Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-322/2020 08.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1967-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 mənzil 110 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan xx.xx.2008-ci il tarixdən başlayaraq xx.xx.1999-cu il təvəllüdlü X2 və xx.xx.2003-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cəmi 80 manat məbləğində alimentin, xx.xx.2015-ci il tarixdən isə hər ay hər uşaq üçün 108 manat, cəmi 216 manat məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(004)- 3023/08 №-li və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(008)-3812/15 №-li qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsi ilə, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək hər iki halda 15 gün müddətinə inzibati həbs olunmasına və icra sənədlərindəki tələbi icra etməsi üçün ona xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyətilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx.xx.2019-cu il tarixədək cəmi 15666,00 manat aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməmiş, bununla da zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə xx.xx.1998-ci il tarixdə rəsmi nikaha girmiş, birgə nikahdan xx.xx.1999-cu il təvəllüdlü oğlu Ramazanov Kənan və xx.xx.2003-cü il təvəllüdlü oğlu Ramazanov Toğrul dünyaya gəlmişlər. Zərərçəkmiş şəxs ilə təxminən 10 ilə yaxın birlikdə yaşamış, sonra birgə yaşayışları alınmadığı səbəbdən sonuncu ilə boşanmışdır. Zərərçəkmiş şəxs uşaqların saxlanılması üçün alimentin alınması məqsədilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2008-ci il tarixdən başlayaraq cəmi 80 manat məbləğində alimentin Mətanətə ödənməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə o, inzibati qaydada 15 gün müddətinə həbs edilmiş, imkanı daxilində müəyyən ödəniş etmişdir. Lakin, sonra keçmiş arvadı alimentin miqdarının artırılması üçün yenə də məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə aliment miqdarı artırılaraq hər ay hər uşaq üçün 108 manat məbləğində, cəmi 216 manat məbləğində müəyyən edilmişdir. Bundan sonra, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İXM-nn 528.1ci maddəsi ilə təqsirli bilinərək yenə də 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. 2008-ci ildən bəri cəmi 2750,00 manat məbləğində aliment ödəmişdir. Ona məlumdur ki, xx.xx.2019-cu il tarixədək, yəni barəsində cinayət təqibinin başlanması üçün təqdimat verilənədək aliment borcu 15666,00 manat təşkil edir. Əvvəllər müxtəlif vəzifələrdə işləmiş, həmçinin «xxxxxxxx» QSC-də kadrlar şöbəsinin rəisi olmuş, bankda kredit mütəxəssisi işləmişdir. Keçmiş arvadı ona uşaqlarla ünsiyyətdə olmağa imkan verməmişdir. İmkanı daxilində uşaqlarına baxmışdır. Hazırda işə düzəlmiş, həmçinin müharibə veteranı olaraq 80 manat pensiya alır. 80 manatdan ibarət pensiya kartını və əmək haqqının müəyyən hissəsini tələbkara verməyə hazırdır. Əməlindən peşmandır. Qeyd olunanlara əsasən məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, 1998-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha girib ailə qurmuş, birgə nikahdan xx.xx.1999-cü il təvəllüdlü X5 və xx.xx.2003-cü il təvəllüdlü X4 adlı uşaqları vardır. Təqsirləndirilən şəxsla təxminən 10 ilə yaxın birlikdə yaşamış, lakin sonra birgə yaşayışları alınmamış, belə ki, Təqsirləndirilən şəxs ailəyə maddi cəzətdən baxmaq istəməmiş, spirtli içkilərə meyilli olmuş, uşaqları böyütməyə köməklik etməmiş, ona qarşı son dərəcə kobud davranmış, uşaqların böyüdülməsində özünün anası və qardaşı köməklik etmişlər. Təqsirləndirilən şəxs qazandığı pulu özü üçün xərcləmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs boşanmaq və uşaqların saxlanılması üçün alimentin alınması məqsədilə məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2008-ci il tarixdən başlayaraq hər ay 80 manat məbləğində pul, yəni alimentin onun xeyrinə ödəməsi qət edilmişdir. Lakin, Təqsirləndirilən şəxs açıq şəkildə aliment ödəməyəcəyini bildirmiş, sonuncu fərdi əməklə məşğul olsa da, aliment ödəmək niyyəti olmamışdır. Bu səbəbdən Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs inzibati qaydada 15 gün müddətinə həbs edilmişdir. Təqsirləndirilən şəxs bundan sonra müəyyən ödəniş etmiş, lakin sonra yenə də alimenti ödəməkdən yayınmışdır. Maddi vəziyyəti ağır olduğu üçün alimentin miqdarının artırılması üçün yenə də məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə aliment miqdarı artırılaraq hər ay hər uşaq üçün 108 manat məbləğində, cəmi isə 216 manat məbləğində müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs heç bir ödəniş etməmişdir. Bu səbəbdən Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nn 528.1-ci maddəsi ilə təqsirli bilinərək yenə də 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin bütün bunlara baxmayaraq qərəzli olaraq aliment ödəməkdən yayınmış, uşaqları ilə heç maraqlanmamış və alimenti ödəmək üçün heç bir cəhd etməmişdir. xx.xx.2019-cu il tarixədək İlqar Məmmədovun aliment borcu 15666,00 manat təşkil edir. İlqar kifayət qədər gəlir əldə edir, həmin gəlirlə aliment borcunu tam ödəyə bilər. Qətnamə üzrə onun xeyrinə tutulmuş pul məbləğinin İlqardan tam ödənilməsini tələb edir, pulu tam ödəmədikdə onun azadlıqdan məhrum edilməsini və ağır cəza veriməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(004)-3023/08 №-li qətnaməsi üzrə xx.xx.2008-ci il tarixdə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsindən göndərilmiş, oradan xx.xx.2016-cı il tarixdə Xətai Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(008)-3812/15 №-li qətnaməsi üzrə xx.xx.2015-ci il tarixdə verilmiş icra vərəqəsi Xətai Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə icraata qəbul edilərək onu könüllü icra edilməsi üçün borclu Təqsirləndirilən şəxs 10 gün vaxt verilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə, yazılı xəbərdarlığın edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməni üzrsüz səbəbdən icra etmədiyinə görə inzibati məsuliyyətə cəlb edilərək Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 3(011)-779/2018 №-li qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada 15 gün müddətinə həbs edilmiş və məhkəmə qətnaməsini icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Buna baxmayaraq borclu Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam edərək qətnaməni icra etmədiyi üçün barəsində cinayət təqibinin başlanması məsələsinə baxılması üçün təqdimatı Ədliyyə Nazirliyi İstintaq idarəsinə göndərilmişdir. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması qərara alınmışdır (i.v. 1); Xətai Rayon İcra və Probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması haqqında təqdimatdan görünür ki, təqdimat verilən günə, yəni xx.xx.2019-cu il tarixə kimi cəmi 2750,00 manat məbləğində aliment ödənilmiş, ödənilməmiş alimentin miqdarı 15666,00 manat təşkil edir (i.v. 5-7); Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(004)-3023/08 saylı qətnaməsindən və icra vərəqəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdən başlayaraq xx.xx.1999-cu il təvəllüdlü X2 və xx.xx.2003-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cəmi 80 manat məbləğində alimentin Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, icra vərəqəsi xx.xx.2008ci il tarixdə verilmişdir (i.v. 10-13); icra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2015-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(004)-3023/08 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir (i.v. 14); xx xxxxxxxx 2015-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(004)-3023/08 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir (i.v. 28-29); Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli 3(004)- 844/2015 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş gün) müddətində həbs inzibati tənbeh tədbiri tətbiq edilmişdir (i.v. 33-36); xx.xx.2015-ci il və xx.xx.2017-ci il tarixli məktublardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Yasamal və Xətai Rayon Məşğulluq Mərkəzlərində iş axtaran vətəndaş kimi qeydiyyata alınmamışdır (i.v. 41-66); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(008)-3812/15 saylı qətnaməsindən və icra vərəqəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 108 manat, cəmi 216 manat məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, icra vərəqəsi xx.xx.2015-ci il tarixdə verilmişdir (i.v. 75-78); icra vərəqinin icraya yönəldilmsəini təsdiq edən xx.xx.2015-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(008)-3812/15 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir (i.v. 79); icra məmurunun sorğularına cavablardan görünür ki, Təqsirləndirilən şəxs adına daşınar, daşınmaz əmlak, banklarda pul vəsaitləri aşkar edilməmişdir. (i.v. 81-99); borclunun axtarışı haqqında xx.xx.2015, xx.xx.2017-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (i.v. 23, 100); xx xxxxx 2018-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(008)-3812/15 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir (i.v. 109-110); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 3(011)-779/2018 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş gün) müddətində həbs inzibati tənbeh tədbiri tətbiq edilmişdir (i.v. 112-114); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 8(011)-586/2018 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (i.v. 121-122); icra məmurunun sorğularına cavablardan görünür ki, Təqsirləndirilən şəxs adına daşınar, daşınmaz əmlak, banklarda pul vəsaitləri aşkar edilməmişdir (i.v. 125-164); zərərçəkmiş şəxs kimi tanımaq haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır (i.v. 174); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx xxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 183); axtarışda olan şəxsin tutulması barədə xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur (i.v. 208); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 226-227); qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v. 234-235); müvəqqəti saxlama təcridxanasından azad edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 236); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, qanuni qüvvəyə minmiş məhkəmə qərarları və onların icraya yönəldilməsini təsdiq edən sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Təqsirləndirilən şəxs həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrdə işləmədiyindən və maddi imkanı olmadığından məhkəmə qətnamələri ilə müəyyən edilmiş borc məbləğini ödəməkdən qərəzli yayınmaması ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, adıçəkilən qətnamə əsasında xx.xx.2008-ci il tarixdə icra vərəqəsi verilmiş, sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilərək izahatı alınmış, lakin Təqsirləndirilən şəxs hər iki qətnamə üzrə aliment borcundan hazırkı tarixədək ümumilikdə 2750,00 manat ödəniş etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs uzun müddət ərzində borc məbləğini ödəməyə cəhd göstərməmiş, həmin borcu ödəməkdən müxtəlif bəhanələrlə indiyə qədər yayınmışdır. Borcun ödənilməməsinin onun maddi imkanı ilə əlaqədar olması barədə qeyd olunanlara dair məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıra bilməz. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, Təqsirləndirilən şəxs son dörd il ərzində nəinki məhkəmə qərarı ilə müəyyən edilmiş məbləğdə, hətta daha az maddi imkanı çata biləcəyi məbləğdə belə ödənişlər etməmişdir. Bu, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Təqsirləndirilən şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə— iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) nəzərə alır və onu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı hökmün tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin edilmiş 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-322/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-322/2020
08.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver