Məhkəmə qərarları › İş №1(011)-323/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-323/2020

16.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-323/2020 16.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam ali təhsilli, subay, işləməyən, məhkum olunmayan, Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi, ev 34/10-da qeydiyyatda olmaqla yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əvvəllər «İnstagram» sosial şəbəkəsində dostları arasında mesaj yazmaqla bağlı yaranmış virtual mübahisəyə aydınlıq gətirmək məqsədi ilə «Könül Aslanova» adlı səhifədən istifadə edib Zərərçəkmiş şəxs yazaraq tanış olmaq məqsədi ilə onu xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində ünvan 1 ünvanda yerləşən “Bravo” hipermarketin qarşısına çağırmış və oradakı çoxsaylı vətəndaşların gözü qarşısında heç bir əsaslı səbəb olmadan özünü cəmiyyətin fövqündə qoyub, ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsin üzərində zor tətbiq edilməsi ilə müşayət olunan qərəzli hərəkətlər edərək nalayiq sözlərlə Zərərçəkmiş şəxs təhqir edib əl və ayaq zərbələri ilə vuraraq ona döş qəfəsinin sağ aşağı bayır səthinin yumşaq toxumasının hematoması, sol qaş qövsü nahiyəsinin, sol üst göz qapağının və sol gözaltı nahiyəsin qançırından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə və Zərərçəkmiş şəxs məxsus «Samsung» markalı «Note 8» modelli mobil telefonu bir dəfə təpiklə vurub zədələyərək ona 200 manat məbləğində maddi zərər vurmaqla xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahidin ifadələri, ekspert rəyi, hadisə yerinin videogörüntüsü və işin tədqiq olunmuş digər halları ilə aşaqıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, barəsində şikayət edən şəxs Zərərçəkmiş şəxs 2020-ci ilin iyun ayının 28dən tanıyır. Onunla tanışlığı ünvan 2 saylı ünvanda yerləşən “xxxxxxxxxxxxxxe MMC”-də olmuşdur. Belə ki, xx xxxx 2020-ci il tarixdə o, 3 ildir ki, tanıdığı Cavid Zeynalov ilə "xxxxxxxxxxxxxxe MMC”-də görüşüb aralarında sosial şəbəkələrdə olan smslərə aydınlıq gətirmək istədikdə Zərərçəkmiş şəxs həmin ofisə daxil olmuşdur. Cavid Zeynalov ilə sözlə mübahisə etdiyi zaman Zərərçəkmiş şəxs mübahisələrinə müdaxilə etmişdir, o da bu səbəbdən də DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Hadisə yerinə gələn polis əməkdaşları onları Səbail RPİ-nin 9-cu PB-yə apardıqda orada şikayətinin olmadığını bildirmişdir. Onun məqsədi onlarla təklikdə görüşərək məsələyə aydınlıq gətirmək olmuşdur. Zərərçəkmiş şəxsla bir dəfə zəngləşərək görüşmək istədiyini bildirdikdə Baba onun dediyi yerə gəlməyərək nömrəni qara siyahıya atmışdır. Bu səbəbdən də ona xx xxxx 2020-ci il tarixdə “Facebook” sosial şəbəsində “Könül Aslanova” adlı profillə müştəri kimi müraciət edib Polşa Respublikasında təhsil almaq üçün universitet seçimi ilə bağlı “xxxxxxxxxxxxxx MMC”-nin köməkliyinə ehtiyacı olduğunu bildirmişdir. xx xxxx 2020-ci il tarixdə Xətai rayonu, R.Quliyev küçəsi 4 saylı ünvanda yerləşən “BRAVO” supermarket şəbəkəsinin Əhmədli filialında kassir işlədiyi üçün gecə saat 22:30-da işdən çıxarkən görüşə biləcəyini bildirmişdir. “BRAVO” supermarketin qarşısı ilə Zərərçəkmiş şəxs piyada hərəkət edən zaman ona arxadan yaxınlaşaraq sağ əli ilə onun sağ ciyin nahiyəsinə zərbə vurmuşdur. Zərərçəkmiş şəxs çönüb onun olduğunu görüb hadisə yerindən qaçmaq istədikdə o, arxadan onun ayağına badalaq vurmuşdur. Baba yerə yıxılarkən sonuncunun arxa nahiyəsinə təpiklə vurub nalayiq sözlərlə təhqir etmişdir. Zərərçəkmiş şəxs təpik və yumruq zərbələri ilə döyərkən “BRAVO” supermarket şəbəkəsinin mühafizəçiləri və tanımadığı kənar şəxslər ona yaxınlaşaraq Zərərçəkmiş şəxs döyməyə imkan verməmişdir. Babanın hadisə yerindən qaçdığını gördükdən sonra taksiyə əyləşərək yaşadığı evə getmişdir. Daha sonra ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, ilk məhkumluğunu, əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahişetmişdir. Zərərçəkmiş şəxs məhkəmənin hazırlıq və baxış iclaslarının vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun işrirakı olmadan məhkəmə iclasını keçirilməsini mümkün hesab etmişdir. Məhkəməiclasındatəqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, şikayət etdiyi şəxs Təqsirləndirilən şəxs 2020-ci ilin iyun ayının 28-dən tanıyır. Onunla tanışlığı ünvan 2 saylı ünvanda yerləşən “xxxxxxxxxxxxxxe MMC”-də olmuşdur. xx.xx.2020-ci il tarixdə yuxarıda qeyd etdiyi və menecer kimi işlədiyi ofisə daxil olarkən sonradan adını bildiyi Təqsirləndirilən şəxs həmin şirkətin rəhbəri və dostu Cavid Zeynalov ilə sözlə mübahisə etdiyini görmüşdür. Onların mübahisəsinə müdaxilə edərək sakitləşdirmək istədikdə, Seymur ona qarşı da kobud davranmışdır. Bu səbəbdən də DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat verəcəyini onun nəzərinə çatdırmışdır. Lakin bu barədə səbr edərək onun ofisi tərk edərək gedəcəyini güman edib 102 xidmətinə məlumat verməmişdir. Təqsirləndirilən şəxs onu həmin vaxtı ofisdə sözlə hədələyərək bildirmişdir ki, sonra təklikdə görüşərək söhbət edəcəkdir. Təqsirləndirilən şəxs onu qabaqlayaraq DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Hadisə yerinə gələn polis əməkdaşlarını içəri dəvət etdikdə onları Səbail RPİ-nin 9-cu PB-yə dəvət etmişlər. xx xxxx 2020-ci il tarixdə Facebook sosial şəbəsində “Könül Aslanova” adlı profillə ona müştəri adı ilə müraciət etmiş və bildirilmişdir ki, Polşa Respublikasında təhsil almaq üçün universitet seçimi ilə bağlı “xxxxxxxxxxxxxx” MMC-nin köməkliyinə ehtiyacı vardır. Bunun üçün də o, öz növbəsində şirkət nümayəndəsi kimi həmin şəxslə görüşməyə qərar vermişdir. xx xxxx 2020-ci il tarixdə “BRAVO” supermarket şəbəkəsinin qarşısı ilə piyada hərəkət edən zaman arxadan ona yaxınlaşan şəxs sağ əli ilə sağ ciyin nahiyəsinə zərbə vuraraq onu təhqir etmişdir. O, geriyə çönüb arxaya baxdıqda həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Seymur onu təpik və yumruq zərbələri ilə döyməyə başlamışdır. Bununla yanaşı bir çox insanın arasında ona qarşı nalayiq ifadələr və təhqiredici kəlmələr bildirmişdir. “BRAVO” supermarket şəbəkəsinin mühafizəsi Seymura yaxınlaşaraq əllərindən tutub onun döyülməsinə imkan verməmişdir. Bundan sonra hadisə yerindən uzaqlaşaraq şəhərin mərkəzinə doğru getmişdir. Təxminən 1 saatdan sonra yaşadığı evə qayıtdıqda dostu Şahid3 yaşadığı evə dəvət etmişdir. Elnur onun yaşadığı evə gələrkən ona bu hadisə barədə məlumat vermişdir. xx xxxx 2020-ci il tarixdə bədənində olan ağrılardan polisə müraciət edə bilmədiyi üçün xx xxxx 2020-ci il tarixdə Xətai RPİ-nin 36-cı PB-yə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat tanışı Zərərçəkmiş şəxs yaşadığı ünvana getmişdir. Babanın göz ətrafının qaraltısını görmüşdür. Nə baş verdiyini soruşduqda Baba ona Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Babanın anlatdığından məlum olmuşdur ki, xx xxxx 2020-ci il tarixdə Xətai rayonu, R.Quliyev küçəsi 4 saylı ünvanda yerləşən “BRAVO” supermarket şəbəkəsinin Əhmədli filialının qarşısı ilə piyada hərəkət edən zaman arxadan Babaya yaxınlaşan şəxs sağ əli sağ çiyin nahiyəsinə zərbə vuraraq onu təhqir etmişdir. Baba çönüb arxaya baxdıqda həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu görmüş. Seymur onu təpik və yumruq zərbələri ilə döyməyə başlamışdır. Daha sonra “BRAVO” supermarketin işçiləri onları aralamışdır. Babanı sakitləşdirərək polisə şikayət etməsini məsləhət görmüşdür. Məhkəmə iclasında Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilərək tədqiq edilmişdir.Onların ifadəsi təqsirləndirilən şəxsin ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 verdiyi xx xxxx 2020-ci il tarixli 729 №-li rəydən görünür ki, Zərərçəkmiş şəxs ağrı sindromu ilə müşayiət olunan döş qəfəsinin sağ aşağı bayır səthinin yumşaq toxumasının hematoması, sol qaş qövsü nahiyəsinin, sol üst göz qapağının və sol gözaltı nahiyənin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdi, ağrı sindromu ilə müşayiət olunan döş qəfəsinin sağ aşağı bayır səthinin yumşaq toxumasının hematoması, sol qaş qövsü nahiyəsinin, sol üst göz qapağının və sol gözaltı nahiyənin qançır dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli hadisə yerini əks etdirən videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində «RF Bravo Market» ticarət obyektinin qarşısındakı açıq sahədə ağ köynəkli şəxs qaçaraq arxa tərəfindən qırmızı köynəkli şəxsə yaxınlaşır. Qırmızı köynəkli şəxs isə geri döndükdən bir qədər sonra ağ köynəkli şəxs onun çiyin nahiyəsinə əli ilə zərbə vurduqdan sonra ayağı və əli ilə ona təpik zərbələri vurur. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs həmin müşahidə kamerasına həkk olunmuş görüntüdə özünün qırmızı köynəkdə, Seymur Mansurovun isə ağ köynəkdə olduğunu bildirmişdir. Baxış zamanı gələcəkdə sübut əhəmiyyəti kəsb edə biləcəyindən həmin görüntülər «CD-R» informasiya daşıyıcısına köçürülərək götürülüb müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünürki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Ərazi Dairəsi üzrə Nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi, ev 34/10-da qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq cinayətini törətməsi özünün, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyi, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-in 221.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən aşkar cinayət törətməsi, əməlindən səmimi peşman olmasını, ilk məhkumluğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının CM-in 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Xətai rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirihökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar