Məhkəmə qərarları › İş №1(011)-311/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-311/2022

07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-311/2022 07.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,642 qram narkotik vasitə heroin əldə edib saxlamaqla daşımış və Xətai RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən özünü şübhəli aparmasına görə 19 aprel 2022-ci il tarixdə saat 07:10 dəqiqədə ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3 RPİ-nin 35-ci PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə üzərində aparılan şəxsi axtarış və götürmə zamanı boyun nahiyəsindən asılmış qara rəngli dəri materialdan olan dua örtüyünün içərisindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,642 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, bir müddətdir ki narkotik vasitənin “kakos” kimi tanıdığı növündən istifadə edir. Narkotik vasitəni Bakı şəhərində tanımadığı şəxslərdən pulla almış və istifadə etmişdir. 18 aprel 2022-ci il tarixdə axşam saatlarında Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən məscidin yaxınlığında olan zaman üzdən tanıdığı bir nəfər şəxs ilə söhbət zamanı onda narkotik vasitə olmasını öyrənmişdir. Həmin şəxsdən narkotik vasitə istəmişdir. Həmin şəxs cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümünü çıxarıb vermiş və içərisində heroin olmasını ona bildirmişdir. Narkotik vasitəni 10 manata həmin şəxsdən almışdır. Narkotik vasitəni şalvarının cibinə qoyaraq oradan uzaqlaşmışdır. Heç kəsin olmadığı bir yerdə narkotik vasitənin bir qismini inyeksiya yolu ilə istifadə etmişdir. Qalan hissəsini isə boynundan asılmış olan dua örtüyünün içərisində gizlətmişdir. Evə gəlib yatmış və səhər tezdən saat 05 radələrində yuxudan oyanıb işləməyə getmişdir. Saat 07 radələrində Xətai rayonu, Zeytun küçəsi ilə piyada hərəkət edən zaman polis avtomobili dayanmış və avtomobildən iki nəfər polis geyimli şəxs düşmüşdür. Üzərində narkotik vasitə olduğundan həyəcanlanmış və qorxmuşdur. Polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər. Polis əməkdaşları həyəcanlanmağından və qorxmağından şübhələnib yaxınlıqda olan 35-ci Polis Bölməsinə dəvət etmişlər. O etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis Bölməsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, hüquq və vəzifələri ona izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Üzərində qanunsuz əşya olubolmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. Lakin o tutulacağından qorxaraq üzərində qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra üzərində axtarış aparılmış, bu zaman boyun nahiyəsindən asılmış qara rəngli dəri materialdan olan dua örtüyünün içərisindən bir ədəd gümüşü rəngli kağız büküm aşkar olunmuşdur. Həmin büküm polis əməkdaşı tərəfindən açılmış və içərisinə baxış keçirilmişdir. Həmin büküm polis əməkdaşı tərəfindən elektron tərəziyə qoyularaq çəkilmiş və çəkisi 1.01 qram müəyyən edilmişdir. Sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı bir başqa əşya aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin Post-patrul xidməti bölüyü polis nəfəri vəzifəsində çalışır və polis serjantı rütbəsini daşıyır. 19 aprel 2022-ci il tarixdə iş yoldaşı polis serjantı Şahid1 ilə AP-65166 nömrəli patrul avtomobil ilə xidmətdə olmuşlar. Saat 07:10 dəqiqədə avtomobillə Xətai rayonu, Zeytun küçəsi 13 ünvanın qarşısı ilə keçən zaman bir nəfər şəxsin xidməti avtomobili görüb özünü şübhəli aparmasının şahidi olmuşlar. Dərhal avtomobili saxlayıb düşərək həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim edib sorğu-sual etmişlər. Həmin şəxs özünü şübhəli aparması və verilən suallara doğru-düzgün cavab vermədiyinə görə sonuncunu Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Həmin şəxs də razılaşmışdır. Polis Bölməsində həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilmiş və məlum olmuşdur ki, sonuncu xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Bölmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə videoçəkiliş etməklə üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda onu könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, bu zaman sonuncunun boyun nahiyəsində olan qara rəngli dəri materialdan dua örtüyün içərisindən bir ədəd gümüşü rəngli siqaret kağız büküm aşkar edilmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və içərisində qəhvəyi rəngli tozşəkilli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da bildirmişdir ki, həmin maddə narkotik vasitə “kakos”dur. Ruslan Abbasov bildirmişdir ki, narkotik vasitəni həmin günü axşam saatlarında Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən məscidin yaxınlığında üzdən tanıdığı şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. Həmin büküm polis əməkdaşı tərəfindən elektron tərəzi ilə çəkilmiş və çəkisi 1.01 qram müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin onun üzərindən başqa heç bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş maddə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzərində qeydlər aparılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, məzmununa dair ərizə və şikayət daxil olmamış və bütün iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Xətai RPİ-nin Post Patrul Xidməti Bölüyündə polis nəfəri işləyir və polis serjantı rütbəsindədir. 19 aprel 2022-ci il tarixdə iş yoldaşı polis serjantı Şahid2 ilə AP-65166 nömrəli patrul avtomobil ilə xidmətdə olmuşlar. Saat 07:10 dəqiqədə avtomobillə Xətai rayonu, Zeytun küçəsi 13 ünvanın qarşısı ilə keçən zaman bir nəfər şəxsin xidməti avtomobili görüb özünü şübhəli aparmasının şahidi olmuşlar. Dərhal avtomobili saxlayıb düşərək həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim edib sorğu-sual etmişlər. Həmin şəxs özünü şübhəli aparması və verilən suallara doğru-düzgün cavab vermədiyinə görə sonuncunu Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Həmin şəxs də razılaşmış və xidməti avtomobillə sonuncunu 35-ci Polis Bölməsinə gətirmişlər. Polis Bölməsində həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilmiş və məlum olmuşdur ki, sonuncu xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Onlar raport yazaraq bölmə rəisinə məruzə etmişlər. Bölmədə təhqiqatçı tərəfindən bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda onu könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, bu zaman sonuncunun boyun nahiyəsində olan qara rəngli dəri materialdan dua örtüyün içərisindən bir ədəd gümüşü rəngli siqaret kağız büküm aşkar edilmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və içərisində qəhvəyi rəngli tozşəkilli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da bildirmişdir ki, həmin maddə narkotik vasitə “kakos”dur, narkotik vasitəni həmin günü axşam saatlarında Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən məscidin yaxınlığında üzdən tanıdığı şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. Həmin büküm polis əməkdaşı tərəfindən elektron tərəzi ilə çəkilmiş və çəkisi 1.01 qram müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin onun üzərindən başqa heç bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş maddə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzərində qeydlər aparılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, məzmununa dair ərizə və şikayət daxil olmamış, iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 19 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır (i.v. 01); şübhəli şəxsin tutulması haqqında 19 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 07:10 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 15); şəxsi axtarış və götürmə aparılması haqqında 19 aprel 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, qanunsuz əşya və predmetin olmadığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman boğazından asılmış qara rəngli, dəri materialdan olan dua örtüyünün içərisindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində spesifik iyli, qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə hesab olunan heroinə bənzər maddə aşkar olunmuşdur, Təqsirləndirilən şəxs həmin maddənin heroin (kakos) olduğunu, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Nizami rayonu, Keşlə qəsəbəsində məscidin yaxınlığında heç bir anket məlumatlarını bilmədiyi, üzdən tanıdığı şəxsdən 10 (on) manat pul müqabilində şəxsi istifadəsi üçün almasını, 19 aprel 2022-ci il tarixdə saat 07 radələrində Xətai rayonu, Zeytun küçəsində olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm “Pocket Scale” markalı elektron tərəzidə çəkildikdən sonra 1.01 qram çəkidə olması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 154 saylı möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 26-28); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2220 nömrəli 19 aprel 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” sözləri zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,642 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir (i.v. 35-38); 20 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 46-47); 20 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdə saat 10:15-dən 11:00-dək dindirilərək ifadəsi alınmışdır. vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 20 aprel 2022-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Xətai RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 61-62); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 20 aprel 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 63-64); Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 11666478 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası Akifə Abbasovadır (i.v. 75); Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 11665905 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası Akifə Abbasovadır (i.v. 76); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X2 Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli 2177 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 77-78); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 80-81); bir ədəd “DVD-R” diskdə olan videogörüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 19 aprel 2022-ci il tarixli protokola uyğun olmuşdur (i.v. 82); sübutların qiymətləndirilməsi haqqında 23 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, şahidlərin ifadələri, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/2220 saylı, Səhiyyə Nazirliyi Respublika X2 Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli 2177 nömrəli rəyləri, şəxsi axtarış və götürmə aparılması, video diskə baxış protokolları sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatından sonra qalıq qalmış 0.592 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 01 ədəd “DVD-R” disk sübut növü kimi tanınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (i.v. 90-97). Məhkəmə iclasında bir ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, qanunsuz əşya və predmetin olmadığını bildirir. Lakin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman boğazından asılmış qara rəngli, dəri materialdan olan dua örtüyünün içərisindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə hesab olunan heroinə bənzər maddə aşkar olunur, Təqsirləndirilən şəxs həmin maddənin heroin (kakos) olduğunu, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Nizami rayonu, Keşlə qəsəbəsində məscidin yaxınlığında heç bir anket məlumatlarını bilmədiyi, üzdən tanıdığı şəxsdən 10 (on) manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,642 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladının olmasını (CM-59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 19 aprel 2022-ci il tarixdən 20 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.642 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.592 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 81 (səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdən 20 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.642 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.592 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar