Məhkəmə qərarları › İş №1(011)-332/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-332/2022

12.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-332/2022 12.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru X8, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi - X3 iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 06 aprel 2022-ci il tarixdə tanışı X4 15 manat pul müqabilində, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,652 qram narkotik vasitə heroin əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında, Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 06 aprel 2022-ci il tarixdə, saat 15:30-da Xətai rayonu, Gəncə prospekti 113 ünvanının qarşısında saxlanılıb, ünvan 3ətai RPİ-nin 35-ci Polis Bölməsinin inzibati binasına gətirilərək, orada videoçəkilişdən istifadə edilməklə üzərində polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılan zaman, əyində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 0,652 qram olan qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, bir neçə müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitəni tanımadığı şəxslərdən Bakı şəhərinin müxtəlif yerlərindən pulla alaraq, istifadə edir. X6 qısa zamandır ki, tanıyır və onunla çox az hallarda görüşmüşdür. 06 aprel 2022-ci il tarixdə, günorta saatlarında Şamxal ilə onun yaşadığı evin yaxınlığında görüşmüşlər. Söhbət zamanı, Şamxalın üzərində narkotik vasitə olmasını öyrənmiş və ondan narkotik vasitə istəmişdir. Şamxal da narkotik vasitəni pulla aldığını bildirib, satdığını demişdir. O, Şamxala 15 manat pulunun olduğunu bildirmiş və həmin pulu sonuncuya verərək, bir ədəd büküm almışdır. Bükümü açıb baxdıqda, içərisində narkotik vasitə heroin olmuşdur. Şamxaldan narkotik vasitəni haradan almasını soruşmamış və oradan çıxıb getmişdir. Yaşadığı evə gedən zaman, binanın qarşısında iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq, özlərini Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşlarına özünü təqdim etdikdən sonra, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş və onu 35-ci Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində dəvət olunmuş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Həmin zaman o, əynində olan şalvarın cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə narkotik vasitə heroin olmasını, narkotik vasitəni tanışı Şamxal Sabirzadədən 15 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Polis əməkdaşı tərəfindən həmin büküm açılaraq içərisinə baxış keçirilmişdir. Bundan sonra, aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra, əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə bölmənin əməliyyat müvəkkili Şahid2 təyin olunmuşdur. Həmin gün məlumata əsasən, Xətai rayonu, Gəncə prospekti 113 ünvanında yerləşən binanın qarşısında Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsi görüb, həmin şəxsə yaxınlaşmış və özlərini təqdim etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və onlar sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib, Xətai RPİ-nin 35-ci Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxs də etiraz etmərək razılaşmışdır. Polis bölməsində Təqsirləndirilən şəxs şəxsiyyəti dəqiqləşdirildikdən sonra, həmin şəxsə hüquq və vəzifələri izah edilməklə, dəvət edilmiş vəkilin iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə, üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı, Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən, bir ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində spesifik qoxuya malik olan, qəhvəti rəngli tozşəkilli maddəni çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir, narkotik vasitəni 06 aprel 2022-ci il tarixdə, günorta saatlarında yaxınlıqda yaşayan tanışı Şamxal Sabirzadədən 15 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra, aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda, həmin gün təhqqiatçı tərəfindən Şamxal Sabirzadənin müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilmiş və onlar tapşırıq əsasında sonuncunun müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri keçirmişlər. Xətai rayonu, Gəncə prospekti 81 ünvanında yerləşən binanın yaxınlığında Təqsirləndirilən şəxs bildirdiyi əlamətlərə və özlərində olan məlumatlara əsasən, Şamxal Sabirzadəyə oxşar şəxsi müəyyən edib, sonuncuya yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim etdikdən sonra, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib, polis bölməsinə dəvət etmişlər. Daha sonra, polis bölməsinə vəkil dəvət edilmiş, X7 hüquq və vəzifələri izah edilməklə, vəkilin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə, üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı, Şamxal Sabirzadəyə üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Həmin zaman Şamxal Sabirzadə əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofanda, içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli tozşəkilli maddəni çıxardıb təqdim edərək, həmin maddənin narkotik vasitə heroin olmasını, 03 aprel 2022-ci il tarixdə, saat 19 radələrində “Tohid” adlı tanışından 15 manat pul müqabilində özünün və tanışı “Marat” adlı şəxsin istifadə etməsi üçün almasını bildirmişdir. Daha sonra, aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və protokolun düzgün tərtib olunması baxışda iştirak edən şəxslərin imzası ilə təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, 06 aprel 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində spesifik qoxulu, qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə hesab olunan heroinə bənzər maddəni çıxarıb təqdim edərək, həmin maddənin heroin olduğunu, 06 aprel 2022-ci il tarixdə, saat 14 radələrində yaxınlıqda yaşayan Şamxal Sabirzadə adlı tanışından 15 manat pul müqabilində şəxsi istifadəsi üçün almasını, həmin gün, saat 15 radələrində yaşadığı evin yaxınlığında olan zaman, polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüş, bu barədə protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2022-ci il tarixli, 6/1909 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən ...” sözləri olan zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi 0,652 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra qalıq - 0,602 qramdır. İş materiallarından görünür ki, 0,602 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, cinayət işinin materiallarından X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 26 aprel 2022-ci il tarixli, 2075 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 08 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Xətai RPİ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 15 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 06 aprel 2022-ci il tarixdən 08 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,602 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,602 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar