Məhkəmə qərarları › İş №1(011)-333/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-333/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-333/2024 13.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi “Alyans” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxxxx 1978-ci ildə Rusiya Federasiyası, Perm vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Xətai rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin məcəllənin 66.5-ci maddəsi tətbiq edilməklə 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0, 441 qram psixotrop maddə metamfetamini 20 dekabr 2023-cü il tarixdə saat 18 radələrində ünvan 2 ünvanında yerləşən “Glam” adlı gözəllik salonunda tanışı X1 əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 19:30-da ünvan 2 ünvanının yaxınlığında hərəkətləri şübhə doğurduğu üçün Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb ünvan 4 ünvanda yerləşən Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,441 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqla müəyyən edilməyən vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd siqaretin qızılı rəngli kağızı bükümündə təmiz çəkisi 0,353 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ- nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində 09 fevral 2024-cü il tarixdə saat 10:55-də ünvan 6 ünvanı yaxınlığında saxlanılıb, ünvan 7i RPİ-nin 34-cü PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızı bükümündə təmiz çəkisi 0,353 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi, diskə baxış protokolları, məhkəmə-narkoloji və məhkəmə-kimyəvi ekspertizalarının rəyləri, maddi sübutlar və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilmiş və istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, narkotik vasitə istifadəçisidir və bu səbəbdən əvvəllər məhkum olmuşdur. Cəzasını çəkib çıxdıqdan sonra qonşuluqda kirayə yaşayan gözəllik salonunda işləyən Gülnarə adlı xanımla tanış olmuşdur. Gülnarə də narkotik vasitə istifadəçisi olduğundan onunla dostluq münasibətləri olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Gülnarənin işlədiyi Nərimanov rayonu, Ə.Orucəliyev küçəsində yerləşən gözəllik salonunda görüşüb birlikdə "nəşə” çəkmişlər, sonra Gülnarənin masasının üzərindən 2 büküm "nəşə" və 1 büküm "şüşə" götürmüşdür. Gülnarə buna heç bir etiraz etməmişdir. Daha sonra salondan çıxıb evinə getdiyi zaman salona yaxın ərazidə iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib şübhəli şəxs kimi 18-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsində vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş, baxış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı 02 ədəd kağız kəsiyində "nəşə" bükümü və 01 ədəd sellofan kəsiyində "şüşə" büküm aşkar edilmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə polis əməkdaşları tərəfindən zərfdə qablaşdırılmış və möhürlənmiş, qablaşmanın üzəri o və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra bu barədə protokol tərtib olunmuş və protokolun düzgünlüyü tərəfindən imzalanmışdır. 22 dekabr 2023-cü il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Daha sonra 2024-cü ilin fevral ayında ağrıları artdığına görə narkotik vasitə istifadə etmək qərarına gəlmiş və xx.xx.2024-cü il tarixdə səhər saatlarında “Neftçilər” metrostansiyası yaxınlığında üzdən tanıdığı şəxsdən 15 manat müqabilində “kakos” deyilən narkotik vasitə heroini almışdır. Həmin tarixdə saat 10:55-də ünvan 6 ünvanı qarşısında olan zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra o, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə dəvət edilmiş, polis şöbəsində vəkilin iştirakı ilə üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmiş, bu təklifdən sonra o, könüllü qaydada əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş heroin təqdim etmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən zərfin üzərində imzalar çəkilmişdir. Daha sonra 2-ci dərəcəli əlil olmasını, himayəsində 2 yetkinlik yaşına çatmamış övladının olmasını, əməlindən peşman olmasını, səmimi etirafını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, Nərimanov RPİnin 18-ci PŞ-də polis sahə inspektoru vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət aparır, 20 dekabr 2023-cü il tarixdə saat 19:30-da inzibati ərazidə həmin PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə xidmətdə olarkən ünvan 9 ünvanın qarşısında bir nəfər şəxsin hərəkətlərindən, bədən və gözlərinin quruluşundan narkotik vasitə istifadəçisinə bənzətdiklərindən həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib sorğu-suala tutmuş, həmin şəxs isə onların suallarından yayınmağa çalışmışdır. Həmin şəxsi narkotik vasitədən istifadə etməkdə şübhəli şəxs qismində Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin olunmaqla üzərində şəxsi axtarış aparılmışdır, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd kağız kəsiyinə bükülmüş içərisində yaşıl rəngli, spesifik qoxuya malik kütlə və 01 ədəd sellofan kəsiyinə bükülmüş içərisində ağ rəngli, kristal şəkilli maddə aşkar edilmişdir. Aşkar olunmuş maddələr iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə zərfdə qablaşdırılmış və 224 nömrəli möhürlə möhürlənmişdir. Şəxsi axtarış və götürmə zamanı “Panasonik HC-V770” markalı videokamera vasitəsi ilə çəkiliş aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələri Ə.Orucəliyev küçəsində yerləşən gözəllik salonunda tanışı Gülnarədən götürdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin polis sahə rəisi vəzifəsində işləyir və polis kapitanıdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatla bağlı əməliyyat tədbiri keçirilməsi üçün şöbə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, digər üzvü isə o olmuş, 09 fevral 2024-cü il tarixdə saat 10:55-də ünvan 10 ünvanı qarşısında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar. Xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmişlər, ardınca Təqsirləndirilən şəxs şübhəli şəxs kimi 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, bölməyə Bakı şəhəri, Vəkillər kollegiyasının 13 saylı Vəkil Bürosundan müdafiəçi, ardınca tərcüməçi dəvət olunmuş, onun, müdafiəçinin, tərcüməçinin, Xətai RPİnin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə təhqiqatçı Ağasəf Şəhriyarov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, daha sonra üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmiş, təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş, içərisində qəhvəyi rəngli, toz şəkilli kütlə olan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin maddənin narkotik vasitə heroin olduğunu, şəxsi istifadə məqsədi ilə üzdən tanıdığı şəxsdən aldığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə zərfə qoyularaq möhürlənmiş və zərf şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi, tərcüməçi, təhqiqatçı, o və digər polis əməkdaşı tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən çəkilişin bitdiyi elan edilmiş və istintaq hərəkəti protokollaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Onun ifadəsi Şahid4 ifadəsinə oxşar olmuş və heç bir ziddiyyət təşkil etməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, onun ifadəsi Şahid2 ifadəsinə oxşar olmuş və heç bir ziddiyyət təşkil etməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-də Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra onun üzərinə axtarış aparılmış və əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd kağız kəsiyinə bükülmüş içərisində yaşıl rəngli, spesifik qoxuya malik kütlə və 01 ədəd sellofan kəsiyinə bükülmüş içərisində ağ rəngli, kristal şəkilli maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə hesab olunan “nəşə” və “şüşə” olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-də Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə qızılı rəngli kağıza bükülmüş qəhvəyi rəngli toz şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddəni çıxararaq onun “heroin” adlanan narkotik vasitə olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 dekabr 2023-cü il tarixli 3-16-16/2-7/1725 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış zərfdə içərisində iki ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.29 qram və 0.32 qram, ümumi çəkisi 0.61 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqatdan sonra qalıq 0.57 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 dekabr 2023-cü il tarixli 3-16-16/2-6/6509 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №224” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar...” soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 0.441 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqatdan sonra qalıq 0.391 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2024-cü il tarixli 3-16-16/2-6/811 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “...(imza) Təqsirləndirilən şəxs..” sözləri qeyd edilmiş zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0.353 qram açıq-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra qalıq 0.303 qram. İş materiallarında olan xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 02 ədəd kağız kəsiyinə bükülmüş içərisində yaşıl rəngli, spesifik qoxuya malik kütlə və 01 ədəd sellofan kəsiyinə bükülmüş içərisində ağ rəngli, kristal şəkilli, maddə olan büküm aşkar edilərək götürülmüşdür. İş materiallarında olan xx.xx.0224-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr-dekabr ayları ərzində Gülnarə Hüseynovaya məxsus ***-***-**-** mobil nömrəsi ilə danışıqlar aparması müəyyən olunmuşdur. İş materiallarında olan 23 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.303 qram narkotik vasitə heroin, 0.57 qram marixuana və 0.391 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən 02 ədəd CD-R formatlı disk, "xxxx" MMC və DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 02 ədəd CD-R formatlı disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 04 mart 2024-cü il tarixli 1435 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs 2-ci dərəcəli müddətsiz əlil olması ilə əlaqədar barəsində narkomaniyadan məcburi müalicə təbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 20 dekabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2023-cü il tarixdə saat 20:30-da şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyovun 22 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına” vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 09 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2024-cü il tarixdə saat 10:55-də şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 09 fevral 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 10 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 29 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi sonuncunun həmin məcəllənin eyni maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin məcəllənin 66.5-ci maddəsi tətbiq edilməklə 01 il 03 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2023-cü il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 03 ay 17 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Məhkumluğu ödənilməmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı 2 övladı var. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin və psixotrop maddənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib özündə saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Aşkar edilmiş qurudulmuş marixuananın çəkisi isə 5 qramdan az olduğu üçün cinayət tərkibi yaratmır. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin residivini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi etirafını, əməlindən peşman olmasını, yetkinlik yaşına çatmamış övladlarının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayət üzrə vaxtından əvvəl cəza çəkməkdən azad edildiyi vaxtdan yeni cinayət törətdiyi günə qədər 02 il müddət keçməmiş və məhkumluğu ödənilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini və təkrar cinayət törətməsini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar hesab edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə uyğun olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin residivini, xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Göstərilənləri əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs residiv nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə uyğun olaraq hazırki hökmlə təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir və cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 09 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə 2-ci dərəcəli əlil olması ilə əlaqədar narkomaniyadan məcburi müalicə tətbiq edilməsinin mümkün olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış qalmış 0,391 qram psixotrop maddə metamfetamin, 0.57 qram qurudulmuş marixuana, 0.303 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 02 ədəd CD-R formatlı, "xxxx" MMC və DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 02 ədəd CD-R disklər maddi sübut kimi tanındığından iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının ümumi dəyəri – 218 (iki yüz on səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün hazırki hökmlə təyin olunan 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan 04 ədəd disk iş materiallarında saxlanılsın. Maddi sübut kimi tanınmış Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,391 qram psixotrop maddə metamfetamin, 0.57 qram qurudulmuş marixuana, 0.303 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası dəyəri 218 (iki yüz on səkkiz) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar