Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-312/2024 25.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Hərbi Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 il 03 ay 05 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 310cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək fiziki və hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə X3 Bakı şəhərində yerləşən məktəblərin birinə direktor təyin edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2023-cü ilin noyabr ayında ona cinayətdən xəbərsiz Şahid2 Südeyf oğlu vasitəsilə müraciət etmiş X4 özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxsinin köməkçisi kimi təqdim edərək həmin Nazirliyin rəhbər vəzifəli şəxsinin vasitəsilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin səlahiyyətli rəhbər vəzifəli şəxslərinin qərarlarına təsir göstərməklə Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən, Bakı şəhərində yerləşən məktəblərin birinə direktor təyin etdirmək imkanının olmasına dair formalaşdırdığı uydurma fikirdən suiistifadə edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar X3 Bakı şəhərində yerləşən məktəblərin birinə direktor təyin edilməsi üçün zəruri tədbirlərin görülməsinə görə özü vasitəsilə birbaşa yolla 30.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını, 2023-cü ilin noyabr ayında Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyası yaxınlığında görüşləri zamanı aldatmaqla bildirib, Bəhmən Seyidovun razılığını almaqla sövdələşib, həmin niyyətlə 2023-cü ilin noyabr ayında Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyası yaxınlığında görüşləri zamanı tələb etdiyi 30.000 manat məbləğdə pul vəsaitini X1 alaraq aldatma və etibardan sui-istifadə etmə yolu ilə Bəhmən Seyidova məxsus 30.000 (otuz min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək həmin hərəkətləri ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq həmin hüquqi şəxsin hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri onun özünün səmimi etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, səs yazıları, “Whatsapp” yazışmalarından çıxarışlar və işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4 və 310-cu maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid2 Şahid1 vasitəsilə tanımışdır. Şahid1la təxminən 2022-ci il tarixdə məclislərin birində tanış olmuş, həmin vaxtdan sonra Şahid1la yoldaşlıq münasibəti yaranmış və davam etmişdir. Şahid1 onu, dostu Şahid2 ilə tanış etmişdir. O, özünü Şahid2 və Şahid1 Müdafiə Nazirinin müavinin köməkçisi kimi təqdim etmişdir. Həmin şəxslər elə bilmişlər ki, o, həmin vəzifədə işləyir. Şahid2 məktəbdə direktor müavini işlədiyi barədə məlumatı olmuşdur. Təxminən 2023-cü ilin noyabr ayında Şahid2la söhbət əsnasında ona təhsil sistemində vəzifəli tanışlarının olduğunu və hər hansı bir məsələ olarsa həmin şəxslər vasitəsilə asanlıqla həmin məsələni həll edə biləcəyini bildirmişdir. Həmin vaxt Şahid2 ailəvi dostu Dilarə Seyidovanın Bakı şəhəri, Suraxanı rayonunda yerləşən xatırlamadığı orta məktəbdə direktor müavini işlədiyini və Bakı şəhərində yerləşən hər hansı bir məktəbə direktor vəzifəsinə keçmək arzusunda olduğunu bildirmişdir. O, Şahid2 bu barədə Təhsil Nazirliyində çalışan yüksək vəzifəli tanışlarına danışacağını və mümkün olduğu halda həmin vəzifəli şəxslərin köməkliyi ilə Dilarə Seyidovanın məktəb direktoru keçməsində köməklik göstərəcəyini bildirmişdir. Əslində onun Təhsil Nazirliyində işləyən tanışı olmamışdır. Sadəcə olaraq həmin vaxtı pula ehtiyacı olduğu üçün o, Şahid2 Dilarə Seyidovanı həmin vəzifəli şəxslərin vasitəsilə məktəb direktoru təyin etdirəcəyini demişdir. Şahid2 şübhələnməməsi üçün bir neçə gün sonra sonuncu ilə əlaqə saxlamışdır. O, Şahid2la şəhər metropoliteninin Əhmədli stansiyası yaxınlığında görüşmüş, ona Təhsil Nazirliyində işləyən yüksək vəzifəli tanışları ilə danışdığını, həmin vəzifəli şəxslərin vasitəsilə Dilarə Seyidovanı Bakı şəhərində yerləşən məktəblərin birinə direktor təyin etdirəcəyini və bunu 30.000 manat qarşılığında edəcəyini bildirmişdir. Şahid2 bu barədə Dilarə Seyidovanın həyat yoldaşı Bəhmən Seyidovla danışacağını və ona yekun bir söz deyəcəyini bildirmişdir. Təxminən 2023-cü ilin noyabr ayının xatırlamadığı günündə Şahid2 ona zəng edərək Dilarə Seyidovanın 30.000 manat qarşılığında Bakı şəhərində yerləşən məktəblərin birinə direktor təyin edilməsinə Bəhmən Seyidovun razılıq verdiyini və sonuncunun görüşüb 30.000 manat pulu şəxsən ona təqdim etmək istədiyini bildirmişdir. O, Şahid2 və Bəhmən Seyidov 2023-cü ilin noyabr ayının xatırlamadığı günündə metropolitenin Əhmədli stansiyası yaxınlığında görüşmüşlər. X14 Seyidovanın hansı müddət ərzində direktor təyin ediləcəyini və bunu hansı yolla edəcəyini ondan soruşmuşdur. O, X10 Seyidovanı Təhsil Nazirliyində işləyən vəzifəli tanışlarının köməkliyi ilə imtahandan kənar Bakı şəhərində yerləşən məktəblərin birinə direktor təyin etdirəcəyini, lakin konkret olaraq hansı məktəbə və kimin vasitəsilə təyin etdirəcəyini deməmişdir. Bəhmən Seyidov onunla razılaşmış və üzərində gətirdiyi 30.000 manat pulu sayaraq ona vermişdir. O, Bəhmən Seyidova narahat olmamasını və qısa müddət ərzində bu işi həll edəcəyini demişdir. Aldatmaqda məqsəd Bəhmən Seyidova məxsus 30.000 manat pul vəsaitini ələ keçirmək olmuşdur. Bəhmən Seyidovun ona inanması üçün özünü ona Müdafiə Nazirinin müavinin köməkçisi kimi təqdim etmişdir. O, Bəhmən Seyidovdan 30.000 manat pul vəsaitini aldıqdan sonra həmin pul vəsaitini şəxsi ehtiyacları üçün sərf etmişdir. Lakin məsələ uzandıqdan sonra Bəhmən Seyidov şübhələnib ona verdiyi 30.000 manat pul vəsaitini geri istəmişdir. Əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Şahid2 vasitəsilə tanımışdır. Şahid2 onun övladlarının müəllimi olduğundan onunla münasibəti yaranmışdır. Həyat yoldaşı X5 Bakı şəhəri, Suraxanı rayon 97 nömrəli tam orta məktəbdə direktor müavini işləyir. Bir neçə müddətdir ki, həyat yoldaşı Dilarə müəllimə Bakı şəhərində yerləşən məktəblərin birinə direktor vəzifəsinə keçmək istəmişdir. Direktor keçmək üçün tələb olunan imtahanları vermiş, lakin vakant yer olmadığından və daha yaxşı nəticə əldə edən namizədlər olduğundan Dilarə müəllimə direktor vəzifəsinə keçə bilməmişdir. Təxminən 2023-cü ilin noyabr ayında dostu Bədəl müəllimlə söhbət edərkən onun Təhsil Nazirliyində vəzifəli tanışının olub-olmaması barədə maraqlanmışdır. Bədəl müəllim direktor müavini işlədiyi üçün onun Təhsil Nazirliyində vəzifəli tanışının olduğunu ehtimal etmişdir. Bədəl müəllim Təhsil Nazirliyində yox, Müdafiə Nazirliyində yüksək vəzifədə çalışan Fərid adlı şəxsin onunla tanışlıq münasibətində olduğunu bildirmişdir. Təxminən 2023- cü ilin noyabr ayının ortalarında Bədəl müəllim ona zəng edərək Fərid adlı tanışı ilə danışdığını və müsbət nəticə əldə etdiyini bildirmişdir. Bədəl müəllim Fərid adlı şəxslə danışıq apardığını və sonuncunun Dilarə Seyidovanı Bakı şəhərində məktəb direktoru təyin etdirəcəyini və bunu 30.000 manat qarşılığında edəcəyini bildirmişdir. Sonra o, Bədəl müəllim və Fərid 2023-cü ilin noyabr ayının xatırlamadığı tarixində Əhmədli Metrostansiyası yaxınlığında görüşmüşlər. O, Bədəl müəllimin iştirakı ilə əvvəlcədən razılaşdığı qaydada üzərində gətirdiyi 30.000 manat pulu sayaraq Fəridə təqdim etmişdir. Fərid pulu götürdükdən sonra qısa müddət ərzində Dilarə Seyidovanı vəzifəli tanışının köməkliyi ilə Bakı şəhərində yerləşən məktəblərin birinə direktor təyin etdirəcəyini vəd etmişdir. Bundan sonra o, ara-sıra Bədəl müəllimlə danışaraq məsələnin nə yerdə qaldığını soruşmuşdur. Bədəl müəllimdə hər dəfəsində Fəridə zəng edərək bu barədə maraqlanmış, Fərid də işlərin müsbət istiqamətdə getdiyini, qısa müddət ərzində Dilarə Seyidovanın Bakı şəhərində yerləşən məktəblərin birinə direktor təyin etdirəcəyini bildirmişdir. Bu minvalla bir neçə ay keçdikdən sonra məsələnin baş tutmamasını görüb Fəridin onu aldatmasından şübhə etmiş və ona verdiyi 30.000 manat pulu geri qaytarmasını tələb etmişdir. Hər zəng etdiyində Fərid onu müxtəlif bəhanələrlə yayındırmışdır. X8 direktor təyin edilməsi üçün ondan aldığı 30.000 manat pulu bu günədək geri qaytarmamış və müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Təqsirləndirilən şəxslə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini, şikayətçi olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs qanuna müvafiq qaydada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin oktyabr ayında dostu Şahid1 vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs Şahid1 tanışıdır. Təxminən 2023-cü ilin noyabr ayında Təqsirləndirilən şəxs ilə təsadüfən söhbət zamanı Fərid ona Təhsil Nazirliyində yüksək vəzifəli şəxslərlə yaxın münasibətdə olduğunu və əgər istəyən olarsa həmin şəxslər vasitəsilə pul qarşılığında Bakı və Sumqayıt şəhərlərində məktəb direktoru təyin etdirə biləcəyini bildirmişdir. Söhbətlərin birində ailəvi dostu olan, Bakı şəhəri, Suraxanı rayon 97 nömrəli tam orta məktəbdə direktor müavini işləyən Dilarə Seyidova ona Bakı və Sumqayıt şəhərlərində yerləşən hər hansı bir məktəbə direktor təyin edilmək arzusunda olduğunu demişdir. O, Təqsirləndirilən şəxs adlı tanışının Dilarə Seyidovanın direktor təyin edilməsində köməklik edə biləcəyini sonuncuya bildirmişdir. Dilarə müəllimə Təqsirləndirilən şəxs bu barədə müraciət etməsini ondan xahiş etmişdir. O, Təqsirləndirilən şəxs ailəvi dostu olan Dilarə adlı şəxsin direktor vəzifəsinə təyin olunmaq istəyinin olduğunu bildirmişdir. Fərid ona Təhsil Nazirliyində işləyən rəhbər vəzifəli tanışları ilə bu barədə danışıb deyəcəyini bildirmişdir. Növbəti gün Təqsirləndirilən şəxs ona zəng edərək Bakı şəhərində yerləşən bir sıra məktəblərdə direktor vəzifəsinin boş olduğunu və Dilarə müəlliməni 30.000 manat qarşılığında direktor vəzifəsinə təyin etdirəcəyini bildirmişdir. O, Dilarə müəllimə ilə danışdıqdan sonra sonuncu Fəridin təklifi ilə razılaşmışdır. 2023-cü ilin noyabr ayında Dilarə müəllimənin əri Bəhmən Seyidovla birlikdə Bakı şəhəri, Xətai rayonunda yerləşən metropolitenin Əhmədli stansiyası yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşmüş və əvvəlcədən danışdıqları kimi Bəhmən Seyidov üzərində gətirdiyi 30.000 manat pul vəsaitini onun yanında Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs 30.000 manat pulu sayıb götürdükdən sonra Bəhmən ondan arvadı Dilarənin hansı müddətə və hansı məktəbə direktor təyin ediləcəyini soruşmuşdur. Fərid Bəhmənə qısa müddət ərzində Dilarə müəlliməni Bakı şəhərində yerləşən tam orta məktəblərinin birinə Təhsil Nazirliyində işləyən vəzifəli şəxslərin köməkliyi ilə direktor təyin etdirəcəyini bildirmişdir. Onlar danışdıqdan sonra hərə öz işinə getmişdir. Bir müddət keçdikdən sonra işdə hər hansı bir irəliləyiş olmadığını görüb Fəridlə əlaqə saxlamışdır. Fərid qısa müddət ərzində Dilarə müəllimənin direktor təyin edilməsi barədə əmr veriləcəyini bildirmişdir. Lakin xeyli müddət keçsə də Fərid vədini yerinə yetirməmişdir. Bundan sonra o, başa düşmüşdür ki, Fərid onları aldatmış və Bəhmənə məxsus 30.000 manat pul vəsaitini ələ keçirmişdir. Fərid həmin pul vəsaitindən ona heç nə verməmişdir. O, sadəcə Dilarə Seyidovanın xahişi ilə Fəridə müraciət etmiş, bu işdə onun hər hansı bir maddi marağı olmamışdır. Fərid özünü ona Müdafiə Nazirinin müavinin köməkçisi kimi təqdim etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 1 il bundan əvvəl təsadüfən tanış olmuşdur. Fəridlə ara-sıra əlaqə saxlayıb haləhval tutmuşdur. Bədəl müəllim Sumqayıt şəhərində yerləşən Türk Liseyində oğlunun Azərbaycan dili və Ədəbiyyat müəllimi olmuşdur. Həmin vaxtdan Bədəl müəllimi tanıyır və onunla yaxın münasibəti olmuşdur. 2023-cü il tarixdə X9 yaxınlığında Bədəl müəllimlə görüşüb gəzərkən təsadüfən Təqsirləndirilən şəxs rast gəlmişdir. O, Fəridlə Bədəl müəllimi tanış etmiş, həmin vaxtı Fərid Bədəl müəllimə Müdafiə Nazirinin müavinin köməkçisi işlədiyini demişdir. O, Fəridlə Bədəli tanış edərək Bədəlin məktəbdə direktor müavini işlədiyini bildirmişdir. Fərid Bədəl müəlimə Təhsil Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olduğunu və təhsil sistemində nə lazım olarsa köməklik edə biləcəyini bildirmişdir. Bir az söhbət etdikdən sonra Bədəl müəllimlə o, başqa istiqamətə, Fərid isə başqa istiqamətə getmişdir. Bir müddət sonra Bədəl müəllimlə danışdığı zaman Bədəl müəllim ailəvi dostu olan Dilarə Seyidovanın Bakı şəhərində yerləşən məktəblərin birinə direktor təyin edilməsi üçün Fəridə müraciət etdiyini və bunun üçün Fəridə 30.000 manat pul verdiyini bildirmişdir. Daha sonra Bədəl müəllim ona Fəridin bu işin öhdəsindən gələ bilmədiyini və Dilarə müəllimənin direktor təyin edilməsi üçün verdiyi 30.000 manat pul vəsaitinin Fəridin geri qaytaracağı barədə söz verdiyini demişdir. Lakin aradan xeyli müddət keçməsinə baxmayaraq Fərid vədinə əməl etməmiş, Bəhmən Seyidovdan aldığı 30.000 manat pulu geri qaytarmamışdır. Fərid həmin pul vəsaitindən ona heç nə verməmişdir. Bu işdə onun hər hansı bir maddi marağı olmamışdır. Fərid ona özünün Müdafiə Nazirinin müavinin köməkçisi olduğunu demişdir. İş materiallarında olan 08 fevral 2024-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilmiş və “HTC” markalı mobil telefona, “HOFFMANN” markalı mobil telefona, “uleFone S7” markalı mobil telefonlar, MR.ORKHAN GOYCHAYEV adlı “4169 7388 8781 2430” nömrəli Kapital Banka məxsus plastik kart, AzərPoçta məxsus “5376 0933 4064 3071” nömrəli plastik kart, 01 ədəd qara rəngli məlumat kitabçası, Təqsirləndirilən şəxs məxsus xarici pasport, hərbi bilet aşkarlanaraq götürülmüşdür. İş materiallarında olan 22 aprel 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus onun istifadəsində olan “Samsung Galaxy A30” markalı telefona tətbiq edilmiş “Whatsapp” proqramına, “HTC” markalı mobil telefona, “HOFFMANN” markalı mobil telefona, “uleFone S7” markalı mobil telefona, "Lombarcini Lombard” **********643071 nömrəli plastik karta, Orxan Göyçayevin adına olan “**********812430” nömrəli “Bir Bank” plastik kartına, Təqsirləndirilən şəxs məxsus xarici pasporta, hərbi biletə və 1 ədəd qara rəngli kitabçaya baxış keçirilmişdir. Baxış zamanı telefona tətbiq edilmiş “Whatsapp” proqramına daxil olarkən birinci profildə “Bədəl müəllim” adlı şəxsin səhifəsinə daxil olarkən səhifədə Təqsirləndirilən şəxs “Bədəl müəllim” adlı şəxslə Dilarə Seyidovanın məktəb direktoru təyin edilməsi barədə əmrin verilməsi və daha sonra Təqsirləndirilən şəxs “Bədəl müəllim” adlı şəxsə müxtəlif vədlər verərək qısa müddət ərzində Dilarə Seyidovanın məktəb direktoru təyin edilməsi barədə əmrin veriləcəyi və “Bədəl müəllim” adlı şəxsin Təqsirləndirilən şəxs Dilarə Seyidovanın məktəb direktoru təyin edilməsi ilə bağlı verilən pul vəsaitinin geri qaytarılması barədə sms yazışmaları və danışıqlar aparılması müəyyən edilmişdir. Bundan başqa “Whatsapp” proqramına daxil olarkən dördüncü profildə “Qilinc Keblleyi” adlı şəxsin səhifəsinə daxil olarkən səhifədə “Qilinc Keblleyi” adlı şəxsin Təqsirləndirilən şəxs Dilarə Seyidovanın məktəb direktoru təyin edilməsi barədə əmrinin verilməməsi, Dilarə Seyidovanın direktor təyin edilməsi barədə verdiyi pul vəsaitinin geri istənilməsi barədə yönləndirilmiş sms mətnləri, Təqsirləndirilən şəxs isə “Qilinc Keblleyi” adlı şəxsə Dilarə Seyidovanın əmri gözləməsi barədə sms göndərməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 21 fevral 2024-cü il tarixli, 3-25-14/2-887/24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə törətdiyi cinayətə görə azadlıqdan məhrum olunmaqla həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Bakı şəhər Suraxanı rayon İdarəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilən 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 03 ay 05 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 fevral 2024-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan 10 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 24 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A30” markalı mobil telefon maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxslə barışmır və şikayətçidir. Qanuna müvafiq qaydada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, hökmdə sübut kimi ifadələrinə istinad edilən zərərçəkmiş şəxslərin, şahidlərin və sair şəxslərin soyadı, adı, atasının adı göstərilməklə yanaşı, bu ifadələrin sübut etmə predmetinə aid məsələ ilə şərtləndirilən zəruri həcmdə məzmunu da açıqlanmalıdır. Hökmdə sübuta onun məzmunu açıqlanmadan məhkəmənin bu və ya digər məsələ üzrə qənaətini təsdiq edən mənbə kimi istinad olunmamalı, sübutun təsvir və təhlil edilməsindən məhkəmənin müvafiq nəticəyə məhz həmin sübutdan əldə etdiyi məlumat (məlumatlar) əsasında gəldiyi aydın görünməlidir. Həmin Qərarın 33-cü bəndində qeyd edilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, istintaq tərəfindən toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, mobil telefona baxış keçirilməsi barədə protokol və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqana tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdədörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə—min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini etiraf etməsini və səmimi peşmanlığını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin resedivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə uyğun olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə araşdırması zamanı məlum oldu ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 7(005)-448/2022 saylı qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi cəzanın sonu 16 yanvar 2024-cü il tarixdə bitməli idi. Təqsirləndirilən şəxs hazırkı cinayət işi verilmiş ittihamda cinayət əməlinin 2023-cü ilin noyabr ayında törədilməsinə istinad edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərində olan cəzanın çəkilməmiş hissəsi ərzində bu cinayət əməlini törətmişdir. Bu xüsusat Azərbaycan Respublikası CM-nin 76.6-cı maddəsinin müddəalarından xəbər verir. Belə ki, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.5-ci maddələrinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir, bu zaman qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs residiv nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 7(005)-448/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi ilə qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 25 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A30” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra ona qaytarılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 7(005)-448/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs cəzadan 01 (bir) il 03 (üç) ay 05 (beş) gün şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 03 (üç) ay 05 (beş) gün hissəsi ilə qismən birləşdirməklə Təqsirləndirilən şəxs 03 il (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün həbsdə saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 03 il (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vemə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 25 iyun 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş bir ədəd “Samsung Galaxy A30” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-312/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-312/2024
25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver