Məhkəmə qərarları › İş №1(011)-320/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-320/2022

15.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-320/2022 15.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PXnin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini üzdən tanıdığı adını Emiş olaraq bildiyi, lakin anket məlumatlarını bilmədiyi şəxsdən əldə edib üzərində saxlamaqla daşımış və keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən 01 may 2022-ci il tarixdə saat 17:30 dəqiqədə ünvan 2 ünvanda saxlanılıb ünvan 3u 35-ci PB-nin inzibati binasına gətirilərək orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən 03 ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0.862 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdi ki, narkotik maddə olan “şüşə”dən istifadə etmiş, narkotik maddəni doldurma və damar yolu ilə qəbul etmiş, narkotik maddəni əhval-ruhiyyəsi yaxşı olsun deyə istifadə etmişdir. 01 may 2022-ci il tarixdə Emiş adlı şəxsdən 04 büküm narkotik vasitə olan heroini 30 manat müqabilində almış, 01 büküm heroini damar yolu ilə qəbul etdikdən sonra həmin gün saat 17 radələrində ünvan 5 ünvanının qarşısına gəldikdə bir necə şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini təqdim etdikdən sonra onların polis əməkdaşları olduğunu bilmiş və onu sorğu-sual etdikləri zaman o, üzərində narkotik vasitə heroin olduğuna görə həyəcanlandığından, polis əməkdaşları şübhələnərək onu Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə dəvət etmişlər. O etiraz etməmiş və onu polis avtomobili ilə Şöbəyə aparmışlar. Polis Şöbəsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah olunmuş, sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmış, ona üzərində qanunsuz əşya olub olmaması barədə sual verilmiş, olduğu halda təqdim etməyi təklif olunmuş və bundan sonra o, əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə heroini təqdim etmiş, ona həmin bükümdə nə olması barədə sual verildikdə, o, həmin bükümdə “heroin” olduğunu bildirmişdir. Sonra üzərində axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik maddələr polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib olunmuş və axtarışda iştirak edən şəxslər tərəfindən imzalanaraq təsdiq edilmişdir. Həmçinin o bildirmişdir ki, narkotiki vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Narkotik maddələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Polis şöbəsində ona heç bir təzyiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2000-ci il təvəllüdlü Bakı şəhərində anadan olmuş, AR vətəndaşı, əvvəllər məhkum olunmamış, Xətai rayonu, G.Mehmandarov, ev 16, mənzil 65-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri üzərində daşımaqla istifadə etmiş. Bu barədə dərhal 35-ci PB-nin rəhbərliyinə raportla məruzə etdikdən sonra, əməliyyat qrupu yaradılmış, keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17 radələrində ünvan 5 ünvanında saxlayaraq 35-ci PB-nə dəvət etmişlər. Polis Bölməsində dövlət hesabına müdafiəçi təyin olunduqdan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə hüquq və vəzifələri izah olunmuş, videoçəkilişdən istifadə etməklə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet üzərində varsa təqdim etməsi bildirildikdə, Təqsirləndirilən şəxs könüllü sürətdə tünd boz rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümləri təqdim edərək, həmin maddənin narkotik vasitə hesab olunan heroin olduğunu bildirmişdir. Daha sonra protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata götürülməsi haqqında 02 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 01 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 22); şəxsi axtarış və götürmə aparılması haqqında 01 may 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd gümüşü rəngli kağıza bükülmüş və içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər maddələri çıxarıb təqdim edərək, həmin bükümlərdəki maddələrin narkotik vasitə heroin olduğunu, həmin maddələri xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində heç bir anket məlumatlarını bilmədiyi “Emiş” adlı şəxsdən bir hissəsini şəxsi istifadəsi üçün, qalan hissəsini isə satmaq üçün əldə edərək üzərində gəzdirdiyini, xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində bir bükümünü istifadə etdiyini, qalan 3 bükümü satmaq məqsədilə Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov 16 ünvanının yaxınlığına gəlməsini və polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd büküm “Pocket Scale” markalı elektron tərəzi vasitəsilə çəkilmiş və həmin bükümlərin ümumi çəkisinin 1.18 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 154 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 33-34); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2022-ci il tarixli, 6/2542 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki üç ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi - 0,225 qr, 0,306 qr, 0,331 qr, ümumi təmiz çəkisi 0,862 qram qəhvəyi rəngli, tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 40-43); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 02 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (i.v. 51-52); diskə baxış keçirilməsi haqqında 03 may 2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 01 may 2022-ci il tarixli protokola uyğun olmuşdur (i.v. 63); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(011)-242/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır (i.v. 69-71); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 şəxsinin xx.xx.2022-ci il tarixli 2499 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 75-76); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 89); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 28 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.712 qram narkotik vasitə olan heroin Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, ekspertiza rəyləri və istintaq hərəkətlərinin protokolları sübut növü kimi qiymətləndirilmişlər, 01 ədəd DVD-R disk sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (i.v. 91-97). Məhkəmə istintaqı zamanı 1 ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd gümüşü rəngli kağıza bükülmüş və içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər maddələri çıxarıb təqdim edərək, həmin bükümlərdəki maddələrin narkotik vasitə heroin olduğunu, həmin maddələri xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində heç bir anket məlumatlarını bilmədiyi “Emiş” adlı şəxsdən bir hissəsini şəxsi istifadəsi üçün, qalan hissəsini isə satmaq üçün əldə edərək üzərində gəzdirdiyini, xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində bir bükümünü istifadə etdiyini, qalan 3 bükümü satmaq məqsədilə Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov 16 ünvanının yaxınlığına gəlməsini və polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyini bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0.862 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilmişdir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, narkotik vasitənin miqdarını, bükümlərin sayını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzaçəkmənin əvvəli tutulduğu vaxtdan hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş 03 ədəd bükümdə ilkin təmiz çəkisi 0.862 qram olan tədqiqatdan sonra qalıq qalmış 0.712 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı (CPM-132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 01 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, ilkin təmiz çəkisi 03 ədəd bükümdə 0.862 qram olan narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.712 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar