Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-316/2021 12.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Mirzəyeva Ünsiyyət Hacımehdi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1979-cu ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Beyləqan rayonu, Yeni Mil qəsəbəsində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə, qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 01 bükümdə təmiz çəkisi 0,250 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 01 ədəd bükümdə təmiz çəkisi 0,112 qram olan ağ rəngli narkotik maddə və psixotrop maddələrə aid olmayan limon turşusunu əldə edib üzərində saxlamaqla daşımış, 18 aprel 2021-ci il tarixdə, saat 07 radələrində Daxili İşlər Nazirliyinin X5 Alayının 3-cü patrul bölüyünün polis nəfərləri tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 72 saylı binanın qarşısında saxlanılaraq, ərazi aidiyyəti üzrə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə keçirilən zaman, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxardığı həmin 01 bükümdə təmiz çəkisi 0,250 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,112 qram olan ağ rəngli narkotik maddə və psixotrop maddələrə aid olmayan limon turşusu aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O, bir ildən artıqdır ki, narkotik vasitə aludəçisidir və əsasən narkotik vasitə olan heroin istifadə edirmiş. Sonuncu dəfə narkotik vasitə almaq üçün evdən çıxmış və Bakı şəhəri, Xətai rayonu, Xəzər dairəsi adlanan yerdə ünvanını dəqiq bilmədiyi məhəllələrin birindən, adını bilmədiyi şəxsdən 30 manat müqabilində bir büküm narkotik vasitə almış və yaşadığı ünvana getmişdir. Narkotik vasitələrdən çox az miqdarda istifadə etdiyindən, həmin büküm ona 3-4 gün kifayət edirmiş. Heç bir yerdə işləmədiyindən, 18 aprel 2021-ci il tarixdə, səhər saat 06 radələrində yaşadığı ünvandan çıxaraq, iş axtarmaq qərarına gəlmişdir. Aldığı narkotik vasitənin də bir hissəsi şalvarının cibində qalmışdır. Düşünmüşdür ki, günorta saatlarında istifadə edər. O, evdən çıxmış və piyada Babək prospekti istiqamətinə gedən zaman, polis əməkdaşları ona tərəf yaxınlaşmışlar. Onun da üzərində narkotik vasitə olduğundan qaçmağa başlamışdır. Qaçan zaman, ayağı büdrəmiş və yerə yıxılmışdır. Həmin zaman polis əməkdaşları ona çataraq, özlərini təqdim etmiş və onu ərazi aidiyyət üzrə Xətai RPİnin 34-cü Polis Şöbəsinə dəvət etmişlər. O da, polis əməkdaşları ilə razılaşmış və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsinə gətirildikdən sonra, dəvət olunmuş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməmişdən əvvəl ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olduğu təqdirdə, təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynində olan şalvarın cibindən 02 ədəd bükülünü çıxardıb masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Daha sonra təqdim etdiyi həmin narkotik vasitə təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsi ilə çəkisi müəyyən olunmuş, ekspertizaya göndərilmək üçün kağız zərfdə qablaşdırılmış və möhürlənmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, X5 Alayının 3-cü Patrul bölüyünün polis nəfəridir, Xətai RPİ-nin inzibati ərazisində xidmət aparır. Əsasən Xətai RPİ-nin 34-cü Polis Şöbəsi və 36-cı Polis Bölməsinin inzibati ərazilərində xidmətdə olurmuş. Səhər növbəsi olduğu halda, hər gün səhər saat 08 radələrində, gecə növbəsində olduğu halda isə axşam 20 radələrində Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin həyətində sıra düzülüşünə yığışıb orada komandirləri tərəfindən gündəlik xidmət barəsində təlimatlandırılıb, daha sonra xidmətə davam edirmiş. 17 aprel 2021-ci il tarixdə, gecə növbəsində olduğundan, axşam təlimatından sonra, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin inzibati ərazisinə xidmətə çıxmışdır. Xidmətə digər polis əməkdaşları olan Şahid1 və Amil Nəsibov ilə birlikdə başlamışdır. 17 aprel 2021-ci il tarixdə xidmətini Babək prospektində aparırmış. Artıq səhərə yaxın, yəni 18 aprel 2021-ci il tarixdə, saat 07 radələrində onlara təhkim olunmuş yerdə xidmət apararkən, Xətai rayonu, Babək prospekti 72 saylı binanın qarşısında bir nəfər şəxsin qeyri-adekvat hərəkətlərindən həmin şəxsin narkotik vasitələrin təsiri altında olduğundan şübhələnmişlər. Həmin şəxsə yaxınlaşmaq istədikdə, sonuncu onları görərək qaçmağa başlamışdır. Onlar da, həmin şəxsin arxasınca qaçmaq istəyən zaman, sonuncunun ayağının büdrəyərək yerə yıxıldığını görmüşdür. Cəld həmin şəxsə yaxınlaşıb saxlamış, özlərini təqdim edərək həmin şəxsi Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1979-cu il tarixdə Beyləqan rayonunda anadan olmuş Təqsirləndirilən şəxsdur. Həmin şəxsin gətirilməsi ilə bağlı şöbə rəhbərliyinin adına raport yazmış və həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişlər. Şöbədə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulması və üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti yaranmış və şöbəyə dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilən zaman, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, üzərində hər hansı qanunsuz əşyanın olduğu təqdirdə, həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bükümlərdə nə olması soruşulduqda, sonuncu bükümlərdə narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı həmin bükümləri tərəziyə qoyub çəkisini müəyyən etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd bükülü onların qarşısında zərfə qoyularaq qablaşdırmış və möhürləmişdir. Həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və videogörüntüdən görünür ki, 18 aprel 2021-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə saxlanılan şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən içərisində 01 ədəd ağ rəngli kağıza bükülmüş ağ rəngli, kristal formasında və 01 ədəd ağ rəngli kağıza bükülmüş, qəhvəyi rəngli, tozşəkilli narkotik vasitəyə bənzər maddələri təqdim etmişdir. Təqsirləndirilən şəxs içərisində 01 ədəd ağ rəngli kağıza bükülmüş ağ rəngli, kristal formasında olan maddə metamfetamin və 01 ədəd ağ rəngli kağıza bükülmüş heroin adlanan narkotik vasitə olmasını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2021-ci il tarixli, 6/1520 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Kazımov...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,250 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd bükümdə təmiz çəkisi 0,112 qram olan ağ rəngli maddə - limon turşusudur. Limon turşusu 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir. Tədqiqatdan sonra qalıq - heroin 0,200 - qram, limon turşusu - 0,062 qramdır. İş materiallarından görünür ki, 01 ədəd bükümdə təmiz çəkisi 0,200 qram narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd CD formatlı disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 01 iyun 2021-ci il tarixli, 1681 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-152/2021 nömrəli, 19 aprel 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 aprel 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 04 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 18 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,200 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd “CD” formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 18 aprel 2021-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,200 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-316/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-316/2021
12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver