Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-32/2022 26.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və onların nümayəndəsi X1, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 187.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Məhkəməyədək istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını qəsdən məhv etmək və zədələmək məqsədi ilə 27 oktyabr 2017-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində yerləşən 50/2A saylı fərdi yaşayış evinin yaxınlığına gələrək özü ilə gətirdiyi bir ədəd plastik butulkadakı benzini götürüb, evin qarajına daxil olaraq, orada saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus “Mercedes Benz E240” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsinə və içərisinə benzini töküb od vurmaqla qəsdən yandırmış, nəticədə avtomobil tamamilə yanıb məhv olaraq Zərərçəkmiş şəxs1 xeyli miqdar hesab olunan 17.200 (on yeddi min iki yüz) manat məbləğində zərər vurmuş, həmçinin ehtiyatsızlıqdan yaşayış evinin bir hissəsi yanaraq zədələndiyindən Zərərçəkmiş şəxs2 xeyli miqdar hesab olunan 20.000 (iyirmi min) manat məbləğində maddi ziyan vurmuşdur. Bu hərəkəti ilə o, Azərbaycan Respublikası CM-nin 186.2.2 və 187.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə hazırlıq iclası zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və onların nümayəndəsi X2 hər biri ayrı-ayrılıqda ibtidai istintaqın qurtarması barədə onlara məlumat verilmədiyini, həmçinin cinayət işinin materialları ilə tanış olmaq üçün onlara imkan yaradılmadığını bildirərək cinayət işinin baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişlər. Dövlət ittihamçısı vəsatət verərək məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, ibtidai istintaq aparan müstəntiq barədə xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, 30.09.2021-ci il tarixli vəsatətə baxılması haqqında qərardan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və onların nümayəndəsi X1 vəsatətləri rədd edilmiş, Azərbaycan Respublikası CPM-nin 287.2-ci maddəsinin tələbinə əsasən həmin qərar sonunculara təqdim edilməmişdir. Həmçinin, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda və ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin motivi göstərilməmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi hər biri ayrı-ayrılıqda ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin sonuncu ifadəsində hazırki cinayət əməlini Şahid1 xahişi ilə törətdiyini göstərdiyini, lakin ifadəsinin təhrif olunduğunu bildirərək cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişlər. Cinayət işinin materiallarında olan 30.09.2021-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və onların nümayəndəsi X2 “cinayət işinin materialları ilə tanış etmək haqqında” protokolu imzalamaqdan imtina etdiklərini bildirmişlər. 30.09.2021-ci il tarixli vəsatətə baxılması haqqında qərardan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və onların nümayəndəsi X1 vəsatətləri rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 287.2-ci maddəsinə əsasən vəsatətin tam və ya qismən rədd edilməsi haqqında müstəntiq əsaslandırılmış qərar çıxarır və həmin qərarın surətini vəsatətin verildiyi andan 48 saatdan gec olmayaraq vəsatəti vermiş şəxsə təqdim edir. Vəsatət həll edilməyənədək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilə bilməz. Lakin iş materiallarından görünür ki, göstərilən qərar vəsatəti vermiş şəxslərə təqdim edilməmişdir. Bundan başqa təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda və ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin motivi göstərilməmişdir. Göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 301.1 və 301.1.3-cü maddələrinin mənasına görə məhkəmə baxışı yalnız məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda, keçirilə bilər. 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə verilmiş vəsatətləri, proses iştirakçılarını dinləyərək və cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, məhkəməyədək icraat zamanı CPM-nin 303.3.6 və 303.3.8-ci maddələrində nəzərdə tutulan kobud pozuntulara yol verildiyindən dövlət ittihamçısının vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 187.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna qaytarılmalıdır. Eyni zamanda məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 300, 303-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısının vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 187.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-32/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-32/2022
26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver