Məhkəmə qərarları › İş №1(011)-312/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-312/2022

12.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-312/2022 12.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1988-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” massivi nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,163 qram narkotik vasitə heroin əldə edib üzərində daşımaqla saxlamış, 13 aprel 2022-ci il tarixdə, saat 15:30-da Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanın qarşısında piyada hərəkət edən zaman saxlanılaraq Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər 6A ünvanında yerləşən Xətai RPİ-nin 36-cı PB-nin inzibati binasına gətirilərək üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,163 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Öz istifadəsi üçün narkotik vasitə və psixotrop maddələri Bakı şəhərinin müxtəlif yerlərindən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxslərdən almışdır. 13 aprel 2022-ci il tarixdə səhər saatlarında Xətai rayonu ərazisində olan “Həzi Aslanov” metrostansiyası yaxınlığında üzdən tanıdığı şəxsdən 20 manata bir büküm heroin almışdır. Həmin gün saat 15 radələrində Xətai rayonu, M.Hadi küçəsi ilə piyada hərəkət edən zaman iki nəfər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitələrin qəbulunda şübhəli olmasını bildirib Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər. Polis bölməsində müdafiəsi üçün vəkil dəvət edilmiş və video çəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Axtarış zamanı əynində olan tünd boz rəngli gödəkçənin sol yan cibində gizlətdiyi bir büküm heroini təqdim etmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış, lakin təqdim etdiyi heroindən başqa üzərindən saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş heç bir maddə, əşya aşkar edilməmişdir. Daha sonra heroin polis əməkdaşları tərəfindən onun iştirakı ilə qablaşdırılaraq götürülmüş, protokol tərtib edilmiş, ucadan oxunmuş, protokolun doğruluğu təsdiq edilmiş, həmçinin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin qablaşdırıldığı zərf onun tərəfindən imzalanmışdır. Həmçinin o, keçmiş məhkəmə iclasında özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsini məsuliyyətdən yayınmaq və özünü müdafiə etmək üçün verdiyini, himayəsində 2 azyaşlı övladının olmasını, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini və bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 aprel 2022-ci il tarixdə Xətai rayonu ərazisində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra o və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 15:30 dəqiqədə Xətai rayonu, M.Hadi küçəsi 65 ünvanında Təqsirləndirilən şəxs əlamətlərinə görə oxşadıb ona yaxınlaşmışlar. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib sonuncunu Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər, Təqsirləndirilən şəxs etiraz etməmişdir. Polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş etməklə üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs tünd boz rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə heroin olmasını, narkotik vasitəni 13 aprel 2022-ci il tarixdə Bakı Metropolitenin “Həzi Aslanov” metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün almasını bildirmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirilmiş və içərisində spesifik iyə malik qəhvəyi rəngli tozşəkilli maddə olması müəyyən olunmuşdir. Həmin büküm elektron tərəzi ilə çəkilmiş və çəkisi 1.44 qram müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin onun üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra protokol tərtib edilmiş, və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru, polis leytenantı Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 13 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:30-da Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 21); şəxsi axtarış və götürmə aparılması haqqında 13 aprel 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf sellofandakı bükülünü çıxararaq masanın üzərinə qoyub həmin bükülünün içərisindəkinin narkotik vasitə heroin olduğunu, bu narkotik vasitəni xx.xx.2022-ci il tarixdə “H.Aslanov” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər maddə Çin istehsalı olan elektron tərəzi vasitəsilə çəkilmiş və qəhvəyi rəngli, spesifik iyə malik maddənin çəkisinin 1.44 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİNnin “Zərflər üçün” 151 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 31-32); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2022-ci il tarixli, 6/2116 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,163 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir (i.v. 38-41); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 15 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (i.v. 51-52); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(011)-182/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəli 13 aprel 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir (i.v. 68-74); diskə baxış keçirilməsi haqqında 15 aprel 2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 13 aprel 2022-ci il tarixli protokola uyğun olmuşdur (i.v. 75-76); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunub-olunmaması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 80); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X6 Hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli 2512 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 88-89); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 23 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində “ev dustaqlığı” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, şahidlərin ifadələri, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2022-ci il tarixli, 6/2116 saylı və Səhiyyə Nazirliyi Respublika X6 Hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli 2512 nömrəli rəyləri, şəxsi axtarış və götürmə, diskə baxış protokolları sübut növü kimi qiymətləndirilmişlər, 01 ədəd bükümdə 1,163 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,113 qram narkotik maddə heroin maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd “CD-R” disk maddi sübut kimi tanınmışdır, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (i.v. 100-107); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-312/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-312/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi və tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 16 noyabr 2022-ci il tarixli xx/xx-8168 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir; Azərbaycan Respublikası Neftçala rayonu İcra Hakimiyyəti Başçısının Bankə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur; doğum haqqında AZ-İİİ seriyalı, 946577 saylı şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2017-ci il tarixdə Neftçala rayonunda doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X1r; doğum haqqında AZ-İİİ seriyalı, 297846 saylı şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2014-cü il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X1r. Məhkəmə istintaqı zamanı 1 ədəd “CD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf sellofandakı bükülünü çıxararaq masanın üzərinə qoyub həmin bükülünün içərisindəkinin narkotik vasitə heroin olduğunu, bu narkotik vasitəni xx.xx.2022-ci il tarixdə “H.Aslanov” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər maddə Çin istehsalı olan elektron tərəzi vasitəsilə çəkilir və qəhvəyi rəngli, spesifik iyə malik maddənin çəkisinin 1.44 qram olması müəyyən edilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 1,163 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: - tutulduğu və həbsdə saxlanıldığı müddət; - ev dustaqlığında saxlanıldığı müddət; - məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; - Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını (CM- 59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, üzərində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə heroinin miqdarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, 13 aprel 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 08 (səkkiz) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzasının əvvəli 07 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1.163 qram olan, tədqiqatdan sonra qalıq qalmış 1.113 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı (CPM-132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 aprel 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 08 (səkkiz) gün müddət ona təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 07 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1.163 qram olan, tədqiqatdan sonra qalıq qalmış 1.113 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “CD-R” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar