Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-312/2023 22.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1942-ci ildə Gədəbəy rayonu, Əmiraslanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, 26 oktyabr 2022-ci il tarixdə saat 14 radələrində sürücülük hüququ olmadan özünə məxsus “VAZ 2106” markalı, **- SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə saatda 40-50 km/saat sürətlə Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi ilə Ukrayna dairəsi istiqamətində hərəkətdə olan zaman R.Məmmədov küçəsi 27 ünvanının qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 2-ci hissəsinin tələblərini pozmuş, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, nizamlanmayan piyada keçidinə yaxınlaşdığını nəzərə alaraq avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, nizamlanmayan piyada keçidində dayanmış nəqliyyat vasitəsinin qarşısından piyadanın yolu keçmədiyinə əmin olmalı, keçiddə piyada olduğu vəziyyətdə piyada keçidinə daxil olmadan avtomobili dayandıraraq piyadalara yol verməli olduğu və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna riayət etmədiyindən yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə piyada keçidinin üzərində vuraraq sonuncuya ehtiyatsızlıqdan sol qasıq və oturaq sümüklərinin, V bel fəqərəsinin qapalı sınıqları, sol budun dərialtı hematoması ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 1970-ci ildən avtomobil idarə edir və “VAZ-2106” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobil tam mülkiyyət üzrə özünə məxsusdur. BC dərəcəli sürücülük vəsiqəsi vardır. 16 yanvar 2022-ci il tarixdə sürücülük vəsiqəsinin müddəti bitmişdir. 26 oktyabr 2022-ci il tarixdə oğlu ilə avtomobilinə əyləşərək Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarına getməyə başlamışdır. Oğlu Cavanşir avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Saat 14 radələrində Xətai rayonu Ukrayna dairəsinə çatmağa 200-250 metr qalmış marşrut avtobusunun piyada keçidinin üzərində dayanacağın qarşısında dayanmasını görmüşdür. Həmin vaxt avtomobili ilə saatda 30 km sürətlə öz hərəkət zolağı ilə hərəkətdə olmuşdur. Avtobusun bərabərliyinə çatdıqda avtomobilin sürətini tam dayanma həddinə gətirmiş və avtobusun qarşısına baxmışdır ki, dayanacaqdan kimlərinsə piyada keçidi ilə keçib-keçməməsini görsün. Heç kəsin yolu keçmədiyinə əmin olub avtomobilinin hərəkətini davam etdirmişdir. Bu zaman avtobusun qarşısından bir nəfər qadın və bir nəfər uşaq qaçaraq özlərini avtomobilə çırpmışlar. İlk dəfə onları həmin anda görmüşdür. Bu zaman avtomobil ilə qadın piyadanın arasında 2-2.3 metr məsafə olmuşdur. Dərhal əyləcə basaraq avtomobilinin istiqamətini sağa istiqamətləndirmişdir. Lakin hadisənin qarşısını ala bilməmişdir. Avtomobilinin qabaq sağ tərəfi ilə qadını və uşağı vurmuşdur. Dərhal avtomobili saxlamış və oğlu ilə avtomobildən düşərək onlara kömək etməyə başlamışlar. Təcili tibbi yardım gəlmiş, qadını və uşağı xəstəxanaya aparmışdır. Özü hadisə yerindən yayınmamş, hadisə yerinə gələn polis əməkdaşları ilə orada qalmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ünvan 2 ünvanında yaşayır, evlidir və iki yetkinlik yaşına çatmamış uşağı vardır. 26 oktyabr 2022-ci il tarixdə günorta saatlarında yaşadığı evdən çıxaraq X6u götürmək üçün Şahmat məktəbinə getmişdir. X6 xx.xx.2015-ci il təvəllüdlüdür. Oğlunu Şahmat məktəbindən götürüb yaşadığı evə qayıtmağa başlamışdır. Saat 14 radələrində Xətai rayonu, Ukrayna dairəsinin yaxınlığında olan dayanacağın qarşısında dayanıb yolun digər tərəfinə keçmək istəmişdir. Həmin yerdə piyada keçidi vardır. Oğlu ilə yolu keçmək istəyən zaman üzü Ukrayna dairəsi istiqamətində yolun sağ tərəfi ilə hərəkətdə olan ağ rəngli “VAZ-2106” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil onları piyada keçidinin üzərində vurmuş və zərbənin təsirindən yerə yıxılmışdır. Avtomobildən bir nəfər yaşlı kişi düşmüş və ona kömək etmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım avtomobili gəlmişdir. Təcili tibbi yardım onu və oğlunu xəstəxanaya aparmışdır. Hadisə nəticəsində hər ikisi xəsarət almışlar. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət hadisəsi nəticəsində ona dəymiş 5000 manat ziyandan yalnız 1500 manatı ödənilmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid Dilsüz oğlu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Dilsüzün mülkiyyətində tünd qəhvəyi rəngli “VAZ-2106” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 26 oktyabr 2022-ci il tarixdə günorta saatlarında atası Dilsüz ilə yaşadığı evdən çıxaraq avtomobillə Nizami rayonu, 8-ci km bazarına getməyə başlamışlar. O, avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Atası avtomobili idarə etmiş və saat 14 radələrində Xətai rayonu, Ukrayna dairəsinə çatmağa 200- 250 metr qalmış marşrut avtobusunun piyada keçidinin üzərində dayanacağın qarşısında dayanmasını görmüşdür. Onlar avtobusun bərabərliyinə çatdıqda atası Dilsüz yolun boş olduğu fikirləşərək dayanmadan avtomobilin hərəkətini davam etdirmişdir. Onun sürəti təxminən 40-50 km/saat olmuşdur. Bu zaman avtobusun qarşısından bir nəfər qadın və bir nəfər uşaq avtomobilin qarşısına çıxmışlar. Atası əyləcə basaraq avtomobilinin istiqamətini sağa istiqamətləndirmiş, lakin avtomobilin qabaq sağ tərəfi ilə qadını və uşağı vurmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata götürülməsi haqqında 31 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 26 oktyabr 2022-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi ünvan 3 ünvanına baxış keçirilmiş, sxem tərtib olunaraq və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 4-12); sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2022-ci il tarixli 2/26544 saylı tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v. 13); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Qİİ 2 saylı Asan xidmət tərəfindən xx.xx.2020-ci il tarixdə 02 il müddətinə «BC» kateqoriyalı AD 380282 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Sürücülük vəsiqəsi xx.xx.2022-ci il tarixədək etibarlı oilmuşdur (i.v. 14); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 12 dekabr 2022-ci il tarixli, 1412 saylı rəyindən görünür ki, X1 sol yarısının dərialtı hematoması və sıyrığı müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir (i.v. 26-27); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 12 dekabr 2022-ci il tarixli, 1413 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol qasıq və oturaq sümüklərinin, V bel fəqərəsinin qapalı sınıqları, sol budun dərialtı hematoması müəyyən edildi. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir (i.v. 28- 30); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyol nəqliyyat hadisələri ekspertizasının 27 dekabr 2022-ci il tarixli, 8/3646 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “VAZ-2106” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 31-34); zərərçəkmiş şəxs qismində tanınma haqqında 06 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 37-38); avtomobilə baxış keçirilməsi haqqında 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, “VAZ-2106” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilərkən qeydiyyat nişanının sağ tərəfinin əzik olması və avtomobilin qabaq kapotunun sağ künc hissəsində rəng töküntüsü müəyyən edilmiş, avtomobilin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 45-48); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 07 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 60-61); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 07 mart 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 77-79); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 28 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 85); sübutların qiymətləndirilməsi haqqında 28 mart 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, yol-nəqliyyat hadisəsi yerinə və avtomobilə baxış protokolları, məhkəmətibbi ekspertizasının 12 dekabr 2022-ci il tarixli 1412, 12 dekabr 2022-ci il tarixli 1413 saylı rəyləri, məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 27 dekabr 2022-ci il tarixli 8/3646 saylı rəyləri sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2106” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və sahibinə qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 263-1.2 və 264-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, onun X4 münasibətdə törətdiyi əmələ görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materialların Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır (i.v. 94-101); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 5000 manat məbləğində ümumi ziyandan 1500 manat ödəniş olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, avtobusun bərabərliyinə çatdıqda avtomobilin sürətini tam dayanma həddinə gətirməsi və Zərərçəkmiş şəxs oğlu ilə bərabər qəflətən avtobusun qarşısından çıxdıqları üçün avtomobili saxlaya bilməməsi barədə ifadəsinə tənqidi yanaşır. Müdafiə hüququnun təməl insitutu kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Dilsüz oğlu ifadəsində bildirmişdir ki, hadisə vaxtı atası sükan arxasında, o isə avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Atası avtomobili idarə etmiş və saat 14 radələrində Xətai rayonu, Ukrayna dairəsinə çatmağa 200-250 metr qalmış marşrut avtobusunun piyada keçidinin üzərində dayanacağın qarşısında dayanmasını görmüşdür. Onlar avtobusun bərabərliyinə çatdıqda atası Dilsüz yolun boş olduğunu fikirləşərək dayanmadan avtomobilin hərəkətini davam etdirmişdir. Bu zaman avtobusun qarşısından bir nəfər qadın və bir nəfər uşaq qaçaraq avtomobilin qarşısına çıxmışdır. Atası əyləcə basaraq avtomobilinin istiqamətini sağa istiqamətləndirmiş, lakin avtomobilin qabaq sağ tərəfi ilə qadını və uşağı vurmuşdur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Həmin Qanunun 2-ci hissəsinə əsasən əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər. Məhkəmə qeyd edir ki, şahidə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra həmin şəxs dindirilmişdir. Həmin şəxsin ifadəsi ilə Təqsirləndirilən şəxs ifadəsi istisna edilmişdir. Həmçinin məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları ilə də Təqsirləndirilən şəxs ifadəsi istisna olunmaqla digər ifadələr tam təsdiq olunmaqla üst-üstə düşmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin və istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyandan 1500 manat məbləğində ödəniş etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşlı olmasını nəzərə alır və CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi «Vaz 2106» markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılmalı və ibtidai istintaq zamanı həmin avtomobilin sahibinə geri qaytarılması nəzərə alınmalı (CPM-132), iş üzrə 85 (səksən beş) manat məbləğində məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «Vaz 2106» markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılsın və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə geri qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə-yol nəqliyyat ekspertizasının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-312/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-312/2023
22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver