Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-331/2025 07.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Xüsusi ittihamçı X4 və onun vəkili X7 iştirakları ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X4 xüsusi ittiham qaydasında verdiyi şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 İsa Əli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binası hazırda xüsusi ittihamçının həmtəsisçisi olduğu "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmişdir. Eyni zamanda xüsusi ittihamçı həmin binada yaşayış və qeyriyaşayış sahəsinə malik olan şəxs kimi binanın idarəçiliyini həyata keçirtmək üçün təsis edilmiş "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin iştirakçılarından biridir. Sonuncu dəfə bir qrup şəxs tərəfindən "xxxx" MMMC-nin İdarə heyətinə və Təftiş Komissiyasına keçirilmiş seçkilərin nəticələri məhkəmə tərəfindən etibarsız hesab edildiyindən və sonradan keçirilmiş seçkilərin nəticələrini Qeydiyyat orqanı dövlət qeydiyyatına almaqdan imtina etdiyindən binanın idarəçiliyində bir sıra problemlər yaranmağa başlamışdır. Ona görə də bina sakinləri yığışaraq bir sıra idarəçilik işlərinin aparılmasını inandıqları və etibar etdikləri bina sakini X2 həvalə etmişdirlər. Bina sakinləri tərəfindən ümumi məsələlərlə bağlı müzakirə aparmaq üçün 136 nəfər üzvü olan “X15 2319” və “Xətai-17 MMMC” adlı WatsApp qrupu yaradılmışdır. 59 nömrəli mənzilin sakini X9 “Xətai-17 MMMC” adlı WatsApp qrupunda dəfələrlə paylaşdığı bir neçə səsli mesajlarında xüsusi ittihamçı barəsində “dələduz”, “maşennik”, “yalançı”, “çaqqal”, “tülkü”, “alçaq”, “üzdəniraq”, “saxtakar”, “yaltaq”, “aferist”, “zibil” və s. bu kimi sözlər işlətməklə xüsusi ittihamçının şərəf və ləyaqətini nalayiq formada alçaldaraq onu təhqir etmiş, guya onun tərəfindən yığılan kommunal haqların mənimsənilməsi, saxtakarlığa yol verilməsi kimi xüsusi ittihamçının şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan yalan məlumatları yaymaqla böhtan atmışdır. Göründüyü kimi, X9 “Xətai-17 MMMC” adlı WatsApp qrupunda dəfələrlə xüsusi ittihamçı barəsində “dələduz”, “maşennik”, “yalançı”, “çaqqal”, “tülkü”, “alçaq”, “üzdəniraq”, “saxtakar”, “yaltaq”, “aferist”, “zibil” və s. bu kimi sözlər işlətməklə onun şərəf və ləyaqətini nalayiq formada alçaldaraq təkrar olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş “Təhqir” cinayətini, eləcə də dəfələrlə onu yığılan kommunal haqlarını X6 ilə əlbir olaraq qrup şəklində mənimsəmək kimi ağır cinayətdə ittiham edib böhtan atmaqla təkrar olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı halda “Böhtan” cinayətini törətmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 və onun vəkili X10 şikayəti müdafiə edərək həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 məhkəmənin hazırlıq iclasında iştirak etməmişdir. Məhkəmə tərəfləri dinləyərək, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyrimümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.2-ci maddəsinə görə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-ci maddəsinə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi). 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanın məbləği əks olunmalıdır. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 tərəfindən Azərbaycan Respublikası CPM-nin şikayət ərizəsinin məzmununa dair tələblər pozulmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi) hazırkı şikayətdə əsaslandırılmamışdır. Həmçinin, əməlin məhz X9 tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının təsdiq edilməsi üçün dinlənilməli olan şahidlərin soyadı, adı, atasının adı və yaşayış yeri xüsusi ittiham qaydasında şikayətdə öz əksini tapmamışdır. X1 İsa Əli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsini xahiş etsə də, sonuncu tərəfindən törədilmiş hansı əməlin (əməllərin) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin, hansı əməlin (əməllərin) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddənin təsiri altına düşdüyünü əsaslandırmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, şikayətin verildiyi yer ərizədə göstərilməmişdir. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X8 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №1(011)-331/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-331/2025
07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver