Məhkəmə qərarları › İş №1(011)-323/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-323/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-323/2024 25.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 2002-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə təmiz çəkisi 0,814 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 17 fevral 2024-cü il tarixdə saat 02:05-də Azərbaycan Respublikasının DİN-nin X13 Alayının əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu ərazisində xidmət aparılarkən onun hərəkətləri şübhə doğurduğu üçün Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 4-cü kvadratın yaxınlığında saxlanılıb ünvan 2 ünvanında yerləşən Xətai RPİ-nin 36-cı Polis şöbəsinə gətirilərək videoçəkilişlə müdafiəçinin iştirakı ilə şəxsi-axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibində bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,814 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metanfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, bədənində olan ağrılara görə psixotrop maddə metamfetamin istifadə edir. Müxtəlif yerlərdən tanımadığı şəxslərdən psixotrop maddə metamfetamin əldə edib çəkmə üsulu ilə qəbul edir. Sonuncu dəfə 16 fevral 2024-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən kvadratlar deyilən ərazidə anket məlumatlarını bilmədiyi üzlə tanıdığı şəxsdən bir ədəd sellofan bükümdə 20 manat pul müqabilində "patı" deyilən psixotrop maddə metamfetamin alıb əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. Həmin psixotrop maddə metamfetaminin bir hissəsini istifadə etmiş, qalan hissəsini isə cibində saxlamışdır. 17 fevral 2024-cü il tarixdə saat 02:05-də Bakı şəhəri, Xətai rayonu, İ. Zülfüqarov küçəsi 4-cü kvadratlar deyilən ərazidə gündəlik icarəyə götürüb taksilik fəaliyyəti ilə məşğul olduğu "Toyota Prius" markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında əyləşən zaman üç nəfər Azərbaycan Respublikasının DİN-nin X13 Alayının əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində və saxlanılmasında şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək Xətai RPİ-nin 36-cı polis şöbəsinin inzibati binasına aparmışlar. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində təhqiqatçı tərəfindən tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya varsa onları təqdim etmək təklif olunmuşdur. O, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Həmin psixotrop maddə metamfetaminin ona məxsus olduğunu və 20 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqdim etdiyi psixotrop maddə metamfetamin elekton tərəzidə çəkilərkən 0,94 qram müəyyən olunmuşdur. Bundan başqa heç bir yerdə psixotrop maddə metamfetamin saxlamadığını, saxlanılan zaman polis əməkdaşları üzərinə baxış keçirilmədiyini və ona heç bir fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Bundan başqa istintaq hərəkətinin davamı olaraq onun idarə etdiyi "Toyota Prius" markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilə Xətai RPİ-nin 36-cı PŞ-nin inzibati binasının qarşısında X5 tərəfindən Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X3 və Azərbaycan Respublikasının DİN-nin X13 Alayının əməkdaşlarının iştirakları ilə baxış keçirilərkən avtomobilindən dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və maddi subut aşkar edilməmişdir. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ƏÇPA-nın polis nəfəri polis serjantı vəzifəsində işləyən Şahid2 ifadəsində bildirmişdir ki, o, 17 fevral 2024-cü ildə saat 02:05-də 2437 saylı çağırışlı avtopatrulda polis nəfərləri Şahid1 və X4 ilə birlikdə təhkim olunmuş inzibati ərazidə xidmət aparan zaman Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 4-cü kvadratın yaxınlığında "Toyota Prius" markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında əyləşən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşmışlar. Həmin şəxsin üzərində qanunla qadağan olunmuş maddələrin və ya əşyaların olmasına əsaslı şübhələr olduğundan əllərini ciblərinə salmağa imkan verməyərək 36-cı PŞ-nə aparmışlar. Polis şöbəsində saxladıqları şəxsin xx xxxx 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı raport yazılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin aparılması şöbənin təhqiqatçısı, polis kapitanı Faiq Şahverdiyevə həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkil təqdim edilmiş və üzərində şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Sonra xidməti otaqda videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması başlanmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılmasında sonuncunun vəkili, o, ƏÇPA-nın polis nəfəri Şahid1 iştirak etmişlər. Şəxsi axtarışdan öncə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya olduğu halda onu təqdim etməyi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində “patı” adlanan maddənin olduğunu, həmin maddəni 16 fevral 2024-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, İlqar Zülüfüqarov küçəsi 4-cü kvadratın yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat pul müqabilində əldə etdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, sonuncunun üzərindən başqa heç nə aşkar olunmamışdır. X5 bükümü açıb içərisində olan maddəyə baxdıqdan sonra həmin büküm elektron tərəzidə çəkilərkən 0.94 qram müəyyən olunmuşdur. Həmin maddə təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılmış, zərfə o, digər iştirakçılarla imza çəkmişlər. Bundan başqa istintaq hərəkətinin davamı olaraq Təqsirləndirilən şəxs idarə etdiyi "Toyota Prius" markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilə Xətai RPİnin 36-cı PŞ-nin inzibati binasının qarşısında X5 tərəfindən Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X3 və Azərbaycan Respublikasının DİN-nin X13 Alayının əməkdaşı Şahid1 iştirakı ilə baxış keçirilərkən Təqsirləndirilən şəxs avtomobilindən dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və maddi subut aşkar edilməmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş ƏÇPAnın polis nəfəri polis serjantı Şahid1 ifadəsi Şahid2 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş ƏÇPAnın polis nəfəri polis serjantı şahid X2 ifadəsi Şahid2 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir; (i.v.1) - şübhəli şəxsin tutulması haqqında 17 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il tarixdə saat 02:05 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur; (i.v.15) - şəxsi axtarış və götürmə aparılması haqqında 17 fevral 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək ona paltarında, əşyalarında, bədənində və ya idarə etdiyi nəqliyyat vasitəsində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə ağ rəngli, kristal şəkilli kütlə çıxarıb təqdim edərək onun “patı” olmasını, onu Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi,4-cü kvadrat deyilən ünvan yaxınlığında tanımadığı şəxsdən 20 AZN müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdəki “metamfetamin”ə bənzər maddə bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,94 qram olduğu tərəzidə görünmüşdür. Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdəki maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 151 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa onun üzərində qanunla dövriyyəsi qadağan olunan hər-hansı əşya və ya predment aşkar edilməmişdir. Bundan əlavə, şübhəli şəxs avtomobilinə baxış keçirilməsi ilə bağlı suala cavab olaraq buna heç bir etirazı olmadığını bildirmişdir; (i.v.25-26) - 17 fevral 2024-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Xətai RPİ-nin 36-cı PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs nəqliyyat vasitəsində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin saxlamasına ehtimal etməyə kifayət qədər əsaslar olduğundan istintaq hərəkətinin davamı olaraq video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş sonuncunun etibarnamə əsasında idarə etdiyi və deməsinə görə taksi fəaliyyəti ilə məşğul olduğu "Toyota Prius" markalı, **-XV-*** d.n.n-lı N/V-nə Xətai RPİ-nin 36-cı PŞ-nin həyətində baxış keçirilmişdir. Baxış zamanı nəqliyyat vasitəsindən qanunla dövriyyəsi qadağan olunmuş hər-hansı əşya və predmet aşkar olunmamışdır; (i.v.27) - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd DVD disk sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir; (i.v.28) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/962 nömrəli 17 fevral 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №151" dairəvi möhür əksi "...Təqsirləndirilən şəxs - imza, üç – imza, Tərtib etdi: F.Şahverdiyev – imza ... “ yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi – 0,814 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; (i.v.34-38) - təqsirləndirilən şəxs qismində cəlb etmək barədə 18 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham ona elan olunmuşdur; (i.v.48-49) - 18 fevral 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında “DVD” disk üzrə videoyazı məlumatlarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin disk “DVD” formatlıdır, diskin üzərində markanmaya dair yazılar və göstərici işarələri yoxdur, disk açıldıqda içərisində iki ədəd “mp4” formatlı görüntü vardır, həmin görüntüdə Xətai RPİ-nin 36-cı PŞ-də xx xxxx 2002-ci il təvəllüdlü Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən ünvan 5 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, İnqilab küçəsində nömrəsiz ünvanda kirayədə yaşayan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması müəyyən edilir, belə ki, Təqsirləndirilən şəxs özünü təqdim etdi, onun yanında iki nəfər şəxs vardır, həmin şəxslər Azərbaycan Respublikasının DİN-nin X13 Alayının əməkdaşlarıdır, qarşı stulda 13 sayılı vəkil Bürosunun vəkili X6 əyləşmiş, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verildikdə sonuncu əynindəki qara rəngli idman şalvarının sağ cibindən bir ədəd sellofan bükümdə spesifik iyli, ağ kristal rəngli, psixotrop maddə metamfetamini çıxarıb təqdim edərək bildirmişdir ki, həmin psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə sat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 4-cü kvadratlar deyilən ərazidən şəxsi istifadəsi üçün heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 20 AZN pul müqabilində aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri axtarılmış, lakin heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin elektron tərəzi ilə çəkilmiş və çəkisi 0,94 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə bir ədəd sellofan bükümdə ağ kristal rəngli, psixotrop maddə metamfetamini kağız zərfə qoyularaq qablaşdırılmış, üzərində qeydlər aparılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır; (i.v.62-63) - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 18 fevral 2024-cü il tarixli qərardan görünür ki, Xətai RPİ-nin istintaq şöbəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqi Cahid Musayevin 18 fevral 2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlandığı Xətai RPİ-nin MSY-dən dərhal azad edilmişdir; (i.v.66-67) - polisin nəzarəti altına vermə haqqında 18 fevral 2024-cü il tarixli qərardan görünür ki, xx xxxx 2002-ci il təvəllüdlü Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, ünvan 7 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, İnqilab küçəsində nömrəsiz ünvanda kirayədə yaşayan Təqsirləndirilən şəxs barəsində “ Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; (i.v.69) - 20 fevral 2024-cü il tarixli əməliyyat tapşırığından görünür ki, istintaq zərurəti ilə əlaqədar olaraq, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini aldığı şəxsin şəxsiyyətinin və olduğu yeri müəyyən edərək dindirilməsindən ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərini həyata keçirilməsi qərara alınmışdır; (i.v.72) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X11 06 mart 2024-cü il tarixli 2941 nömrəli məktubundan görünür ki, xx xxxx 2002-ci il təvəllüdlü, Masallı şəhəri, Digah küçəsi, ev 13 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb; (i.v.75) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 06 mart 2024-cü il tarixli tələbnamədən və Masallı Rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, Masallı rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli №1(050)-82/2017 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 1 (bir) il sinaq müddəti müəyyən edilərək şərti olaraq tətbiq edilmişdir; (i.v.76-77) - Masallı Rayon Məhkəməsinin 17 may 2017-ci il tarixli, 1(050)-82/2017 sayılı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması hökm edilmişdir; (i.v.79-89) - Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəyi Başçısının Masallı şəhər İnzibatı Ərazi Dairəsi üzrə Nümayəndəliyin 19 mart 2024-cü il tarixli 707 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, Digah küçəsi, ev 13 ünvanında qeydiyyatdadır. Ailə tərkibi 14 may 1966-cı il təvəllüdlü anası- X1 ibarətdir; (i.v.90) - Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəyi Başçısının Masallı şəhər İnzibatı Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 mart 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, 2002-ci ildə Azərbaycan Respublikasının ünvan 8 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Masallı şəhərində yaşadığı müddətdə özünü səmimi və intizamlı aparmış, yaşadığı ərazidə və cəmiyyət arasında davranış qaydalarına daim əməl etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs barəsində Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır; (i.v.91) - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Masallı rayon Mərkəzi Xəstəxanası” X11 09 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Masallı şəhəri, Digah küçəsi, ev 13 ünvanında qeydiyyatda olan xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat, 13:17-də “Masallı Rayon Mərkəzi Xəstəxanası” X14in qəbul şöbəsinə daxil olmuş və ilkin tibbi yardım göstərilmişdir. Diaqnoz: ”Arterial Hipertenziya”; (i.v.102) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X11 04 aprel 2024-cü il tarixli 2162 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür; (i.v.103-104) - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,814 qram psixotrop maddə metamfetamin ekspertiza tədqiqatı zamanı sərf edildiyindən qalıq 0,764 qram psixotrop maddə metamfetamin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0,814 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 17 fevral 2024-cü il tarixdən 18 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,814 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,764 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 92 (doxsan iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Masallı rayonu, Digah küçəsi, ev 13 ünvanına təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Masallı rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Masallı rayonunun ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,764 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (yüz əlli) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar