Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-32/2025 03.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Ramazanov Zəfər Akif oğlunun sədrliyi, Qorçulu Aysu Tariyel qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X8 küçəsi, ev 4A, mənzil 35 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttihamın məzmunu Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan 0,550 qram heroini əldə edib, daşımaqla saxlamış, xx.xx.2024-cü il tarixdə saat 15:45-də Bakı şəhəri Xətai rayonu Babək prospekti 88 ünvanının yaxınlığında Xətai RPİ-nin 34-cü PŞ- nin əməkdaşları tərəfindən saxlanılmış və ünvan 2 ünvanında yerləşən Xətai RPİ-nin 34-ci Polis şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibində bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,550 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş üzrə tədqiq edilmiş sübutlar Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 06 mart 2024-cü il tarixdə saat 14 radələrində yaşadığı Qara Qarayev 100 ünvanının qarşısında (Lotos ticarət mərkəzini yanı) olarkən əvvəllər polis kimi tanıdığı Rizvan adlı şəxs maşını saxlayaraq onu polis bölməsinə dəvət etmiş. Yolda olarkən maşın bazarının yanında təxminən 15.10 da bir nəfər Rizvana zəng eləmiş, Rizvan da demişdir ki, “gəlirəm, yanımda bir nəfər var onu gətirirəm.” Onlar bölməyə çatanda orada əməliyyatçı Cəmil onları qarşılamışdır. Ona məxsus olmayan narkotik vasitəni verib video çəkiliş aparmışlar. Oradan onu prokurorun yanına aparmışlar, prokurora olanları danışmış, prokuror onu həbs etməmiş, daha sonra məhkəmənin vaxtı barədə məlumatı olmadığına baxmayaraq barəsində axtarış qərarı verilmiş və həbs olunmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki tutulduğu gün üzərində qanunsuz heç bir predmet olmamışdır, yaşadığı evə gəlib onları qeydiyyata aldığı üçün Rizvanın polis olduğunu düşünmüşdür. Rizvan evə gələndə özünü sahə rəisinin köməkçisi kimi təqdim etmişdir. Bölmədə Cəmil onu ikinci mərtəbəyə qaldırmış, ona demişdir ki, 234.1-lə rəsmiləşdirəcək. O, etiraz edəndə ona əl-qol atmışlar, lakin, xəsarət yetirməmişlər. Rizvan onu şöbəyə aparanda maşının arxa oturacağında oturmuşdu. Əgər narkotik olsa idi onu yerə atmağa tam imkanı var idi. Rizvanı ailə üzvləri də tanımışdır. **********5 saylı nömrə bacısına məxsusdur. Həmin nömrəni Rizvan da bilmişdir. Rizvan həmin nömrə ilə arada əlaqə saxlamışdır. O evə buraxılandan sonra Rizvanın bacısına zəng edərək onun tutulduğunu deməsini öyrənmişdir. Təqsirləndirilən şəxs məhkəmədə elan olunmuş, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində törətdiyi əməli etiraf edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15:45- də Bakı şəhəri. Xətai rayonu, Babək prospekti 88 ünvanının yaxınlığında olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq narkotik vasitənin istifadəsində şübhələndikləri üçün onu saxlayaraq birgə Xətai rayon 34-cü Polis Şöbəsinə getməyi izah etmişlər. O, polis əməkdaşları ilə birgə 34-cü polis şöbəsinə getmiş, şübhəli şəxs qismində tutularaq hüquq, vəzifəsi ona izah edilməklə üzərinə təqdim olunmuş vəkillərin siyahısı əsasında seçmiş olduğu vəkilin, polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə şəxsi axtarış və götürmə aparılması ətraflı izah edilmiş, üzərində olan qeyri-qanuni və digər əşyaları masanın üzərinə qoymağı təklif olunmuş, bu təklifdən sonra o, əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bükülünü, həmin bükülünün içərisində olan maddəni təqdim etmişdir.(İ cild, iş vərəqi 72-74) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, hadisənin üzərindən uzun müddət keçdiyindən Təqsirləndirilən şəxs ilə bağlı heç bir hal xatırlamır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs işlə bağlı olaraq tanıyır. Rövşənin tutulmasında iştirak etmişdir. Rövşənin saxlanılmasında Elvinlə o bir yerdə iştirak etmişlər. Təxminən Babək prospektində saxladıqları yadındadır. Rövşənin barəsində də digər işlərdə olduğu kimi öncədən daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat axtarış tədbiri keçirilmiş, Təqsirləndirilən şəxs saxlanılmışdır. Sonradan şəxsi axtarış zamanı üzərindən narkotik vasitə aşkar edilmişdir, lakin hansı növdə olduğunu xatırlamır. Saxlanılarkən və ya sonradan polis bölməsində Rövşənə qarşı hər hansı zor tətbiq edilməmişdir. Hadisə vaxtı üzərində ********** saylı mobil telefonu olmuşdur. Rövşənin tutulmasında Elvinlə ondan başqa heç kəs iştirak etməmişdir. Rizvan adlı şəxsi tanımır. Həmin vaxt Cəmil adlı əməliyyat müvəkkili bölmədə işləsə də o Rövşənin saxlanılmasında iştirak etməmişdir. xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli məhkəmə iclaslarında Şahid1 ifadə verərək göstərmişdir ki, 06 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, buna görə də ondan və Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuş, bundan sonra o və Elvin birlikdə məlumat əsasında həmin gün saat 15:45 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 88 ünvanının qarşısına getmiş, həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Rövşənin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını, həmin şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmiş, Rövşənə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu saxlayaraq Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər, Rövşən də buna etiraz etmədikdən sonra onu PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Ağasəf Şəhriyarova təhvil vermişlər. Ağasəf Şəhriyarov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmiş, bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs űzərində şəxsi axtarış keçirilməyə başlanmış, Rövşən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 0,61 qram olması müəyyən edilmişdir. (İİ cild, iş vərəqi 33-34, 135-136) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, hadisənin üstündən xeyli vaxt keçdiyi üçün heç nə xatırlamır. Şahidin ibtidai istintaq zamanı və xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məhkəmə iclaslarında vermiş olduğu ifadələri elan olunmuş, həmin ifadələrdə o göstərmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru vəzifəsində işləyir və polis leytenantıdır. 06 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Elvin birlikdə məlumat əsasında həmin gün saat 15:45 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 88 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Rövşənin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını, özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Rövşənə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib saxlayaraq Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Rövşən də buna etiraz etmədikdən sonra PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Ağasəf Şəhriyarova təhvil vermişlər. Ağasəf Şəhriyarov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Rövşən də əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 0,61 qram olması müəyyən edilmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Rövşənin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Rövşən tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şahid elan edilmiş ifadəsini təsdiq etdiyini bildirmiş, ********** saylı mobil telefonu əməliyyat axtarış tədbiri zamanı istifadə etdiyini təsdiq etmişdir. (İ cild, iş vərəqi 96-98, İİ cild iş vərəqi 77-78, 148-149) Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 hadisədən xeyli vaxt keçdiyindən baş verənləri xatırlamadığını bidirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, əsasən kamera ustası kimi çalışır, arada taksi kimi də işləyir. Polis orqanlarında işləmir, yaxud onlarla əməkdaşlıq da etmir. Polis əməkdaşlarına kameraların quraşdırılması ilə əlaqədar köməkliklər etmişdir. Həmin gün Rövşəni taksi kimi Neftçilərdən götürmüş və X4 qədər aparmışdır. “Getcontact” proqramında digər istifadəçilər tərəfindən adının polis olaraq yazılmasını o izah edə bilmir. Rövşənin polisdə saxlanılmasından məlumatı olmamışdır. Rövşənin həbs olunmasından sonra onun bacısına zəng edib bu barədə məlumat verməsini xatırlamır. Rövşən onun maşınında olan zaman heç kəsin ona zəng etməsini xatırlamır. Rövşəni tutulmamışdan əvvəl tanımış, lakin şəxsi tanışlığı olmamışdır. Rövşənin harada, kimlərlə yaşadığını bilmir, heç vaxt Rövşənin mənzilində olmamışdır. ********** nömrəli mobil telefon nömrəsi ona məxsusdur. Rövşənin bacısının istifadəsində olmuş mobil telefon nömrəsinə onun nömrəsindən Rövşənin tutulmasından əvvəl və azad olunmasından sonrakı günlərdə zəng etməsini xatırlaya bilmir. Əməliyyatçı Cəmili kəndçisi kimi tanıyır. xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə əvvəlki məhkəmə iclaslarında ifadə verən Şahid3 bildirmişdir ki, hadisə baş verən günü Rövşən ondan onu Bakı şəhəri, Xətai rayonuna aparmağını xahiş etmiş, Bakı şəhəri, Xətai rayonu, Xalqlar körpüsündən düşəndə 9 mərtəbənin yanında saxlamış, və Rövşən düşüb getmişdir. Polis əməkdaşları gələrək ona 34-cü PŞ-nə sürməsini bildirmişlər, daha sonra 34-cü PŞ-də bir az gözlədikdən sonra getməyini bildimişlər. (İİ cild, iş vərəqi 92-93) Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşı həmin gün xəstə olub və xəstəxanaya getməli idi, həmin günü qardaşı evə gəlməmişdir. Axşamüstü Rizvan ona zəng edib qardaşının harada olduğunu soruşmuş, daha sonra qardaşını tutulduğunu ona demişdir. Rövşən evə gələndən sonra Rizvanın nömrəsinə zəng edib bu məsələni onunla danışmışdır. Verilən suallara cavab olaraq göstərmişdir ki, o, Rizvanı sahə müvəkkilinin köməkçisi kimi tanımış, Rizvan onun oğlu ilə əlaqədar onların evinə baş çəkmiş Rövşən də həbsdən yeni çıxmış və onlarla yaşamışdır. Rizvanı heç vaxt xidməti geyimdə görməmişdir. Rizvan oğlu ilə əlaqədar gec-gec onlara baş çəkmiş, onu 24-cü polis bölməsinin işçisi kimi tanımışdır. Hadisə olan vaxtı özü ********* saylı mobil telefonu istifadə etmişdir. Verdiyi məlumatların mobil telefon nömrəsinin məlumatları ilə uyğun olmayan hissələrinin səbəbini izah edə bilmir, yalan danışmır. İş üzrə əlavə şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, hazırda Sabunçu RPİ-nin 12-ci PB-nin sahə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tutulması ilə bağlı heç nə xatırlamır. Rövşənin tutulmasında o iştirak etməmişdir. Verilən suallara cavab olaraq göstərmişdir ki, Şahid3 tanıyır. Həmin şəxsi kamera ustası kimi tanıyır, bəzi vaxtlarda taksi kimi də işləmişdir. Rizvan əsasən polis tərəfindən quraşdırılmış kameralara baxmışdır. Rizvanı polis əməkdaşı kimi tanımamışdır, Rizvan rəsmi olaraq polisdə işləmir. Polisin gizli agenti olub-olmamasını isə o özü də bilmir. Nizami rayonunda yerləşən ərazilərə kameraların 80 faizini Rizvan çəkmişdir. Əvvəllər Nizami 24-cü polis şöbəsində işlədiyindən bilir ki, həmin kameraların əksəriyyətini Rizvan çəkmişdir. Sabunçu rayonunda işlədiyi vaxtı Rizvanla əlaqələri olmamışdır. Əvvəllər Rizvanın məhkəmə proseslərinə çağırılması ilə bağlı o Rizvanı məlumatlandırmışdır, çünki Rizvanı tapa bilmirdilər, Rizvanla ümumi yerli kimi əlaqələri olmuşdur. O, Rizvanı tapıb məhkəməyə gəlməsini təmin etmişdir. Rövşənin tutulduğu gün onunla Rizvanın arasında olan telefon zəngini xatırlamır. Rizvan ona zəng edə bilər, lakin bunun nə ilə bağlı olmasını xatırlamır. Xatırladığına görə Rizvanın özündən onun məhkəməyə təmin edilməsindən ötrü danışanda eşitmişdir ki, həmin gün Rizvanın özü də polis şöbəsinə gətirilib, əməliyyatçılardan kimsə Rizvanın maşınına oturub və onu şöbəyə aparmasını deyib. 06 noyabr 2024-cü il məhkəmə iclası protokoluna əlavə edilmiş “Getcontact” proqramından edilmiş ekran şəklindən görünür ki, Şahid3 istifadəsində olmuş ********** saylı nömrə üzrə aşağıdakı adlar qeydə alınmışdır: “Rizvan Emeliyaçı”, “Rizvan 11B”, Polis Bakı”, “Ərazi Əməliyyat” “İlqar (polis)”, “Rizvan-Cəmil 34”, “Rizvan Oruc 24pb”, “Rizvan pom. uçastnik Djamilya”, “Uçastnik köməkçisi Rizvan”, “PolisRizvan Neftçilər”, “Rizvan Əraziyə Baxan”, “X9”, “Rizvan 24 əməliyyaçı”, “Rizvan polis ərazi”. (İİ cild, iş vərəqi 37-39) xx.xx.2024-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş Şahid3 istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə, habelə həmin nömrənin antenn dairəsinə dair məlumatlardan görünür ki, həmin nömrədən xx.xx.2024-cü il tarixdə saat 09:07:49-da Şahid6 istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsinə zəng edilmiş və 77 saniyə danışıq aparılmışdır. ********** saylı mobil telefon nömrədən xx.xx.2024-cü il tarixdə saat 15:21:37-də Şahid6 istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsinə zəng edilmiş və 300 saniyə danışıq aparılmışdır. ********** saylı mobil telefon nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 13:19:18-də Şahid5 istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsinə zəng olunmuş və 16 saniyə danışıq aparılmışıdr. (İİ cild, iş vərəqi 43-63) Zənglərin məxsusluq tarixçələrindən görünür ki, ********** saylı mobil telefon nömrəsi Şahid5 adına qeydiyyata alınmışdır. (İİ cild, iş vərəqi 64) xx.xx.2025-ci il tarixli məktubla Bakcell MMC-dən daxil olmuş Şahid6 istifadəsində olmuş ********** saylı nömrəyə daxil olan və çıxan zənglərin, eləcə də həmin nömrənin antenn dairəsinin məlumatlarından görünür ki, Şahid3 istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsindən həmin nömrəyə xx.xx.2024-cü il tarixdə 09:07:49-da zəng edilmiş və 77 saniyə danışıq aparılmış, xx.xx.2024-cü il tarixdə 15:21:37-də zəng edilmiş və 300 saniyə danışıq aparılmışdır. (İİ cild, iş vərəqi 110-117) xx.xx.2025-ci il tarixli, AZF/LGL-2829/25 saylı məktubla "xxxx" MMC-dən daxil olmuş Şahid5 məxsus ********** saylı mobil telefon nömrəsinin antenn məlumatlarına əsasən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13:19-da (eləcə də yaxın müddət ərzində) ********** saylı mobil telefon nömrəsinin antenn dairəsi Bakı şəhəri, Nizami rayonu, X6 74 “b”/Nizami/ ünvanında qeydiyyata alınmışdır. (İİ cild, iş vərəqi 99-100) xx.xx.2025-ci il tarixli, 7463 saylı məktubla "xxxx" MMC-dən daxil olmuş Şahid1 məxsus ********** saylı mobil telefon nömrəsinin antenn məlumatlarına əsasən müəyyən edilmişdir ki, ********** saylı mobil telefon nömrəsinin antenn dairəsi xx.xx.2024-cü il tarixdə saat 14:00-da Bakıxanov qəsəbəsi ərazisində, saat 16:25-dən 19:17-dək Bakı şəhəri, Xətai rayonu, X11 küç 1 ünvanında qeydiyyata alınmışdır. (İİ cild, iş vərəqi 89-90) xx.xx.2025-ci il tarixli, BKC/LGL-3922/25 saylı məktubla "xxxx" MMC-dən daxil olmuş məktubla müəyyən olunmuşdur ki, Şahid2 məxsus ********** saylı mobil telefon nömrəsi sorğuda qeyd olunan müddət ərzində "xxxx" şəbəkəsində istifadə olunmamışdır. Nömrə xx.xx.2018-ci il tarixdə təkrar satışa çıxarılıb və hal-hazıradək hər hansı abunəçinin adına rəsmiləşdirilməmişdir. (İİ cild iş vərəqi 88) “Google maps” proqramından edilmiş ekran şəkilləri aşağıdakılar müəyyən edilmişdir: Nizami rayonu, X6 74 “b” ünvanı ilə Xətai rayonu Pİ-nin 34-cü PŞ-si arasında 2,7 km məsafə vardır; Babək prospekti 88 ünvanı ilə Xətai rayonu Pİ-nin 34-cü PŞ-si arasında 500 m məsafə vardır; Bakı şəhəri, Xətai rayonu, X11 küç. 1 ünvanı ilə Xətai rayonu Pİ-nin 34-cü PŞ-si arasında 160 m məsafə vardır. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:45-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 88 ünvanında saxlanılaraq xx.xx.2024-cü il saat 16:00 da Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilmiş və NH-yə təhvil verilmişdir.(İ cild, iş vərəqi 27) xx.xx.2024-cü il tarixli ‘‘şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 06 mart 2024-cü il, saat 17:10-dan saat 17:17-yədək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 34-cü PŞ-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan maddə elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə ümumi çəkisinin 0,61 qram olması aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. (İ cild, iş vərəqi 40-43) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İ cild, iş vərəqi 79-82) xx.xx.2024-cü il tarixli, 3594 saylı məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. (İ cild, iş vərəqi 114-115) xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,550 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış, və qalıq qalmış 0,500 qram çəkidə narkotik vasitə heroin saxlanması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (İ cild, iş vərəqi 123-129) Həmin qərarla X3 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. (İ cild, iş vərəqi 123-129) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və iș materiallarına əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (İ cild, iş vərəqə 103-112) xx.xx.2024-cü il tarixli 55-1/8551 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. (İİ cild, iş vərəqi 18) Tərəflərin dəlilləri və əməlin tövsifi Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirərək hesab edir ki, yekun nəticəyə gəlmək üçün təqsirləndirilən şəxsin ifadələrini dəyişməsinin motivləri müəyyən edilməli, iş üzrə toplanmış bütün sübutlar hərtərəfli tədqiq edilməli, şahidlərin ifadələri arasındakı ziddiyyətlər digər sübutlarla müqayisə edilməklə aradan qaldırılmalı, müdafiə tərəfinin vəsatəti əsasında işə şahid qismində cəlb edilmiş Şahid3 Təqsirləndirilən şəxs saxlanılmasına və üzərindən narkotik vasitə aşkar edilməsinə aidiyyəti sübutların məcmusu üzrə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadələrini yoxlayaraq, təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrinin iş üzrə dindirilmiş şahid ifadələri və məhkəmə istintaqı zamanı əldə edilmiş digər sübutlarla tamamlanmış ifadələr kimi qiymətləndirir, hazırda məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsini isə ziddiyyətli və iş üzrə digər sübutlarla təsdiqini tapmayan ifadə kimi nəzərə alaraq sübut kimi qəbul etmir. Belə ki, Rövşən X1 avtmobilininə oturtduqdan sonra yolda olarkən Cəmilin Rizvana zəng etdiyini, Rizvanın Rəsula “gətirirəm, gəlirəm” deməsini, daha sonra Rizvanın avtomobili polis şöbəsinə sürdüyünü, orada Cəmil adlı əməliyyatçının onları qarşılayaraq ikinci mərtəbəyə qaldırdığını göstərmişdir. Lakin telefon məlumatlarından görünür ki, zəngin edildiyi ehtimal edilən xx.xx.2024-cü il tarixdə saat 13:19:18-də Cəmil Rizvana deyil, Rizvan Cəmilə zəng etmiş və 16 saniyə danışıq aparılmışdır. Bundan əlavə telefon məlumatlarına dair çıxarışda Rəsul Cəmilov ilə Şahid3 arasında yaxın müddət ərzində hər hansı başqa bir danışıq qeydə alınmamışdır. Həmçinin, zəngin edildiyi ehtimal edilən xx.xx.2024-cü il tarixdə saat 13:19:18-də Şahid5 istifadəsində olan mobil telefonun antenn dairəsi Xətai rayonu Pİ-nin 34-cü PŞ-nin yaxınlığında deyil, kifayət qədər uzaq bir məsafədə Nizami rayonu, X6 74 “b”/Nizami/ ünvanında (təxminən 2,7 km məsafədə) qeydə alınmışdır. Şahid5 həmin ərəfədə olan sonrakı telefon zəngləri də qeyd edilən ərazidə qeydə alınmışdır. Bu məlumatlar həm də onu göstərir ki, Şahid5 Təqsirləndirilən şəxs saxlanıldığı zaman ümumiyyətlə Xətai rayonu Pİ-nin 34 PŞ-də və yaxud ona yaxın ərazidə olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi Cəmillə Rizvan arasında olan telefon danışığından bir-neçə dəqiqədən sonra Cəmil Rövşəni şöbədə qarşılaya və onu təhdid edə bilməzdi. Digər tərəfdən Cəmillə Rizvan arasında olmuş 16 saniyəlik telefon danışığının məzmununu nə Cəmil, nə də Rizvan xatırlaya bilməsələr də, Rövşənin tutulmasında hər hansı formada iştirak etmələrini inkar etmişlər. Bu isə, yuxarıda təhlil edilən xüsusatlarla birlikdə telefon danışığının məzmununa dair Təqsirləndirilən şəxs ifadəsinə də səhih olmayan məlumat kimi yanaşmağa əsas verir. Məhkəmə istintaqında ifadə verən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrini hədə və təzyiq altında verdiyini, ona qarşı təzyiq göstərildiyini, lakin zorakılığa məruz qalmadığını bildirmişdir. Məhkəmə araşdırması zamanı onun hədə və təziyqə məruz qalması barədə ifadələri yoxlanılmış, bu hallar işin hər hansı bir xüsusatı ilə (xəsarət, istintaq orqanının hərəkətlərindən şikayət və s.) öz təsdiqini tapmamışdır. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrinin bəzi hissələri (Şahid3 avtomobilindən istifadə etməsi, Şahid3 Şahid6 və polis əməliyyatçısı Rəsul Cəmilovla telefon əlaqələrinin olması) məhkəmə istintaqı zamanı təsdiqini tapsa da, bu hallar özü-özlüyündə verilmiş ittihamın məzmunundan kənarda qalmaqla istintaq orqanının müəyyən etdiyi ittihamın məzmununu, habelə ibtidai istintaq orqanı tərəfindən müəyyən edilmiş təqsirləndirilən şəxsin saxlanılması və üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitənin aşkar olunması faktını inkar etmir. Belə ki, Şahid3 Rövşənin həmin gün taksi kimi onun avtomobilindən istifadə etdiyini qeyd etsə də, Rövşəni Xətai rayonu Pİ-nin 34-cü PŞ-nə aparmasını inkar etmiş, onu X2 yanında düşürdüyünü göstərmişdir. “Google maps” proqramından götürülmüş çıxarışa əsasən X5 Əmirovun saxlanıldığı Babək prospekti 88 ünvanından 450 metr məsafədədir. Şahid3 Təqsirləndirilən şəxs X2 yaxınlığına deyil, məhz polis şöbəsinə aparması isə iş üzrə təsdiqini tapmamış, bu hal şahidlər Şahid3, Şahid2, Şahid1 və Şahid5 ifadələri ilə təkzib edilmişdir. Bundan əlavə, müdafiə tərəfinin vəsatəti üzrə aparılan məhkəmə istintaqında müəyyən edilən hallar Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:45-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 88 ünvanında saxlanılaraq xx.xx.2024-cü il saat 16:00 da Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilməsini inkar etmir. Belə ki, Əmirovun saxlanılmasında iştirak etmiş polis əməkdaşlarından Şahid2 telefon nömrəsi üzrə antenn məlumatlarının müəyyən edilməsi mümkün olmasa da digər polis əməkdaşı Şahid1 məxsus ********** saylı mobil telefon nömrəsinin antenn məlumatlarına əsasən xx.xx.2024-cü il tarixdə saat 14:00-da Bakıxanov qəsəbəsi ərazisində, saat 16:25-dən 19:17-dək isə 34-cü polis şöbəsinin yaxınlığında (160 m məsafədə) qeydiyyata alınmışdır. Bu isə polis əməkdaşlarıın iştirakı ilə keçirilmiş əməliyyat axtarış tədbirlərinin, eləcə də şəxsin tutulması və şəxsi axtarışa məruz qalmasını özündə əks etdirən video çəkilişlə aparılan istintaq hərəkətlərinin protokollarının, eləcə də polis əməkdaşlarının ifadələrinin mötəbərliyini şübhə altına almağa əsas olmadığını göstərir. Həmçinin, məhkəmə istintaqında müəyyən olunmuşdur ki, Şahid3 polis əməkdaşı deyildir, eləcə də onun polislə nə bağlılığı, nə də Rövşənin saxlanılması ilə əlaqədar aparılan əməliyyat tədbirində hər hansı formada iştirakı sübut edilməmişdir. Bu baxımdan məhkəmə Şahid3 ilə Təqsirləndirilən şəxs arasında tutulana qədər baş verən münasibətləri dövlət hakimiyyəti orqanlarının iradəsindən kənarda baş verən proseslər kimi qiymətləndirir. Müdafiə tərəfinin istinad etdiyi “Getcontact” proqramından əldə edilmiş ekran şəkillərinin mənbəyi, eləcə də oradakı adların hansı motivlə qeyd olunması müəyyən etmək mümkün olmadığından, habelə Şahid6 ifadələri təqsirləndirilən şəxsin bacısı olmaqla işin obyektiv halları ilə təzkib edilən ziddiyyətlərlə müşayiət olunduğundan (Şahid3 tərəfindən ona edilən zənglərin sayı və vaxtı, Rövşənlə Rizvan arasında telefon danışıqlarının olmasına dair hissələrdə) mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2.ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən, şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,550 qram olan narkotik vasitə heroin xeyli miqdarda hesab olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cəza təyini məsələləri 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimiai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. Törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini səciyyələndirən digər halları, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilərİşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onların tutulduğu vaxtdan, yəni 11 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm üzrə hökm üzrə üzərində saxlanılmış cəza müddəti bitənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən. maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar məhkəmə tərəfindən müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının 28-ci bəndinə əsasən məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CMin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat (28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarla 11 manat) hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 105 iş saatına görə 891 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat (28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarla 11 manat) məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin.
2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.
3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın.
4. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 11 sentyabr 2024-cü il tarixdən hesablansın.
5. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm üzrə üzərində saxlanılmış cəza müddəti bitənədək dəyişdirilmədən saxlanılsın.
6. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın.
7. İş üzrə maddi sübut – Bakı şəhəri, Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,550 qram olan narkotik vasitə heroindən qalıq qalmış 0,500 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin.
8. İş üzrə maddi sübut – 01 ədəd DVD formatlı disk iş materiallarında saxlanılsın.
9. Ekspertiza tədqiqatının dəyəri 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin.
10. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf edilmiş 105 iş saatına görə 891 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülsün.
11. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər.
12. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Zəfər Ramazanov