Məhkəmə qərarları › İş №1(011)-322/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-322/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-322/2023 01.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə, təmiz çəkisi 1,026 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 11 fevral 2023-cü il tarixdə saat 12:20 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılıb ünvan 3rləşən Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş, təmiz çəkisi 1,026 qram olan tünd qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, video çəkilişə baxış protokolu və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki,əvvəllər üç dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 11 fevral 2023-cü il tarixdə saat 12:20 radələrində yaşadığı ünvan 2 ünvanın yaxınlığında olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişdirlər. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Xətai RPİ-nin 35-ci PB-yə dəvət etmişdirlər. O da hər hansı bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Xətai RPİ-nin 35-ci PB-yə gəlmişdir. Polis bölməsinə gəldikdən sonra onu bölmənin otaqlarının birinə keçirmişdirlər. Həmin otaqda olan zaman polis əməkdaşları ona hüquq və vəzifələrini izah edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdirlər. Bu məqsədlə hüquqlarının müdafiə edilməsi üçün ona müdafiəçi təqdim edilmişdir. O da həmin müdafiəçi ilə tanış olaraq hüquqlarının onun tərəfindən müdafiə edilməsinə hər hansı bir etirazının olmadığını bildirmişdir. Bundan sonra həmin otaqda polis əməkdaşları və müdafiəçinin iştirakları ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl polis əməkdaşları ondan üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı bir əşya və ya predmetin olub-olmamasını soruşmuşdurlar. O da könüllü olaraq əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümü təqdim edib masanın üzərinə qoymuş və bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin olmasını və 11 fevral 2023-cü il tarixdə səhər saatlarında şəxsi istifadəsi üçün Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsində üzdən tanıdığı, lakin anket məlumatlarını və əlaqə vasitəsini bilmədiyi şəxsdən 20 manat nağd pul müqabilində aldığını bildirmişdir. Daha sonra əməlindən peşman olduğunu, səmimi etirafını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 istintaqa vermiş olduğu ifadəsində göstərmişdir ki, 11 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs inzibati ərazidə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və istifadə etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi üçün o və şöbənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Şahid2 birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 11 fevral 2023-cü il tarixdə saat 12:20 radələrində ünvan 5 ünvanın qarşısına gəlmişdirlər. Həmin vaxt onlar orada əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən həmin şəxsi görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişdirlər. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlanması və istifadəsində şübhəli olduğu üçün onu Xətai RPİnin 35-ci PB-nin inzibati binasına dəvət etmişdirlər. Daha sonra Təqsirləndirilən şəxs polis bölməsində bölmənin təhqiqatçısı, polis mayoru Müşfiq Cəbrayılova təhvil vermişdirlər. Müşfiq Cəbrayılov ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Daha sonra ona hüquqlarının dövlət hesabına müdafiə edilməsi üçün vəkil dəvət etmiş və həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla bir daha hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra bölmənin xidməti otaqlarının birində o, Şahid2 və dövlət hesabına təyin olunmuş müdafiəçinin iştirakları ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümü təqdim etmişdir. Həmin bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin nə olması, kimdən, nə vaxt və necə əldə etməsi soruşulduqda o həmin kütlənin narkotik vasitə olan heroin olmasını və onu 11 fevral 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsində üzdən tanıdığı, lakin hər hansı bir anket məlumatlarını və əlaqə vasitələrini bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manat məbləğində nağd pula almasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə şəxsi axtarışda iştirak edən iştirakçıların iştirakları ilə içərisi boş olan 1 ədəd zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və iştirajkcılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsin səmimi etirafı nəzərər alınaraq iştirakın təmin etmək mümkün olmayan Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi Şahid1 ifadəsinə oxşar olmuş və heç bir ziddiyyət təşkil etməmişdir. Bununla da cinayət işinin yuxarıda göstərilən xüsusatları bir daha təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 11 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 35-ci PB-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümü masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirir. Aşkar olunmuş 01 ədəd sellofan büküm zərfə qoyularaq qablaşdırılır və möhürlənir. Keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 12 fevral 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD-R formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf selofan bükümü çıxardaraq təqdim etmiş və həmin bükümdə olan maddənin narkotik vasitə “Heroin” olduğunu, 11 fevral 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsində üzdən tanıdığı, lakin hər hansı bir anket məlumatlarını və əlaqə vasitələrini bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manat məbləğində nağd pula aldığını bildirmişdir. İş materiallarında olan məhkəmə ekspertizasının 11 fevral 2023-cii tarixli 6/859 saylı rəyindən görünür ki, üzərində “... (imza) Təqsirləndirilən şəxs ” sözləri olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,026 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarına əlavə edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 14 fevral 2023-cü il tarixli 823 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 10 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,026 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,926 qram çəkidə narkotik vasitə olan heroin saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan 11 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan 13 fevral 2023-cü il tarixli Xətai Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş təqdimatın təmin edilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalında dərhal azad edilmişdir. İş materiallarında olan 13 fevral 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib özündə saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi etirafını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Yuxarıda göstərilənləri və təqsirləndirilən şəxsin üç dəfə eyni maddə ilə məhkum olunmasını və bundan nəticə çıxarmamasını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalında həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,926 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanındığından iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri - 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 01 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,926 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman video çəkilişi əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar