Məhkəmə qərarları › İş №1(011)-314/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-314/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-314/2021 07.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, taksi sürücüsü vəzifəsində işləyən, Ağsu rayonu, Yuxarı-Növçü kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 02.06.2021-ci il tarixdə saat 18:50 radələrində ünvan 2 ünvanın qarşısında “xxxx” MMC-yə məxsus yol vərəqəsi əsasında idarə etdiyi **-NY-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobildə aralarında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrinə qəsdən əli ilə vurmaqla döyərək sonuncuya sol saidin iç və ön səthini əhatə edən yumşaq toxumasının hematoması, başın ənsə nahiyəsinin və sol qaşqövsü nahiyəsinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu özünü ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1 ilə yaxındır ki, Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Nəzrin ilə ailə həyatı qurduqdan sonra onunla aralarında tez-tez ailə məişət zəminində mübahisələri baş vermişdir. Hal-hazırda onlar boşanmaq ərəfəsindədirlər. 02.06.2021-ci il tarixdə saat 18:50 dəqiqədə o, etibarnamə ilə idarə etdiyi **-NY-*** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı avtomobili ilə arvadı Zərərçəkmiş şəxs Xətai rayonu, ünvan 3 ünvanda yerləşən “İsgəndərçi” restoranından götürüb yaşadıqları evə gedərkən yolda Nəzrin ilə aralarında ailə məişət zəminində mübahisələri yaranmış, mübahisə vaxtı o, Nəzrini qardaşının yanına aparmağı ona bildirdikdə, Nəzrin onun yanına getməmək üçün avtomobilin qapısını açıb özünü yerə atmaq istədikdə o, əsəbləşərək onun qolundan tutub əli ilə onun baş nahiyəsindən vurmuşdur. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan məhkəməyədək sadələşdirilmiş işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1 ilə yaxındır ki, Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Kamran ilə ailə həyatı qurduqdan sonra onunla aralarında tez-tez ailə məişət zəminində mübahisələri baş vermişdir. Hal-hazırda onlar boşanmaq ərəfəsindədirlər. 02.06.2021-ci il tarixdə saat 18:50 dəqiqədə əri Kamran ilə onun idarə etdiyi **-NY-*** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı avtomobilində Xətai rayonu, Gəncə prospekti 32 saylı ünvanın qarşısında yaşadıqları evə gedən zaman Kamran ilə aralarında yaranmış ailə məişət zəminində mübahisə zamanı Kamran əli ilə avtomobilin içərisində onun baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döymüşdür. Sonra o, avtomobildən düşərək çıxıb getmişdir. Hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini nəzərə alaraq sadələşdirilmiş işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 10.06.2021-ci il tarixli protokoldan və foto cədvəldən görünür ki, ünvan 2 ünvana baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs cinayətin təfərrüatlarını hadisə yerində göstərmişdir (i.v. 11-12); “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 27 may 2021-ci il tarixli 0181 saylı yol vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Kia Rio” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ vardır (i.v. 17); 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İİ seriyalı, 402259 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında 22 iyul 2020-ci il tarixdə nikah bağlanmış və 1589 nömrəli akt ilə qeyd edilmişdir (i.v. 18); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X1 11.06.2021-ci il tarixli, 489 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol saidin iç və ön səthini əhatə edən yumşaq toxumasının hematoması, başın ənsə nahiyəsinin və sol qaşqövsü nahiyəsinin qançırları müəyyən edilmiş, xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilmiş 02.06.2021-ci il tarixə uyğun gəlmiş və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmişdir (i.v. 21-22); zərərçəkmiş qismində tanınma haqqında 12.06.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs şəxs qismində tanınmışdır (i.v. 25); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X1 12.06.2021-ci il tarixli, 5030 saylı məktubundan görünür ki, 1992-ci il təvəllüdlü, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi fərdi yaşayış evdə yaşayan Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (i.v. 35); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X1 12.06.2021-ci il tarixli, 2042 saylı məktubundan görünür ki, 1992-ci il təvəllüdlü, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi fərdi yaşayış evdə yaşayan Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda olmamışdır (i.v. 36); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17.06.2021-ci il tarixli tələbnaməsindən görünür ki, DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 50); sübutların qiymətləndirilməsi və cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətlərinin yaranmadığını nəzərə alaraq material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq ona bədən xəsarəti yetirməsi faktı iş materialları ilə tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair açılmış məhkəməyədək sadələşdirilmiş icraat materialının araşdırılmasının davam etdirilməsi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələri, MTE və PA X2 Şəxsi Xətai rayon Şöbəsinin canlı şəxsin 11.06.2021-ci il tarixli 489 saylı ekspert rəyi, 10.06.2021-ci il tarixli hadisə yerinə baxış protokolu və digər təhqiqat sənədlərinin sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v. 51-52); Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini qeyd etmiş və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar