Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-324/2022 07.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 14 sentyabr 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.2, 120.2.1 və 120.2.11-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsi tətbiq olunmaqla 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə olan heroini 20 manat müqabilində əldə edib üzərində saxlamaqla daşımış, 29 aprel 2022-ci il tarixdə saat 17:45 radələrində Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 46 saylı ünvanın yaxınlığında olan zaman Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Naıkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanında yerləşən Xətai RPİ-nin inzibati binasına getirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən sellofana bükülmüş təmiz çəkisi 0,617 qram kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə il olar ki, narkotik vasitə olan heroindən istifadə edir və istifadə etdiyi narkotik vasitə olan heroini adətən Bakı şəhərində müxtəlif yerlərdə tanımadığı şəxslərdən alır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə səhər saat 11 radələrində şəxsi istifadəsi üçün narkotik maddə əldə etmək məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan yerə gedib orada olan zaman əvvəllər bir neçə dəfə narkotik maddə aldığı, lakin anket məlumatlarını bilmədiyi şəxslə rastlaşmışdır. Söhbət zamanı ondan öz istifadəsi üçün narkotik vasitə hesab edilən heroin istəmiş, həmin şəxsə 20 manat pul verib həmin şəxsdən 01 büküm narkotik maddə olan heroin almışdır. Həmin narkotik maddəni evə gələrək bir qismini istifadə etməsinə baxmayaraq bir qismini sellofana bükərək çibinə qoymuşdur ki, sonra qəbul edər. 29 aprel 2022-ci il tarixdə saat təxminən 17 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 46 saylı ünvanda olan zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını deyib onu polis idarəsinə dəvət etmişlər. Həmin vaxtı əvvəlcədən cibində saxladığı narkotik maddə olan heroin cibində olduğuna görə narkotik maddəni gizlədə bilməmiş, polis əməkdaşları ilə birlikdə Xətai RPİ-nin inzibati binasına gəlmişlər. Polis İdarəsində xidməti otaqların birində hüquq və vəzifələri izah olunmuş, bir nəfər vəkil dəvət edilmiş, videoçəkiliş vasitəsi ilə polis əməkdaşlarının iştirakı ilə üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə, əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli selofana bükülmüş, içərisində spesifik iyli, qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə olan heroini çıxardıb təqdim etmişdir. Eyni zamanda polis əməkdaşları həmin narkotiki haradan və kimdən almağını soruşanda, həmin narkotik vasitə olan heroini Bakı şəhərində «Kubinka» adlanan ərazidə əvvəllər tanımadığı şəxsdən əldə eldiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamamağını soruşanda, təqdim etdiyi narkotikdən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik maddə saxlamadığını bildirmişdir. Həmin vaxtı üzərindən aşkar edilmiş narkotik maddə olan heroin elektron tərəzi ilə çəkisi çəkilərkən 0,600 qram olması müəyyən edilmişdir. Daha sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərində axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş bükümdə olan maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 155 saylı möhürü ilə möhürlənmiş və imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin X1 əməliyyat müvəkkili, polis mayoru vəzifəsində çalışır. 29 aprel 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə, Təqsirləndirilən şəxs rayon ərazisində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, onları daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün Bakı şəhəri Xətai rayon Polis İdarəsinin X1 əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 29 aprel 2022-ci il tarixdə saat 17:45 radələrində Xətai RPİ-nin X1 əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olan məlumat əsasında ünvan 6 ünvanda xarici əlamətlərindən Təqsirləndirilən şəxs müəyyən edərək ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını deyib həmin şəxsdən şəxsiyyəti barədə məlumat verməsini istəmişlər. Həmin şəxs özünü xx xxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs kimi təqdim elmiş, bundan sonra həmin şəxsə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Xətai RPİ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşıb birlikdə Xətai RPİ-nə gəlmişdir. Polis İdarəsində xidməti otaqlardan birində Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin baş təhqiqatçısı polis mayoru X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunaraq ona hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış və götürmə hərəkətləri keçirilmiş, şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Mikayıl Bayramov əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyli maddəni çıxardıb təqdim edərək həmin maddənin narkotik vasitə hesab edilən heroin olduğunu, həmin maddəni «Kubinka» adlanan yerdən şəxsi istifadəsi üçün 20 manata aldığını, 29 aprel 2022-ci il tarixdə saat 17:45 radələrində Xətai rayonu, İ.İsmayılov küçəsi 46 saylı ünvanda olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirilməsini bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin ümumi çəkisinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzi ilə çəkilən zaman 01 ədəd şəffaf rəngli sellofana bükülmüş maddənin sellofanla birlikdə ümumi çəkisinin 0,600 qram çəkidə olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı götürülmüş bir ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisindəki tünd qəhvəyi rəngli, kəskin iyli narkotik vasitəyə oxşar maddə təhqiqatçı tərəfindən iştirakçılara nümayiş edilərək qablaşdırılmış, Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 155 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib etmiş, protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin X1 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 30 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 29 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:45 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 22); şəxsi axtarış və götürmə aparılması haqqında 29 aprel 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddəni çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nədən ibarət olması, nə vaxt və kimdən alması soruşulduqda, sonuncu həmin bükümdəki kütlənin heroin olduğunu, iki gün öncə “Kubinka” adlanan yerdə anket məlumatlarını və əlaqə nömrəsini bilmədiyi şəxsdən 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəzi vasitəsilə çəkilmiş və həmin kütlənin 0.600 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “zərflər üçün” 155 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 33- 35); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə olunmuş əlillik haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil hesab edilir (i.v. 41-42); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2022-ci il tarixli, 6/2496 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,617 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir (i.v. 46-49); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 30 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (i.v. 63-64); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(011)-225/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır (i.v. 86-89); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 143.4-cü maddəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhər Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 02 ilə endirilmiş, xx.xx.1999-cu ildə cəzasının sonu ilə azad olunmuşdur; ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.3.2, 120.2.1, 120.2.11-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq olunmaqla 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir (i.v. 103-105); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsinin xx.xx.2022-ci il tarixli 2392 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaylasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 115-116); diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd “CD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 29 aprel 2022-ci il tarixli protokola uyğun olmuşdur (i.v. 120-121); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/2496 saylı və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2392 saylı rəyləri sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0.617 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.567 qram narkotik vasitə olan heroin saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, 01 ədəd CD-R disk maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılmışdır (i.v. 135-140). Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddəni çıxardıb təqdim edir. Təqsirləndirilən şəxs həmin maddənin nədən ibarət olması, nə vaxt və kimdən alması soruşulduqda, sonuncu həmin bükümdəki kütlənin heroin olduğunu, iki gün öncə “Kubinka” adlanan yerdə anket məlumatlarını və əlaqə nömrəsini bilmədiyi şəxsdən 20 manata aldığını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0.617 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroin istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını və İİİ qrup əlil olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 14 sentyabr 2004-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.617 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.567 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd «CD-R» formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 29 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs oğlu ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.617 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.567 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd «CD-R» disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-324/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-324/2022
07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver