Məhkəmə qərarları › İş №1(011)-319/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-319/2020

13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-319/2020 13.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Zərərçəkmiş şəxs , Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1970-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, 271 saylı baxçada məcburi köçkün kimi məskunlaşaraq yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzabati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 14 radələrində ünvan 3 saylı ünvanda yerləşən “Görüş” kafesinin qarşısında qayını Zərərçəkmiş şəxs boşanmaq ərəfəsində olduğu bacısı Şahid harada olmasını soruşduqda bacısının yerini bilmədiyini bildirdikdən sonra Zərərçəkmiş şəxs «neçə kişisən ki, bacının yerini bilmirsən» dediyinə görə aralarında yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs sifətinə bir dəfə yumruqla vuraraq ona ağrı simptomu ilə müşayət olunan, cərrahi tikişlərə ehtiyacı olan sol qaşüstu nahiyədə əzilmiş yara və başın sol gicgah nahiyəsində şişkinli qançır, başın sol ənsə nahiyəsində qansızma və sağ diz oynağı nahiyəsində nəm sıyrıqdan ibarət ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, habelə cinayət işinin materiallarında olan işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirdi ki, hazırda Bakı şəhəri, Xətai rayonu, 217 saylı uşaq baxçasında ailə üzvləri ilə birlikdə məcburi köçkün kimi yaşayır. Zərərçəkmiş şəxs onun bacısının əridir. Rəhman mütəmadi olaraq evdə münaqişə yaratdığından, bacısı Zənifə ondan ayrı yerdə yaşayır. xx xxxx 2020-ci il tarixdə saat 14:30-da Rəhman onun gözətçi kimi işlədiyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2a ünvanında yerləşən restorana gələrək təhqiramiz formada Zənifənin harada olmasını soruşmuşdur. Zənifənin yerini bilmədiyini dedikdə Rəhman onu təhqir etmişdir. Bundan sonra onlar bir qədər söhbət edərək sakitləşmişlər, həmin vaxt Rəhman ona birlikdə nahar yeməyi yemek üçün restorana getməyi təklif etmişdir. O, Rəhmanın avtomobilinə əyləşərək Xətai rayonu, Neapol dairəsinin yaxınlığında yərləşən “Görüş” kafesinin yanına getmişlər. Avtomobildən aşağı endikdən sonra sonuncu yenidən onu nalayiq sözlərlə təhqir etmişdir. Bu zaman o, dözməyərək yumruğu ilə Rəhmanın sifət nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Rəhman alın nahiyəsindən xəsarət aldıqdan sonra öz avtomobilinə əyləşərək hadisə yerindən getmişdir. O, isə hadisə yerindən piyada iş yerinə getmişdir. Sonradan ona məlum olmuşdur ki, Rəhman onun barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Törətdiyi əməlindən peşmandır. Hazırda Zərərçəkmiş şəxslə barışdıqlarını, sonuncunun ona qarşı tələb və şikayətinin olmadığı nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 5 mənzil 148 ünvanında yaşayır. Təqsirləndirilən şəxs onun arvadının qardaşı Təqsirləndirilən şəxsdur. Şahid ilə 13 ilə yaxın müddət rəsmi nikaha daxil olaraq birgə yaşamışlar. Ailə münasibətlərində gərginlik və qısqanclıq olduğundan Zənifə onunla birgə yaşamaq istəməyərək evdən ayrılaraq xəbəri olmayan bir yerdə yaşamağa başlamışdır. Bu səbəbdən Zənifənin bacı və qardaşlarından Zənifənin harada olmasını maraqlanmışdır. xx xxxx 2020-ci il tarixdə, saat 14:30-da qaynı Vaqifin gözətçi kimi işlədiyi Bakı şəhəri, Xətai rayonunda yerləşən restorana gedərək Zənifənin harada olmasını soruşmuş, həmin vaxt Vaqif ona Zənifənin yerini bilmədiyini bildirmişdir. Nahar vaxtı olduğundan o, Vaqifə birlikdə nahar etməyi təlif etmiş, bundan sonra Vaqiflə birlikdə istifadəsində olan avtomobilə əyləşərək Neapol dairəsində yerləşən kafelərin yanına getmişlər. Avtomobildən enərək restoranların işləmədiyini görmüş, həmin vaxt Vaqifə yenidən bacısının yerini ona deməsini xahiş etmişdir. Vaqif yenidən kobud formada bacısının yerini bilmədiyini bildirdikdə o, əsəbləşərək Vaqifə “ necə qardaşsan ki, bacıvın yerini bilmirsən” deyə sual vermişdir. Bundan sonra gözləmədiyi anda Vaqif yumruqla onun alın nahiyəsindən vurmuşdur. Bundan sonra avtomobilinə əyləşib hadisə yerindən çıxıb getmişdir. Daha sonra Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə gedərək ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid bildirmişdir ki, Zərərçəkmiş şəxslə birlikdə 13 il müddətində ünvan 6 mənzil 148 ünvanında yaşamışlar. Daha sonra aralarında tez-tez mübahisələr olunduğundan ayrı yaşamaq qərarına gəlmiş və Rəhmandan ayrılmışdır. Bu səbəbdən Rəhman bir neçə dəfə onun bacı və qardaşlarından harada olduğunu maraqlanmışdır. O, hadisənin şahidi olmasa da, qardaşı Vaqifdən eşitmişdir ki, Rəhman xx xxxx 2020-ci il tarixdə Vaqifin gözətçi kimi işlədiyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prs.2a ünvanında yerləşən “Elçaço” restaranına gedərək onun harada olmasını soruşmuşdur. Vaqif onun yerini bilmədiyini dedikdə Rəhman onu avtomobilinə dəvət etmiş, onlar avtomobillə Xətai rayonu Neapol dairəsinin yaxınlığına getmişdirlər. Orada avtomobildən enərək aralarında yaranmış mübahisə zamanı Vaqif əli ilə onun alın nahiyəsindən yumruqla vurmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır (i.v. 01); Zərərçəkmiş şəxs Bakı şəhər Xətai RPİ-nin 35-ci PB-nə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, şikayət ərizəsi ilə polis bölməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdə qaynı Təqsirləndirilən şəxs onun üz nahiyyəsindən yumruqla vuraraq xəsarət yetirdiyini bildirmiş və Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (i.v. 04); Məhkəmə tibbi ekspertizasının təyin edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində məhkəmə tibbi ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və X3 rayon şöbəsinə həvalə olunmuşdur (i.v. 08); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasının xx.xx.2020-ci il tarixli 765 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - ağrı simptomu ilə qeyd olunan, cərrahi tikişlərə ehtiyacı olan sol qaşüstü nahiyədə əzilmiş yara və başın sol gicgah nahiyəsində şişkinli qançır, başın sol ənsə nahiyəsində qansızma və sağ diz oynağı nahiyəsində nəm sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2020-ci il tarixdə kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər, ağrı simptomu ilə qeyd olunan, cərrahi tikişlərə ehtiyacı olan sol qaşüstü nahiyədə əzilmiş yara və başın sol gicgah nahiyəsində şişkinli qançır ümumilikdə və ayrı-ayrılıqda dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, digər xəsarətlər isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilir. Xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin şəxsin özü-özünə yetirməsi, həmçinin öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir. (i.v.13-14); Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.23); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartoçkasında heç bir məlumat tapılmamışdır (i.v.47); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.63); Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur; Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, əməlindən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmış, bu səbəbdən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPMnin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar