləşmişdir. Məhparə müəllimə də əmək intizamını pozurdu. Daha sonra Pərvanə müəllimə ilə Məhparə müəllimə birlikdə iclasdan çıxdılar. Həmçinin bildirmişdir ki, o 2012-ci ildən həmin dərnəkdə çalışır. 6-7 ildir ki, Pərvanə xanımı tanıyır, lakin şəxsən münasibətləri yoxdur, yalnız iclaslarda görüşürdülər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, 17 mart 2023cü il tarixdə Pedaqoji Şura iclası keçirilmişdir. İclasda 19 nəfər iştirak edirdi, 15 nəfər orada idi, 4 nəfər isə onlayn qoşulmuşdur. İclasda dərnəklərin təşkili, nizam-intizam qaydaları müzakirə olunurdu. Zəravənd müəllim dərsə gəlməyən əsasən də 2 müəllim barəsində danışdı. Daha sonra isə Zəravənd müəllim Pərvanə müəlliməyə töhmət verilməsi ilə bağlı kollektivin rəyini soruşdu, hamı da razı oldu. Həmin vaxt Pərvanə müəllimə əsəbləşərək ayağa durdu və dedi ki, “yaltaqlar, arsızlar, tfu bütün kollektivin üzünə”. Sonra isə Pərvanə müəllimə iclasdan çıxıb getdi. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin dərnəkdə metodist işləyir. İclasdan qabaq nədən danışılacağından heç bir məlumatı yox idi. İclasda məlum oldu ki, Zəravənd müəllim Pərvanə müəlliməyə töhmət vermək istəyir. Zəravənd müəllim dəfələrlə yoxlayırdı və Pərvanə müəlliməni işdə tapmırdı. Bununla bağlı söz-söhbət həmişə olurdu. Pərvanə müəllimə işdə olmayan onun işini onlar görmürdü. Həmçinin bildirmişdir ki, Pərvanə müəllimə bütün kollektivə 1 dəfə tüpürdü. Əvvəllər Pərvanə müəllimə ilə heç bir konflikti olmamışdır, lakin həmin iclasdan sonra Pərvanə müəllimə onu harada görə ağzına gələni deyirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 17 mart 2023cü il tarixdə Zəravənd müəllim onları Pedaqoji Şuranın iclasına çağırmışdır. Zəravənd müəllim Pərvanə müəllimənin işə getməməsinə dair video çəkib göndərmişdir qrupa və demişdir ki, bu adam işə getmir. Həmin iclasda Zəravənd müəllim ona töhmət vermək istəyirdi. Bundan sonra Pərvanə müəllimə dedi ki, “siz nə gündəsiz yaltaqlar, tfu sizin üzünüzə”. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin iclasda 14-15 nəfər var idi, 3-4 nəfər də regiondan qoşulmuşdur. Töhmət verilməsi ilə bağlı tərtib olunmuş akta hamı qol çəkmişdir. Əvvəllər Pərvanə müəllimə ilə heç bir ədavəti olmayıb, ancaq salam-sağ ol olub. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-472/2024 saylı hökmündən görünür ki, X4 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə bəraət verilmişdir. Bakı Apelyyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(103)-372/2025 saylı qərarı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-472/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Hüquqi məsələlər: Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X19 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148ci, X6 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci və X22 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddələrinin tərkibinin olması sübuta yetirilmədiyindən, həmin məcəllənin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Həmin qərarın 2 və 3-cü bəndlərində isə göstərilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32ci maddəsinin İİ və İİİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fıkir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulubpozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarının 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə o zaman ekspertiza təyin edə bilər ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yaranmış olsun. Belə ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə “məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir”. Qeyd edilən maddənin məzmunundan görünür ki, məhkəmə o halda ekspertiza təyin etmək hüququna malikdir ki, iş üzrə araşdırılan məsələnin müəyyən edilməsi xüsusi bilik tələb edilən sahəyə aid olsun. Bir çox hallarda ifadə və məlumatların məna, məzmun və ifadə tərzi baxımından şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsinin xüsusi bilik tələb edilmədən cəmiyyətdə mövcud olan sosial-əxlaqi dəyərlər baxımından qiymətləndirmə aparmaqla hakimin öz tərəfindən və bəzi hallarda “Azərbaycan dilinin izahlı lüğəti”ndən istifadə etməklə asanlıqla müəyyən edilməsi mümkün olur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 141.1.1-ci maddəsinə əsasən ümumi məlum olan faktlar cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən sübut edilmiş hesab olunur: Beləliklə, xüsusi bilik tələb etmədən aydın anlaşılan söz və ifadələrlə bağlı məhkəmə-linqvistik ekspertizasının təyin edilməsinə zərurət olmadığından məhkəmə hazırkı iş üzrə ekspertiza keçirilməsini gərəksiz hesab etmişdir. Təhqir və böhtanla bağlı məhkəmənin qiymətləndirməsi : Məhkəmə qeyd edir ki, təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət başa düşülür. Məhkəmə qeyd edir ki, böhtan cinayətindən fərqli olaraq təhqir cinayətində şəxsin nüfuzu cinayətin obyektinə daxil edilməmişdir. Şəxsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Digər tərəfdən məhkəmə qeyd edir ki, təhqiredici hərəkətin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmaması cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq müəyyən edilir. Həmçinin Azərbaycan Respublikasının 148-ci maddəsinin tərkib əlamətinin mövcud olması üçün təhqir kütləvi halda edilməlidir. Laçın Rayon X2 17 mart 2023-cü il tarixli Pedaqoji Şurasının iclasında baş vermiş hadisə ilə bağlı məhkəmə bildirir ki, hərəkətlə şərəf və ləyaqəti alçaltmaq məsələn üzünə tüpürməklə, şillə vurmaqla, mimikalarla, jestlərlə başqa şəxsi mənfi cəhətdən yamsılamaqla və s. hərəkətlərlə edilə bilər. Xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində təqsirləndirilən şəxsin şikayətçinin və kollektivin digər üzvlərinin hər birinin üzünə tüpürməsi qeyd olunur. Məhkəmə tərəflərin və şahidlərin ifadələrinə müqayisəli şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs səmimidir, ifadəsi inandırıcıdır. O, ifadəsində bildirmişdir ki, o, heç kimə tüpürməmişdir. Sadəcə özünə əsəbiləşərək “tfu” deyib ayağını yerə vurub otağı tərk etmişdir. Belə ki, iş üzrə şahid kimi ifadə vermiş şəxslər Şahid1 “tfu üzünüzə”, X8 “tüpürüm sizə, sizin şərəfinizə”, Şahid3 “tfu sizin üzünüzə, vicdansızlar”, Şahid5 “yaltaqlar, arsızlar, tfu bütün kollektivin üzünə”, Şahid2 “siz nə gündəsiz yaltaqlar, tfu sizin üzünüzə” kimi oxşar olsa da ziddiyyətli ifadələr vermişlər. Məhkəmə iclasında verilmiş ifadələrdən müəyyən olunur ki, Rüstəmova Pərvanə fiziki olaraq heç kimin üzünə tüpürməmişdir. “Tfu” kəlməsini işlədərək iclası tərk etmişdir. Həmin ifadəni konkret kiməsə o cümlədən xüsusi ittihamçıya ünvanlamamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən 15 nəfər iclas iştirakçısının hər birinin üzünə tüpürməsi ümumiyyətlə inandırıcı görünmür. Məhkəmə hesab edir ki, həmin ifadədə və hərəkətdə heç bir təhqir əlamətləri müəyyən edilməmişdir. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi Haqqında” Konvensiyasının 10-cu maddəsi tamamilə, hətta ciddi ictimai narahatlıq doğuran məsələlərin mətbuatda əks olunmasına gəldikdə belə, məhdudiyyətsiz ifadə azadlığını təmin etmir. Maddənin 2ci hissəsinə görə bu azadlığın həyata keçirilməsi həmçinin mətbuata tətbiq olunan “vəzifə və öhdəliklər” doğurur. Bu işdə olduğu kimi, digər şəxslərin hüquqlarının pozulduğu hallarda bu “vəzifə və öhdəliklər” əhəmiyyət kəsb etməyə başlayır. Qeyd edilməlidir ki, xüsusi ittihamı irəli sürmüş şəxslərin öz şərəfinə və nüfuzunun qorunmasına hüququ həm Milli, həm də Beynəlxalq aktlarla təmin olunmuşdur. Həmçinin, Konvensiyanın 6.2-ci maddəsinə görə, şəxslərin hər hansı cinayət əməli törətməkdə təqsiri sübut olunana qədər taqsirsiz hesab edilmək hüququnun olması Məhkəmənin həyata keçirməli olduğu çəkişən maraqların tarazlaşdırılması üçün əhəmiyyətli faktdır. İfadə etmək azadlığının həyata keçirilməsinə xas olan “vəzifə və öhdəliklər səbəbindən” Konvensiyanın 10-cu maddəsi ilə ümumi maraq kəsb edən məsələlər barədə məlumat yaymaqla bağlı jurnalistlərə verilən təminat jurnalist etikasına uyğun olaraq dəqiq və etibarlı məlumat təqdim etmək üçün vicdanla hərəkət etmək şərtinə tabe olur ( bax, the Goodwin v. X30. judgment of 27 March 1996? Reports 1996-İİ. P.500/39 və Fressoz and Roire v. France, Reports 1999-1, p. 24/54). “İnsan Hüquqları və Əsas azadlıqların Müdafiəsi Haqqında” 1950-ci il Avropa Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulmuş söz azadlığı (ifadə vermək hüququ) ilə əlaqədar Avropa Məhkəməsinin təcrübəsində 10-cu maddədə işlədilən “İfadə” anlayışına genişləndirici təsvir verilir. X5rşı işdə Məhkəmə göstərir ki, bu, nəinki xeyirxah və zərərsiz qiymətləndirilən və ya etinazsız qəbul edilən “məlumat” və “ideyaları”, həm də dövlət və ya əhalinin bir hissəsi tərəfindən həqarətli, utandırıcı və narahatlıq doğuran “məlumat” və “ideyaları” əhatə edir. Bu demokratik cəmiyyətin zəruri elementləri olan plüralizm, dözümlülüyün və baxışların müxtəlifliyinin tələbidir. Məhkəmə istintaqı zamanı təqsirsizlik prezumpsiyasına əsasən araşdırılmış ittiham və müdafiə dəlillərinin məcmusu Azərbaycan Respublikasının CM-nin 42 və 43-cü maddələri ilə nəzərdə tutulmuş müvafiq olaraq bəraət və cinayət təqibinə xitam verilməsi əsaslarının olmadığına dəlalət edir. Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və byaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edib bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmçinin şərəf və ləyaqəti alçaldan hərəkətlər təhqir olunan şəxsin iştirakı olmadan da törədilə bilər və burada mühüm odur ki, şərəf və ləyaqət kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində alçaldılmış olsun. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respııblikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən Xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafıq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fıkirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəməlinqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xüsusi ittiham qaydasında şikayətdə xüsusi ittihamçının X6 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə ittiham irəli sürərək, onların həmin maddə ilə də təqsirli bilinərək cəzalanmasını xahiş etsə də, lakin tədqiq olunan sübutlardan da görünür ki, təqsirləndirilən şəxslər tərəfindən xüsusi ittihamçının şikayəti ilə bağlı verilmiş ittiham üzrə təqsirləri sübuta yetirilmir. CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinin tələbinə görə, ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcələnin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin cinayət mühakimə icraatının vəzifələri və əsas prinsiplərini tənzimləyən 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin müddəlarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-nin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X4 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-347,349, 351,356,358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Xüsusi ittihamçı X9 şikayəti ilə bağlı verilmiş ittiham üzrə X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə bəraət verilsin. X1 məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X10 dövlət büdcəsi vəsaiti hesabına 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar