Məhkəmə qərarları › İş №1(011)-324/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-324/2020

26.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-324/2020 26.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir. Belə ki, o, xx xxxxx 2020-ci il tarixdə saat 18 radələrində yuyucu işlədiyi Bakı şəhəri Xətai rayonu X2 1 ünvanında yerləşən “Grass” avto yuma məntəqəsinin qarşısında Zərərçəkmiş şəxs yuyulmasını ona həvalə edərək açarını verdiyi qara rəngli “BMW X5” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikini açarla işə salıb avtomobili idarə etməklə talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırmış və Bakı şəhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsində qurulmuş stasionar postda polis əməkdaşları tərəfindən saxlanılaraq avtomobillə birlikdə Xətai RPİ-nin 34-cü PŞ-nə təhvil verilmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, ifadəsi, habelə cinayət işinin materiallarında olan işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx xxxxx 2020-ci il tarixində saat 18 radələrində işlədiyi avtoyuma məntəqəsində olan zaman Tahir idarə etdiyi “BMW X5” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtoyuma məntəqəsinə gəlmiş, növbə olduğu üçün avtomobilin açarını ona vermiş və yuyulmasını tapşırmışdır. O, həmin vaxt avtoyuma məntəqəsində başqa avtomobillərin olduğunu görüb Tahirin ona yumaq üçün həvalə etdiyi “BMW X5” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili işə salıb idarə edərək Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metro stansiyasının yaxınlığına gedərək dostu ilə görüşməyi düşünmüşdür. Bundan sonra o, avtoyuma məntəqəsinin müdir olan Sərxanın həmin vaxt içəri tərəfdə olmasını, digər işçi Zaurun avtomobillərin yuyulması ilə məşğul olduğunu görüb Tahirin ona yumaq üçün həvalə etdiyi “BMW X5” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili işə salıb idarə edərək Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi ilə “20 Yanvar” metro stansiyası istiqamətinə doğru hərəkət etməyə başlamışdır. Təxminən 15 dəqiqə sonra Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində quraşdırılmış yoxlama postunda polis əməkdaşları tərəfindən saxlanılmış və onu 34-cü polis şöbəsinə dəvət etmişlər. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixində saat 18 radələrində mülkiyyətçisi olduğu “BMW X5” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Xətai rayonu X2 küçəsi 1 ünvanında yerləşən avtoyuma məntəqəsinə yuyulması üçün təhvil vermişdir. Təxminən 15 dəqiqə sonra o, avtoyuma məntəqəsinə gələn zaman Ruslana təhvil verdiyi “BMW X5” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin orada olmadığını görmüşdür. Bundan sonra o, Ruslanın harada olması barədə avtoyuma məntəqəsində işləyən digər işçilərdən maraqlanmış və işçilər ona Ruslanın harada olmasını bilmədiklərini demişlər. O, Ruslanın mobil nömrəsini avtoyumada işləyən şəxsdən soruşub zəng etsə də, Ruslanın mobil telefonu sönülü olduğundan əlaqə saxlaya bilməmişdir. Bundan narahat olub ətrafda olan tanımadığı şəxslərdən özünə məxsus qara rəngli “BMW X5” markalı avtomobili görübgörmədiklərini soruşmuşdur. Həmin şəxslər ona belə bir avtomobili görmədiklərini demişlər. Bundan sonra Xətai RPİ-nin 34-cü PŞ-də avtomobilinin qaçırılması ilə bağlı ərizə yazmışdır. Bir müddət sonra ona məxsus “BMW X5” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtoyuma məntəqəsinin işçisi olan Təqsirləndirilən şəxs tərəfindən idarə edilən zaman Bakı şəhəri, Xətai rayonu, Afiyyədin Cəlilov küçəsində quraşdırılmış stasionar postda saxlanılaraq 34-cü PŞ-nə gətirildiyi öyrənmişdir. Hazırda Ruslanla barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şahid2 məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid2 həmin ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə təxminən saat 18 radələrində efir vasitəsi ilə 34-cü PŞ-nin inzibati ərazisindən “BMW X5” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması və həmin avtomobilin Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində qurulmuş stasionar postda polis əməkdaşları tərəfindən saxlanması barədə məlumat almışlar. Buna görə də dərhal qeyd olunan posta yaxınlaşmışlar. Həmin vaxt onlar postda xidmət aparan polis əməkdaşları tərəfindən “BMW X5” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanıldığını görmüşlər. Bundan sonra həmin avtomobili idarə edən zaman saxlanılaraq avtomobildən düşürülmüş Təqsirləndirilən şəxs xidmət apardıqları avtopatrul maşınına əyləşdirib Xətai RPİ-nin 34-cü PŞ-nə apararaq bu barədə raportla şöbənin rəhbərliyinə məruzə etmişlər. Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. Şahid1 məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid1 həmin ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin mart ayından Xətai rayonu S.Ə.ünvan 3 ünvanında yerləşən avtoyuma məntəqəsini işlətmişdir. Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayının sonlarında işlətdiyi avtoyuma məntəqəsində avtomobillərin yuyulmasını yerinə yetirən işçi kimi işə götürmüşdür. Ruslan işçi olduğu müddətdə normal işləsə də, şəxsi olaraq işdən kənar vaxtlarda spirtli içki qəbul etmişdir. Bəzən iş vaxtlarında da, içkili olduğunu görüb Ruslana düz etmədiyini, bu cür işləyə bilməyəcəyin demişdir. xx.xx.2020-ci il tarixində saat 18 radələrində avtoyumada olarkən Ruslanın müştəri kimi gəlmiş qara rəngli “BMW X5” markalı avtomobilin sürücüsündən həmin avtomobili yumaq üçün təhvil aldığını görmüşdür. Lakin, qısa müddət sonra Ruslanın orada olmadığını bilmişdir. Yuyulmaq üçün təhvil aldığı avtomobilin də yerində olmadığını görüb Ruslanın avtomobili sürüb getdiyini düşünmüş və dərhal ona zəng etsə də, telefonuna zəng çatmamışdır. Bir müddət sonra Xətai RPİ-nin 34-cü PŞ-də Ruslanın avtomobili qaçırdığı üçün saxlandığını öyrənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət işinin başlanılması qərara alınmışdır. (i.v. 1); zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında xx xxxxx 2020ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i. v. 9). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, xx.xx.2011-ci il tarixdə sınaq müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış, Tərtər Hərbi Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 500 manat cərimə cəzasına məhkum edilmiş, xx xxxxxx 2013-cü il tarixdə cəriməni ödəmiş, Siyəzən Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmiş, Siyəzən Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli qərarı ilə 2000 manat cərimə cəzası 02 il müddətə islah işləri cəzası ilə əvəz edilmiş, “28 May Respublika günü münasibəti ilə amnistiya elan olunması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli qərarının 1.5-ci bəndinə əsasən əsas cəzadan azad edilmişdir (i.v. 67-68); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunmuş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş (i.v.103-104); qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 138); Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, özünü təqsirli bilmiş, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxsin qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi zərərçəkmiş şəxsin, şahidin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 185.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ; 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)—min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə icraata xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut - “BMW X5” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 321, 321.2.1 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut - “BMW X5” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar