Məhkəmə qərarları › İş №1(011)-315/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-315/2020

09.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-315/2020 09.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi ev 152-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 06 radələrində Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, döngə 2 ünvanında yerləşən 126 K saylı fərdi yaşayış evinin qarşısına gəlmiş, evin qapısını açaraq həyətə qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus yerdə açıq vəziyyətdə saxlanılmış qiyməti 200 manat olan 01 ədəd markasız su mühərriki və qiyməti 300-manat olan 01 ədəd “ZENX” markalı, 5000 W-luq elektirik tənzimləyicisi, şkafın içərisindən isə qiyməti 30 manat olan 01 ədəd “YURUİFA” markalı çanta və qiyməti 3 manat olan 01 ədəd “SPORTS” markalı idman çantası olmaqla ümumilikdə 533 manat qiymətində əmlakı gizli olaraq talayıb uzaqlaşarkən Zərərçəkmiş şəxs bunu görüb arxadan onu çağırmış, lakin o hərəkətlərini davam etdirib qaçaraq oradan uzaqlaşmaq istəyərkən, yaşayış evindən 80 metr aralıda Zərərçəkmiş şəxs tərəfindən saxlanıldığından iradəsindən asılı olmayaraq cinayəti başa çatdıra bilməyib özgə əmlakını açıq talamağa cəhd etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahid ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,180.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, subaydır və heç bir yerdə işləmir, atası və anası ilə birlikdə yaşayır. Maddi vəziyyəti ilə əlaqədar olaraq yaşadığı fərdi yaşayış evinin yaxınlığında metal materialdan olan əşyaları toplayıb, dəmir qəbulu məntəqələrinə satmaqla, pul qazanır. Əvvəllər oğurluq cinayətləri törətdiyi üçün məhkum olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 05 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən 152 saylı fərdi yaşayış evindən küçəyə metal əşya axtarmaq məqsədi ilə çıxmışdır. Yaşadığı evin yaxınlığında metal əşya axtarmaq üçün piyada gəzişməyə başlamışdır. Lakin heç bir metal əşya tapmamışdır. Bundan sonra piyada Naximov küçəsində yerləşən digər məhlələrə getmişdir. Həmin tarixdə saat 06 radələrində Naximov küçəsi, döngə 2 ünvanında olarkən yolun kənarında birmərtəbəli fərdi yaşayış evini görmüş həmin evin həyətinin darvazasına yaxınlaşmış və görmüş ki, darvazanın giriş qapısının kilidini küçə tərəfdən açmaq mümkündür. Şəraitdən istifadə edib kilidi açıb içəridən dəyərli bir əşya oğurlamaq qərarına gəlmişdir. Bundan sonra həmin darvazanın qapısını açmış və fərdi yaşayış evinin həyətinə daxil olmuşdur. Orada heç kim yox idi və kiminsə evdə olub-olmaması ona məlum deyildir. Evin həyətində olarkən görmüş ki, evin giriş qapısından sağda yerdə açıq vəziyyətdə bir ədəd su motoru və gümüşü rəngdə metal materialdan olan seyfə bənzər əşya vardır. O, həmin əşyaları oğurlamaq qərarına gəlmiş və həmin əşyaların çəkiləri ağır olduğundan, onları daşıyıb aparmaq üçün girdiyi qapıdan sağda yerləşən şkafın içərisindən torba axtarmağa başlamışdır. Həmin şkafın qapılarını açmış və içərisində çoxlu sayda lazımsız əşyaların olduğunu görmüşdür. Şkafın içərisini bir qədər axtardıqdan sonra oradan bir ədəd təkərli çanta və bir ədəd sadə çanta tapmışdır. Təkərli çantanın içərisinə su motorunu, digər çantanın içərisinə isə seyfə bənzər əşyanı yerləşdirmişdir. Bundan sonra həmin çantaları birini bir əlində tutmaqla digər təkərli çantanı isə yerlə sürərək gəldiyi yerdən çıxmış və küçə ilə evinə doğru hərəkət etmişdir. Həmin evdən təxminən 30 metr məsafə uzaqlaşmış və tini dönərkən arxa tərəfdən səs eşitmişdir. Belə ki, oğurluq etdiyi ev tərəfdən tanımadığı şəxs qışqıraraq onun dayanmağını istəmiş və götürdüyü çantaların ona məxsus olmasını bildirmişdir. O, geriyə baxmayaraq hərəkətini bir az sürətli davam etdirmiş və təxminən 50 metr məsafə irəliləmişdir. Götürdüyü əşyalar ağır çəkidə olduğundan daha sürətlə hərəkət edə bilməmişdir. Bir qədər məsafə irəlilədikdən sonra həmin şəxs ona çatmış və qolundan tutub onu saxlamışdır. Bundan sonra həmin şəxs onun oğurluq etdiyi evdən götürdüyü çantaların ona məxsus olmasını demiş və onu məsələni aydınlaşdırmaq üçün evinə dəvət etmişdir. Evin həyətində olarkən həmin şəxs qardaşına zəng edib onu köməyə çağırmışdır. Qardaşı gəlmiş və onlar birlikdə çantaları açıb içərisinə baxmışlar, bu zaman həmin şəxs çantaların içərisindən su motorunu götürüb ona məxsus olduğunu, digər çantanın içərisindən isə seyfə bənzər aşyanı götürüb onun elektrik tənzimləyicisi olduğunu, həmçinin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra o, ev sahibindən xahiş etmiş ki, onu buraxsın, lakin sonuncu polis əməkdaşlarına zəng edib çağırmış və bir neçə dəqiqə keçdikdən sonra polis əməkdaşları gəlib onu polis bölməsinə aparmışlar. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmişə vurduğu maddi ziyanı ödədiyini, ona qarşı tələb və şikayətinin olmamasını, ailəsinin ağır həyat şəraitini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri, Nərimanov rayon Mühafizə İdarəsində mühafizəçi vəzifəsində xidmət edir. xx xxxxxx 2020-ci il tarixdə ailə üzvləri ilə birlikdə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, döngə 2, ev 126 K ünvanında səhər saat 06 radələrində həyədən səs-küy eşitmiş və dərhal həyətə çıxmışdır. Həyətdə olarkən giriş qapısından sağda yerləşən şkafın qapısının açıq olduğunu və içərisinin dağıldığını, həmçinin şkafda saxladığı əşyaların yerə səpələndiyini aşkar etmişdir. Daha sonra giriş qapısından sağda yerdə açıq vəziyyətdə saxladığı bir ədəd su motorunu və bir ədəd elektirik tənzimləyicini (transformatoru) yerində aşkar etməmişdir. Həmçinin baxdıqdan sonra bir ədəd təkərli çantanı və idman çantasını yerində aşkar etməmişdir. Bundan sonra o, dərhal küçəyə çıxmış və sol tərəfdə təxminən 30 metr məsafədə küçənin tinində bir nəfər əvvəllər tanımadığı cavan oğlanın əlində ona məxsus olan həmin təkərli çantanı və digər idman çantasını görmüşdür. O, həmin şəxsə qışqıraraq dayanmağını, götürdüyü çantaların ona məxsus olmasını bildirmişdir. Həmin şəxs isə ona tərəf baxmayaraq əlindəki ona məxsus çantalarla birlikdə, yerişini sürətləndirərək hərəkətini davam etdirirdi. O həmin şəxsin arxasınca düşmüş və yaşadığı evdən təxminən 80 metr məsafədə onu tutub saxlamışdır. Həmin şəxsi evindən götürdüyü əşyalarla birlikdə yaşadığı evin həyətinə gətirmişdir. Bundan sonra qardaşı Şahid mobil telefonu ilə zəng edərək köməyə çağırmışdır. Qardaşı gəldikdən sonra o Xətai RPİ-nin 35-ci polis bölməsinə zəng edib oğurluq barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəlmişlər və hadisə yerini müayinə edib həmin şəxsi bölməyə aparmışlar. Qeyd etmiş ki, ona məxsus olan və həmin tanımadığı şəxsin apardığı bir ədəd markasız su matorunu 350 manata almışdır. Həmin bir ədəd “ZENX” markalı, 5000 W-luq elektirik tənzimləyicinin (transformatoru) qiyməti 400 manatdır və istifadə edilməmişdir. Bir ədəd “YURUİFA” markalı təkərli, qara rəngli çantanın qiyməti 50 manatdır. Bir ədəd “SPORTS” markalı idman çantasının qiyməti 5 manatdır. Ümumilikdə həmin əşyaların qiyməti 805 manat məbləğindədir. Hal-hazırda ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı tələb və şikayətinin olmamasını cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-in xx xxxxxx 2020-ci il tarixli, 295 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan vət. Zərərçəkmiş şəxs məxsus əmlakların işlənmə dərəcəsi nəzərə alınmaqla hazırki vəziyyətdə 2020-ci ilin avqust ayına orta bazar qiyməti ilə ümumi dəyəri 533.00 (beş yüz otuz üç) manat müəyyən edilir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 1 ədəd markasız su mühərriki, 1 ədəd “ZENX” markalı 5000 w-luq elektrik tənzimləyicisi, 1 ədəd “YURUİFA” markalı və 1 ədəd “Sports” markalı idman çantası maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli tutulduğu gündən yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 01 il 06 ay 28 gün müddətinə azadlığın məhdudlaşması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan məlum olur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü üzrəməhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşması cəzasından 04 ay 26 gününü çəkmiş və çəkilməmiş cəzası 01 il 02 ay 02 gün təşkil edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənildiyi səbəbi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı tələb və şikayətinin olmamasını cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyi, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxs, şahidin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz olaraq girməklə soyğunçuluq etməyə cəhd etməsi tamamilə sübuta yetirildi. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,180.2.3-cü maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxslə barışmasını və vurulmuş zərərin ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, həmçinin aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilən cəza ona Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(011)-55/2020 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 02 (iki) ay 02 (iki) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs faktiki şübhəli şəxs kimi xx xxxxxx 2020-ci il tarixdən saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 1 ədəd markasız su mühərriki, 1 ədəd “ZENX” markalı 5000 w-luq elektrik tənzimləyicisi, 1 ədəd “YURUİFA” markalı və 1 ədəd “Sports” markalı idman çantası hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344- 347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,180.2.3cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 02 (iki) ay 02 (iki) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və ona qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış 1 ədəd markasız su mühərriki, 1 ədəd “ZENX” markalı 5000 w-luq elektrik tənzimləyicisi, 1 ədəd “YURUİFA” markalı və 1 ədəd “Sports” markalı idman çantası hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs istifadəsinə verilmiş hesab edilsin. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə ədilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar