Məhkəmə qərarları › İş №1(011)-330/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-330/2020

23.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-330/2020 23.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxx 1955-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “xxxxxxxxxxxxxxx» MMC-də sürücü işləyən, məhkum olunmamış, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi ev 7/8 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan təbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı ittiham irəli sürmüşdür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 06:34-də “BD” kateqoriyalı, AC seriyalı 321298 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “xxxxxxxxxxxx” QSC-yə məxsus texniki cəhətdən saz vəziyyətdə olan, ağ rəngli “Taksi 4 London taxis” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Zığ dairəsindən Mərkəz istiqamətində saatda təxminən 55-60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti, haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmalı olduğu halda qanunun tələbinə əməl etməyərək, idarə etdiyi avtomobillə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 29/29 ünvanında yerləşən “Nur Mərasim” zalının qarşısında hərəkətdə olduğu yolu sağdan sola doğru adi yerişlə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vurub, ehtiyatsızlıqdan ona sağ topuqda çat ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı göstərilən xüsusatlar təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “xxxxxxxxxxxxxxx" MMC-də 2012-ci ildən sürücü işləmişdir. O, sifariş əsasında sərnişinlərin daşınması ilə məşğul olmuşdur. Təxminən 3 ildir ki, o, şirkətə məxsus “Taksi 4 London Taxis”markah, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında özünə məxsus “BD” kateqoriyalı sürücülük vəsiqəsilə idarə etmişdir. xx xxxx 2020-ci il tarixdə saat 06 radələrində o, yaşadığı evdən çıxaraq, idarə etdiyi avtomobillə Zığ şossesi ilə şəhər istiqamətində hərəkət etməyə başladı. Həmin gün, yəni xx xxxx 2020-ci il tarixdə saat 06:35-də Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, Zığ dairəsindən 55-60 km/saat sürətlə şəhər istiqamətində hərəkətdə olan zaman orada olan avtobus dayanacağından yolu sağdan sola adi yerişlə adının sonradan Sevda olduğunu bildiyi qadın keçməyə başlamışdır. O, avtomobili saxlamaq istəsə də, saxlaya bilməmiş və avtomobilin qabaq sağ hissəsi ilə həmin qadını vurmuşdur. O, dərhal avtomobili saxlamış və qadını avtomobilə əyləşdirib, əvvəlcə “Neftçilər” xəstəxanasına aparmış, lakin qəbul etməmişlər. Buna görə də, Sevdanı “Babək” prospektində yerləşən “X2” xəstəxanasına aparmışdır. Bir müddət sonra oraya polis əməkdaşları gəlmiş və o, baş vermiş hadisəni polis əməkdaşlarına olduğu kimi danışmışdır. Daha sonra zərərçəkmiş şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbin olmadığını nəzərə alaraq barəsində olan cinayət iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, FHN-in İdman sağlamlıq mərkəzində xadimə işləmişdir. O, hər gün saat 06 radələrində yaşadığı evdən çıxıb Bakı şəhəri, Xətai rayonu, Zığ dairəsinə 104 nömrəli avtobusla getmiş və yolu digər tərəfə keçib 132 nömrəli avtobusa əyləşərək iş yerinə getmişdir. xx xxxx 2020-ci il tarixdə saat 06 radələrində o, iş yerinə getmək üçün evdən çıxmış və yenə də 104 nömrəli avtobusla Bakı şəhəri, Xətai rayonu, Zığ dairəsinə getmişdir. Bundan sonra o, avtobusun qabaq hissəsindən bir az qabağa çıxıb yola baxmışdır. Həmin vaxt uzaqdan iki ədəd avtomobilin gəldiyini görmüş və yolu keçə bilməyəcəyini başa düşüb yerində dayanmışdır. Həmin vaxt sol tərəfdən gəlib şəhər istiqamətinə gedən əvvəllər tanımadığı adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “London KX4” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ona tərəf gəlmiş və o, geri qayıtmaq istəsə də, onu sol tərəfindən vurmuşdur. O, müvazinətini itirib asfalta yıxılmışdır. Həmin vaxt orada olan digər şəxslər onu Həsənin idarə etdiyi avtomobilə əyləşdirmişlər. Daha sonra Həsən idarə etdiyi avtomobillə onu “X2” xəstəxanasına aparmışdır. O, Həsəni əvvəllər tanımamış, Həsənlə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Bu səbəbdən Təqsirləndirilən şəxsna qarşı heç bir tələbi və şikayəti yoxdur. Onunla barışdığını nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid ifadəsi zərərçəkmiş şəxsin ifadəsinə oxşar olmuşdur. İş materiallarından məlum olur ki, xx xxxx 2020-ci il tarixdə saat 17:40-da sərxoşluq vəziyyətinin tibbi müayinəsi keçirilmiş, təqdim edilmiş 2/11375 nömrəli aktla Təqsirləndirilən şəxs ayıq olması müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 42/2020 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət - sağ topuqda çat küt əşyanın qüvvətli təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2020-ci il tarixli, 8/1182 saylı rəyindən görünür ki, 1-2 London KX4 markalı, 90AT283 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2014-cü il tarixində verilmiş AC seriyalı 321298 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs «BD» kateqoriyalı avtomobilləri idarə etmək hüququ vardır. Sürücülük vəsiqəsi xx.xx.2024-ci il tarixədək etibarlıdır. İş materialında olan xx.xx.2020-ci il tarixli sübutların qiymətləndiriməsi haqqında qərardan məlum olur ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “Taksi 4 London taxis” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq, sahibinə qaytarılmışdır. Cinayət işinin 67-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmayan şəxsdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir tələb və şikayəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır. Məhkəmə iş materiallarını tam təhlil etdikdən sonra hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməli vəiş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət işi üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıdakı təhlilə və Qanunvericiliyin müddəalarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunan Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri – 100 (yüz)manatTəqsirləndirilən şəxs tutularaqdövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan“Taksi 4 London taxis” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43.1.2, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 100 (yüz ) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan “Taksi 4 London taxis” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs istifadəsinə verilmiş hesab edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar