Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-317/2025 24.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, zərərçəkmiş hüquqi şəxs "xxxx" Şirkətinin etibarnamə üzrə nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1985-ci il tarixdə Göyçay rayonu, Potu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, məhkumluğu olan, hazırkı iş üzrəbarəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, ********* nömrəli cinayət işi üzrə barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)- 324/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, özgənin əmlakını talama məqsədi ilə 07 may 2025-ci il tarixdə saat 04 radələrində ünvan 2 ünvanın qarşısında park edilmiş Şahid1 məxsus “Mercedes-Benz” markalı, “Vito” modelli **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq qapısından salona daxil olub ön iki oturacaq arasından onun müqavilə əsasında sürücü kimi xidmət göstərdiyi "xxxx" şirkətinin mülkiyyətindəki qəhvəyi rəngli çantadan 2300 manat dəyərində aksessuarları ilə birlikdə “Lenovo ThinkPad E15 G4/15.6” markalı notbuku gizli olaraq talayıb "xxxx" şirkətinə 2300 (iki min üç yüz) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 may 2025-ci il tarixdə saat 20 radələrində ünvan 3 ünvanın qarşısından keçərkən binanın qarşısındakı avtomobillərin qapılarını yoxlamağa başlamışdır. Həmin vaxt “Mercedes- Benz” markalı “Vito” modelli avtomobilin qapı kilidinin düymələrinin dik vəziyyətdə olmasını görmüş və başa düşmüşdür ki, həmin avtomobilin qapısı açıqdır. Həmin vaxt küçədə heç kim olmamışdır. Avtomobilin salonunda bir ədəd əl çantası olmasını görüb içərisində nə olmasına baxmaq üçün salona əyləşmişdir. Salonda sürətlər qutusu dəstəyinin yanında iki ədəd yaddaş kartı və poverbank olmasını görüb onları götürüb cibində gizlətmişdir. Bundan sonra avtomobildə əvvəlcədən gördüyü əl çantasının içərisinə baxdıqda notbuk olmasını aşkar etmişdir. Həmin notbuku yanında olan maus və şarj adaptoru ilə birlikdə götürüb özü ilə gətirdiyi göy rəngli sellofan torbaya qoyub dərhal avtomobili tərk etmişdir. Daha sonra saat 05 radələrində yenidən Həzi Aslanov metrosu yaxınlığına gəlmiş və orada yoldan keçən gümüşü rəngli “Mercedes” markalı avtomobili saxlatdırıb “20 Yanvar” metrosu istiqamətinə sürməyini xahiş etmişdir. Yolda olarkən taksi sürücüsünə üzərindəki yaddaş kartını göstərib avtomobilin maqnitafonuna daxil etməsini xahiş etmişdir. Yaddaş kartında musiqilər olmuş və ”20 Yanvar” metrosunda avtomobildən düşdükdə 1 manat pul verib həmin yaddaş kartını avtomobildə qoymuşdur. Notbuku, poverbank və bir ədəd yaddaş kartını həmin gün “20 Yanvar” metrosu yaxınlığında tanımadığı şəxsə 200 manata satmışdır. 10 may 2025-ci il tarixdə Binəqədi rayonu ərazisində olarkən polis əməkdaşları onu tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsində olarkən izahat verərək törətdiyi cinayəti etiraf etmişdir. 10 may 2025-ci il tarixdən 13 may 2025-ci il tarixədək şöbədə olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs "xxxx" Şirkətinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən "xxxx" anonim şirkətinin Azərbaycan Respublikasında yerləşən nümayəndəliyinin direktorudur. Şirkətin fəaliyyəti müdafiə sənayesi sahəsini əhatə edir. Şirkətin baş ofisi Türkiyə Respublikasında yerləşir. xx.xx.2025-ci il tarixdə saat 16:15 radələrində DİN-də şirkət rəhbərliyi ilə görüşdən çıxıb, Türkiyə səfirliyi tərəfindən təyin olunmuş **-OF-*** dövlət qeydiyyat nişanlı, boz metalik rəngli, “Mercedes” markalı “Vito” modelli avtomobilə əyləşmişdir. Həmin vaxt üzərində çanta və içərisində "xxxx" şirkətinə məxsus “Lenovo ThinkPad E15 G4/15.6” markalı notbuk və aksesuarları olmuşdur. Bakı şəhəri, Azadlıq prospekti 1 ünvanında yerləşən “Radisson” otelinə getmiş, avtomobildəki qonaqları otelə düşürmüşdür. Qonaqları yola saldıqdan sonra avtomobillə geri qayıtmış həmin vaxt notbuk olan çantanı avtomobilin sürücü oturduğu yerin yan hissəsinə qoymuşdur. Avtomobilin sürücüsü Şahid1la birlikdə “Port Bakıı”ya getmişdir. Notbuk olan çantanı DİN-dən çıxdıqdan sonra olduğu vəziyyətdə sürücünün əyləşdiyi oturacağın sağ yan hissəsinə qoymuş və digər yerlərə gedərkən də oradan götürməmişdir. Ən son Ali Məhkəməyə saat 18:30 radələrində sürücü ilə getmiş, oradan sürücü Şahid1la sağollaşmışdır. Növbəti gün xx.xx.2025-ci il tarixdə saat 07:44 radələrində Şahid1 SMS yazaraq, Xətai rayonu, X.Məmmədov 15 ünvanın qarşısında saxladığı **-OF-*** dövlət qeydiyyat nişanlı, boz metalik rəngli, “Mercedes Vito” markalı avtomobilin içərisindən naməlum şəraitdə naməlum şəxs tərəfindən "xxxx" şirkətinə məxsus “Lenovo ThinkPad E15 G4/15.6” markalı, qara rəngli notbukun və aksesuarlarının oğurlandığını, çantanın isə avtomobildə qaldığını bildirmişdir. Şahid1 avtomobili xx.xx.2025-ci il tarixdə axşam saat 19 radələrindən xx.xx.2025-ci il saat 07:44 radələrinədək yaşadığı ünvanın qarşısında saxladığını bildirmişdir. Çantanın içərisindəki notbuk və aksesuarları "xxxx" şirkətinin balansındadır və dəyəri maus və şarj etmək üçün adaptoru ilə birlikdə 2300 manat təşkil edir. Hadisə nəticəsində dəymiş maddi ziyan cəmi 2300 manatdır. Yaddaş kartı Şahid1 məxsus olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, **- OF-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı “Vito” modelli avtomobil mülkiyyətindədir. Bir ildir "xxxx" şirkətində nümayəndələrin bir ünvandan digər ünvana çatdırılması üçün öz avtomobili ilə fəaliyyət göstərir. 06 may 2025-ci il tarixdə Mabudla birlikdə bir neçə ünvanlara getmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs özü ilə gətirdiyi çantanı avtomobilin ön hissəsində oturacaqların arasındakı boşluğa qoymuşdur. O, çantanın içərisində notbuk olmasını bilmişdir, çünki Mabud həmin notbukdan istifadə etmişdir. Həmin gün saat 18:30 radələrində Mabudu, Ali Məhkəmənin yanında düşürmüşdür. Avtomobildən düşən zaman Mabuda çantanın avtomobildə qalması barədə bildirsə də Mabud çantanın avtomobildə qalmasını sonra götürəcəyini bildirmişdir. Bundan sonra yaşadığı ünvan 7 ünvanına gəlmişdir. Avtomobili tərk edən zaman həmin notbuk Mabudun qoyduğu yerdə qalmış və avtomobilin qapılarını bağladığını zənn edib yaşadığı ünvana getmişdir. Növbəti gün saat 07:30 radələrində avtomobilə yaxınlaşmış və avtomobilə əyləşdikdə ön alın şüşəsindəki videoqeydiyyatçının yerindən çıxarılıb avtomobilin ön panelinin üzərinə qoyulmasını görmüşdür. Bundan əlavə sağ tərəf sərnişin oturacağının ayaqaltı adlanan hissəsində palçıqlı ayaq izləri olmasını gördükdə dərhal Mabudun avtomobildəki notbuk olan çantasının içərisinə baxmış və içərisində heçnə olmadığını görmüşdür. Mabudla əlaqə saxlayıb avtomobildən oğurluq edilməsini bildirmişdir. Avtomobilin digər yerlərinə nəzər salıb sürətlər qutusu qolunun yanındakı özünə məxsus iki ədəd yaddaş tutucu kartın və bir ədəd mobil telefonu şarj etmək üçün poverbankın yerində olmadığını aşkar etmişdir. Avtomobildən oğurlanmış notbukla bağlı ona heç bir maddi ziyan dəyməmişdir. Ona məxsus oğurlanmış əşyalar sadəcə iki ədəd yaddaş kartı və bir ədəd poverbank olmuşdur. Həmin əşyaları çoxdan istifadə etdiyi üçün ayrı-ayrılıqda qiymətlərini xatırlamasa da ümumilikdə 50 manat dəyəri olar. İş materiallarında olan yaddaş kartı ona məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə səhər saat 05 radələrində yaşadığı ünvandan mülkiyyətindəki “Mercedes C-Klass 202” markalı, gümüşü rəngli, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobillə çıxıb, qardaşının yoldaşını Müşviq qəsəbəsindən götürüb, xəstəxanaya aparmalı olmuşdur. “Həzi Aslanov” metrosu istiqamətində hərəkətdə olarkən metronun yanında bir nəfər tanımadığı şəxs avtomobilinə əl etmiş və avtomobili həmin şəxsin yanında saxlamışdır. Həmin şəxs “20 Yanvar” metrosu istiqamətinə getdiyini deyib, ondan da, həmin istiqamətə getməyi barədə soruşmuşdur. Sonradan adının Sənan olmasını bildiyi həmin şəxsə “hə” cavabı vermişdir. Sənan avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Sənanın əlində bir ədəd ağ rəngli və bir də göy rəngli sellofan bağlama olmuşdur. Bildiyinə görə göy rəngli sellofan bağlamanın içərisində notbuk olmuşdur. Ağ rəngli sellofanın içərisində nə olduğunu görməmişdir. Sənan ağ sellofan bağlamanı ayaq altına qoysa da, göy rəngli sellofan bağlamanı qucağında saxlamışdır. Sükan arxasında çox danışan biri olmadığına görə Sənanla ünsiyyət yaratmamışdır. Sənan yolda gödəkçəsinin döş cibindən yaddaş kartı çıxarıb ona sual vermişdir ki, “avtomobilin maqnitofonu yaddaş kartını dəstəkləyir mi?”. O, Sənana dəstəklədiyini bildirmişdir. Sənan ağ rəngli, üzərində heç bir yazı olmayan, markası, yaddaş tutumu bilinməyən yaddaş kartını maqnitofona daxil etmişdir. Yaddaş kartında rus mahnıları olmuşdur. Sənan, ona Göyçay rayonundan olduğunu, hər gün bu yolu gedib gəldiyini, “Həzi Aslanov” metrosu yaxınlığında kirayə yaşadığını, “20 Yanvar” metrosu tərəfdə kafedə işlədiyini bildirmişdir. Avtomobildə Sənanla bunlardan başqa heç bir söhbəti olmamışdır. Sellofandakı əşyalar barəsində heç bir söhbətləri olmamışdır. Həmin əşyaların oğurluq olmasını bilməmişdir. Təxminən 05:53 radələrində Sənan “20 Yanvar” metrosunun yanında avtomobildən düşmüş, lakin yaddaş kartını götürməmişdir. Sənana yaddaş kartını yaddan çıxardığını, götürməsini bildirsə də, Sənan 1 manat pul uzadıb, yaddaş kartını da ona vermişdir.. Daha sonra yanındakı əşyaları götürərək avtomobildən düşmüşdür. Qardaşının yoldaşını xəstəxanaya aparmış, daha sonra işə getmişdir. Ümumiyyətlə sonradan Sənanı görməmişdir. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları onu şöbəyə dəvət etmişlər. O, polislərə olduğu kimi izahatını vermiş və Sənanı əyani şəkildə görsə tanıya biləcəyi barədə sual verilmiş və tanıyacağını bildirmişdir. Şöbədə Təqsirləndirilən şəxs 4 nəfər şəxs içərisindən tanımışdır. Bu barədə fotoşəkillər çəkilmiş və protokol tərtib olunmuşdur. 4 nəfər şəxs içərisindən 3-cü sırada dayanmış şəxs ona yaddaş kartını verən Sənan olduğundan, əli ilə Sənanı göstərmişdir. Yaddaş kartını polislərə təqdim etmişdir. Polis şöbəsində olan zaman Təqsirləndirilən şəxs tutulduğunu bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 may 2025-ci il tarixli qərardan görünür ki, material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraatına qəbul edilmişdir (i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 08 may 2025-ci il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanın qarşısında “Mercedes-Benz” markalı, “Vito” modelli **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisinə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar baxış keçirilmiş və baxış zamanı avtomobilin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 9-12); Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Elvin Qulamov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə ünvan 8 ünvanda “Mercedes Benz” markalı avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxs xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:00-da tərəflərindən müəyyən edilərək tutulmuş və raportun icrası üçün 36-cı PŞ-nə gətirilmişdir (i.v. 15); şəxsin tanınması haqqında 10 may 2025-ci il tarixli protokoldan görünür ki, Şahid2 avtomobilinə sərnişin kimi əyləşən və ona yaddaş kartını verən şəxsin 3-cü sırada dayandığını bildirmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 18-20); əşyanın könüllü olaraq təqdim edilməsi haqqında 10 may 2025-ci il tarixli protokoldan görünür ki, Şahid2 istintaq orqanına könüllü olaraq yaddaş kartını təqdim etmiş və ona məxsus olmamasını bildirmişdir (i.v. 22-23); şübhəli şəxsin tutulması haqqında 11 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:20 radələrində CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 35); ifadənin yerində yoxlanılması haqqında 11 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 44-46); zərərçəkmiş hüquqi şəxs qismində tanınma haqqında 12 may 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə "xxxx" Şirkəti zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır (i.v. 49-50); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (i.v. 59-60); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-252/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir (i.v. 80- 85); qətimkan tədbirinin seçilməsi haqqında 13 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 86-88); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək dəymiş zərərin 3000 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 231.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad edilmişdir; Göyçay Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə “Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunu tətbiq olunmuş və Xəzər Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2017-ci il tarixdə cəzadan azad edilmişdir; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci ildə cəzasının sonu ilə azad edilmişdir (i.v. 89-91); əşyanın tanınmaya təqdim edilməsi haqqında 15 may 2025-ci il tarixli protokoldan görünür ki, Şahid1 ona təqdim edilmiş eyni funksiyaya malik müxtəlif forma və rəngdə olan 04 ədəd sıra sayı ilə işarələnmiş yaddaş kartlarının içərisindən 2 nömrəsi ilə işarələnmiş ağ rəngli yaddaş kartını göstərib ona məxsus olan yaddaş kartı olmasını və oğurluq hadisəsi nəticəsində ələ keçirildiyini bildirmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 103-105); sübutların qiymətləndirilməsi haqqında 21 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmaqla barəsində seçilmiş qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 180ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ifadənin hadisə yerində yoxlanılması, götürmə və tanınmaya təqdim etmə haqqında protokollar sübut növü kimi qiymətləndirilmişlər, 01 ədəd yaddaş kartı maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur (i.v. 110-115); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-324/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 12 iyun 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (Köhnə redaksiyada). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının 13 iyun 2025-ci il tarixli 211-VİİQD nömrəli Qanununa əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasına dəyişiklik edilərək “iki” sözü “üç” sözü ilə əvəz edilmiş və Qanun 25 iyun 2025-ci il tarixdə dərc edilmişdir. Lakin Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 07 may 2025-ci il tarixdə törətdiyindən və Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasına edilmiş dəyişiklik onun cəzasını və vəziyyətini ağırlaşdırdığından CM-nin 10.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla həmin cinayət qanununun geriyə qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan, həmçinin Göyçay Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli və Göyçay Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmləri üzrə olan məhkumluqları bu Məcəllənin 83cü maddəsində nəzərdə tutulmuş qaydada ödənildiyindən Azərbaycan Respublikası CMnin 18.4.3 və 18.4.4-cü maddələrinə əsasən cinayətlərin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və xx.xx.2025-ci ildə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi halda hazırki cinayət əməlini törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə məhkumluğun ödənilməməsi Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən cinayətlərin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Əlavə olaraq nəzərə çatdırılmalıdır ki, cinayət işinin materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında 11 may 2025-ci il tarixli protokolda Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:20 radələrində tutulması qeyd edilsə də, Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Elvin Qulamov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan və şəxsin tanınması haqqında 10 may 2025-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs məhz xx.xx.2025-ci il tarixdə tutulmuşdur. Bu hal həmçinin təqsirlənidirilən şəxs və Şahid2 ifadələri ilə də öz təsdiqini tapır. Məhkəmə, Təqsirləndirilən şəxs ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarının islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, bundan əlavə təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun 10 may 2025-ci il tarixdən 13 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 24 iyul 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ********* nömrəli cinayət işi üzrə barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-324/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən 03 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan 01 ədəd yaddaş kartı hökm qanuni qüvvəyə mindikdən sonra Şahid1 qaytarılmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 may 2025-ci il tarixdən 13 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-324/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən 03 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan 01 ədəd yaddaş kartı hökm qanuni qüvvəyə mindikdən sonra Şahid1 qaytarılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-317/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-317/2025
24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver