Məhkəmə qərarları › İş №1(011)-327/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-327/2020

15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-327/2020 15.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvəllər məhkum olunmamış, taksi fəaliyyəti ilə məşğul olan, himayəsində bir azyaşlı uşağı olan, ünvan 1 mənzil 22 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində idarə etdiyi özünə məxsus «Mercedes Benz C 230» markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti ilə Zığ qəsəbəsi istiqamətində 55 km/saat sürətlə hərəkətdə olduğu zaman Gəncə prospekti 105 saylı ünvanın qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yaranmasını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyib yolu sağdan-sola doğru keçən piyada X4 idarə etdiyi avtomobilin qabaq sağ qanadı ilə vuraraq, ehtiyatsızlıqdan sonuncuya travmatik şokla müşayiət olunan baş beyin maddəsinə, mədəciklərə və qişaların qansızma, ağciyərin kontuziyası, sağda Vİ-Vİİ-Vİİİ qabırğaların, Vİİ boyun və İV-V bel fəqərələrin sınıqları, sol mil bilək oynağının qapalı sınığı, başın təpə nahiyyəsinin əzilmiş yarası, sol mil-bilək oynağının səthi əzilmiş yarası, sifətin, sağ kürəküstü nahiyyənin, belin sağ bayır səthinin və sağ baldırın sıyrıqları ilə nəticələnən, ümumilikdə sağlamlığa ağır zərər vurmaya malik xəsarətlər yetirərək, xx.xx.2020-ci il tarixdə saat 19 radələrində aldığı bədən xəsarətlərindən xəstəxanada başbeyin əzilməsi ilə bağlı ölümünə səbəb olmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadəsi, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 16:00 radələrində öz yaşadığı mənzilə gedərkən idarə etdiyi “Mersedec Benz C 230” markalı, **-GH-*** dövlət nömrə nişanlı avtomobil ilə Xətai rayonu Gəncə prospekti 70 ünvanından Zığ qəsəbəsi istiqamətində saatda 55 km/saat sürətlə hərəkətdə olarkən, onun hərəkət istiqamətində sağ tərəfdən yola daxil olaraq sakit addımlarla sağdan sola doğru yolu keçən piyadanı görərək onu vurmamaq üçün idarə etdiyi avtomobili sola istiqamətləndirmiş, lakin buna baxmayaraq avtomobilin qabaq sağ yan güzgü (alın şüşəsi ilə) piyadanı vurmuş, bundan sonra idarə etdiyi avtomobili tormozlayaraq dayandırmışdır. Avtomobildən düşərkən bir nəfər kişinin avtomobilin qabağından bir-iki metr irəlidə yolda, üzü Zığ qəsəbəsi istiqamətində yerdə uzandığını görmüş, həmin vaxt başa düşmüşdür ki, idarə etdiyi avtomobil ilə Zığ qəsəbəsi istiqamətində hərəkətdə olarkən piyada keçidi olmayan yerdə yolu onun hərəkət istiqamətinin sağından sola doğru, keçən kişini vurmuşdur. O, dərhal həmin kişiyə yaxınlaşmış və tez Səhiyyə Nazirliyinin 103 xidmətinə zəng edərək məlumat vermiş, sonra təcili tibbi yardım avtomobili gəlmiş, həmin kişini təcili tibbi yardım avtomobili ilə Sabunçu 3 saylı şəhər xəstəxanasına aparmış və sonradan avtomobili ilə ehtiyatsızlıqdan vurduğu kişinin Ağadur Abdullayev olmasını bilmişdir. Son olaraq əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, evli olduğunu, himsyəsində bir azyaşlı övladının olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ilə barışdığını və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs göstərmişdir ki, mərhum X5 onun atasıdır. Hadisə baş verən günə qədər onlar ayrı yaşamışlar. Mərhum atası X5 yaşadığı ünvanın yaxınlığında sürücülük fəaliyyəti ilə məşğul olmuşdur. X1 yaşadığı Gəncə prospekti 105 ünvanında piyada keçidi olmayan yerdən yolu keçərkən “Mersedec Benz C 230” markalı, **-GH-*** dövlət nömrə nişanlı avtomobilin vurması nəticəsində bədən xəsarətləri almış, dərhal 3 saylı Sabunçu şəhər xəstəxanasına çatıdırılmış və xəstəxanada 3 saat müayinə olunduqdan sonra vəfat etmişdir. Bu barədə ona təxminən axşam saat 22:30 radələrində polis əməkdaşları məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Şahid məhkəmə iclasına gəlməmişdir. Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, 2013-cü ildən Bakı şəhər 7 saylı TTY stansiyasında həkim anestezioloq-reanimotoloq vəzifəsində çalışır. xx xxxx 2020-ci il tarixdə saat təxminən 16 radələrində TTY stansiyasına Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 105 saylı ünvanın qarşısında piyadanın vurulması ilə bağlı çağırış daxil olmuş, hadisə yerinə gəldikdə boz rəngli, sedan, markasını xatırlamadığı avtomobil olduğunu görmüşdür. Həmin avtomobilin sürücüsü kimi özünü təqdim edən şəxs, həmin yerdə yolun kənarında otluq sahədə bir nəfər təxminən 50-60 yaşlı kişini göstərərək, həmin vurduğu piyada olduğunu bildirmişdir. O, dərhal həmin şəxsə yaxınlaşaraq müayinə etdikdə, həmin şəxsin təpə və ənsə nahiyəsində əzilmə aşkar etmiş və xəsarətlərin ağır olması müəyyən edildiyindən orada ilkin tibbi yardım göstərilməklə TTY avtomobili ilə 3 saylı ŞKX-na aparılmışdır. Həmin şəxs hadisə yerində olarkən adının və soyadının Ağadur Abdullayev olmasını bildirmiş, müvafiq suallara cavab vermişdir. Xəstə 3 saylı ŞKX-na təhvil verildikdən sonra o, TTYS-na qayıdaraq, çağırışla bağlı müvafiq qeydiyyat aparmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 01); «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə 2/10740 №-li xx xxxx 2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v. 05); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X11, Xətai rayon prokurorunun müavini, baş ədliyyə müşaviri S.İmanovun, hal şahidləri X13 və X6 iştirakları ilə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 105 saylı ünvanın qarşısında yerləşir. Yolun işlək hissəsi enişli 2%, asfaltbeton ötrüklü və quru olmuş, hərəkət zolağının sayı 6, işlək hissədə qarşı-qarşıya hərəkət axınını ayırmaq üçün uzununa beton səki, hər istiqamətdə üç hərəkət zolağına qırıq-qırıq xətlərlə bölünmüşdür. İşlək hissəyə sağdan səki, soldan səki birləşir, sağda fərdi yaşayış evləri, solda yaşayış binaları mövcuddur, həmin sahədə hərəkətin üsulu nizamlanmayandır. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, 1,4 1,5 yol nişanları mövcuddur həmin yol şəhər alentrik işıq mənbəyi ilə işıqlandırılır sürücünün yerindən faralarının işığında görünüş vəziyyəti uzaq işıqda 100 m, yaxın işıqda 50 metrdir, gün işığında məhdudiyyətsizdir. Hadisə yerində nəqliyyat vasitəsinin vəziyyəti: “Mersedec Benz C 230” markalı, **-GH-*** dövlət nömrə nişanlı avtomobil Gəncə prospekti ilə Zığ yolu istiqamətində hərəkətdə olarkən 10 saylı ünvanın qarşısında yolun sağ tərəfindən sol tərəfinə keçən piyadanı qabaq ön hissəsi ilə vurmuş, nəticədə piyadanın baş nahiyəsi çırpılaraq xəsarət almışdır. Hadisə yerində şinlərin, tormozların izləri və nəqliyyat vasitəsinin sınmış və itmiş hissələri aşkar olmamışdır. Nəqliyyat vasitəsinin ətrafdakı əşyalara toxunma izləri və digər izlər, həmçinin paltar parçaları aşkar olmamış, qan izləri aşkar olunmuşdur. (i.v. 08-17); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ İmişli RQİTBŞ tərəfindən xx.xx.2013-cü il tarixdə 10 il müddətinə «B C» kateqoriyalı AD 027973 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 18); zərərçəkmiş şəxsin yaxın qohumunun hüquqi varisi qismində tanınması barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs iş üzrə mərhum X3 hüquqi varisi qismində tanınmışdır (i.v. 27); xx.xx.2013-cü il tarixli, AZ-İİİ 185099 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuş, valideynləri qrafasında atası Təqsirləndirilən şəxs, anası isə X7 göstərilmişdir (i.v. 34); xx.xx.2012-ci il tarixli, AZ-İ 760574 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Təqsirləndirilən şəxs (Quliyeva) Minayə Xalid qızı ilə xx xxxxx 2012-ci il tarixdə Xətai rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur (i.v. 35); xx.xx.2020-ci il tarixli, 17 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində qonşular, inzibati orqanlar tərəfindən 85 saylı MKİS-nə heç bir şikayət və narazçılıq daxil olmamışdır (i.v. 37); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 alınmış xx.xx.2020-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur (i.v. 38-39); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12- Təcrübi və Tədris Birliyinin meyitin ekspertizasının xx xxxx 2020-ci il tarixli, 68 saylı rəyində göstərilmişdir ki, mərhum X3 meyitində aşkar olunmuş xəsarətlər - travmatik şokla müşayiət olunan baş beyin maddəsinə, mədəciklərə və qişaların qansızma, ağciyərin kontuziyası, sağda Vİ-Vİİ- Vİİİ qabırğaların, Vİİ boyun və İV-V bel fəqərələrin sınıqları. Sol mil bilək oynağının qapalı sınığı, başın təpə nahiyəsinin əzilmiş yarası, sol mil-bilək oynağının səthi əzilmiş yarası, sifətin sağ kükəsütü nahiyənin, belin sağ bayır səthinin və sağ baldırın sıyrıqları, bərk küt əşyanın (əşyaların) təsirindən, xx.xx.2020-ci il tarixdə saat 16:30 onun tibbi yardım üçün Sabunçu 3 saylı şəhər xəstəxanasına gətirilməsindən az əvvəl baş vermiş yol-nəqliyyat hadisəsi şəraitində avtomobil vurması nəticəsində əmələ gəlmişdirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. A.M.Abdullayevin meyitində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə hərəkətdə olan avtomobilin qabarıq hissələri ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdilər. Mərhum A.M.Abdullayevin ölümünə səbəb olan travmatik şokla müşayiət olunan baş beyin maddəsinə, mədəciklərə və qişaların qansızma, ağciyərin kontuziyası, sağda Vİ-Vİİ- Vİİİ qabırğaların, Vİİ boyun və İV-V bel fəqərələrin sınıqları, sol mil bilək oynağının qapalı sınığı, başın təpə nahiyəsinin əzilmiş yarası, sol mil-bilək oynağının səthi əzilmiş yarası, sifətin sağ kükəsütü nahiyənin, belin sağ bayır səthinin və sağ baldırın sıyrıqları olmuşdur. Mərhum A.M.Abdullayevin adına Sabunçu 3 saylı şəhər xəstəxanasında tərtib olunmuş stasionar xəstənin tibbi kartalarında onun spirtli içki qəbul edib-etməməsi barədə hər hansı məlumat qeyd edilməmişdir (i.v. 46-50); Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli, 263 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən «Mersedec Benz C 230» markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində həmin maddənin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat təşkil etmişdir (i.v. 51-57); sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə ittiham elan edilməsi üçün təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə müvafiq qərar qəbul edilmiş, iş üzrə məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 68 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, iş üzrə məhkəmə-yol nəqliyyat ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 263 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedec Benz C 230” markalı, **- GH-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmışdır (i.v. 61-64); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (i.v 75-76); qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 86-87); zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Rəşad Cəfərova ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs həmin ərizəsində Təqsirləndirilən şəxs heç bir şikayət və ya maddi tələbinin olmadığını bildirmişdir (i.v. 92); zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs həmin ərizəsində Təqsirləndirilən şəxs ilə barışdıqlarını və ona qarşə heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin səsləndirdiyi ifadəsi və şahidin iş materiallarında olan və məhkəmə zalında elan olunmuş ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini (CM-59.1.11), zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4.), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini (CM-59.1.13) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, iş yeri üzrə müsbət xarakterizə edilməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan «Mercedes-Benz C230» minik markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «Mercedes-Benz C230» minik markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutulub “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin, VÖEN **********, AZ53AİİB******************** hesaba keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar