Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-325/2022 30.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, 23 avqust 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, üç büküm kustar üsulla hazırlanmış, ümumi təmiz çəkisi 0,582 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 07 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, 3-cü Qəsəbə küçəsində həmin narkotik vasitə olan heroindən bir ədəd bükümdə, 0,277 qram çəkidə hissəsini tanışı Şahid1 10 manat müqabilində satmış, həmin tarixdə saat 14:30-da Şahid1 Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı yaxalandıqdan sonra, sonuncunun üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin mənbəyinin müəyyən edilməsi məqsədilə keçirilmiş əməliyyat tədbiri zamanı, Təqsirləndirilən şəxs həmin gün saat 15:30-da Bakı şəhəri, Xətai rayonu, 3-cü Qəsəbə küçəsində saxlanılıb, ünvan 2 ünvanında yerləşən Xətai RPİ-nin 34cü Polis Şöbəsinə gətirilərək, üzərində müdafiəçinin iştirakı və videoçəkilişdən istifadə olunmaqla keçirilən şəxsi axtarış və götürmə zamanı, əynində olan qara rəngli şalvarının sağ yan cibindən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda üzərində saxlamaqla daşıdığı iki ədəd qızılı rəngli kağıza bükülmüş bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,152 qram və 0,153 qram olmaqla, ümumi təmiz çəkisi 0,305 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ailə üzvləri ilə birlikdə Xətai rayonu, 3-cü Qəsəbə küçəsində yerləşən yaşayış sahəsində yaşayır. O, narkotik vasitələrin aludəçisidir və bədənində ağrılar olduğuna görə, narkotik vasitədən istifadə edərək, ağrıların qarşısını almağa çalışır. Narkotik vasitələri müxtəlif yerlərdən tanımadığı şəxslərdən alırmış. 07 aprel 2022-ci il tarixdə, günorta saatlarında yaşadığı evin qarşısında olduğu zaman, polis əməkdaşları onu saxlamış və daha sonra onu Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində olarkən, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq olunmuş və bundan sonra o, məcbur olub videoçəkiliş zamanı üzərindən aşkar olunaraq götürülmüş bükümlərdə olan narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamağını, eyni zamanda bir bükümünün Rasim adlı tanışına satmasını etiraf etmişdir. Əslində isə ibtidai araşdırmada verdiyi ifadələri həqiqəti əks etdirmir, məhkəmə iclasında verdiyi ifadəsi isə doğrudur. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, bir neçə il müddətdir ki, narkotik vasitə olan heroini mütəmadi olaraq şəxsi istifadə üçün qəbul edir. Narkotik vasitələri bəzən tanıdığı, bəzən isə tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə 07 aprel 2022-ci il tarixdə Xətai rayonu, 3-cü Qəsəbə küçəsində olarkən, əvvəllər də bir neçə dəfə narkotik vasitə aldığı tanışı Təqsirləndirilən şəxs 10 manata bir ədəd qızılı rəngli kağıza bükülmüş narkotik vasitə olan heroini almışdır. Elman adlı şəxsdən aldığı narkotik vasitə olan bükümü əynində olan şalvarının cibinə qoymuşdur ki, sonra istifadə edər. Həmin gün, saat 14 radələrində Xətai rayonu, 3-cü Qəsəbə küçəsinin yaxınlığında olarkən, iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim etdikdən sonra, onu 34-cü Polis Şöbəsinə dəvət etmişdirlər. Polis Şöbəsində o, səmimi etiraf edərək, narkotik vasitə olan heroin istifadə etdiyini deyib, üzərində də bir ədəd kağıza bükülmüş narkotik vasitə olan heroin olduğunu demişdir. Polis şöbəsində üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş və o, əynindəki şalvarının cibindən bükümü çıxardıb təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində sahə rəisi vəzifəsində işləyir. Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən, Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmişlər. Bu minvalla 07 aprel 2022-ci il tarixdə, saat 15:30-da Xətai rayonu, 3-cü Qəsəbə küçəsində olarkən, həmin şəxsi müəyyən edib, ona yaxınlaşaraq, özlərini təqdim etmişlər və həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra, onlar həmin şəxsi 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxs buna etiraz etməmiş və polis şöbəsində araşdırma aparılması üçün təhqiqatçıya təhvil vermişlər. Şöbədə olan zaman həmin şəxsin xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təhqiqatçı hüquqlarını müdafiə etməsi üçün Təqsirləndirilən şəxs vəkil dəvət edərək, həmin vəkilin iştirakı ilə, videoçəkilişdən istifadə etməklə, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl, Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya olduğu təqdirdə, təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən iki ədəd qızılı rəngli kağıza bükülmüş bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni “8 km” adlanan bazarın yaxınlığında üzdən tanıdığı şəxsdən üç ədəd qızılı rəngli kağıza bükülmüş formada 20 manat pul verib aldığını və həmin bükümlərdən bir ədədini 10 manata tanışı Şahid1 satdığını və qalan iki ədəd bükümü isə şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra, axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şahid əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji zor tətbiq edilməmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Əməliyyat qrupunun yaradılması haqqında qərardan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 3-cü Qəsəbə küçəsində “Elman” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin qanunsuz saxlanılması, satışı və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması və həmin şəxsin cinayət əməlinin ifşa edilməsi üçün zəruri əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və əməliyyat qrupunun yaradılması qərara alınmışdır. İş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, 07 aprel 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən iki ədəd qızılı rəngli kağıza bükülmüş, qəhvəyi rəngli, tozşəkilli maddəni təqdim edərək bildirdi ki, həmin bükümdə olan maddələr narkotik vasitə olan heroindir, narkotik vasitəni bir neçə gün əvvəl üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən almış, 07 aprel 2022-ci il tarixdə, polis əməkdaşları tərəfindən saxlanmamışdan bir qədər əvvəl, aldığı üç büküm narkotik vasitənin bir bükümünü tanışı Rasim adlı şəxsə 10 manata satmış, qalan hissəsini isə öz istifadəsi üçün cibinə qoyaraq saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2022-ci il tarixli, 6/1932 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs (imza) ...” sözləri olan zərfdəki iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,152 qram və 0,153 qram olmaqla, ümumi təmiz çəkisi 0,305 qram olan qəhvəyi rəngli maddələr - kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Tədqiqatdan sonra qalıq - 0,205 qramdır. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2022-ci il tarixli, 6/2226 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şahid1 (imza) ...” sözləri olan zərfdəki bir ədəd bükümdə, təmiz çəkisi 0,227 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə, üzərində “...Təqsirləndirilən şəxs (imza) ...” sözləri olan zərfdəki iki ədəd bükümdə, ümumi təmiz çəkisi 0,205 qram olan narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. İş materiallarında olan Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş diskə baxış keçirilən zaman, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəsinə xx.xx.2022-ci il tarixdə, saat 21:52-də ***-***-**-** saylı mobil nömrədən “Cet olani ver qurbanla danishdm”, xx.xx.2022-ci il tarixdə, saat 17:46-da ***-***-**-** saylı mobil nömrədən “Ay emi men patini vermiwem orxana menimcun deyiwsun kokuya bayaqdan yiqiram acmir….” “Goturmur ki, diyim ona lazim deyil patini getir. can darixma go”, xx.xx.2022-ci il tarixdə, saat 20:52-də ***-***-**-** saylı mobil nömrədən “Can 25 m yaridi bunlarin varyoxunu… neyniyim gelim?” məzmunlu sms-lərin göndərilməsi müəyyən edilmişdir. İş materiallarından görünür ki, 0,205 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd disk və "xxxx" MMC-dən götürülmüş bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 04 may 2022-ci il tarixli, 2212 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 07 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 25 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 avqust 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 17 mart 2009-cu il tarixli amnistiya qərarına əsasən, 18 may 2009-cu il tarixdə cəzadan azad olunmuşdur. Göründüyü kimi, hazırda Təqsirləndirilən şəxs ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində olarkən, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq olunmasını bildirsə də, bununla bağlı hər hansı bir hal məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 07 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,205 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk və "xxxx" MMC-dən götürülmüş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 162 (bir yüz altmış iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 07 aprel 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,205 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk və "xxxx" MMC-dən götürülmüş bir ədəd cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 162 (bir yüz altmış iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-325/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-325/2022
30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver