Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-317/2022 25.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Masallı rayonunun Banbaşı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, qanunsuz olaraq narkotik vasitə satmış və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq iki ədəd bükümdə 0,652 qram və 0,679 qram olmaqla, ümumi təmiz çəkisi 1,331 qram olan narkotik vasitə heroin əldə edib, üzərində saxlamaqla daşımış və 06 aprel 2022-ci il tarixdə bir bükümdə 0,652 qram narkotik vasitəni 15 manat pul müqabilində tanışı Şahid3 satmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ-nin 35ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 06 aprel 2022-ci il tarixdə saat 19:20 dəqiqədə Gəncə prospekti, 81 ünvanda yerləşən binanın yaxınlığında saxlanılıb G.Şıxlinski küçəsi, 49 ünvanda yerləşən Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə üzərində polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılan zaman o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,679 qram narkotik vasitə heroini əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Lakin, məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 06 aprel 2022-ci il tarixdə, saat 11:00-12:00 radələrində marketə getmək üçün yaşadığı mənzildən çıxmış, həyətlərində iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmədən ona qarşı zor tətbiq edərək gəldikləri mülki avtomobilə mindirmişlər. Həmin şəxslərdən biri əvvəldən tanıdığı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməliyyatçısı Samir adlı şəxs olmuşdur. Belə ki, bir müddət bundan əvvəl Şahid3 qardaşı bir nəfər şəxsə xəsarət yetirmiş, həmin vaxtda onun günahı olmadığı halda Samir gəlib onu tutmuş və onu həbs etdirəcəyini demiş, daha sonra azad edilmişdir. 06 aprel 2022-ci il tarixdə 35-ci polis bölməsinə aparıldıqdan sonra təxminən saat 12:00 radələrində bölmənin növbətçi hissəsində olan telefon vasitəsi ilə atası Şahid4 istifadəsində olan ***-***-**-** möbil nömrəyə zəng etmiş və tutulduğunu bildirmiş, qısa müddət sonra atası bölməyə gəlmiş, onunla görüşmüş, həmin vaxt o, atasına istifadə etdiyi mobil telefonun polis bölməsinin növbətçi hissəsində olduğunu, onu götürməyini xahiş etmişdir. Daha sonra onunla qonşu olan Marat da bölməyə gətirilmiş, bölmədə polis əməkdaşı tərəfindən onlara üç-dörd gün əvvəl Şahid3la birlikdə Xətai rayonu ərazisində yerləşən “Bizim market”-in yaxınlığındakı işıq dirəklərindən on ədəd lampa oğurladıqları üçün tutulduqları bildirilmişdir. Daha sonra onun tanımadığı, lakin Şahid3 tanışı olan şəxsə verdiyi oğurlamış lampaları Samir geri götürərək polis bölməsinə gətirmiş, həmin lampalar sahibinə geri verilərək dəymiş zərər ödənilmişdir. Bundan sonra Samir onlara ya oğurluğu, ya da narkotiki seçməklərini təklif etmiş, onlar oğurluqla bağlı saxlanıldıqlarını bildirdikdə narkotikə görə nəzərdə tutulan cəzanın daha yüngül olduğunu, onları 234.1-ci maddə ilə rəsmiləşdirəcəklərini bildirmişdir. Narkotik vasitənin istifadəsi ilə məşğul olsa da, nə Marata, nə də digər birinə narkotik vasitə satmamışdır. Habelə saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. O, 06 aprel 2022-ci il tarixdə, saat 11:00-12:00 radələrində saxlanılsa da, axşam saatlarında müdafiəçi gəlmiş, müdafiəçinin iştirakı olmadan ona təhqiqatçı tərəfindən yazılmış izahata imza etdirilmiş, daha sonra axşam saatlarında üzərinə video çəkilişlə baxış keçirilmişdir. O, narkotikdən istifadə etmədiyindən vəziyyəti pis olmuş, bu səbəbdən üzərlərinə video çəkiliş keçirilməmişdən əvvəl Samir 35-ci polis bölməsində istifadə etməkləri üçün onlara “kakos” adlı narkotik vasitə vermişdir. O, məcburiyyətdən video çəkiliş zamanı Şahid3 ilə birlikdə gedərək narkotik vasitə alması məzmununda ifadə vermiş, ona video çəkiliş zamanı narkotik vasitəni Marata satdığını dedizdirmək istəsələr də bunu deməmişdir. Onu ilk öncə külli miqdarda narkotik vasitənin satışı ilə məşğul olmağı ilə bağlı ittiham etmək istəsələr də, o, bunu demədiyindən ona video çəkiliş zamanı Samir tərəfindən cibinə qoyulmuş miqdarda narkotik vasitənin ona məxsus olmasını deməsi tapşırılmış, narkotik vasitə istifadə etdiyindən narkotik istifadəçisi kimi rəsmiləşdirilməsinə razılıq vermiş, lakin daha sonra məlumatı olmadan onu narkotik vasitənin satışı ilə bağlı rəsmiləşdirmişlər. Barəsində həbs seçilməsi üçün məhkəməyə gətirilən zaman məhkəmə iclasında hakim ona 234.2-ci maddə ilə də ittiham olunduğunu dedikdən sonra o, narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir. Onlar Maratla birlikdə işıq dirəklərindən oğurluq etmişlər. Bu səbəbdən polis əməkdaşları tərəfindən həyətdən tutularaq polis bölməsinə aparılmışlar. Maratı polis bölməsində aldadaraq sonuncunu narkotik vasitəni ondan alması məzmununda ifadəyə imza etdirmişlər. Marata bunu etmədiyi təqdirdə vəziyyətinin yaxşı olmayacağını demişlər. İbtidai istintaq zamanı o, Maratla heç vaxt üzləşdirilməmiş, həm saxlanılan zaman, həm böləməyə aparılan zaman, həm də bölmədə olan zaman onlara zor tətbiq edərək vurmaqla yanaşı onları təhqir etmişlər. Maratın üzərinə narkotik vasitəni qoyduqdan sonra çəkiliş olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməyərək bildirmişdir ki, bir-iki il ərzində üç-dörd gündən bir narkotik vasitə olan “kakos”-u yandırmaqla çəkmə üsulu ilə istifadə etsə də, hal-hazırda narkotik vasitə istifadə etmir və onun narkotik vasitə aldığı şəxslər həbs edilmişdir. O, Təqsirləndirilən şəxs ilə birlikdə də bir neçə dəfə narkotik vasitə istifadə etmiş, onlar son dəfə tutulmamışdan bir həftə əvvəl birlikdə narkotik vasitə istifadə etmişlər. Bəzən Şamxal öz istifadəsi üçün narkotik vasitə almağa gedəndə Şamxal ilə pullarını cəmləmiş və nəticədə Şamxal onun üçün də narkotik vasitə almış, lakin Şamxal ona narkotik vasitəni kimdən aldığını deməmiş, o, heç vaxt narkotik vasitə almaq üçün Şamxal ilə birlikdə getməmişdir. Həmçinin Şamxal heç vaxt ona narkotik vasitə satmamış, onun üçün narkotik vasitə aldığı zaman qeyd etdiyi qaydada almışdır. 06 aprel 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı ünvanda tutularaq Xətai Rayon Polis İdarəsinin 35ci Polis Bölməsinə aparılmış, polis şöbəsinə çatanda qonşusu olan Təqsirləndirilən şəxs artıq şöbədə olduğunu görmüşdür. Samir adlı polis əməkdaşı onları yaşadıqları ünvanın yaxınlığından Şamxal ilə birlikdə işıq dirəklərindən on ədəd lampa oğurladıqlarına görə tutmuşdur. Daha sonra onları qorxudaraq oğurluqla rəsmiləşdiriləcəkləri təqdirdə səkkiz il müddətinə azadlıqdan məhrum ediləcəkləri deyilmiş və bu səbəbdən narkotiklə bağlı maddə ilə rəsmiləşdirilməkləri təklif edilmiş, onlar bu səbəbdən qorxaraq polis əməkdaşlarının bu təklifini qəbul etmişlər. 06 aprel 2022-ci il tarixdə tutularaq polis şöbəsinə aparılan zaman üzərində narkotik vasitə olmasa da, 35-ci polis bölməsində həm onun, həm də Şamxalın cibinə narkotik vasitə qoyulmuşdur. Bundan sonra video çəkiliş keçirilərkən narkotik vasitəni Şamxaldan aldığını və həmin ifadəsini məhkəmədə təsdiqləməyi tələb edilmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edildiyindən və daha ağır ittihamla cinayət məsuliyyətinə cəlb ediləcəyi ilə bağlı hədələndiyindən o, məcbur olaraq video çəkiliş zamanı bu məzmunda ifadə vermişdir. İbtidai istintaq zamanı onun adından yazılmış ifadəni gözündə “katarakta” xəstəliyi olduğundan və sol gözü görmədiyindən oxuya bilməmiş, müdafiəçisi ifadəni imzalamağını dediyindən ifadəni oxumadan imzalamışdır. O, ifadəsində nə yazıldığından məlumatsız olmuşdur. İfadəyə görə narkotik vasitəni Təqsirləndirilən şəxs almış və bunun qarşılığında ona pul vermişdir. Lakin elə bir hal olmamış, onlar pullarını cəmlədikdən sonra Şamxal birlikdə istifadə etmək üçün narkotik vasitə almışdır. Lakin bölmədə olan zaman nə onun, nə də Şamxalın üzərində narkotik vasitə olmamışdır. İbtidai istintaq zamanı o, Şamxal ilə üzləşdirilməmiş, o, Şamxalı son dəfə 35-ci polis bölməsində görmüşdür. Onlara istifadəçi kimi ittiham olunacaqları deyilmiş, onu istifadəçi kimi rəsmiləşdirsələr də, Şamxalı 234.2-ci maddə ilə də məsuliyyətə cəlb etmişlər. Bunun səbəbi polis əməkdaşlarının Şamxala qarşı qərəzlərinin olmasıdır. Məhkəmə istintaqı zamanı yenidən dindirilərkən Şahid3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun barəsində olan cinayət işi üzrə məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik alması məzmununda ifadə vermədiyini, onun barəsində çıxarılmış hökümdə qeyd edilən məhkəmə iclasında verdiyi ifadəni tam təsdiq etmədiyini, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə şahid qismində məhkəmə iclasında verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilən Şahid4 bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs saat 12:02-də istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək tutulduğunu və 35-ci polis bölməsinə gəlməsini xahiş etmişdir. O da avtobusla 35-ci polis bölməsinə getmiş, saat 12:38-də artıq bölmənin qarşısında olmuşdur. Ona zəng gələn nömrəyə yenidən zəng etmiş və polis əməkdaşı növbətçi hissəyə yaxınlaşmağını demişdir. Növbətçi hissəyə yaxınlaşmış, polis əməkdaşından icazə alaraq oğlu ilə görüşmüşdür. Həmin vaxt Şamxal ona işıq dirəklərindən lampaların oğurlanması ilə bağlı tutulduqlarını, onun günahının olmadını, oğurluğu Şahid3 etdiyini bildirmişdir. Bu zaman polis əməkdaşı onlara yaxınlaşaraq Şamxalın yalan dediyini, hər birinin dəyəri 60 (altmış) manat olan 16 (on altı) ədəd lampanı oğurladığını, oğurluq etməsi kameralar vasitəsilə qeydə alındığını bildirmişdir. Şamxal bunların yalan olduğunu, heç bir kamera görüntüsünün olmadığını demiş, daha sonra Şamxal telefonunun növbətçi hissədə olduğunu bildirərək telefonu götürməyini xahiş etmişdir. O da növbətçi hissəyə yaxınlaşaraq telefonu götürmüş, bu zaman polis əməkdaşı ona Şamxalın ac olduğunu, ona yemək almağını təklif etmiş, o da marketə gedərək yemək alıb Şamxala verərkən artıq Maratın da gətirildiyini görmüş, lakin birinci dəfə Şamxal ilə görüşərkən Marat orada olmamışdır. Həmin vaxt işin kim tərəfindən aparıldığını soruşmuş, ona işin təhqiqatçı Samir tərəfindən aparıldığını, lakin hal-hazırda bölmədə olmadığını, gözləməli olduğunu bildirmişlər. O, bölmənin qarşısında gözləyərkən Samir oraya gəlmiş və telefonla danışaraq kiməsə evindən oğurluq edildiyini deməsi ilə bağlı təkid etmiş, Samir həmin adama “sən mənimlə əməkdaşlıq etmirsən axı, bir zəng nədir ki, onu etmirsən” demişdir. Şamxalı ilk öncə oğurluqla tutmaq istəmişlər. O, Samirə yaxınlaşmış, Samir onunla deyil, yalnız rəislə söhbət etməli olduğunu bildirmişdir. O da həyat yoldaşı ilə rəisin yanına getmiş, rəis onlara müavini ilə görüşməklərini demişdir. Bundan sonra o, yenidən Şamxalın yanına getmiş, Şamxal ilə söhbət edən zaman iki nəfər polis əməkdaşının həyat yoldaşına yaxınlaşaraq heç bir problemin olmadığını, iki ədəd narkotik yazacaqlarını, cərimə ödəyərək həll olacağını dediyini eşitmişdir. O, polis əməkdaşlarına yaxınlaşaraq onların dediklərinə etiraz etmiş, Şamxalın oğurluqla tutulduğunu bildirmişdir. Bu zaman Şamxal ona artıq Maratı narkotiklə rəsmiləşdirdiklərini, onları şərləmək istədiklərini bildirmişdir. Bu səbəbdən o, müavinə yaxınlaşmış, müavin ona heç bir problemin olmadığını, işin ona yeni daxil olduğunu bildirərək səhər gəlməyini demiş, o, səhər polis bölməsinə getmiş, lakin Şamxalın artıq polis idarəsinə aparıldığını görmüşdür. Polis İdarəsinə gedərək müstəntiq Rövşən Xanbabayevlə görüşmüş, müstəntiq ona Şamxalın narkotiklə bağlı saxlanıldığını bildirmişdir. Cinayət işi ümumiyyətlə düzgün araşdırmamış, Şamxalın narkotiki aldığı adam kimi adı qeyd edilən Tuhid adlı şəxs iki il əvvəl həbs edilmişdir. O, prokurorun qəbulunda olarkən bunu dedikdən sonra işdə olan sənədləri düzəltmişlər. İş materiallarında Marata narkotik vasitəni satdığı kimi qeyd etdikləri vaxt Şamxal həbsdə olmuş, bu fiziki olaraq mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin məsul növbətçisi Şahid5 bildirmişdir ki, o, 35-ci polis bölməsində məsul növbətçi vəzifəsində işləyir. 06 aprel 2022-ci il tarixdə polis bölməsində növbədə olarkən üzdən tanıdığı Təqsirləndirilən şəxs polis bölməsinə gətirilmiş, lakin saat neçə olduğunu xatırlamır. Qeydiyyat kitabında Təqsirləndirilən şəxs gətirilmə vaxtı 19:25 radələri kimi qeyd edilmişdir. Polis bölməsinin bir neçə telefon nömrəsi mövcutdur. Həmçinin ***-**-** saylı nömrədə 35-ci polis bölməsinə məxsus olmaqla növbətçi hissədə fəaliyyət göstərir. Növbətçi hissəyə məxsus olan nömrədən polis bölməsinin digər polis əməkdaşlarıda zəng edir və onlar buna müdaxilə etmir. Ola bilər ki, hər hansısa əməliyyat tapşırığı ilə bağlı kiməsə zəng edilib, amma onun bununla bağlı məlumatı yoxdur və onun tərəfindən təqsirləndirilən şəxsin atasına zəng edilməmiş, təqsirləndirilən şəxs tərəfindən növbətçi hissədə olan telefonla atasına zəng etməsini xatırlamır. Eyni zamanda təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefonun atasına verilməsini xatırlamır, adətən telefonu müstəntiqə göndərirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin növbətçi köməkçisi Şahid6 digər şahid Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin məsul növbətçisi Şahid5 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmiş və əlavə olaraq 2018-ci ildən 35-ci polis bölməsində növbətçi köməkçisi vəzifəsində işlədiyini, Təqsirləndirilən şəxs tanımadığını, onun polis bölməsinə gətirildiyi gün növbətçi olsa da, Təqsirləndirilən şəxs oraya gətirilməsini xatırlamadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, etibarlı mənbədən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat almış, həmin məlumatın yoxlanılması üçün əməliyyat tədbiri həyata keçirilmiş və deyilən əlamətlərə uyğun gələn şəxs tərəflərindən saxlanılaraq polis bölməsinə dəvət edilmişdir. Bölmədə olan zaman müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə etməklə üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitəni Tohid adlı şəxsdən aldığını bildirmişdir. Həmçinin həmin gün X14 da onun iştirakı ilə tutularaq polis bölməsinə gətirilmişdir. İlk öncə Marat tutulmuş, sonuncu narkotik vasitəni Şamxaldan aldığını bildirmiş, bundan sonra Şamxal da tutulmuşdur. Marat dindirilərkən Şamxala on beş manat verdiyini, Şamxalın da narkotik vasitə alaraq gətirib ona verdiyini bildirmişdir. Şamxal dindirilərkən Maratın ona pul verdiyini, o da Tohid adlı şəxsdən narkotik vasitəni alaraq gətirib Marata verdiyini bildirmiş, həmin vaxt Tohid adlı şəxsin şəxsiyyətini müəyyən edə bilməmişlər, lakin sonradan həmin şəxsin saxlanıldığı barədə məlumat almışlar. Onun əvvəllər Təqsirləndirilən şəxs ilə heç bir tanışlığı və ya ədavəti olmamış, Maratın qardaşı Şamxal ilə birlikdə narkotik vasitə istifadə etmişlər və həmin şəxs cinayət törətdiyindən halhazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Marat da Təqsirləndirilən şəxs ilə birlikdə narkotik vasitədən istifadə etmiş və onun təsiri altında olan zaman bir çox cinayətlər törətməyə cəhd etmişdir. Bu faktlar onlar tərəfindən aşkar edilmişdir. Marat Təqsirləndirilən şəxs təsiri altında olduğundan və sonuncudan qorxduğundan ona qarşı olan ifadəsini dəyişmişdir. Marat və Təqsirləndirilən şəxs oğurluq faktı ilə bağlı saxlanılmamış, o, heç kəsin cibinə narkotik vasitə qoymamış, onlar narkotik vasitə ilə bağlı saxlanılaraq rəsmiləşdirilmişlər. Təqsirləndirilən şəxs saxlanıldığı vaxtdan üç-dörd ay keçdiyindən hansı saat saxlanıldığını xatırlamır, iş materiallarına bununla bağlı sənədlər əlavə edilmiş və həmin sənədləri təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 digər şahid Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmiş və əlavə olaraq Marat və Şamxala onlar tərəfindən heç bir təzyiq, təsir və fiziki zor tətbiq edilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 25 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli ayrıca icraata cinayət işi ayrılmışdır (İ cild i.v. 1-3); cinayət işinin başlanması və icraata götürülməsi haqqında 07 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata götürülmüşdür (İ cild i.v. 5); şübhəli şəxsin tutulması haqqında 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:20-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild i.v. 17); şəxsi axtarış və götürmə aparılması haqqında 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 35-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı X8 tərəfindən, Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Xətai RPİ-nin 35-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Xətai RPİ-nin 35-ci PBnin növbətçi köməkçisi polis kiçik serjantı X4, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X1 iştirakları ilə Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasında “Panasonic” markalı videokamera vasitəsilə video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellefona bükülmüş içərisində spesifik iyli, qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə hesab edilən heroinə bənzər maddəni təqdim edərək həmin maddənin heroin (kakos) olduğunu, xx.xx.2022-ci il tarixdə hazırda məhkum olunan Tohid adlı tanışından ümumilikdə 15 (on beş) manat pul müqabilində özünün və tanışı Maratın birlikdə istifadə etməsi üçün almasını, 06 aprel 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Həmin maddə elektron tərəzi ilə çəkilən zaman 01 ədəd şəffaf rəngli sellofana bükülmüş maddənin sellofanla birlikdə ümumi çəkisi 0.83 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “zərflər üçün” 154 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəyi qeyd edilmişdir (İ cild i.v. 28-29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 aprel 2022-ci il tarixli 6/1910 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,679 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və üzərində “Vətəndaş... Şahid3 üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,652 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbayacan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir (İ cild i.v. 36-40); Xətai RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis polkovnik leytenantı X5 tərəfindən tərtib edilmiş 07 aprel 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 və Təqsirləndirilən şəxs üzləşdirilmiş, üzləşdirmə zamanı Şahid3 qarşısında oturmuş Təqsirləndirilən şəxs üzünə qarşı göstərmişdir ki, 06 aprel 2022-ci il tarixdə günorta saatlarında Şamxal ilə onun yaşadığı evin yaxınlığında görüşmüş, söhbət zamanı Şamxalın üzərində narkotik vasitə olmasını öyrənmiş və ondan narkotik vasitə istəmiş, Şamxal da narkotik vasitəni pulla aldığını bildirib satdığını demiş, Şamxala 15 manat pulunun olduğunu bildirmiş və pulu ona verərək bir büküm almış, bükümü açıb içərisində narkotik vasitə heroin görmüşdür. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Şahid3 onun üzünə qarşı göstərdikləri ilə razılaşmış və bildirmişdir ki, 03 aprel 2022-ci il tarixdə axşam saatlarında narkotik vasitə satan şəxs kimi tanıdığı və narkotik vasitə aldığı Tohid adlı şəxs ilə xatırlamadığı yerdə birlikdə olmuşlar, Tohid adlı şəxsdən bir qramını 15 manatdan iki ədəd bükümdə narkotik vasitə heroin almış, narkotik vasitəni şəxsi istifadəsi üçün almış və şalvarının cibinə qoymuş, 06 aprel 2022-ci il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında Marat ilə görüşmüş, söhbət zaman sonuncu narkotik vasitə istifadə etməsini demiş, Marata üzərində narkotik vasitə olmasını dedikdə sonuncu narkotik vasitə istəmiş, Marata bildirmişdir ki, narkotik vasitəni pulla bir qramını 15 manatdan almış, bundan sonra Marat 15 manat pul vermiş və bir ədəd bükümü sonuncuya verərək satmışdır (İ cild i.v. 48- 51); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 08 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (İ cild i.v. 56); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablanmışdır (İ cild i.v. 74- 75); diskə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı diskdəki görüntüdə Xətai RPİ-nin 35-ci PB-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması müəyyən edilmiş, Təqsirləndirilən şəxs özünü təqdim etmiş, onun yanında iki nəfər mülki geyimli polis əməkdaşları vardır, həmin polis əməkdaşları Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkilidir, qarşıda olan stulda 13 saylı Vəkil Bürosunun vəkili X3 əyləşmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilmiş, sonuncu da əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofanı çıxarıb təqdim etmiş, həmin sellofan açılaraq içərisinə baxış keçirilmiş və sellofanda qəhvəyi rəngli tozşəkilli maddə olması müəyyən olunmuş, Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da demişdir ki, həmin maddə narkotik vasitə “kakos”dur, narkotik vasitəni xx.xx.2022-ci il tarixdə məhkum olunan “Tohid” adlı tanışından 15 manat pul müqabilində özünün və tanışı “Marat” adlı şəxsin istifadə etməsi üçün almışdır. Həmin sellofan torba elektron tərəzi ilə çəkilmiş və çəkisi 0.83 qram olmuşdur. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 154 saylı möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir (İ cild i.v. 79-80); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinib 05 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir və barəsində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi vardır. Həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir (İ cild i.v. 86-87); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X2 xx.xx.2022-ci il tarixli, 2348 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild i.v. 104- 105); sübutların qiymətləndirilməsi haqqında 25 may 2022-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və qalıq qalmış 0,629 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmışdır (İ cild i.v. 120-134); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 30 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa əlavə və dəyişikliklər edilmiş və Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir (İ cild i.v. 136-137); Bakı Hərbi Məhkəməsinin 1(093)-123/2015 nömrəli, 31 iyul 2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir (İ cild i.v. 173-181); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-203/2021 nömrəli, 06 may 2021ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (İ cild i.v. 191-194); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-349/2021 nömrəli, 28 iyul 2021ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddətinin uzadılmasına dair təqdimat təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmişdir (İ cild i.v. 182-190); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-332/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli hökümdən görünür ki, Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Şahid3 üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, Şahid3 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-332/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli hökmü 01 sentyabr 2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və hökm icra olunması üçün Bakı şəhər Probasiya İdarəsinə göndərilmişdir (İİ cild i.v. 169); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 17/386418 nömrəli, 13 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 09 aprel 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Daxil olarkən xəsarət almadığını bildirmiş, bədəninə baxış keçirən zaman sol said ön səthində köhnə çapıqlar aşkar edilmişdir (İİ cild i.v. 176); Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı X12 Məsuliyyətli Cəmiyyətinin 105-1-7/3795-22 nömrəli, 29 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, ***-***-**-** saylı telefon nömrəsi Bakı şəhər Xətai Rayon İdarəsinin 35-ci Polis Bölməsinə məxsusdur və General Ə.Şıxlinski küçəsi, ev 49A ünvanında işləyir (İİ cild i.v. 187); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin ********* nömrəli, 21 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Suraxanı RPİ-nin İŞ-də istintaq olunan ********* saylı cinayət işi üzrə istintaq davam etdirilir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 101-318/22 nömrəli, 25 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, 06 aprel 2022-ci il tarixdə Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin növbətçi hissəsində xidmət aparan məsul növbətçi polis kapitanı Şahid5 Elşən oğlu və onun köməkçisi Şahid6 olmuşdur; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-317/2022 saylı qərarından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı, şahid qismində dindirilmiş Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan zənglərin siyahısı (aparılmış giriş və çıxış danışıqları) habelə, mesaj mətnləri barədə məlumatlar və xx.xx.2022-ci il tarixdən xx.xx.2022 tarixədək həmin nömrələrin anten dairələri barədə məlumatların məhkəməyə təqdim edilməsi "xxxx" və "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmışdır; 29 iyul 2022-ci il tarixli qərarda göstərilmiş məlumatlara dair "xxxx" MMC tərəfindən verilmiş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairələri barədə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi xx.xx.2022-ci il tarixdə saat 12:46 radələrindən başlayaraq Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 39 antenna dairəsinin əhatəsində olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-317/2022 saylı qərarından görünür ki, xx.xx.2022-ci il tarixdən Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan zənglərin siyahısı (aparılmış giriş və çıxış danışıqları) habelə, həmin nömrənin anten dairələri barədə məlumatların məhkəməyə təqdim edilməsi "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmışdır; Daxil olan anten dairələri barədə məlumatlardan və müştəri zənglərinin detallaşması çıxarışından görünür ki, Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi xx.xx.2022-ci il tarixdə saat 12:38 radələrindən başlayaraq Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 39A antenna dairəsinin əhatəsində olmuşdur və saat 12:02-də Şahid4 qeyd edilən nömrəsinə ***-***-**-** saylı nömrədən zəng edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə irəli sürülmüş ittiham şəxsi axtarış və götürmə aparılması haqqında protokola, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə əsaslandığından və bu protokolun qanuniliyi mötəbər sübutlarla təkzib edildiyindən, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri arasında ziddiyyətlər olduğundan həmin ittiham əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə saat 19:20 dəqiqədə Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 81 ünvanda yerləşən binanın yaxınlığında saxlanılaraq ünvan 7 ünvanda yerləşən Xətai RPİ-nin 35-ci Polis Bölməsinə gətirilməsi kimi ittiham verilsə də, məhkəmə iclasında təqsirləndirilən şəxsin, şahid qismində dindirilmiş Şahid3 və əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs atası Şahid4 ifadələri ilə həmin xüsusat öz təsdiqini tapmamışdır. Həmçinin cinayət işinin materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai RPİ-nin 35ci Polis Bölməsinin baş təhqiqatçısı, polis kapitanı X8 tərəfindən tərtib olunmuş şübhəli şəxsin tutulması haqqında 06 aprel 2022-ci il tarixli protokolda isə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 19:20-da tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa saat 20:05-də başlanmış və şəxsi axtarış saat 20:14-də qurtarmışdır. Halbuki, "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktublarından aydın olur ki, xx.xx.2022-ci il tarixdə saat 12:02-də Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə məxsus olan ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs atası Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə, həmçinin həmin tarixdə saat 12:38-də Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə məxsus olan ***-***-**-** saylı mobil nömrəyə, zənglər daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs atası Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində 06 aprel 2022-ci il tarixdə saat 12:02-də 35-ci Polis Bölməsinə bölməsinə məxsus nömrədən ona zəng gələrkən onunla oğlu Təqsirləndirilən şəxs danışdığını bildirmiş, qeyd edilən hal məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs tərəfindən təsdiqlənmişdir. Bundan əlavə, şübhəli şəxsin tutulması haqqında protokolda şübhəli şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19:45-də Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin inzibati binasında tutulması göstərilsə də, əldə edilmiş çıxarışlardan görünür ki, həm Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin, həm də atası Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairələri həmin tarixdə saat 12:38 və 12:46 radələrində ünvan 9 ünvanı kimi (Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin yerləşdiyi ərazi) müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi xx.xx.2022ci il tarixdə saat 12:46 radələrində Xətai rayonu, General Şıxlinski küçəsi, 39 (Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin yerləşdiyi ərazi) antenna dairəsinin əhatəsində olmuşdur. Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi xx.xx.2022-ci il tarixdə saat 12:38 radələrindən başlayaraq 14:34 radələrinədək Xətai rayonu, General Şıxlinski küçəsi, 39 (Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin yerləşdiyi ərazi) antenna dairəsinin əhatəsində olmuşdur. Yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs və şahidlər Şahid3, Şahid4 ifadələrində göstərilən xüsusatların doğruluğunu təsdiq edir. Beləliklə məhkəmə baxışı zamanı müəyyən olmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 11-12 aralığında Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 81 ünvanının qarşısında polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmasına və Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinə aparılmasına baxmayaraq, onun üzərində şəxsi axtarış və götürmə aparılmasına dair istintaq hərəkətinə saat 20:05də, yəni şübhəli şəxsin tutulmasından xeyli müddət keçdikdən sonra başlanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs atası Şahid4 istifadəsində olan ***-***-**-** saylı nömrəyə oğlu Təqsirləndirilən şəxs tutulmadığı təqdirdə xx.xx.2022-ci il tarixdə, saat 12:02-də Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə məxsus ***-***-**-** nömrəsindən zəng edilməsi heç bir məntiqə sığmır və zəngin səbəbinə məhkəmə iclasında şahid qismində dindirilmiş nömrənin fəaliyyət göstərdiyi 35-ci polis bölməsinin növbətçi hissəsinin məsul növbətçisi, həmçinin növbətçi köməkçisi tərəfindən ağlabatan hər-hansı izah verilə bilməmişdir. Eyni zamanda iş materiallarına olan ibtidai istintaq zamanı alınmış Şahid3 ifadəsində Təqsirləndirilən şəxs ilə 06 aprel 2022-ci il tarixdə günorta saatlarında sonuncunun yaşadığı evin yaxınlığında görüşdüklərini, söhbət zamanı Şamxalın üzərində narkotik vasitə olmasını öyrəndiyini və ondan narkotik vasitə istədiyini, Şamxalında ona narkotik vasitəni pulla aldığını bildirərək pulla satdığını dediyini, o da, Şamxala 15 (on beş) manat pulunun olduğunu bildirərək həmin pulu ona verərək bir ədəd büküm aldığını, bükümü açıb içərisinə baxdıqda bükümün içində heroin olduğu bildirməsi göstərilmişdir. Lakin Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairələri həmin tarixdə saat 10:52-dən başlayaraq ünvan 11 ünvanı kimi müəyyən olunmuşdur. Odur ki, sözügedən faktlarla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılması ilə şəxsi axtarışın keçirilməsi arasında bir neçə saatdan çox vaxtın keçməsi və şübhəli şəxs qismində tutulan zaman üzərində dərhal narkotik vasitə və ya qanunla qadağan olunmuş digər əşyanın olub-olmaması halının yoxlanılmaması həmin sübutun onun cibinə “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı şübhələr yaradır, çünki həmin müddət ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Azərbaycan Respublikası CPM-nin 153.1-ci maddəsinə əsasən cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 153.2-ci maddəsinin tələblərindən görünür ki, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı və onu tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə bağlı digər vəzifələri yerinə yetirməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətləri həyata keçirən polis əməkdaşı tutulmuş və ya həbsə alınmış şəxsi təxirə salınmadan polis orqanına gətirməli, tutulma və ya həbsə alma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulmuş və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və ya həbsə alma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir. Məhkəmə qeyd edir ki, işin mühüm əhəmiyyət kəsb edən halları baxımından Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə Lahıcovun işi arasında olan bənzərlik həmin presedentin hazırki işə tətbiqini şərtləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından biri olan “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üzərinə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, 2 saylı Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə, tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Beləliklə məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə saxlanıldığı yerdə deyil, bir neçə saat sonra polis şöbəsində xidməti otaqda keçirilmiş, azadlığı faktiki məhdudlaşdırıldığı andan barəsində tutulma protokolu tərtib edilməmiş, tutulmuş şəxs təxirə salınmadan polis orqanının müvəqqəti saxlama yerində qeydiyyata alınmamışdır və bununla da ittihamın əsası olan şübhəli şəxsin tutulması, şəxsi axtarış və götürmə haqqında protokollar cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə tərtib edildiklərindən və protokollarda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı obyektiv sübutlarla inkar edildiklərindən, həmin protokollar əsasında aparılan sonrakı istintaq hərəkətlərinin Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi yoxdur. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirini etiraf etməsi ilə bağlı verdiyi ifadə onun təqsirini boynuna alması ilə bağlı deyildir. Belə ki, cinayət prosessual qanunvericilik təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı təqsirini boynuna alması və ya almaması ilə bağlı olmadığını təsbit edir (CPM-in 324.3.4-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinin və CPMin 90.9 və 91.7-ci maddələrinin tələblərinə müvafiq olaraq, şübhəli və ya təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədilə ifadə verməmək, yaxud digər şəxslərin hüquqlarını pozmadan qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququna malikdir. Məhkəmə, ibtidai araşdırma orqanının digər sübutlarını, yəni Şahid1, Şahid2, Şahid5 və Şahid6 ifadələrini mötəbər sübut kimi qəbul etməyərək qeyd edir ki, həmin ifadələr ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə verilmişdir. Həmçinin, adı çəkilən şahidlərin ifadələrində göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı tədqiq edilmiş və iş materiallarında olan digər sübutlarla tam təkzib olunur. Yəni, həmin ifadələr işə aid digər sübutlara uyğun gəlmədiyindən mötəbər hesab oluna bilməz və bu səbəbdən də ittihamın əsasını da təşkil edə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici, ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, ittiham aktında təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi qeyd edilsə də, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini qeyd etməklə yanaşı, ilk öncə törətdiyi oğurluqla bağlı saxlanılsa da, olduğu polis bölməsinin əməliyyat müvəkilli ona oğurluq cinayətinin ağır cinayət olduğunu, narkotik vasitələrin istifadəsində təqsirləndirildiyi təqdirdə vəziyyətinin daha yüngül olacağı ilə bağlı aldadıldığını, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəni məruz qaldığı təzyiq altında verdiyini bildirmişdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X13 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməllərinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-332/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli hökümdən görünür ki, Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Şahid3 üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. 141.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən aşağıdakı hallar sübut edilmiş hesab olunur: 141.1.1-ci maddəsinə əsasən ümumi məlum olan faktlar; 141.1.2-ci maddəsinə əsasən müasir elmdə, texnikada, incəsənətdə və digər sahələrdə ümumi qəbul edilmiş təhqiqat metodlarının düzgünlüyü; 141.1.3-cü maddəsinə əsasən məhkəmə üçün preyudisial qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli qərarına əsasən Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı sübuta yetmədiyindən, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə Təqsirləndirilən şəxs bəraət verildiyindən, cinayət işi üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 81 (səksən bir) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman narkotik vasitə olan heroinin aşkar edilməsi məhkəmə prosesində təsdiqini tapmasa da, iş üzrə maddi sübut kimi keçən, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.629 qram narkotik vasitə - heroinin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması faktı müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, maddi sübut – narkotik vasitənin bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan heroinin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün hökm qanuni qüvvəyə mindikdən sonra zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, maddi sübut kimi saxlanılan 0.629 qram narkotik vasitə - heroin isə aparılan araşdırma sona çatanadək Bakı şəhəri Xətai RPİ-nin saxlanc otağında saxlanılmalıdır. İş üzrə maddi sübut - 02 ədəd “DVD” və 03 ədəd “CD” formatlı disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2ci maddələri ilə elan edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalından azad edilsin. Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən, lakin qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hökm qanuni qüvvəyə mindikdən sonra baxılmış cinayət işi üzrə materiallardan narkotik vasitəyə dair cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər Xətai Rayon Prokurorluğuna göndərilsin və cinayət işi üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq 0.629 qram çəkisi olan “heroin” araşdırma sona çatanadək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına saxlanılsın. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut 02 ədəd “DVD” və 03 ədəd “CD” formatlı disklər iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev
Məhkəmə qərarları › İş №1(011)-317/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-317/2022
25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver