Məhkəmə qərarları › İş №1(011)-313/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-313/2021

23.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-313/2021 23.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Dövlət ittihamçısı- Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 06.10.1990-cı ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Lənkəran rayonu, Şovu kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 10 mart 2021-ci il tarixdə saat 01 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozub nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan Rəhimov İlkin Mirtofiq oğluna məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Toyota” markalı “Prius” modelli **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu ərazisində Gəncə prospekti ilə Nəsrəddin Tusi küçəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq Gəncə prospektindən N.Tusi küçəsinə döğru dönərkən yolu soldan sağa keçməkdə olan piyada Zərərçəkmiş şəxs2 nəzərə alaraq ona yol verməli, yolu keçən piyada onun hərəkət zolağını boşaltdıqdan sonra hərəkətinə davam etməli və hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda bunu etməmiş, diqqətsizlik edib hərəkətinə davam etdiyindən yolun hərəkət hissəsinin üzərində Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin qabaq tərəfi ilə vuraraq ehtiyatsızlıqdan onun müştərək travma, qapalı kəllə-beyin travması, baş beynin orta dərəcəli əzilməsi, travmatik subaroxnoidal qansızma, sağ bazu sümüyünün cərrahi boynunun qapalı, qəlpəli, yerdəyişən sınığı və başın sağ təpə nahiyəsində əzilmiş yaradan ibarət dərəcəsinə görə, ümumilikdə sağlamlığa ağır zərər vurmaya aid olan xəsarətlər almasına səbəb olmuş və avtomobillə piyadanı vurduqdan sonra idarəetməni itirib avtomobillə həmin yolda qabaqda hərəkətdə olan, Hayrettin Pogenin idarə etdiyi «Chevrolet» markalı, «Epica» modelli **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfinə çırpılması nəticəsində Hayrettin Pogeyə 450 manat məbləğində və idarə etdiyi “Toyota” markalı “Prius” modelli **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs3 3000 manat məbləğində maddi ziyan vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 09 mart 2021-ci il tarixdə əri Əlvan Rəhimov və 3 uşağı ilə birlikdə Əlvanın idarə etdiyi, qayını İlkinə məxsus olan «Toyota» markalı «Prius» modelli **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillə anasının H.Aslanov metrostansiyasının yaxınlığında yaşadığı evinə qonaq getmişlər. 10 mart 2021-ci il tarixdə saat 01 radələrində anasının mənzilindən çıxıb yaşadıqları Nəsrəddin Tusi küçəsi istiqamətində yola düşmüşlər. Avtomobili Əlvan idarə etmişdir. Gəncə prospektində «Xəzər» dairəsi yaxınlığında Əlvan ona avtomobili idarə etməyi təklif etmişdir. Əvvəllər o avtomobil idarə etməmişdir. Sürücülük vəsiqəsi yoxdur. Buna baxmayaraq Əlvanın təklifini qəbul etmiş və Əlvanla yerini dəyişib sükanın arxasına keçmişdir. Gəncə prospekti ilə «Fəridə» şadlıq evi istiqamətində hərəkət etmişdir. İdarə etdiyi «Toyota» markalı «Prius» modelli 99- VF-936 dövlət qeydiyyat nişanlı avtomobilli 40 km/saat sürətlə hərəkət etdirmişdir. Avtomobili idarə edərkən Əlvanla aralarında sözlə mübahisə yaranmış, idarə etdiyi avtomobili «Fəridə» şadlıq evinin yaxınlığında sağa - Nəsrəddin Tusi küçəsi istiqamətində döndərib hərəkət etdirərkən fikirli olmuş, həmin vaxt qəflətən yolu keçən piyadanı avtomobillə vurmuşdur. Sonra özünü itirmiş və avtomobili öndə hərəkətdə olan avtomobilə vurmuşdur. Avtomobili saxlayıb tez aşağı düşmüş və yerdə uzanmış vəziyyətdə olan şəxsə yaxınlaşmışdır. Çox pis olmuşdur. Hadisəyə yığışan şəxslərdən biri təcili yardım çağırmış və piyadanı xəstəxanaya aparmışlar. Törətdiyi əməldən çox peşmandır. Zərərçəkmiş şəxslərlə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 10.03.2021-ci il tarixdə iş yerindən çıxaraq evinə getmişdir, iş yoldaşı onu Gəncə prospektində düşürtmüş və piyada Gəncə prospekti ilə N.Tusi küçəsi istiqamətində hərəkət etməyə başlamışdır. N.Tusi küçəsi istiqamətində olan yolu soldan sağa keçərkən, bir az məsafə qət edərkən sağından hərəkət edən «Toyota Prius» markalı avtomobil onu vurmuşdur. Həmin vaxt polis əməkdaşları yaxınlaşmışlar, o da huşunu itirmişdir. Bir neçə gün sonra xəstəxanada ayılmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Hayrettin Poge ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 10 mart 2021-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi «Chevrolet» markalı, «Epica» modelli **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat 01 radələrində Gəncə prospektindən N.Tusi küçəsi istiqamətində yoxuş küçə ilə saatda təxminən 20 km sürətlə hərəkətdə olarkən avtomobilinin arxa sol hissəsindən zərbə hiss etmiş, avtomobili fırlanaraq dayanmışdır. Avtomobildən düşərək görmüşdür ki, «Toyota» markalı «Prius» modelli avtomobil onun avtomobilinin arxasından dəymişdir. Həmin vaxt görmüşdür ki, özündən təxminən 20 metr aşağıda bir kişi cinsli şəxs yolda uzanmışdır. Sonradan ona məlum olmuşdur ki, «Toyota» markalı «Prius» modelli avtomobil piyadanı vuraraq sürücünün idarəetməni itirməsi nəticəsində onun avtomobilinə də arxadan dəymişdir. Təcili yardım çağırılmış və piyadanı xəstəxanaya aparmışlar. Hadisə nəticəsində özü xəsarət almamışdır. Avtomobilinin təmirinə 450 manat pul xərcləmiş, avtomobilini Xırdalan şəhərində fəaliyyət göstərən tanış bir ustanın yanında təmir etdirmiş, avtomobilinin arxa buferi və arxa sol təkərin üst hissəsi zədələnmişdir (i.v.67-69); Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, «Toyota» markalı «Prius» modelli **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 09 mart 2021-ci il tarixdə avtomobilini qardaşı Əlvanın yaşadığı binanın həyətində saxlamış və avtomobilin açarını Əlvana vermiş, özü isə dostunun avtomobili ilə başqa yerə getmişdir. 10 mart 2021-ci il tarixdə saat 01 radələrində Əlvanın qayını ona zəng edərək bildirmişdir ki, Əlvan Kamalə ilə yol-nəqliyyat hadisəsi törədib. Xəstəxanaya gəlmiş və orada ona məlum olmuşdur ki, Əlvan idarə etmək üçün avtomobili Kəmaləyə vermiş, Kəmalə də «Fəridə» şadlıq evinin yaxınlığında avtomobili idarə edərkən bir piyadanı vurmuş və avtomobil sonra qarşıda hərəkətdə olan avtomobilə dəymişdir. Hadisə nəticəsində ona məxsus olan «Toyota» markalı «Prius» modelli **-VF-*** dövlət qeydiyyat də ciddi ziyan dəymişdir. Avtomobilinin təmiri ilə bağlı 3000 manat xərc çəkmiş, avtomobilini fərdi qaydada fəaliyyət göstərən ustaya təmir etdirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Xətai rayonu, N.Tusi küçəsi bina 63, mənzil 125-də yaşayır. Qardaşı Zərərçəkmiş şəxs3 məxsus «Toyota» markalı, «Prius» modelli **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. 10 mart 2021-ci il tarixdə ilkin avtomobilin onların yaşadıqları binanın həyətində saxlamış və avtomobilin açarını ona vermişdir. Saat 21 radələrində arvadı Kamalə və 3 uşağı ilə birlikdə qayınanasının yaşadığı evə getmişlər. Saat 00:00 radələrində qayınanasıgildən çıxmışlar, yolda avtomobilin sükanl arxasına Kəmalə keçmişdir. Kamalə avtomobili Gəncə prospekti ilə N.Tusi küçəsinə doğru hərəkət etdirərkən «Fəridə» şadlıq sarayının yanından dönmək istəyərkən sürəti çox olduğundan dönə bilməmiş və idarəetməni itirərək həmin vaxt yolu keçən piyadanı vuraraq qarşıda hərəkət edən digər avtomobilə dəyərək dayanmışdır. Avtomobildən düşərək Kəmalənin vurduğu piyadaya yaxınlaşmışlar və ona köməklik etmişlər. Hadisəyə yığışan şəxslərdən biri təcili tibbi yardım çağırmış və piyadanı xəstəxanaya aparmışlar, özü də xəstəxanaya getmişdir. Təqsirləndirilən şəxs «Toyota» markalı, «Prius» modelli **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsinə dair etibarnaməsi və sürücülük vəsiqəsi olmamışdır, hadisə vaxtı avtomobildə Kəmalə, o və 3 uşağı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlamaq və icraata qəbul etmək haqqında 30 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə cinayət işi başlanılmış, iş icraata qəbul edilməklə istintaqı aparılmışdır(i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 10 mart 2021-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektindən N.Tusi küçəsi istiqamətində hadisə yerinə baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur (i.v. 05-11); 2/2929 №-li 10 mart 2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə protokolundan görünür ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v. 13); Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən «Toyota Prius minik» markalı **- VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsindən görünür ki, həmin nəqliyyat vasitəsinin sahibi Zərərçəkmiş şəxs3dur (i.v.19); Qüsur aktından görünür ki, «Chevrolet» markalı, «Epica» modelli **-NL-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan 450 manat olmuşdur (i.v.28); Qüsur aktından görünür ki, «Toyota Prius minik» markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 3000 manat olmuşdur (i.v.28); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 aprel 2021-ci il tarixli, 8/791 nömrəli rəyindən görünür ki, təqdim olunmuş məlumatlara əsasən Toyota Prius markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur(56-59); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETTB-nin Xətai rayon şöbəsinin 20 aprel 2021-ci il tarixli, 34/2021 nömrəli rəyindən görünür ki, 3 saylı ŞKX-da vət. Zərərçəkmiş şəxs2 müəyyən edilmiş xəsarətlər - müştərək travma, qapalı kəllə-beyin travması, baş beynin orta dərəcəli əzilməsi, travmatik subaroxnoidal qansızma, sağ bazu sümüyünün cərrahi boynunun qapalı, qəlpəli, yerdəyişən sınığı və başın sağ təpə nahiyəsində əzilmiş yara bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan 10.03.2021-ci il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdilər və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər(i.v.60-62); Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində Turan, Murad və Abbasəli adlı 3 azyaşlı övladı vardır(i.v.77-79); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 18 may 2021-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur (i.v.80); Sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi haqqında 25 may 2021ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CMnin 263-1.1-ci maddəsindən CM-nin 263-1.2-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs qıznın təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edilməsi barədə qərar qəbul olunmuş, zərərçəkmiş şəxslər və şahid ifadələri, məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” ETT Birliyinin Xətai rayon şöbəsinin 20.04.2021-cu il tarixli 34/2021 nömrəli rəyi və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 21.04.2021-ci il tarixli rəyi iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (i.v.81- 84); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v 93-94); Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 26 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 101); Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs Hayrettin Poge tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-1.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda- dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını(CM-59.1.4), cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini (CM- 59.1.11), zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini (CM-59.1.13), əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəza təyin edilərkən CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar