Məhkəmə qərarları › İş №1(011)-319/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-319/2024

11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-319/2024 11.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşayan, barəsində “başqa yerə getməmək haqqaında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 0,401 qram narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 01 mart 2024-cü il tarixdə, saat 11:00-da ünvan 3 ünvanın yaxınlığında saxlanılıb ünvan 46-cı PŞ-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi-axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,401 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, video çəkilişə baxış protokolu və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə iki dəfə məhkum olunmuşdur. Bədənində ağrılar olduğundan 15 ildən çoxdur ki, narkotik vasitə qəbul edir. Sonuncu dəfə Xətai rayonu ərazisində yerləşən Həzi Aslanov metrosunun yaxınlığında tanımadığı şəxsdən 10 manat müqabilində 1 büküm narkotik vasitə heroin almış və cibində saxlamışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 11 radələrində yaşadığı Xətai rayonu, X.Məmmədov küçəsində olduğu zaman mülki geyimli əməkdaşlar yaxınlaşıb polis işçiləri olduqlarını və onu şübhəli şəxs kimi Polis Şöbəsinə dəvət etmişlər. O polis əməkdaşları ilə birlikdə Xətai RPİ-nin 36cı PŞ-də müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 1 büküm maddəni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Daha sonra əməlindən peşman olduğunu, səmimi etirafını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə Polis Şöbəsinə məlumat daxil olmuş, məlumatı aldıqdan sonra tərəfindən şöbə rəisinə məruzə olunmuş və əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qrupun rəhbəri o və digər üzvü şöbənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 təyin olunmuşdur. 01 mart 2024-cü il tarixdə saat 11:00 radələrində Xətai rayonu, Xudu Məmmədov küçəsində müşahidə aparmağa başlamış, Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsi görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş, narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib Xətai RPİ-nin 36-cı PŞ-nə dəvət etmişlər. Şöbədə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş hər hansı maddə və ya əşya varsa təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin maddənin kakos kimi tanıdığı narkotik vasitə olduğunu, onu H.Aslanov metrostansiyasının yaxınlığından tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Daha sonra həmin büküm zərfə qoyularaq möhürlənmiş və protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq iştirakının təmin edilməsi mümkün olmayan Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi Şahid1 ifadəsinə oxşar olmuş və heç bir ziddiyyət təşkil etməmişdir. Bununla da cinayət işinin yuxarıda göstərilən xüsusatları bir daha təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 36-cı PB-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə (kakos ) heroin olduğunu bildirmişdir. Aşkar olunmuş 01 ədəd sellofan büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 02 mart 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD-R formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selofan bükümü çıxardaraq təqdim etmiş və həmin bükümdə olan maddənin narkotik vasitə (kakos) heroin olduğunu, Xətai rayonu ərazisində yerləşən Həzi Aslanov metrosunun yaxınlığında tanımadığı şəxsdən 10 manata müqabilində aldığını bildirmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 01 mart 2024-cü il tarixli 3- 16-16/2-6/1258 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 0,401 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarına əlavə edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli 1526 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 02 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,351 qram çəkidə narkotik vasitə olan heroin saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan 02 mart 2024-cü il tarixli Xətai Rayon Prokurorunun qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal MSY-dən azad edilmişdir. İş materiallarında olan 02 mart 2024-cü il tarixli tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və 20 yanvar 2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Məhkumluq ödənilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə edib özündə saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi etirafını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Yuxarıda göstərilənləri və təqsirləndirilən şəxsin iki dəfə eyni maddə ilə məhkum olunmasını və bundan nəticə çıxartmamasını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqaında iltizam” qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalında həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,351 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanındığından iş materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə xərci ilə bağlı münasibətdə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri - 81 (səksən bir) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,351 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar