Məhkəmə qərarları › İş №1(011)-311/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-311/2021

04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-311/2021 04.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi, eyni zamanda vəkili X2, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, “barəsində başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 15 yanvar 2021-ci il tarixdə saat 21 radələrində icarə əsasında yaşadığı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 40A saylı evin daxilində qeyri rəsmi nikah münasibətində olduğu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində baş vermiş mübahisə vaxtı sonuncunu yumruq və təpik zərbələri ilə qəsdən vurub ona sol 9- 10-cu qabırğalarının sınıqları ilə müşayiət olunan, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olmayan xəsarətlər yetirib qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs 2019-cu ildən tanıyır. Zərərçəkmiş şəxs ilə qeyri rəsmi nikah münasibətində olmuşdur və həmçinin onların övladları vardır. ünvan 2 ünvanında icarə əsasında 2 il müddətində Fatma ilə birgə yaşamışdır. 15 yanvar 2021-ci il tarixdə təxminən saat 21 radələrində icarə əsasında yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 40A saylı evdə olduğu zaman qeyri rəsmi nikah münasibətində olduğu Fatma ilə aralarında mübahisə yaranmışdır. Aralarında yaranan mübahisəyə səbəb onun Fatmaya bacısı ilə mobil telefon vasitəsi ilə çox danışmasına öz iradını bildirməsi olmuşdur. Belə ki, onlar evdə olarkən Fatma bacısına zəng etmiş və bacısı ilə xeyli danışmışdır. O da Fatmaya bacısı ilə həddindən çox danışdığını və həmin vaxt ərzində övladlarını diqqətdən kənarda qoyduğunu deyərək öz iradını bildirmişdir. Fatma isə onun iradına sərt reaksiya verərək etiraz etməyə başlamışdır. Bununla da onların aralarında yaranmış mübahisə böyüməyə başlamış və o, yumruq zərbəsi ilə Fatmanı qabirğa hissəsindən bir dəfə vurmuşdur. Həmin vaxt zərbənin təsirindən Fatma müvazinətini itirmiş və yerə yıxılmışdır. Fatmanın ağrıdığını görərək onu müayinə olunması üçün xəstəxanaya aparmaq istəmişdir. Lakin Fatma onu vurduğu üçün ondan küsmüş və onun bütün təkidlərinə baxmayaraq müayinə olunması üçün onunla birgə xəstəxanaya getməyə etiraz etmişdir. Səhəri gün yəni 16 yanvar 2021-ci il tarixdə Fatma övladlarını da götürərək Mingəçevir şəhərinə valideynlərinin yanına getmişdir. O, Fatmanın ona qarşı əsəblərinin soyuması üçün bir müddətlik Mingəçevir şəhərinə valideynlərinin yanına getməsinə etiraz etməmişdir. X3rkən ağrıdığı üçün xəstəxanaya getmiş və müayinə zamanı onun Fatmaya yetirdiyi zərbənin nəticəsində qabırğalarının sınması müəyyən olunmuşdur. Bundan sonra Fatma onu bağışlamayaraq ondan ərizə ilə polisə şikayət etmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, Fatma ilə aralarında yaranmış mübahisə zamanı o, əsəbləşmişdir və istəməyərək Fatmanı vurmuşdur. Fatmanın qadın olmasını, onunla qeyri rəsmi nigah münasibətində olmasa da övladının anası olmasını nəzərə alaraq və səbəbsiz olaraq Fatmanı vurub ona xəsarət yetirdiyi üçün peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2019-cu il tarixdən etibarən tanıyır. Taleh ilə qeyri rəsmi nigah münasibətində olmuşdur və həmin nigahdan onların bir övladları vardır. ünvan 2 ünvanda icarə əsasında 2 il müddətində Taleh ilə birgə yaşamışdır. Son bir il ərzində onların aralarında tez-tez mübahisələr yaranırmış. Son dəfə 15 yanvar 2021-ci il tarixdə təxminən saat 21 radələrində icarə əsasında yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 40A saylı evdə olduğu zaman qeyri rəsmi nigah münasibətində olduğu Taleh ilə aralarında mübahisə yaranmışdır. Aralarında yaranan mübahisəyə səbəb Talehin qısqanclığı olmuşdur. Mübahisə zamanı Taleh yumruq zərbəsi ilə onun baş nahiyəsindən və təpik zərbəsi ilə sol nahiyəsindən vurmuşdur. Bundan sonra onların aralarında olan mübahisə başa çatmışdır. Səhəri gün yəni 16 yanvar 2021-ci il tarixdə o, az yaşlı övladlarını da götürərək Mingəçevir şəhərinə valideynlərinin yanına getmişdir. 19.01.2021-ci il tarixdə ağrılarının kəskinləşməsi səbəbindən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına müraciət etmiş və məlum olmuşdur ki, Talehin yumruq və təpik zərbələri ilə onu vurması nəticəsində onun sol 9-10-cu qabırğaları sınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 05 aprel 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işinin başlanılması qərara alınmışdır (i.v. 1); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 12 fevral 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs 19.01.2021-ci il tarixdə xəstəxanaya müraciət etmiş və müayinə zamanı onun sol 9-10-cu qabırğalarında sınıqlar aşkar olunmuşdur, ağırlıq dərəcələrinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər (i.v. 12-13); cinayət işinin icraata qəbul edilməsi haqqında 10 aprel 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır (i.v. 27); zərərçəkmiş şəxs qismində tanınma haqqında 14 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 30); DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 05.05.2021ci il tarixli tələbnamədən görünür ki, əməliyyat kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat aşkar olunmamışdır (i.v. 46); təqsirləndirilən şəxs qismində cəlb etmə barərə 15 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 52-53); təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan olunması haqqında 15 may 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur (i.v. 54); cinayət işi üzrə icraatın dayandırılması haqqında 15 may 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 55); axtarışda olan şəxsin tutulması haqqında 27 may 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulmuşdur (i.v. 59); cinayət işi üzrə icraatın təzələnməsi haqqında 27 may 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək ibtidai istintaqı aparılmışdır (i.v. 61); təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 29 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 85-86); sübutların qiymətləndirilməsi haqqında 01 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxs ifadəsi, məhkəmə-tibbi ekspertizasının 12 fevral 2021-ci il tarixli 80 nömrəli rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmişdir ( i.v. 91-94). Elektron portaldan əldə olunmuş çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladı - 04.12.2013-cü il təvəllüdlü X8 və 09.04.2016-cı il təvəllüdlü X6 vardır. Beləliklə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətməsi özünün, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-in 127.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma - iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci, himayəsində 2 azyaşlı övladının - 04.12.2013-cü il təvəllüdlü X5 və 09.04.2016-cı il təvəllüdlü X4 olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal aşkar edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutularaq saxlanıldığı 27 may 2021-ci il tarixdən 29 may 2021-ci il tarixədək olan müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 may 2021-ci il tarixdən 29 may 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar