Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-329/2021 12.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Mirzəyeva Ünsiyyət Hacımehdi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, ev 46, mənzil 5 qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, tanışı Şahid1 24 mart 2021-ci il tarixdə ünvan 1 ünvanında qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,420 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamış, Xətai Rayon Polis İdarəsininin NMB-nə daxil olmuş əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı o, 24 mart 2021-ci il tarixdə, saat 20:00-da ünvan 2 ünvanda tanışları Şahid2, Şahid1, Şahid3 və Şahid4 ilə birlikdə narkotik vasitələrin istehlakı ilə məşğul olan zaman saxlanılaraq, ünvan 3 ünvanda yerləşən Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gətirilib orada videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,420 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, heç bir yerdə işləmir. Samir, Orxan, Rəşid və Ramini qonşuları kimi tanıyır. Onlarında narkotik vasitə qəbul etdiklərini bilirdi. Ara-bir Samir və Orxanla birlikdə narkotik vasitə qəbul etmişdir. 24.03.2021-ci il tarixdə, saat 19 radələrində Xətai rayonu, İ.Həbibov küçəsi, ev 46, mənzil 12 ünvanda yaşayan Şahid2 yaşadığı evə getmişdir. Həmin evə getməkdə məqsədi Orxan adlı tanışından telefonun adaptorunu götürmək olmuşdur. Evdə ondan başqa ev sahibi Samir, tanışları Orxan, Ramin və Rəşid də olmuşdur. Ramin və Rəşid Samirlə birlikdə yaşayırdılar. Orxan isə oraya qonaq kimi gəlmişdir. Onların narkotik vasitə olan heroin qəbul etdiklərini görmüş və yaxınlaşdıqda, Orxan ona da bir büküm vermişdir. Sonra ümumi istifadə etdikləri heroindən bir tüstü qəbul etmişdir. Bu zaman qapı döyülmüş, Samir qapını açdıqda mülki geyimdə olan şəxslər içəri daxil olub, özlərini təqdim edərək Xətai RPİ-nin əməkdaşları olduqlarını bildirmişdirlər. Sonra onlardan özlərini təqdim etməyini tələb etdikdə, hərə özünü təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən mənzilə baxış keçirilmişdir. Baxış zamanı mənzildə olan masanın üzərində 09 ədəd şprislər, 04 ədəd mobil telefonlar, 01 ədəd elektron tərəzi, 01 ədəd rulon halında falqaları, 01 ədəd boru formasında bükülmüş bir manatlıq pul əskinazı, 01 ədəd açılıb-bağlanan dəmir qabı, 01 ədəd təsbehi, 02 ədəd sındırılmış halda novokain şüşələri və 01 ədəd taxtadan hazırlanmış mücrüdü, içərisində 01 ədəd şpris və 02 ədəd sındırılmış halda novokain olmaqla, habelə 02 ədəd bükümdə olan Şahid2 aid narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları ondan burada nə etdiyini soruşanda, o səmimi olaraq narkotik vasitə qəbul etdiyini və narkotik vasitəni Orxandan pulsuz aldığını bildirmişdir. Polis əməkdaşları ondan üzərində narkotik vasitə olubolmadığını soruşduqda o, səmimi etiraf edərək bir neçə dəfə narkotik maddə heroin istifadə etdiyini deyib, üzərində də bir büküm narkotik vasitə olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu və digər 4 nəfər şəxsi Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə dəvət etmişdirlər. Polis şöbəsində dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. İstintaq hərəkəti zamanı, üzərində olan əşyaları təqdim etməyi təklif edildikdə, o əynində olan qara rəngli cins şalvarının sağ cibindən bir ədəd sellofana bükülmüş bükümü təqdim etmişdir. Polis əməkdaşları ondan həmin bükümdəki maddənin nə olması soruşduqda, o yalan danışmağın bir əhəmiyyət kəsb etməyəcəyini başa düşüb, bir daha həmin bükümdə olan maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Eyni zamanda, ondan həmin narkotiki haradan və kimdən aldığını soruşanda, o həmin narkotiki elə həmin günü saxlanıldığı mənzildə Orxan adlı tanışından təmənnasız özünün istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra, polis əməkdaşları ondan başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamamağı barədə soruşduqda o, təqdim etdiyi narkotikdən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik maddə saxlamadığını bildirmişdir. Sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş həmin iki ədəd şəffaf rəngli bağlamada olan narkotik vasitə heroin bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Xətai Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Daxil olmuş əməliyyat məlumatına əsasən, xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şahid2 həmin ünvanda bir neçə şəxslərlə birlikdə mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul etməsi müəyyən edilmişdir. Onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə 24.03.2021-ci il tarixdə, saat 20:00-da onlar Xətai rayonu, İ.Həbibov küçəsi ev 46, mənzil 12 saylı ünvana gedərək, qapını döyüb özlərini təqdim etmişdirlər. Qapını onlara açan Şahid2 özünü mənzilin sahibi kimi təqdim edərək evdə ondan başqa 4 nəfər tanışlarının olduğunu və birlikdə narkotik vasitə qəbul etdiklərini bildirmişdir. Mənzildə Şahid2 başqa Şahid1, Təqsirləndirilən şəxs, Şahid4 və Şahid3 olması müəyyən edilmişdir. Mənzilə baxış keçirilməsi zərurəti yarandığından, oraya Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin baş təhqiqatçısı Sərraf Cəfərov dəvət olunmuşdur. Mənzil sahibi Şahid2 icazəsi ilə mənzilə baxış keçirilmişdir. Baxış başlamazdan əvvəl təhqiqatçı Şahid2 hansı səbəbə görə mənzildə yığışdıqlarını soruşmuşdur. Şahid2 narkotik vasitə qəbul etmək məqsədilə mənzilə gəldiklərini bildirmişdir. Daha sonra təhqiqatçı ardıcıl olaraq mənzildə olan digər şəxslərdən buraya gəlməklərinin səbəbini öyrəndikdə, Şahid1 özü ilə gətirdiyi narkotik vasitəni digər şəxslərlə birlikdə istifadə etməsi, Təqsirləndirilən şəxs, Şahid4 və Şahid3 isə inyeksiya yolu ilə narkotik vasitə qəbul etmələri üçün mənzilə yığışdıqlarını bildirmişdirlər. Bundan sonra təhqiqatçı Şahid2 masada olan özünə məxsus narkotik vasitəyə işarə etməsini istəmişdir. Samir masada olan 02 ədəd bükümdə olan kütlələrə işarə edib həmin kütlələrin narkotik vasitə heroin olduğunu və Orxan İbahimov tərəfindən mənzilə gətirildiyini bildirmişdir. Daha sonra keçirilən baxış zamanı mənzildə olan masanın üzərində 09 ədəd şpris, 04 ədəd mobil telefon, 01 ədəd elektron tərəzi, 01 ədəd rulon halında falqa, 01 ədəd boru formasında bükülmüş bir manatlıq pul əskinazı, 02 ədəd bükümdə narkotik vasitəyə bənzər kütlə, 01 ədəd açılıb bağlanan dəmir qab, 01 ədəd təsbeh, 02 ədəd sındırılmış halda novokain şüşələri və 01 ədəd taxtadan hazırlanmış mücrüd, içərisində 01 ədəd şpris və 02 ədəd sındırılmış halda novokain şüşələri olmaqla aşkar edilmişdir. Həmin əşyalar iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılmışdır. Bundan sonra mənzildə olan şəxslər Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə dəvət olunmuşdurlar. O, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışda iştrak etmişdir. Şəxsi axtarış və götürmə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis şöbəsinin təhqiqatçısı Əkbər Hacıyev tərəfindən aparılmışdır. Şəxsi axtarışda o, Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Mehdi Mehdizadə ilə iştirak etmişdir. İlkin olaraq təhqiqatçı özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini elan etmişdir. Daha sonra təhqiqatçı şübhəli şəxsdən özünü təqdim etməsini istəmişdir. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra təhqiqatçı üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ cibindən içərisində tünd gəhvəyi rəngdə maddə olan 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə hansı maddənin olduğunu soruşduqda, sonuncu həmin maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Təhqiqatçı narkotik vasitəni haradan əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs Orxan adlı şəxsdən əldə etdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirmiş və üzərindən hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra təhqiqatçı təqdim olunan bükümü qablaşdırmış və iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmişdir. Yekunda təhqiqatçı şəxsi axtarış və götürmə istintaq hərəkətinin başa çatdığını iştirakçılara və şübhəli şəxsə elan etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid6 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və videogörüntüdən görünür ki, 24 mart 2021-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə saxlanılan şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ cibindən içərisində bir ədəd ağ rəngli sellofan bükümündə olan tünd qəhvəyi rəngli maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik maddə olan heroin olmasını bildirmişdir. Bükülü açıldıqda içərisində 2 büküm kağıza bükülmüş büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddəni nə vaxt və haradan alması soruşulduqda bildirdi ki, 24.03.2021-ci il tarixdə, saat 19 radələrində ünvan 5 ünvanda əvvəllər tanıdığı Şahid1 təmənnasız aldığını bildirmişdir. Təqdim olunmuş bir ədəd bükümdə olan maddə kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 mart 2021-ci il tarixli, 6/1184 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “...zərflər üçün №153” möhür əksi, “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,420 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra qalıq - 0,370 qramdır. İş materiallarından görünür ki, 0,370 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 08 may 2021-ci il tarixli, 1427 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə münasibətin olması ilə əlaqədar narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-122/2021 nömrəli, 26 mart 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 24 mart 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 09 aprel 2021-ci il tarixli tələbnamədən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-308/2019 saylı 30.08.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, 25 yanvar 2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 24 mart 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,370 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 24 mart 2021-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,370 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-329/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-329/2021
12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver