Məhkəmə qərarları › İş №1(011)-315/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-315/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-315/2025 08.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 16 avqust 1986-ci ildə Bakı şəhərindən anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan marixuananı xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 6,63 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 05 mart 2025-ci il tarixdə saat 23:56-da Xətai RPİ-nin 35-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış təbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılıb video çəklişindən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 6,63 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ifadələri, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, «baxış keçirilməsi və götürmə aparılması haqqında» protokol, şəxsi axtarış və baxış keçirilməsi aparılarkən video çəkiliş üçün istifadə edilmiş 02 ədəd CD disk, əldə edilmiş maddi sübut, ekspert rəyləri və iş üzrə toplanmış digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixində saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerdən tapmışdır. Həmin bükümü cibinə qoyub 104 nömrəli marşurta minərək 40 nömrəli marşurtun axırıncı dayanacağında düşmüşdür. Polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək bölməyə aparmışlar. Narkotik vasitəni 1 il müddətdən çoxdur istifadə edir və törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı Şəhər Xətai Rayon Polis İdraəsinin 35-ci PB-nin əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, 05 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitəni qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 23:56 radələrində ünvan 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşmış və Təqsirləndirilən şəxs narkotik maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif etmişlər. Orxan da əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim edərək bükümün içərisində olan bitki mənşəli kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlanıdırılmış şahidlər Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 35-ci PB-nin əməliyyat müvvəkiləri Şahid3 və Şahid1 gəlməmişlər. Məhkəmə istintaqı zamanı iştirak etməyən şahidlərin ifadələri elan edilmişdir. Həmin ifadələrində Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 35-ci PB-nin əməliyyat müvvəkiləri Şahid3 və Şahid1 həmin bölmənin əməliyyat müvvəkili Şahid2 ifadəsində göstərdiklərinə uyğun ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 06 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v.01); 06 mart 2025 2025-ci il tarixli “şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, 05 mart 2025-ci il tarixdə saat 23:56 radələrində ünvan 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq video çəkilişdən istifadə edilməklə üzəri yoxlanılan zaman sonuncunun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan maddə elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə ümumi çəkisinin 6,67 qram olması aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. (i.v 11-12) 06 mart 2025 2025-cü il tarixli "təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında" protokoldan görünür ki, 06 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan maddə elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə ümumi çəkisinin 6,67 qram olması aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. (i.v 16-17) Şübhəli şəxsin tutulması haqqında 06 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 06 mart 2025-ci il tarixdə, saat 01:35-də Xətai RPİ 35-ci PB-də tutulmuş, tutulmanın əvvəli, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 05 mart 2025-ci il tarixdən saat 23:56-dan hesablanmışdır ( i.v. 29-30); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 7/404 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd sellofan bükümdə təmiz çəkisi 6,63 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.(i.v 44-46) (ekspertiza xərci 72 manat) 07 mart 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.(i.v 54-55) 07 mart 2025-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və onun dərhal saxlandığı Xətai RPİ MSY-dən azad edilməsi qərara alınmışdır.(i.v 72-73) 07 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 74-75) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin icraatında olan 363 nömrəli material xx.xx.2008-ci il tarixində Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən rədd edilmişdir.(i.v 93-94) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli, 1468 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müavinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorlarin birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinenslya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( i.v.126-127); Sübutların qiymətləndirilməsi haqqında 19 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, məhkəməkimyəvi ekspertizanın xx.xx.2025-ci il tarixli, 7/404 saylı və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1468 saylı rəyləri üzrə sübut əhəmiyyət kəsb etdiyindən sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi və Azərbaycan Respublikası Baş prokurorunun "İşin təşkili qaydalarının" 346.13.04 bəndinə əsasən cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi epizodları ilə əlaqədar materiallar cinayət işindən ayrılaraq Bakı şəhəri Xətai rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi, iş üzrə narkotik vasitə qurudulmuş marixuananın çəkisinin xüsusi biliyə malik olan ekspert tərəfindən verilməsini əsas götürərək Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuananın ümumi çəkisi 6,63 qram hesab edilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 6,63 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınması və qalıq qalmış 6,61 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD farmatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananın mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılmaqla icraata qəbul edilməsi və qərarın surəti əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsindən ötrü Xətai RPİ-nin 35-ci PB-nə göndərilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxs hesab edilməsi qərara alınmışdır. ( i.v 130-137). Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə şəxsi axtarış və götürmə protokolunda göstərilən xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109.1-ci qrafasına əsasən qurudulmuş marixuananın xeyli miqdarının aşağı həddi 5 qram hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın bir günə iki gün hesabı ilə olunmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmək üçün cinayət işi materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 mart 2025-ci il tarixdən 07 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşadığı ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 6.61 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış baxış və götürməni əks etdirən 02 (iki) ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs 10 (on) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 110 (bir yüz on) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar