Məhkəmə qərarları › İş №1(011)-321/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-321/2023

26.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-321/2023 26.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixində Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 yanvar 2023-cü il tarixdə Bakı şəhər, Xətai rayonu ərazisində fəaliyyət göstərən “Baydönər” restoranında onunla birlikdə işləmiş Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini, istifadə müddətini və CVV nömrələrini «Google mesaj» proqramı vasitəsi ilə istifadəsində olan mobil telefona yönləndirmiş, daha sonra 14 yanvar 2023-cü il tarixdə saat 23:37-də yaşadığı Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 13 ünvanında "xxxx" mobil tətbiqindən istifadə edib, Zərərçəkmiş şəxs bank hesabında olan pulu internet sosial şəbəkəsində mərc oyunlarına sərf edərək Zərərçəkmiş şəxs məxsus 1020 manat pulu informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ona özünün etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxs ifadəsi, ifadənin yerində yoxlanılması, bank məlumatlarına baxış keçirilməsi protokolları və və iş üzrə toplanmış digər sənədlərlə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanda qeydiyyatda olmaqla ünvan 4amışdır. Bakı şəhəri, P.Həşimov küçəsində yerləşən "Bəy dönər" adlanan yerdə kassir olaraq işləmişdir. Əvvəllər kuryer kimi işlədiyi və mütəmadi olaraq gedib-gəldiyi, ünvan 6 ünvanında yerləşən «Bay Dönər» adlı obyektdə olarkən Zərərçəkmiş şəxs tanımışdır. 10 yanvar 2022-ci il tarixdə axşam saatlarında restoranda olan zaman Təhminə telefonunda olan nasazlığı aradan qaldırmağı üçün köməklik istəmiş, sonuncudan mobil telefonu götürdükdən sonra "Google message" tətbiqi vasitəsi ilə Təhminəyə gələn ismarıcları öz istifadəsində olan "Readme" markalı mobil telefona yönəltmiş, ardınca nasazlığı aradan qaldıraraq mobil telefonu Təhminəyə geri qaytarmışdır. 14 yanvar 2023-cü il tarixdə axşam saatlarında yaşadığı ünvanda olan "Leobank" mobil tətbiqinə daxil olaraq orada qeyd olunan rekvizitlər vasitəsi ila Təhminəyə məxsus **********694907 nömrəli kart hesabından mobil telefonunda olan "1xbet" mərc proqramına 1.000 AZN pul köçürmüşdür. 20 manat isə həyata keçirilmiş ödənişlə bağlı komissiya olaraq çıxmışdır. Həmin mərc proqramı vasitəsi ilə pulu öz kartına ilkin olaraq ata bilməmiş, belə ki, proqramda hər hansı mərc etmədən pulu çıxarmaq mümkün olmamışdır. Buna görə də 1.20 əmsal dəyərində mərc edərək hesabdakı pulu 1.200 manat məbləğinə qaldırmış və xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanda olarkən saat 19:01-20:48 aralığında ayrı-ayrılıqda 100 AZN olmaqla tətbiqdən özünə məxsus olan "Leobank"-in **********108810 nömrəli kart hesabına 1.200 manat pul köçürmüşdür, 2-3 gün keçdikdən sonra "Bay dönər" restoranında olan tanışlarından məlumat əldə etmişdir ki, Təhminə kartından pul çıxarılması ilə bağlı olaraq polis orqanına müraciət etmiş və Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət edildikdən sonra kartında olan puldan 800 manat pulu kartdan çıxarıb Təhminəyə qaytarmışdır. Kartina köçürdüyü 1.200 manat puldan isə qalan 400 manat pulu borclu olduğu şəxslərə vermişdir. Maddi sıxıntıları olduğundan oğurluq etmək qararına gəlmişdir. Kartdan pulu tək çəkmiş və bu barədə heç kimin məlumatı olmamışdır. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxsə vurulmuş zərəri tam olaraq ödəmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 15 yanvar 2023-cü il tarixda yaşadığı Bakı şəhəri, Suraxanı rayonu. Hövsan qəsəbəsində evdə olduğu zaman istifadə etdiyi "xxxx" ASC-nin 4098 5844 6869 4907 saylı kartından özünə məxsus 1.020 manat pulun naməlum şaxs tərəfindən başqa hesaba köçürülməsini müəyyən etmişdir. Dərhal "xxxx" ilə əlaqə saxlamışdır. Bankdan pulun onlayn şəkildə "macicoya.com" saytına yönləndirilməsi və polisə şikayət etməsi bildirilmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Sonradan isə məlum olmuşdur karından pulu avval onunla birgə işləmiş X1 telefonundan kartın bank məlumatlarını öz telefonuna ötürmüş və bundan sonra da kartından pulu öz kartina köçürmüşdür.Ona vurulmuş zərər tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsdən şikayətçi deyil. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Suraxanı RPİ İŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddələri ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v.01); xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs naməlum şəxs və ya şəxslər tərəfindən onun bank kartından oğurluq edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir.(i.v 6) Qəbzdən görünür ki, 800 manat pul Zərərçəkmiş şəxs qaytarılmışdır(i.v 15) şübhəli şəxsin tutulması haqqında 19 yanvar 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 19 yanvar 2023-cü il tarixində, saat 19:00-da tutulmuşdur ( i.v. 28); 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v 38) 21 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin tarixdə ittiham elan edilmişdir.(i.v 43-44) 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiəsindən imtina edilməsi qərara alınmışdır.(i.v 55-57) 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 59-60) 22 yanvar 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, X2 yaşadığı ünvan 7 ünvanda cinayəti törətdiyi yeri göstərmişdir.(i.v 64-66) 23 yanvar 2023-cü il tarixli cinayət işinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə istitnaq aparılan ********* nömrəli cinayət işi ərazi aidiyyatı üzrə Bakı şəhəri prokurorluğu vasitəsi ilə Bakı şəhər Xətai RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır.(i.v 67-68) 06 fevral 2023-cü il tarixli cinayət işinin icraata götürmək haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə istitnaq aparılan ********* nömrəli cinayət işi Bakı şəhər Xətai RPİ-nin İŞ-nin müstəntiqi Anar Abbasov tərəfindən icraata qəbul edilmişdir(i.v 72-73) 18 mart 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X2 barəsində axtarış elan edilməsi qərara alınmışdır(i.v 81-82) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyya-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 88) 12 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinə gəlib özünü təqdim edib axtarışda olmasını bilmədiyini göstərib özünün könüllü olaraq polis idarəsinə gəldiyini bildirmişdir(i.v 89) Hesabdan çıxarış məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC **********108810 nömrəli karta daxil və xaric olan pullarla bağlıdır, pulların köçürülməsi 10 yanvar 2023-cü il tarixdən başlamış və xx.xx.2023-cü il tarixdə bitmiş, xx.xx.2023-cü il tarixda saat 20:37 dəqiqədən etibarən xx.xx.2023-cü il tarixdən saat 20:01 dəqiqəyədək olan müddət ərzində kart hesabına ümumilikdə 1.200 manat pul vəsaiti mədaxil, 860.0 manat və 20.0 manat pul vəsaiti isə məxaric olunmuş, təyinat növü isə "Credit Payout" olmuşdur.(i.v 95) 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v 99-101) Sübutların qiymətləndirilməsi haqqında 13 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusi ilə taqsdiq edildiyindən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi və ifadənin yerində yoxlanılması protokolu iş üzrə sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC **********108810 nömrəli kart hesabından çıxarış iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut kimi tanınması qərara alınmışdır(i.v 105-113). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 177.2.3-1-ci maddəsinə əsasən elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə özgənin əmlakını gizli olaraq talama- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun 22 iyun 2015-ci il qorarina asasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bankomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə,əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməkl kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ala keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi va emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil olaraq və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfina daxil olmur, sadəcə bank-emitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir va banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından farqli olaraq, saxlanc yerina (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Konkret şəxsin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vasaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini(CM59.1.13), əməlindən səmimi peşmanlıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan hesabdan çıxarış cinayət işi materillarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. İş üzrə maddi sübut – hesabdan çıxarış iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar