Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-321/2024 11.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 16 noyabr 2023-cü il tarixdə saat 20:30-da “B, C” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Honda Civic» markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi ilə 60 km/saat sürətlə yolun sol hərəkət zolağı ilə hərəkətdə olan zaman, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmuşdur. Yəni piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalı, piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa nəqliyyat vasitəsini dayandırmalı, piyadaya yol verməli olmasına baxmayaraq, bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməmiş, ünvan 2 ünvanında yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi “Honda Civic” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə vurub ehtiyatsızlıqdan sonuncuya sağ bazu oynağının güclü dərəcəli kontrakturası ilə müşayiət olunmuş bazu sümüyünün yuxarı ucunun sınığı, sağ bazu sümüyünün cərrahi boynunu, başının anteriorinferiora çıxığı ilə müşayiət olunmuş çoxparçalı yerdəyişmiş qapalı sınığı, bazu rorator manjetinin tam qat zədələnməsi, hemartozu, bankart yırtığı kimi dərəcələrinə görə əmək qabiliyyətinin dayanıqlı itirilməsinə səbəb olan ehtiyatsızlıqdan sonuncunun sağlamlığına ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün səmimi etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 noyabr 2023-cü il tarixdə saat 20 radələrində idarə etdiyi Honda Civic markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə R.Məmmədov küçəsi ilə yolun sol hərəkət zolağı ilə 50-60 km/saat sürətlə hərəkətdə olduğu zaman Bravo marketə çatmamış piyada zolağı ilə bir qadının iti yerişlə yolu keçməyə başladığını görmüşdür. Həmin an əyləcdən istifadə edib avtomaşını dayandırmaq istəsə də bunun mümkün olmadığını görüb avtomaşını sağa doğru qaçırtmaq istəmiş, lakin buna nail ola bilməmiş və avtomaşının ön sol tərəfi ilə həmin qadını vurmuşdur. Zərbə nəticəsində qadın yerə yıxılmışdır. Avtomaşını saxlayaraq qadına yaxınlaşmış və ağrıdığını görüb təcili tibbi yardıma zəng etmişdir. Təxminən 10-15 dəqiqə sonra təcili tibbi yardım hadisə yerinə gəlmiş və həmin qadını Sabunçu şəhər xəstəxanasına aparmışlar. Sonra ora polis əməkdaşları gələrək hadisə yerinə baxış etmişlər və onun ayıq olub-olmamasını aydınlaşdırmaq üçün həkimə aparmışlar. Bir müddət sonra meyvə alaraq xəstəxanaya həmin xanımı ziyarətə getmiş, lakin onu xəstənin yanına buraxmamışlar. Maddi vəziyyəti yaxşı olmadığı üçün zərərçəkmiş şəxsə bu günədək maddi yardım edə bilməmişdir. Hadisənin ehtiyatsızlıqdan baş verdiyini qeyd edərək məhkəmə zalında zərərçəkmiş şəxsdən üzr istəmişdir. Daha sonra son sözündə Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, «Azərdövlətsənayelayihə» Dövlət Layihə İnstitutunda Plan İqtisadiyyat şöbəsinin rəisi vəzifəsində işləyir. 16 noyabr 2023-cü il tarixdə saat 18:00-da işdən çıxaraq yaşadığı ünvanın yaxınlığında yerləşən «Bravo» hipermarketdan bazarlıq edib saat 20:30-da ünvan 3 ünvanında yerləşən Sukanal İdarəsinin qarşısında yerləşən piyada zolağı ilə yolu sağdan-sola keçərkən adi yerişlə iki–üç addım atdıqdan sonra markasını bilmədiyi avtomaşın onu vurmuş və o, zərbənin təsirindən yerində fırlanaraq sağ qolu üstündə yerə yıxılaraq huşunu itirmişdir. Gözlərini açdıqda təcili tibbi yardım maşınında olduğunu görmüş, telefonla bacısına hadisə barədə məlumat verilməsini bildirmiş, sonradan yenə də huşunu itirmişdir. İlkin olaraq Sabunçu xəstəxanasında müayinə edilmiş, orada ona ağrı kəsici olunmuş və məsləhət görülmüşdür ki, X2 müraciət etsin. X1 müayinə olunduqda qolunda və çiynində ağır xəsarətlərin olduğu müəyyən olunmuş və bir müddət sonra orada əməliyyat olunmuşdur. Bir həftə orada qaldıqdan sonra evə buraxılmışdır. Bu müddət ərzində ona avtomobillə xəsarət yetirən şəxs müalicəsi ilə bağlı heç bir maddi yardım göstərməmiş və onunla maraqlanmamışdır. Bu səbəbdən təqsirləndirilən şəxslə barışmadığını, ona qarşı şikayətçi olduğunu bildirərək barəsində qanunamüvafiq qaydada cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə hadisə yerinə baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri, sxem və digər məlumat daşıyıcıları protokola əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli videogörüntü götürmə və baxış keçirilməsi barədə protokoldan görünür ki, diskdə olan görüntüdə sedan tipli boz rəngli avtomobil, onun ardınca isə qara rəngli sedan tipli avtomobil R.Məmmədov küçəsi ilə R.Quliyev küçəsi istiqamətində yolun sol birinci zolağında hərəkətdədirlər. Boz rəngli avtomobil R.Məmmədov küçəsi 13A saylı ünvanın qarşısında yolun sağ tərəfindən sol tərəfinə keçən piyadanı sol qabaq tərəfi ilə vurur, Baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə olan nəqliyyat vasitəsini onun idarə etdiyini, avtomobili ilə vurduğu şəxsin isə Zərərçəkmiş şəxs olduğunu təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Honda Civic” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq buferinin sol tin hissəsi və sol yan güzgüsü sınmış, digər hissələri isə saz vəziyyətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X5 16 noyabr 2023-cü il tarixli 2/46101 №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs ayıq olması müəyyən edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin verdiyi 29 dekabr 2023-cü il tarixli 8/3739 saylı Yol–nəqliyyat hadisələrinin məhkəmə ekspertizasına dair rəyindən məlum olur ki, təhqiqat tərəfindən verilən məlumatlara əsasən “Honda Civic” markalı 77CX239 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və X3 X5 12 mart 2024-cü il tarixli, xx/xx/2024 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs sağ bazu oynağının güclü dərəcəli kontrakturası ilə müşayiət olunmuş bazu sümüyünün yuxarı ucunun sınığı, sağ bazu sümüyünün cərrahi, boynunun, başının anteriorienferiora çıxığı ilə müşayiət olunmuş çoxparçalı yerdəyişmiş qapalı sınığı, bazu rorator manjetinin tam qat zədlənməsi, hemartrozu, bankart yırtığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənədlərdə qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və ümumilikdə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs adına olan, xx.xx.2020-ci ildə verilmiş AC578027 seriyalı sürücülük vəsiqəsinin surətindən məlum olur ki, həmin sürücülük vəsiqəsi “B,C” kateqoriyalıdır və nəqliyyat vasitəsini xx.xx.2030-cu il tarixədək idarə etməyə hüquq verir. İş materiallarında olan 10 noyabr 2023-cü il tarixli elektron qaydada “Mobil notariat” tətbiqi vasitəsilə verilmiş etibarnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin “Honda Civic” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. Etibarnamə 11 mart 2024-cü il tarixədək qüvvədə olmuşdur. İş materiallarında olan 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsindən həmin məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 24 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, iş üzrə götürmə və baxış keçirilməsinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunması və cinayət işi üzrə Təqsirləndirilən şəxs idarə etdiyi «Honda Civic minik» markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınaraq etibar olunan Təqsirləndirilən şəxs qaytarılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 25 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, həmin istiqamətin hərəkət hissəsindəki piyadaların yolu keçməsinin başa çatdırmalı olduğu, əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürəti lazımınca azaltmalı, əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda, qanunun tələbinə əməl etməməsi tamamilə sübuta yetirilmişdir. Həmin qayda pozuntusu ilə baş vermiş nəticə arasında səbəbli əlaqə mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü madəsinin qeyd hissəsinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün səmimi etirafı və zərərçəkmiş şəxsin ifadəsi ilə, həmçinin iş üzrə keçirilmiş ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Zərərçəkmiş şəxslə barışmadığından və dəymiş ziyanı ödəmədiyindən Təqsirləndirilən şəxsun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyil. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutlmuş əməldə cəzanı yüngülləşdirən və yaxud ağırlaşdıran hallar hazırki iş üzrə Təqsirləndirilən şəxs əməlində müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün —X4 müəssisələrində çəkilməsi müəyyən edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını X4 Müəssisəsində çəkməli və azadlıqdan məhrum etmə cəzasının əvvəli X4 müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 128 (yüz iyirmi səkkiz) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Honda Civic” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmış hesab edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış hadisə baş vermə anını özündə əks etdirən 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını X4 müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli X4 müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Honda Civic” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmış hesab edilsin. İş üzrə maddi sübut kimi tanınmış hadisə baş vermə anını özündə əks etdirən 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulsun. Hökmdən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-321/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-321/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver