Məhkəmə qərarları › İş №1(011)-330/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-330/2022

27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-330/2022 27.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq, üç bükümdə, ümumi təmiz çəkisi 2,967 qram olan xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryəki əldə edib, üzərində saxlamaqla daşımış, 29 aprel 2022-ci il tarixdə, saat 13:20-də yaşadığı Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsində həmin narkotik vasitə tiryəkdən bir ədəd bükümdə, 1,476 qram çəkidə olan hissəsini X9 20 manat müqabilində satmış, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, 29 aprel 2022-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsində saxlanılıb, ünvan 2 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə gətirilərək, müdafiəçinin iştirakı və videoçəkilişdən istifadə edilməklə, üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxladığı narkotik vasitə tiryək, əynində olan qara rəngli şalvarının sağ cibindən iki ədəd şəffaf rəngli sellofan bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,886 qram və 0,605 qram olmaqla, ümumi təmiz çəkisi 1,491 qram tünd qəhvəyi rəngli, qətranabənzər, spesifik iyə malik maddə xaşxaş bitkisindən kütləsi - kustar üsulla alınmış narkotik vasitə tiryək və bir ədəd, üzərində narkotik vasitə tiryək izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Xətai rayonu, 3-cü Əhmədli küçəsində yerləşən fərdi yaşayış evində yaşamışdır. Narkotik vasitələrin istifadəçisidir və bədənində ağrılar olduğu zaman, Bakı şəhərinin müxtəlif yerlərindən, çox vaxtlar isə “20 Yanvar” metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən narkotik maddələri alırmış. 28 aprel 2022-ci il tarixdə, axşam saatlarında “20 Yanvar” metrostansiyasının yaxınlığına gedib, orada həmin üzdən tanıdığı şəxsdən 30 manata narkotik vasitə olan tiryək almışdır. 29 aprel 2022-ci il tarixdə yaşadığı evin qarşısında olan zaman, mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini polis əməkdaşları kimi təqdim edərək, onu Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Daha sonra, vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt o, könüllü olaraq əynində olan şalvarının cibində saxladığı iki ədəd bükümü və narkotik maddəni istifadə edən zaman, çəkisini müəyyən etmək məqsədi ilə üzərində saxladığı elektron tərəzini çıxardıb masanın üzərinə qoyaraq, həmin bükümlərin içərisində narkotik vasitə tiryək olduğunu, həmin maddəni öz istifadəsi üçün “20 Yanvar” metrostansiyasının yaxınlığında adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan sonra, həmin maddələr zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Polis şöbəsində olarkən, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor və psixoloji təziq göstərilmiş və bundan sonra o, məcbur olub bir gün əvvəl üç büküm narkotik maddə aldığını və bir bükümünü qonşuluqda yaşayan Azər adlı tanışına 20 manata satdığını bildirmişdir. Lakin, əslində isə o, iki büküm narkotik maddə almış və Azərin üzərindən aşkar olunmuş narkotik maddəni həmin şəxsə o, satmamışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayır. O, narkotik maddələrin istifadəçisidir. 29 aprel 2022-ci il tarixdə, səhər saatlarında yaşadığı evdən çıxıb, işə getmək istəyərkən, bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşıb, onu və qonşuluqda yaşayan Təqsirləndirilən şəxs saxlamış və daha sonra, onları 34-cü Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor və psixoloji təziq göstərilmiş və bundan sonra o, məcbur olub tanışı Vasifdən 20 manata bir bükümdə narkotik maddə aldığını və üzərində saxladığını bildirmişdir. Əslində isə həmin gün onun üzərində hər hansı bir narkotik maddə olmamış və o, Vasifdən narkotik maddə almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, ondan və 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra, onlar birlikdə məlumat əsasında, saat 15 radələrində Xətai rayonu, 3-cü Əhmədli küçəsinə getmişlər. Həmin vaxt onlar xarici əlamətlərinə görə Vasifin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1988-ci ildə ünvan 5 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar həmin şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, sonuncunu 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində onların və dəvət olunmuş vəkilin iştirakı ilə, videoçəkilişdən istifadə olunmaqla, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl, Vasifə üzərində qeyri-qanuni əşya olduğu təqdirdə, təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Vasif əynində olan şalvarının sağ cibindən iki ədəd şəffaf rəngli bükümü və bir ədəd elektron tərəzini çıxardıb, masanın üzərinə qoyaraq, həmin bükümlərin içərisində olan maddənin narkotik vasitə olan tiryək olduğunu, həmin maddələri “20 Yanvar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra, Vasifin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı, sonuncunun üzərindən başqa heç bir qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra, aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onun təqsiri özünün qismən etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 29 aprel 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ cibindən iki ədəd şəffaf rəngli sellofana bükülmüş, qara rəngli, qatı tozşəkilli, spesifik qoxuya malik maddəni və qara rəngli, kiçik ölçülü elektron tərəzini təqdim edərək, həmin bükümlərdə narkotik maddə olan tiryək olduğunu, həmin maddəni bir gün əvvəl adını bilmədiyi şəxsdən öz istifadəsi və satmaq məqsədi ilə 30 manata aldığını, aldığı maddənin bir bükümünü 29 aprel 2022-ci il tarixdə yaşadığı məhəllədə Azər Məlikov adlı tanışına 20 manata satdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2022-ci il tarixli, 6/2503 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs (imza)...” yazısı və imzalar olan zərfdəki iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,886 qram və 0,605 qram olmaqla, ümumi təmiz çəkisi 1,491 qram tünd qəhvəyi rəngli, qətranabənzər, spesifik qoxuya malik maddələr - xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Tədqiqatdan sonra qalıq - 1,391 qramdır. Bir ədəd qara rəngli elektron tərəzinin üzərində tiryəkin izləri vardır. İz şəklində olduğu üçün, tiryəkin təmiz çəkisini və bükümlərdəki tiryəklə eyni tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2022-ci il tarixli, 6/2883 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin “Tədqiqat Obyekti № 59”-li ştamp əksi olan iki paketdəki vətəndaş Təqsirləndirilən şəxs aşkar edilərək, götürülmüş iki ədəd bükümdə olan tiryək, vətəndaş X5 götürülmüş bir ədəd bükümdəki tiryəklə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidir. Tədqiqatdan sonra qalıq - 1,351 qramdır. İş materiallarından görünür ki, 1,351 qram çəkidə kustar üsulla alınmış narkotik vasitə olan tiryək və bir ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 30 aprel 2022-ci il tarixli, 2201 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 10 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 avqust 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli hökmü ilə təyin edilmiş aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla, 1 (bir) il müddətinə islah işləri cəzası həmin hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə, ona qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarına əsasən, 30 iyun 2016-cı il tarixdə cəzanın qalan hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, hazırda Təqsirləndirilən şəxs ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009 və xx.xx.2012-ci il təvəllüdlü iki uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor və psixoloji zorakılıq tətbiq olunmasını bildirsə də, bununla bağlı hər hansı bir hal məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Həmçinin, məhkəmə şahid qismində məhkəmə iclasında dindirilmiş X7 ifadəsinə tənqidi yanaşaraq, həmin ifadəni inandırıcı hesab etmir və tanışı olan Təqsirləndirilən şəxs müdafiə etmək xarakteri daşıdığı qənaətinə gəlməyə əsas verir. Belə ki, iş materiallarında olan Üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə üzləşdirmə zamanı, X10 bir neçə dəfə onunla bir məhəllədə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryək alaraq, istifadə etdiyini, 29 aprel 2022-ci il tarixdə yenidən narkotik vasitə istifadə etmək qərarına gəlib, həmin gün saat 13:20-də yaşadığı Xətai rayonu, 3-cü Əhmədli qəsəbəsində Təqsirləndirilən şəxsla görüşdüyünü, şəxsi istifadəsi üçün ona narkotik vasitə satmasını istyədiyini, Vasif də ona 20 manata bir ədəd bükümdə narkotik vasitə olan tiryək sata biləcəyini, o da, 20 manat pul verib, Vasifdən bir ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan tiryək alıb, əynində olan şalvarının cibində saxladığını bildirmişdir. Eyni zamanda, həmin vaxt Təqsirləndirilən şəxs da Azər Məlikovun dediklərini təsdiq edərək, həqiqətən də, aldığı narkotik vasitədən bir bükümünü 20 manata Azərə satdığını qeyd etmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-305/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli hökmündən görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadə vermiş X10 məhkəmə iclasında göstərmişdir ki, “müxtəlif vaxtlarda narkotik vasitədən istifadə etmiş, həmin narkotik vasitələri Əhmədli qəsəbəsində müxtəlif şəxslərdən, o cümlədən, bəzən qonşusu olan Təqsirləndirilən şəxs da almışdır”. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli qismən etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və himayəsində azyaşlı uşaqların olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 29 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,351 qram çəkidə kustar üsulla alınmış narkotik vasitə olan tiryək və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 29 aprel 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,351 qram çəkidə kustar üsulla alınmış narkotik vasitə olan tiryək və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar