Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-328/2020 23.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Şahlar Əliağa oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Ramin Aliyevin iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunda anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, faktiki nikahda olan, himayəsində bir az yaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gürcüstan Respublikasının Qardabani rayonu, Kesallo kəndində qeydiyyatda olan, ünvan 1 mənzil 8 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Ramin Aliyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ramin Aliyev ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, Ramin Aliyev xx xxx 2020-ci il tarixdə saat 23:00 radələrində idarə etdiyi “Range Rover” markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 2 saylı ünvanın qarşısında yerləşən avtobus dayanacağının qarşısında saxlayıb dayanacaqda yaşadığı ünvana getmək üçün avtobus gözləyən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə Günəşli qəsəbəsinə getməyi, sonra isə əxlaqsız təkliflər etmiş, Zərərçəkmiş şəxs ona sərt cavab verdikdə özünü cəmiyyətin fövqündə qoyaraq, açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, ətrafda olan digər şəxslərin gözü qarşısında avtomobildən düşərək Zərərçəkmiş şəxs yaxınlaşıb ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən zərərçəkmiş şəxsin üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs nalayiq sözlərlə söyüb təhqir edərək sillə ilə bir dəfə Zərərçəkmiş şəxs ağız nahiyəsindən qəsdən vurmaqla fiziki zor tətbiq edib Zərərçəkmiş şəxs alt dodağın selikli qişasında qansızmadan ibarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Ramin Aliyev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxx 2020-ci il tarixdə axşam saatlarında dostu ilə görüşü olmuşdur. Saat 23:00 radələrində faktiki olaraq özünə məxsus olan, mülki etibarnamə əsasında idarə etdiyi «Range Rover» markalı **- RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə dostunu «Xalqlar Dostluğu» metro stansiyasının yaxınlığında düşürüb yolunu davam etdirmişdir. Yəni o, yaşadığı Köhnə Günəşli qəsəbəsi istiqamətində hərəkət etmişdir. O, Bakı şəhəri Xətai rayonu, Sarayevo küçəsi ilə idarə etdiyi avtomobillə hərəkətdə olarkən «Bakı» kinoteatrının yaxınlığında olan avtobus dayanacağında bir qızı görmüşdür. Həmin qız tək olmuş, dayanacaqda ondan başqa heç kim olmamışdır. Həmin qızı onun xoşuna gəldiyi üçün o, tanış olmaq istəmişdir. Həmin qızı o, əvvəllər tanımamışdır. Qeyd edilən istiqamətdə avtobuslar Günəşli istiqamətində hərəkət etdiyi üçün o, fikirləşmişdir ki, həmin qız da Günəşliyə gedə bilər, ona görə də həmin qıza Günəşliyə aparmağı təklif etmiş və ünvanına bir neçə kəlmə işlətmişdir. Lakin, həmin qız onun sözlərinə çox sərt reaksiya vermiş və söyüb təhqir etməyə başlamışdır. Öz növbəsində o, həmin qızı söyüb təhqir etmişdir. Daha sonra həmin qız sakitləşmədiyi üçün o, avtomobildən düşüb yanına getmişdir. Dayanacaqda bir az dartışmışlar, həmin vaxt o, əsəblərini cilovlaya bilməmiş və bir dəfə sillə ilə həmin qızın sifətindən vurmuşdur. Sonra isə o, oradan aralanıb avtomobilinə əyləşib yaşadığı ünvana yola düşmüşdür. Polis idarəsində ona məlum olmuşdur ki, həmin qızın adı Amidədir. Amidə ilə aralarında baş vermiş mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmağa cəhd etdiyini, ailəli olduğunu, ailəsini yeganə dolandıranı olduğunu, himayəsində bir az yaşlı uşağı olduğunu nəzərə almağı məhkəmədən xahiş etmişdir. Ramin Aliyevin ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxsifadə verərək göstərmişdir ki, o, 5 ildən yuxarıdır ki, ünvan 3 ünvanda yerləşən “Bazarstore” supermarketində kassir vəzifəsində işləyir. Hər gün saat 12:00 radələrində o, işə gəlir və saat 23:00 radələrində işdən çıxıb 40 saylı marşrut avtobusu ilə yaşadığı Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsinə gedir. xx xxx 2020-ci il tarixdə saat 23:00 radələrində o, işdən çıxaraq evə getmək üçün, iş yerinin yanında olan sərnişin dayanacağına gəlmişdir. Dayanacaqda sərnişin kimi ondan başqa heç kim olmamış, lakin dayanacağın yanında olan siqaret və su satılan köşkdə işləyən adını bilmədiyi, lakin üzdən qiyabi tanıdığı kişi dayanmışdır, həmin kişinin yanında iki nəfər tanımadığı şəxs dayanıb köşkdə işləyən kişi ilə söhbət etmişlər. Həmçinin dayanacağın arxa tərəfindən 5-6 metr ara məsafəsində yerləşən meyvə-tərəvəz satılan mağazanın satıcısı, küçədə mağazasının qarşında iş görürdülər. Bu zaman avtobus dayanacağının qarşısında qara rəngli “Range Rover” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət edib dayanmışdır. Həmin avtomobildə sürücüdən başqa heç kim olmamışdır. Avtomobilin sürücüsü avtomobilin içərisindən ona baxmağa başlamışdır. Əvvəl olaraq o, həmin şəxsə fikir verməmişdir. Sonra həmin avtomobilin sürücüsü ona «gözəl, həyalım Günəşliyə gedirsənsə gəl otur avtomobilə səni də aparım» demişdir. Yenə də o, həmin şəxsə fikir verməmiş və heç bir söz deməmişdir. Lakin həmin şəxs yenidən ona avtomobilinə oturmasını dayanmadan təklif etdiyi üçün, əlində sübut olsun deyə o, mobil telefonu ilə videoçəkiliş etməyə başlamışdır. Bu zaman həmin avtomobilin sürücüsü ona «nə səni yeyərəm, gəl otur maşına» demişdir. Həmin şəxs onu əxlaqsız qadın kimi qəbul etmişdir. Bu sözlər ona çox pis təsir etdiyindən o, həmin şəxsə «get ananı və bacını ye» demişdir. Bundan sonra o, həmin şəxsin ünvanına söyüşlər söyüb çıxıb getməsini, yoxsa hərəkətləri barədə polisə məlumat verəcəyini demişdir. Həmin şəxs isə cavab olaraq, ona söyüşlər söyməyə başlamış və avtomobildən düşüb onun üstünə hucum edərək, sağ əli ilə onun ağız nahiyəsinə zərbə endirmişdir. Zərbədən onun alt dodağı partlamış və ağzının içinə qan gəlmişdir. Həmin şəxsi özündən kənarlaşdırmaq üçün itələmiş və barəsində polisə şikayət edəcəyini demiş, həmin şəxs isə ona «boğazını üzərəm get hara isəyirsənsə şikayət et» demişdir. Bundan sonra o, həmin şəxsin idarə etdiyi avtomobilin qeydiyyat nişanını mobil telefonla çəkmişdir. Həmin şəxs isə avtomobilinə minib getmişdir. Həmin vaxt kənardan münaqişəyə heç kim müdaxilə etməmişdir. Sonradan o, hadisə vaxtı kənarda tanımadığı dörd nəfər şəxslərə “Range Rover” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onu yumuruqla vurduqdan sonra yaxınlaşmış və həmin şəxslərə «sizə ayıb olsun ki, kənarda dayanıb baxaraq susursunuz” demişdir. Onların mübahisəsi təxminən 4-5 dəqiqə davam etmişdir. Ona xəsarət yetirən şəxsi əvvəllər o, tanımamışdır, lakin sonra o, polis idarəsində həmin şəxsin Ramin adlı şəxs olduğunu bilmişdir. Hazırda o, Ramin Aliyev ilə barışmamışdır və onu bağışlamır. Məhkəmədən Ramin Aliyevə ağır cəza verilməsini xahiş etmişdir. Cinayət işinin 26-27-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş xx xxx 2020ci il tarixli, 579 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər – alt dodağın selikli qişasında qansızma küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilənxx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətin xarakterinə və lokalizasiyasına görə həmin xəsarətin şəxsin özü özünə yetirilməsinə, eləcə də öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir. Cinayət işinin 67-70-ci vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, baş vermiş hadisənin videogörüntüsünün yazdığı 01 (bir) ədəd “CD-R” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 61-62-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixində tərtib edilmiş tələbnamədən görünür ki, Ramin Aliyev Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1ci maddəsi ilə təqsirli bilinərək, qazancından 20 % pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinin 63-66-cı vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli, 1-346/2006 saylı hökmünün surətindən görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, qazancından 20 % pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş 5 saylı Bakı “ASAN Xidməti” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı 125829 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxx 2018-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X7, anası İbrahimova Niyazədir. Beləliklə, məhkəmə hesab edir ki, Ramin Aliyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Ramin Aliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilinərək, qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Ramin Aliyevin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Ramin Aliyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Ramin Aliyevin əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışmağa cəhd etdiyini, faktiki nikahda olaraq, himayəsində bir az yaşlı uşağının olduğunu, məhkumluğunun olmadığını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Ramin Aliyevin barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Ramin Aliyevin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmənin belə mövqeyi “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 saylı Qərarındakı tövsiyələrə də uyğundur. Belə ki, həmin Qərarda məhkəmələrə tövsiyə olunmuşdur ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə cəza təyin edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması, cəzanın məqsədini təmin edə bilməsin. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Ramin Aliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bundan başqa, məhkəmə hesab edir ki, Ramin Aliyevin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. İcrası isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Konvoy taboruna həvalə edilməlidir. Ramin Aliyevin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Ramin Aliyevin cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı vaxtdan, yənixx xxxxxxx 2020-ci il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Ramin Aliyevin tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə iclasında müəyyən olundu ki, təqsirləndirilən şəxs X4 Respublikasının vətəndaşıdır və onun faktiki nikahdan olan himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.2.6-cı maddəsinə əsasən, himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya İ dərəcə əlilliyi olan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilmir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Ramin Aliyevə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Ramin Aliyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş01 (bir) ədəd “CD- R” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M ET D İ : Ramin Aliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ramin Aliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı vaxtdan, yəni xx xxxxxxx 2020-ci il tarixindən hesablansın. Ramin Aliyevin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Ramin Aliyevin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ramin Aliyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1 və 52.2.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilməsin. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “CD-R” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan növbəti gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №1(011)-328/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-328/2020
23.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver