Məhkəmə qərarları › İş №1(011)-334/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-334/2021

02.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-334/2021 02.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan təbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 25 yanvar 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan təmiz çəkisi 0,230 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manata qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış və 26 yanvar 2021-ci il tarixdə saat 06:20 radələrində Xətai rayonu ərazisində xidmətdə olan DİN-nin X1 Alayının polis əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində yerləşən 64 saylı orta məktəbin yaxınlığında saxlanılaraq Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin narkotik vasitə heroin onun əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd göy rəngli siqaret kağızı bükümündə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələrdən istifadə edir. Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metro stansiyasının yaxınlığında adını bilmədiyi bir şəxslə tanış olmuş və həmin şəxs ona narkotik vasitə üçün həmin yerdə ona müraciət edə biləcəyini bildirmişdir. O da narkotik vasitə lazım olanda həmin şəxsi tapıb ondan narkotik vasitə olan heroini almışdır. Narkotik vasitə olan heroini aldıqdan sonra münasib yer taparaq orada qəbul etmişdir. 17 may 2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən ’'Əhmədli” metro stansiyasının yaxınlığına gedib həmin şəxsi tapmış və ona 20 manat verib ona narkotik vasitə olan heroin gətirməsini istəmişdir. Təxminən 15- 20 dəqiqə sonra həmin şəxs ona 1 ədəd gümüşü rəngli kağız və 1 ədəd ağ şəffaf rəngli sellofana bükülmüş 02 ədəd bükümdə narkotik vasitə olan heroini gətirib vermişdir. O, 02 ədəd bükümdə olan narkotik vasitə heroini əynində olan qara rəngli şalvarın sol yan cibinə qoymuşdur ki, bədənində ağrılar olan zaman münasib yer taparaq istifadə etsin, 13 may 2021 -ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Xətai rayonu, M,Hadi küçəsi 51 saylı binanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək, Xətai RPİ-nin 34-cü PŞ-in əməkdaşları olduqlarını bildirib onu saxlayaraq 34-cü PB-nə dəvət etmişlər və o da heç bir etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşları, ona dövlət tərəfindən təqdim edilmiş vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynindəki qara rəngli şalvarın sol yan cibində gizlətdiyi 01 ədəd gümüşü rəngli kağız və 1 ədəd şəffaf rəngli sellofan bükümləri təqdim edərək narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş heroini haradan aldığını soruşanda, o, həmin heroini öz istifadəsi üçün Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metro stansiyasının yaxınlığında adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 20 manat pul verib şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Onun üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç nə aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun, müdafiəçinin və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, onlar imzaları ilə zərfi və protokolun doğruluğunu təsdiq etmişlər. O, heroini Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metro stansiyasının yaxınlığında adını bilmədiyi, şəxsdən 20 manat pul müqabilində almışdır. Heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamışdır, həmişə özü qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 18 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də məndən və Xətai RPİ-nin 34-cü PŞ-in əməliyyat müvəkkili Şahid1 oğlundan ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Zahid birlikdə məlumat əsasında saat 05 radələrində ünvan 2 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Kərəmin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını görüb, həmin şəxsə yaxınlaşıb xıdməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Kərəmə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Kərəmi saxlayaraq Xətaİ RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər və Kərəmi PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçıya təhvil vermişlər. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilərək həmin vəkilin iştirakı ilə Kərəmi şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələrini izah etmişlər. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Kərəmə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs də əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofana və 01 ədəd gümüşü rəngli kağıza bükülmüş 02 ədəd bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümlərin içərisində narkotik vasitə olan heroin olmasını, həmin heroini Bakı şəhəri, Xətai rayonu, Əhmədli metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirdi. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Kərəmin üzərindən aşkar olunmuş kütlə qablaşdırıldı, möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Bu barədə protokol tərtib olundu, iştirakçılara ucadan oxundu, iştirakçılar və Kərəm tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edildi. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən İfadəsində şahid qismində dindirilmiş Şahid2 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 18 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (i.v.01); şübhəli şəxsin tutulması haqqında 18 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 05:00 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 25); şəxsi axtarış və götürmə aparılması haqqında 18 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan və 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümlərdə 0,321qram və 0,446 qram, olmaqla ümumilikdə 0,767 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür, keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir(i.v.39-40); məhkəmə-kimyəvi ekspertizasının 18 may 2021 -ci il tarixli, 6/1952 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası DİN Zərflər üçün №-1525: dairəvi möhür əksi olan soyad və İmzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,321 qram, 0,446 qram ümumi təmiz çəkisi 0,767 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir (i.v.49-52); CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 18 may 2021-ci il tarixli protokola uyğun olmuşdur (i.v.66-67); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 19.05.2021-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 68-69); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 19 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, o, 19 may 2021-ci il tarixdə 15:15-də saxlandığı Xətai RPİ-nin MSY-dən dərhal azad edilmişdir(i.v.91-92); qətimkan tədbirinin seçilməsi haqqında 19 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 93-94); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin 26.07.2007-ci il tarixli hökmü ilə CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il islah işləri cəzasına məhkum edilmiş, 25.05.2009-cu il tarixdə AR Milli Məclisinin 17.03.2009-cu il tarixli amnistiya qərarına əsasən çəkdiyi cəzadan azad olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.11.2016-cı il tarixli hökmü ilə CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19.08.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir(i.v.101-102, 107-130); iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 20.05.2021-ci il tarixli, 1551 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(i.v.135-136); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ilkin təmiz çəkisi 0,767 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,667 qram çəkidə narkotik vasitə olan heroin saxlanması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 1 ədəd “DVD" formatlı disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir(i.v.137-143); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,767 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26.07.2007-ci il tarixli hökmü və Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.11.2016-cı il tarixli hökmü üzrə olan məhkumluqlar ödənildiyindən CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir və cinayətlərin residivi zamanı nəzərə alına bilməz. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutularaq saxlanıldığı 18.05.2021-ci il tarixdən 19.05.2021-ci il tarixədək olan müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 65 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 may 2021-ci il tarixdən 19 may 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 00:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ilkin təmiz çəkisi 0,767 qram, tədqiqatdan sonra qalıq qalmış 0,667 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “DVD" formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar