Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-320/2024 03.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, X12 katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X1, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Cəlilabad rayonu, Günəşli Ərazi Dairəsi, Günəşli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, “Sovxoz” yaşayış massivində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş şəxsdən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 9,18 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, Xətai RPİ-nin X2 və 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 07 yanvar 2024-cü il tarixdə, saat 19:10-da Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 189 ünvanın yaxınlığında saxlanılıb ünvan 2i RPİ-nin 37-ci Polis Şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi-axtarış və götürmə zamanı əynində olan boz rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 9,18 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, bir müddətdir ki, marixuanadan istifadə edir. Usta işlədiyi üçün tanışı X5 təmir sahəsində köməklik göstərmişdir. 2024-cü ilin yanvar ayının əvvəllərində Elçinin tanışı X7 ilə münasibəti yaranmış və sonuncu evində bir neçə təmir işinin olmasını bildirib kömək istəmişdir. Ona görə də bir-iki dəfə Nicatın yaşadığı ünvana gedərək təmir işləri görmüşdür. xx.xx.2024-cü il tarixdə, Xəzər rayonu, Binə qəsəbəsində üzdən tanıdığı, əvvəllər də narkotik vasitə aldığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 30 manata bir ədəd bükümdə narkotik vasitə marixuana almışdır. Bükümü əynində olan gödəkçəsinin cibinə sonra istifadə etmək üçün qoymuşdur. Həmin gün Nicatın evində olan təmir işi ilə bağlı onun evinə getmişdir. Saat 17 radələrində Nicat, Elçin və o maşın ilə getmişlər. Avtomobildə yatdığı üçün hansı istiqamətdə getdiklərindən xəbəri olmamış, daha sonra avtomobilin dayanmasını hiss etmiş və ətrafa baxdıqda “Asiman” şadlıq sarayının yaxınlığında Elçinin avtomobildən düşərək getməsini, 1-2 dəqiqə sonra avtomobilə geri qayıtmasını görmüş, ardınca yatmağa davam etmiş və anidən səs-küyə oyanmışdır. Oyandıqda avtomobillərinin qarşısını başqa bir avtomobil kəsmiş və həmin avtomobildəki şəxslər düşərək Xətai RPİ-nin əməkdaşları olmalarını və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək onları Xətai RPİ-nin 37-ci PŞ-nə gətirmişlər. Polis şöbəsində hüquq və vəzifələri izah olunmuş, müdafiəçi dəvət edilmişdir. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Bu zaman o, əynində olan gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofan torbada olan tünd yaşıl rəngli, ot şəkilli narkotik vasitəni çıxarıb təqdim etmişdir. Həmin torbada marixuana olmuşdur. Bundan sonra aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış və üzərində imzalar edilmişdir. Ardınca özünün, Nicatın, Elçinin, müdafiəçilərinin və polis əməkdaşlarının iştirakı ilə Nicatın idarə etdiyi Toyota markalı, Prius modelində olan **-HY- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa sol oturacağın ayaqaltı hissəsinə Elçinin yerləşdirdiyi qara rəngli sellofan torbada bir ədəd böyük ölçüdə olan sellofan bağlama götürülmüşdür. Həmin bağlama polis əməkdaşı tərəfindən kəsildikdə içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilmişdir. Bağlama polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi 10 kiloqramdan bir az artıq olmuşdur. Sonra özü və digər iştirakçılar bağlamanın üzərinə yapışdırılmış kağızda imza etmişlər. Avtomobilə baxış keçirilməsi ilə bağlı polis əməkdaşı tərəfindən protokol tərtib edilmiş, özü və digər iştirakçılar tərəfindən protokol imzalanmışdır. Ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru vəzifəsində çalışır. 07 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində 37-ci PŞ-nin gündəlik əməliyyat qrupunda növbədə olarkən növbətçi hissədən bildirmişlər ki, Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar tədbir keçirilir və Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 189 ünvanına dəstək lazımdır. Daxil olmuş məlumatla bağlı şöbənin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ilə birlikdə növbətçi hissənin avtomobili ilə qeyd olunan ünvana getmişlər və saxlanılan şəxslərdən biri olan Təqsirləndirilən şəxs 37-ci PŞ-nə gətirmişlər. Şöbədə olarkən saxlanılan şəxslər hər biri ayrı-ayrı xidməti otaqlara alınmışlar və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, şöbəyə müdafiəçi dəvət olunmuşdur. Daha sonra videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs isə əynindəki boz rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümü çıxardıb təqdim etmişdir. Həmçinin üzərində olan mobil telefonu və siqaret qutusunu təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs aşkar edilmiş bükümü açaraq içərisinə baxış keçirmiş və Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində olan maddə narkotik vasitədir və həmin vasitəni şəxsi istifadəsi üçün almışdır. Onun təqdim etdiyi büküm çəkilmiş və zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb möhürlənmişdir. Şəxsi axtarış və götürmə protokollaşdırılmış və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 07 yanvar 2024-cü il tarixdə 37-ci PŞ-nin gündəlik əməliyyat qrupunda növbədə olan zaman saat 19 radələrində şöbənin növbətçi hissəsinə Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 189 ünvanı yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar tədbir keçirilməsi və dəstək lazım olması barədə məlumat daxil olmuşdur. Dərhal növbətçi hissənin avtomobili ilə 37-ci PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid2lə birlikdə qeyd olunan ünvana getmişlər və saxlanılan şəxslərdən biri olan Təqsirləndirilən şəxs 37-ci PŞ-nə gətirmişlər, orada olan digər 2 nəfər şəxsi isə NMB-nin əməkdaşları şöbəyə aparmışlar. Saxlanılan şəxslərin əyləşdikləri avtomobil də şöbəyə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından, şöbəyə Bakı şəhəri Vəkillər Kollegiyasının 13 saylı Vəkil Bürosundan müdafiəçi dəvət olunmuşdur. Özünün, müdafiəçinin, Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru Şahid2 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə X6 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, daha sonra üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş yaşıl rəngli otşəkilli kütləni çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmçinin üzərində olan düyməli, sadə modeldə olan «Samsung» markalı mobil telefonu və “Vinchester” markalı siqareti təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilmiş, sonuncunun üzərindən hər hansı əşya aşkar edilməmişdir. X6 Təqsirləndirilən şəxs aşkar edilmiş bükümə baxış keçirmişdir. Təqsirləndirilən şəxs bükümdə olan maddənin narkotik vasitə olduğunu və şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin narkotik vasitəyə bənzər kütlə zərfə qoyularaq möhürlənmiş və zərf şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən çəkilişin bitməsi elan edilmiş və istintaq hərəkəti ilə bağlı protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxslə birlikdə saxlanılan X8 və X3, onların müdafiəçiləri və polis əməkdaşlarının iştirakı ilə Nicat İbrahimovun idarə etdiyi “Toyota Prius” markalı, **- HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və Elçin Cəfərovun təqdim etdiyi qara rəngli sellofanda narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir, ardınca həmin büküm tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 10 kiloqramdan artıq olması müəyyən edilmişdir. Daha sonra istintaq hərəkəti ilə bağlı protokol tərtib edilmiş, iştirakçılar protokolda imza etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə ********* nömrəli cinayət işindən başqa cinayət işi ayrılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. Ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir (i.v. 1-2); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 08 yanvar 2024-cü il tarixli qərardan görünür ki, X8, Təqsirləndirilən şəxs və X3 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v. 3); şübhəli şəxsin tutulması haqqında 07 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:10 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 25); şəxsi axtarış və götürmə aparılması haqqında 07 yanvar 2024-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman gödəkçəsinin sol yan cibindən "Vinçestr" markalı siqaret qutusunu, əynindəki boz rəngli idman şalvarının sol yan cibindən “Nokia” markalı mobil telefonu, həmin boz rəngli idman gödəkçəsinin sağ yan cibindən isə 01 ədəd şəffaf sellofana bükülmüş tünd yaşıl rəngli otşəkilli maddəni təqdim etmişdir. Ondan həmin otşəkilli kütlənin nə olması soruşulduqda, o, həmin kütlənin narkotik vasitə olan “nəşə” adı ilə bildiyi “marixuana” olmasını qeyd etmişdir. Həmin bükümdə olan kütlənin elektron tərəzidə çəkiləri çəkilmiş və məlum olmuşdur ki, həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 9,88 qramdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü “Binə” qəsəbəsində anket məlumatlarını bilmədiyi şəxsdən 30 manata almasını və özü istifadə etmək üçün üzərində saxlamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (i.v. 36-38); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 yanvar 2024-cü il tarixli, 3-16-16/2-7/32 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdə bir ədəd sellofan bükülüdə təmiz çəkisi 9,18 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (i.v. 45-47); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 09 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 60-62); diskə baxış keçirilməsi haqqında 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 07 yanvar 2024-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 83-84); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-17/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (i.v. 95-100); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir; Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i.v. 123-125); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin xx.xx.2024-cü il tarixli, 731 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin istifadə etmə halları olub. Lakin, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v. 129-130); cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən CM-nin 234.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə barəsində ayrıca icraata cinayət işi ayrılmışdır (i.v. 157- 178); cinayət işinin icraata qəbul edilməsi haqqında 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, X8, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi icraata qəbul edilmiş və istintaqı aparılmışdır (i.v. 180); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur (i.v. 182-183); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi elan edilmiş ittiham qüvvəsində saxlanılmış və barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 9,18 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 9,13 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd “DVD-R” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 yanvar 2024-cü il tarixli, 7/32 saylı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin xx.xx.2024-cü il tarixli, 731 saylı rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (i.v. 197-210); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-341/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 gün olmaqla, cəmi 04 ay 15 gün müddətinə uzadılmışdır (i.v. 155-158); elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü övladı X9 vardır. Məhkəmə istintaqı zamanı 01 ədəd “DVD-R” formatlı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman gödəkçəsinin sol yan cibindən siqaret qutusunu, əynindəki boz rəngli idman şalvarının sol yan cibindən “Nokia” markalı mobil telefonu, həmin boz rəngli idman gödəkçəsinin sağ yan cibindən isə 01 ədəd şəffaf sellofana bükülmüş tünd yaşıl rəngli otşəkilli maddəni çıxarıb təqdim edir. Ondan həmin otşəkilli kütlənin nə olması soruşulduqda, o, həmin kütlənin narkotik vasitə olan “nəşə” adı ilə bildiyi “marixuana” olmasını, həmin bükümü “Binə” qəsəbəsində anket məlumatlarını bilmədiyi şəxsdən 30 manata almasını və özü istifadə etmək üçün üzərində saxlamasını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109-cu qrafasının 1-ci hissəsinə əsasən təmiz çəkisi 9.18 qram olan qurudulmuş marixuana istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanı çəkmələri nəzərdə tutulmuşdur; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını (CM- 59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə ona təyin edilmiş edilmiş azadlıqdan məhrum etmə cəzasından azad edilmiş, lakin azad edildiyi vaxtdan 02 il keçmədən, yəni 07 yanvar 2024-cü il tarixdə hazırki cinayət əməlini törətmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), cəzasının əvvəli 07 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 9,18 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 9,13 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), 72 (yetmiş iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 07 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 9,18 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 9,13 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-320/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-320/2024
03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver