Məhkəmə qərarları › İş №1(011)-332/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-332/2023

01.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-332/2023 01.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs İbadova (Əzizova) Cavahir Səxavət qızının, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X3 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Bakı şəhəri doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X6 məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, 09 iyul 2018-ci il tarixdən başlayaraq hər ay bir uşağa 154,00 manat, iki uşağa cəmi 308,00 manat sabit pul məbləğində alimenti övladları 05 fevral 2007-ci il təvəllüdlü X8 və 14 avqust 2008-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün İbadova (Əzizova) Cavahir Səxavət qızının xeyrinə ödəməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 08 noyabr 2018-ci il tarixli, 2(005)-3855/2018 saylı qətnaməsinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 3(011)-2086/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək səkkiz gün müddətinə inzibati həbs edilməsinə, məhkəmə aktını icra etməsi ilə əlaqədar ona 24 iyun 2022-ci il, 04 iyul 2022-ci il, 09 avqust 2022-ci il tarixlərdə məsuliyyət elan olunmaqla rəsmi bildirişlər verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 10 yanvar 2023-cü il tarixədək şəxsi maraq niyəti ilə cəmi 16324,00 manat aliment borcunu zərər çəkmiş şəxs İbadova (Əzizova) Cavahir Səxavət qızına ödəməmiş, habelə sonuncuya maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X6 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, pərakəndə ticarəti ilə məşğul olur və aylıq gəliri 500-600 manat təşkil edir. Hal-hazırda alver yaxşı getmədiyindən, gəliri cuzi miqdardadır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli, 2(005)-3855/2018 saylı qətnaməsi ilə zərərçəkmiş şəxslə olan nikahlarına xitam verilmiş və övladları zərərçəkmiş şəxsin himayəsinə verilmişdir. Bundan əlavə 09 iyul 2018-ci il tarixdən hesablanmaqla hər ay bir uşağa 154,00 manat, iki uşağa cəmi 308,00 manat sabit pul məbləğində alimentin ondan tutulması qət edilmişdir. Bununla əlaqədar Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o, isə maddi imkanı zəif olduğundan məhkəmə aktını icra etməmişdir. Bundan sonra icra məmuru alimentin ödənilməsi ilə əlaqədar ondan izahatlar almışdır. Bundan əlavə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 3(011)-2086/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək səkkiz gün müddətinə inzibati həbs edilmiş, bundan sonra icra məmuru məhkəmə aktının icrasını təmin etməsinə dair ona yeni müddət təyin etməklə rəsmi xəbərdarlıq verməsinə baxmayaraq alimenti ödəyə bilməmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, maddi imkanın zəif olmasından əlavə Zərərçəkmiş şəxs ona övladlarını göstərmədiyindən aliment üzrə ödəniş etməmişdir. Bundan əlavə aliment borcundan 1000 manat ödəniş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs İbadova (Əzizova) Cavahir Səxavət qızı ifadəsində göstərmişdir ki, X7 ilə 2005-ci ildə evlənmiş, birgə nikahlarından X13 və X14 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından 2018-ci ildə ona qarşı nikahlarına xitam verilməsinə və aliment tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin 08 noyabr 2018-ci il tarixli, 2(005)-3855/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək nikahlarına xitam verilmiş, həmin vaxtdan övladları onun himayəsinə verildiyi üçün hər ay bir uşağa 154,00 manat, iki uşağa cəmi 308,00 manat sabit pul məbləğində alimentin X2 tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmurları tərəfindən borcluya bildiriş təqdim edilmiş, sonuncu isə alimenti ödəməkdən imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 3(011)-2086/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək səkkiz gün müddətinə inzibati həbs edilmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, təqsirləndirilən şəxs X7 aliment borcu üzrə ödənişdən özü qərəzli şəkildə yayınmışdır. O, ödənişi qəbul etməkdən imtina etməmişdir. Təqsirləndirilən şəxs X6 tərəfindən ona dəymiş ümumi ziyandan 500 manat məbləğində əlavə olaraq ödəniş verilmişdir. Ümumilikdə ona 1000 manat məbləğində ödəniş edilmişdir. Yekun olaraq o bildirmişdir ki, təqsirləndirilən şəxs X7 barəsində ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, əvvəli 09 iyul 2018-ci il tarixdən hesablanmaqla, hər ay bir uşağa 154,00 manat, iki uşağa cəmi 308,00 manat sabit pul məbləğində alimentin X2 tutularaq 05 fevral 2007-ci il təvəllüdlü X8 və 14 avqust 2008-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün İbadova (Əzizova) Cavahir Səxavət qızının xeyrinə ödənilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 08 noyabr 2018-ci il tarixli, 2(005)-3855/2018 saylı qətnaməsi icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək icraata başlanma haqqında qərar qəbul edilmiş, aliment tələbinin təmin edilməsi ilə əlaqədar Ə.Əzizzadəyə bildiriş təqdim edilmiş, tələb könüllü icra müddətində təmin olunmadığı üçün məcburi icra tədbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamışdır. Bundan sonra o, şöbəyə dəvət olunaraq izahatları alınmış, habelə qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, Əflatun Əzizzadə isə izahatlarında fərdi əməklə məşğul olduğunu bildirsə də alimenti ödəməmiş, üzərindən uzun müddət keçsə də sonuncu icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 3(011)-2086/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək səkkiz gün müddətinəə inzibati həbs edilmiş, qətnaməni icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətlərini davam etdirməklə məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Şahid2 ifadəsində şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 27 mart 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmış, həmçinin İbadova (Əzizova) Cavahir Səxavət qızı zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 1); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3855/2018 saylı 08 noyabr 2018ci il tarixli qətnaməsindən və icra vərəqəsindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X9 nikah pozulduqdan sonra iddiaçı anaları X5 yanında saxlanılmaları, xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh X2 iddiaçı X5 xeyrinə hər ay hər uşağa görə 154 (bir yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir (i.v. 9-15); icraata başlamaq haqqında 21 dekabr 2018-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3855/2018 saylı 08 noyabr 2018-ci il tarixli icra vərəqəsi üzrə həmin tarixdə icraata başlanmışdır (i.v. 20); borclunun barəsində axtarış elan edilməsi haqqında 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü X3 barəsində axtarış elan edilmişdir (i.v. 23); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-471/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, icra sənədi üzrə olan tələb icra edilənədək borclu Əzizzadə (Əzizov) Əflatun Aftandil oğlunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır (i.v. 26-28); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2086/2022 saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilmişdir (i.v. 32-34); cinayət məsuliyyəti haqqında xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, X4 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3855/2018 saylı 08 noyabr 2018-ci il tarixli icra vərəqəsi üzrə tələbin 10 gün müddətində icra edilməsi bildirilmiş, əks təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət olunacağı barədə xəbərdarlıq edilmiş və borclu tərəfindən bildiriş imza edilməklə qəbul olunmuşdur (i.v. 35); cinayət məsuliyyəti haqqında xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, X4 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3855/2018 saylı 08 noyabr 2018-ci il tarixli icra vərəqəsi üzrə tələbin 10 gün müddətində icra edilməsi bildirilmiş, əks təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət olunacağı barədə xəbərdarlıq edilmiş və borclu tərəfindən bildiriş imza edilməklə qəbul olunmuşdur (i.v. 36); cinayət məsuliyyəti haqqında xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, X4 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3855/2018 saylı 08 noyabr 2018-ci il tarixli icra vərəqəsi üzrə tələbin 10 gün müddətində icra edilməsi bildirilmiş, əks təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət olunacağı barədə xəbərdarlıq edilmiş və borclu tərəfindən bildiriş imza edilməklə qəbul olunmuşdur (i.v. 40); 66 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 64 saylı xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, X6 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 46); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, X6 Bakı şəhəri Binəqədi Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmünə əsasən 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hökmün icrası 01 il müddətə təxirə salınmışdır (i.v. 71). Hazırki cinayət işinin materiallarına nəzər yetirdikdə məlum olmuşdur ki, X3 hazırki vaxta ödənilməmiş məhkumluğu yoxdur. sübutların qiymətləndirilməsi haqqında 25 aprel 2023-cü il tarixli qərardan görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər sənədlər iş üzrə sübut növü kimi qiymətləndirilmişlər (i.v. 82-84); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25 aprel 2023-cü il tarixli qərardan görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 97-98); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 25 aprel 2023cü il tarixli qərardan görünür ki, X3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 105-106); "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İbadova (Əzizova) Cavahir Səxavət qızının xeyrinə həmin tarixdə 500 manat məbləğində aliment ödənişi edilmişdir. zərərçəkmiş şəxs İbadova (Əzizova) Cavahir Səxavət qızı məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, təqsirləndirilən şəxs X6 tərəfindən ona dəymiş ümumi ziyandan 500 manat məbləğində əlavə olaraq ödəniş verilmişdir. Ümumilikdə ona 1000 manat məbləğində ödəniş edilmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X6 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə— iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə X3 cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini (CM-59.1.14), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs X3 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, X4 azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, təqsirkarın şəxsiyyətini, yaranmış borcun məbləğini, zərərçəkmiş şəxslə barışıq əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X6 Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 01 sentyabr 2023cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: X6 Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 01 sentyabr 2023-cü il tarixdən hesablansın. X3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. X3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (X4 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar