Məhkəmə qərarları › İş №1(011)-335/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-335/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-335/2023 20.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxx 1994-cü il ildə Ucar rayonu, Qarabörk kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 02 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 01 il 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş, işləməyən, Ucar rayonu, Ucar şəhəri, Qarabörk kədində qeydiyyatda olan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə; xx xxxxxx 1985-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Yeni Yol kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Məmmədrza Dizə kəndində qeydiyyatda olan və barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 19 noyabr 2022-ci il tarixdə saat 19 radələrində X1 məxsus ünvan 1 ünvanda yerləşən evin qarşısına gələrək əvvəlcədən rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə o, həyətyanı sahənin giriş qapısını əli və təpiklə vurub açaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla oradan Ayaz Allahverdiyevin qardaşı Zərərçəkmiş şəxs3 məxsus 450 manat dəyərində iki ədəd dəmir qapıları gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 cəmi 450 (dörd yüz əlli) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 05 dekabr 2022-ci il tarixdə saat 01:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanda yerləşən mənzilin pəncərəsini əli ilə itələyib açaraq qanunsuz yaşayış sahəsinə daxil olub orada usta kimi işləyən Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 20 manat dəyərində “EPA PA6- GF30” markalı drel, bir ədəd 35 manat dəyərində “Rotary Hammer 24 mm” markalı orta ölçülü perferator, bir ədəd 40 manat dəyərində “MAKET-2 T- 125C” markalı laqonda, bir ədəd 250 manat dəyərində perfarator, bir ədəd 65 manat dəyərində qaynaq üçün nəzərdə tutulmuş ütü, bir ədəd 15 manat dəyərində ütü başlığı olan qayçı, bir ədəd 8 manat dəyərində laqonda başlığını cəmi 433 manat dəyərində, Zərərçəkmiş şəxs2 məxsus bir metrinin dəyəri 80 qəpik olan 620 metr uzunluğunda 496 manat dəyərində elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 433 manat, Zərərçəkmiş şəxs2 isə 496 manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 19 noyabr 2022-ci il tarixdə saat 19 radələrində X1 məxsus ünvan 1 ünvanda yerləşən evin qarşısına gələrək əvvəlcədən rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə Təqsirləndirilən şəxs1 həyətyanı sahənin giriş qapısını əli və təpiklə vurub açaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla oradan Ayaz Allahverdiyevin qardaşı Zərərçəkmiş şəxs3 məxsus 450 manat dəyərində iki ədəd dəmir qapıları gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 cəmi 450 (dörd yüz əlli) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin səmimi etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilmiş və istintaq zamanı verdiyi ifadəni təsdiqləyərək bildirmişdir ki, 17 saylı cəzaçəkmə müəssəsində cəza çəkir. Həbs edilməmişdən əvvəl, yəni 19 noyabr 2022-ci il tarixdə oğurluq etmək qərarına gəlmişdir. 19 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Davud küçəsində gəzişərkən həyət evi görmüşdür. Evin həyətyanı sahəsinə baxdıqda orada dəmirlər olduğunu görmüş, bu zaman həmin dəmir məmulatlarını oğurlayıb satmaq qərarına gəlmiş, ancaq bunun üçün kömək lazım olmuş, buna görə də həmin günü saat 18 radələrində tanışı Xəyal ilə görüşüb bu barədə bildirmiş və təklif etmişdir ki, oğurluqda ona kömək etsin. Xəyal təklifini qəbul etmiş və həmin günü axşam saat 19 radələrində evin qarşısında görüşməyə qərar vermişlər. Həmin günü saat 19 radələrində oraya getmiş, Xəyal gəlməmiş həyətyanı sahənin qapısını əli və təpiklə vurub açmışdır. Bu zaman Xəyal gəlmiş, onlar qapının köməkləşib yerindən çıxarıb kənara çəkmişlər və ikisi də həyətə daxil olmuşlar. Həyətdə yerdə olan dəmir qapıya aid iki ədəd list formasında hissələrini götürüb küçəyə çıxarmışlar. Dəmirləri oradan uzaqlaşdırmaq üçün onlara yük avtomobili lazım olmuşdur. Tanıdığı Bəhruz adlı şəxsə zəng edərək dəmir məmulatları olmasını demiş və sonuncunu olduqları yerə çağırmışdır. Belə ki, Bəhruzun yük avtomobili vardır və avtomobillə yük daşımışdır. Bəhruz gəldikdən sonra dəmirlərin özünə məxsus olmasını bildirib metal qəbulu yerinə aparmağı xahiş etmişdir. Bəhruz ilə 20 manata razılaşdıqdan sonra Xəyal ilə dəmirləri avtomobilin arxa yük yerinə yığmışdır. Bundan sonra Bəhruz onları Kənd Əhmədli qəsəbəsində olan metal qəbulu yerinə aparmış, orada Xəyal ilə yükü boşaltmışlar və Bəhruza 20 manat verdikdən sonra sonuncu çıxıb getmişdir. Xəyal ilə dəmir məmulatlarını məntəqədə işləyən şəxsə özünə məxsus olmasını bildirməklə tərəzidə çəkildikdən sonra metal kimi sataraq 125 manat məbləğində pul əldə etmişdir. Həmin puldan Bəhruza verdiyi 20 manatı götürmüş, qalan pulu isə Xəyalla birlikdə yarıyarı aralarında bölmüşlər. Əldə etdiyi pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. Pulu qutardıqdan sonra yenidən oğurluq etmək qərarına gəlmişdir. Buna görə də 05 dekabr 2022-ci il tarixdə Mirzə Davud küçəsinə gəlmişdir. Gecə təxminən saat 01:30 radələrində içərisində yaşayış olmayan həyət evi görmüşdür. Belə ki, evin işıqları yanmamışdır. Ətrafa baxıb sakitlik olmasını görüb diqqət çəkməyərək evin pəncərəsinə yaxınlaşmışdır. Pəncərəni əli ilə vurub açmış, bundan sonra isə pəncərədən içəri daxil olmuşdur. Üzərində olan alışqanın arxasındakı işıqla evin içərisini axtarmışdır. Oradan müxtəlif təmir alətləri və müxtəlif naqillər görmüşdür. Həmin əşyaları üzərində olan böyük torbaya qoyaraq pəncərədən küçəyə çıxarmışdır. Oradan uzaqlaşıb oğurladığı əşyaların bir qismini kimsəsiz yerdə gizlətmiş, bir qismini isə Kənd Əhmədli qəsəbəsində tanımadığı şəxsə satmışdır. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışmasını, ziyanların ödənilməsini, Zərərçəkmiş şəxs3 dəymiş ziyanı isə qısa müddətdə ödəyəcəyini, himayəsində azyaşlı uşağın olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilmiş və istintaq zamanı verdiyi ifadəni təsdiqləyərək bildirmişdir ki, 6 aya yaxın müddətdir ki, Bakı şəhəri Xətai rayonu ərazisində aparılan tikinti işlərində İlqarla tanış olmuş və sonuncu ilə arasında dost münasibətləri olmuşdur. 19 noyabr 2022-ci il tarixdə axşam saatlarında işdən evə qayıdarkən dostu İlqar onunla əlaqə saxlayıb bildirmişdir ki, yaşadığı evin yaxınlığında ev vardır, həmin evin həyətində dəmir məmulatları görmüş və oğurlayıb dəmir yığan şəxslərə sataraq pul əldə etmək olar. Əlavə gəlir əldə etmək üçün, həm də ki, maddi imkanı zəif olduğundan İlqarla razılaşmış və həmin günü axşam sonuncunun dediyi yerə getmişdir. Saat 19 radələrində orada İlqar ilə görüşmüş və sonuncu ilə yaşayış olmayan həyətyanı sahəyə gəlmişlər. Gələnə qədər artıq İlqar evin həyət qapısını açmışdır. Ora yaxınlaşdıqda İlqar onu qarşılamış və onlar həyətin giriş qapısının qarşısında olan dəmir qapısını yerindən çıxarıb kənara çəkmişdir. Bundan sonra isə Xəyal ilə birlikdə içəri daxil olmuşlar. Həyətdə dəmirdən list formasında iki qapı hissələri olmuşdur. Xəyal ilə həmin dəmirləri götürüb küçəyə çıxarmışlar. Dəmirləri oradan uzaqlaşdırmaq üçün İlqar bir nəfər tanışının “Qazel” markalı avtomobil sürücüsünün olduğunu bildirib həmin şəxsə zəng etmişdir. Bir müddət sonra həmin ünvana Bəhruz adlı şəxs idarə etdiyi “Qazel” markalı avtomobillə yaxınlaşmışdır. İlqar sürücüyə həmin ünvandan dəmir parçalarını Kənd Əhmədli qəsəbəsində yerləşən “Akif” adlı marketin yaxınlığında yerləşən dəmir təhvil-təslim məntəqəsinə aparmaq lazım olduğunu bildirmişdir. Bəhruz həmin ünvana getmək müqabilində 20 manat məbləğində pul istəmiş, onlar da Bəhruz ilə razılaşmışlar. Daha sonra dəmir qapının hissələrini avtomobilin arxasına yükləyib yola düşmüşlər. Kənd Əhmədli qəsəbəsində yerləşən məntəqəyə gəldikdə İlqar Bəhruza 20 manat pul vermiş və sonuncu getmişdir. Bundan sonra İlqarla həmin dəmir hissələri təhvil verib ümumilikdə 125 manat pul əldə etmişlər. İlqar həmin puldan sürücüyə verdiyi 20 manatı götürmüş, qalan 105 manatı isə aralarında bölmüşlər. Bundan sonra yaşadığı evə getmişdir. Əldə etdiyi pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanı qısa müddətdə ödəyəcəyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində təmir-tikinti işləri aparmışdır. 04 dekabr 2022-ci il tarixində sonuncu dəfə saat 13 radələrində həmin ünvanda fərdi yaşayış evinin içərisində təmir işlərini bitirib evin giriş qapısını açarla bağlayıb yaşadığı evə getmişdir. 05 dekabr 2022-ci il tarixdə saat 09:30 dəqiqədə təmir işlərini aparmaq üçün həmin ünvanda yerləşən evə gəlmiş, evin qapısını açıb içəri daxil olduqda oradan özünə məxsus iki ədəd perfarator, bir ədəd laqonda, bir ədəd drel, bir ədəd qaynaq üçün nəzərdə tutulmuş ütü, bir ədəd ütü başlığı olan qayçı və bir ədəd laqonda başlığı, ev sahibi Zərərçəkmiş şəxs2 məxsus isə 620 metr uzunluğunda elektrik naqilinin oğurlandığını aşkar etmişdir. Baş vermiş hadisə ilə əlaqədar Zərərçəkmiş şəxs2 bacısı oğlu X3 DİN-in “102 xidməti” zəng mərkəzinə zəng edib cinayət hadisəsi barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və baxış keçirib fotoşəkillər çəkmişlər. Dəymiş ziyan ödənilmiş, buna görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi ona məxsusdur. Həmin fərdi yaşayış evində təmirtikinti işləri aparılmışdır. Təmir işlərini tanışı Zərərçəkmiş şəxs1 tapşırmış və sonuncu evində təmir işləri görmüşdür. 04 dekabr 2022-ci il tarixdə sonuncu dəfə saat 13 radələrində Zərərçəkmiş şəxs1 həmin ünvanda fərdi yaşayış evinin içərisində təmir işlərini bitirib evin giriş qapısını açarla bağlayıb yaşadığı ünvana getmişdir. Bundan sonra 05 dekabr 2022-ci il tarixdə saat 09:30 dəqiqədə Zərərçəkmiş şəxs1 təmir işlərini aparmaq üçün həmin ünvanda yerləşən evə gəlmiş və evdən özünə məxsus iki ədəd perfarator, bir ədəd laqonda, bir ədəd drel, bir ədəd qaynaq üçün nəzərdə tutulmuş ütü, bir ədəd ütü başlığı olan qayçı və bir ədəd laqonda başlığı, o cümlədən ona məxsus 620 metr uzunluğunda elektrik naqilləri, bir metrinin dəyəri 0,80 qəpik olmaqla ümumilikdə 496 manat dəyərində elektrik naqillərinin oğurlanmasını aşkar etmişdir. Dəymiş ziyan ödənilmiş, buna görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış ev və onun həyətyanı sahəsi qardaşı X1 məxsusdur. Qardaşı ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamamış və orada yaşayış yoxdur. Evin həyətyanı sahəsi boş olduğundan özünə məxsus olan “D601” markalı buldozeri iş olmadığından və saxlamağa yeri olmadığına görə həmin evdə saxlamışdır. Boş vaxtlarında isə oraya gedərək nəzarət etmişdir. Eyni zamanda qardaşı Ayaz da həmin evə nəzarət etmişdir. 20 noyabr 2022-ci il tarixdə səhər saatlarında qardaşı Ayaz Allahverdiyev istifadəsində olan mobil telefonuna zəng edərək bildirmişdir ki, özünə məxsus buldozerin ehtiyat hissələri, dəmir darvaza və bir neçə digər qiymətli mallar oğurlanmışdır. Dərhal DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə qısa məlumat vermiş və oraya getmişdir. Oraya çatdıqda həqiqətən də əmlaklarının oğurlanmasını aşkar etmişdir. Bir neçə dəqiqə keçdikdən sonra həyətə polis əməkdaşları gəlmişlər və baxış keçirib fotoşəkillər çəkmişlər. Polis əməkdaşları ilə Xətai RPİ-nin 36-cı polis bölməsinə gedərək ərizə ilə müraciət etmişdir. Bölmədə izahatı alındıqdan sonra yenidən oğurluq hadisəsi olan evə gəlmişdir. Həyətə baxış keçirdikdə məlum olmuşdur ki, oğurluq hadisəsi nəticəsində ona məxsus “D601” markalı, buldozerin ehtiyat hissələri, yəni 750 manat dəyərində “A41M” markalı, bir ədəd yanacaq nasosu, 150 manat dəyərində bir ədəd “NŞ50” markalı, yağ nasosu, 50 manat dəyərində bir ədəd “NŞ10” markalı, yağ nasosu, 250 manat dəyərində 10 ədəd buldozer başmaqları, 350 manat dəyərində bir ədəd yağ paylayıcısı, 400 manat dəyərində bir ədəd katok, 100 manat dəyərində bir ədəd təkər, 400 manat dəyərində iki dəst yer əkən hissələri, 200 manat dəyərində iki ədəd oksigen balonları, 50 manat dəyərində 60 kiloqram çəkidə buldozerə aid bolt və qaykalar, 300 manat dəyərində “A41M” markalı, mühərrikin hissələri, 500 manat dəyərində buldozerə aid dörd ədəd qoşqular və 450 manat dəyərində iki ədəd darvaza bağlantı dəmirləri oğurlanmışdır. Dəymiş ziyan ödənilməmiş, təqsirləndirilən şəxslərin qısa müddətdə ziyanı ödəyəcəklərinə söz verdiyindən onlarla barışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qardaşına məxsus “QAZ33021” yük markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobillə yük daşıyaraq ailəsini dolandırmışdır. 19 noyabr 2022-ci il tarixdə axşam saatlarında özünü təqdim etməyən cavan oğlan zəng edərək Xətai rayonu, M.Davud 35 ünvanında yük olmasını, aparmaq istədiyini bildirmişdir. Avtomobili idarə edib həmin ünvana getmişdir. Təxminən axşam saat 20 radələrində oraya çatmışdır. Ora çatdıqda iki nəfər cavan oğlan ona yaxınlaşmışlar. Həmin şəxslər qeyd olunan ünvandan Kənd Əhmədlidə yerləşən “Arif” adlı mağazanın yaxınlığındakı dəmirgötürmə məntəqəsinə yük aparılmasını demişlər. Onlardan zəhmət haqqı kimi 20 manat məbləğində pul istəmişdir. Daha sonra adını orada öyrəndiyi Xəyal adlı şəxs və digər adını bilmədiyi, lakin sonradan öyrəndiyi İlqar adlı şəxs M.Davud 35 ünvandan iki tağlı dəmir darvazaya bənzər listləri avtomobilimin arxa yük yerinə yükləmişlər. İlqar adlı şəxs həmin dəmirlərin özünə məxsus olmasını bildirmiş və yararsız olduğu üçün satacağını demişdir. Bundan sonra onları Kənd Əhmədlidə metal qəbulu yerinə gətirmişdir. Onlar avtomobilinin arxa yük yerindən dəmir darvazanı düşürmüşlər və 20 manat pul vermişlər. Bundan sonra oradan çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, dəmir alqı-satqısı ilə məşğuldur, 2022-ci ilin noyabr ayının 18-19 tarixində axşam saatlarında saat 20 radələrində “Qaz 33021” markalı yükdaşıma avtomobili işlədiyi yerə, yəni Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi, Nobel prospekti ünvanda “Arif” marketin yaxınlığında yerləşən dəmir alışı-satışı məntəqəyə gəlmişdir. Həmin zaman orada tək olmuşdur. “Qaz 33021” markalı yük daşıma avtomobilindən iki nəfər arıq bədən quruluşlu, balaca və orta boylu iki nəfər şəxs düşərək yaxınlaşmışlar. “Qaz 33021” markalı yükdaşıma avtomobilin sürücüsü avtomobildən düşərək kənarda dayanmışdır. Həmin zaman içərilərindən üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfər şəxs həyətlərindən topladığı iki list dəmir darvazalarnı satmaq istədiyini bildirmişdir. Onlara həmin iki list dəmir darvaza parçalarını götürə biləcəyini bildirmişdir. Daha sonra həmin şəxslərə malın oğurluq olduğunu sual verdikdə onlar ona öz həyətlərindən istifadə etmədikləri dəmir darvaza parçaları olduğunu demişdir. Həmin dəmir parçaları elektron tərəzi ilə çəkdikdə 300 kq yaxın olduğunu və bunun müqabilində onara 125 manat pul vermişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 göstərməsinə əsasən ünvan 1 ünvanda yerləşən evin qarşısına gəlinmiş, həmin ünvanda hadisə vaxtı baş verənləri yerində göstərmişdir, fotoşəkillər çəkilərə protokola əlavə olunmuşdur (cild İİ, iş vərəqi 39-40). İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 19 yanvar 2023-cü il tarixli 9/313 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla bir ədəd “EPA PA6-GF30” markalı drel 20 manat, bir ədəd “Rotary Hammer 24 mm” markalı orta ölçülü perferator 35 manat, bir ədəd “MAKET-2 T-125C” markalı laqonda 40 manat olmaqla həmin əşyaların 2022-ci ilin dekabr ayına ümumilikdə dəyəri 95 manat müəyyən edilir (cild İ, iş vərəqi 165-166). İş materiallarında olan 17 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, bir ədəd “EPA PA6-GF30” markalı drel, bir ədəd “Rotary Hammer 24 mm” markalı orta ölçülü perferator, bir ədəd “MAKET-2 T-125C” markalı laqonda maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 təhvil verilmişdir (cild İİ, iş vərəqi 88-103). İş materiallarında olan 05 dekabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə tutulmuşdur (cild İ, iş vərəqi 54). İş materiallarında olan 07 dekabr 2022-ci il tarixli vəsatətin müdafiəsindən imtina edilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir (cild İ, iş vərəqi 80-81). İş materiallarında olan 07 dekabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild İ, iş vərəqi 82-83). İş materiallarında olan 11 mart 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə axtarışla tutulmuşdur (cild İ, iş vərəqi 102). İş materiallarında olan 11 mart 2023-cü il tarixli vəsatətin müdafiəsindən imtina edilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir (cild İ, iş vərəqi 108-110). İş materiallarında olan 11 mart 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild İ, iş vərəqi 112-114). İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmayan şəxsdir (cild İİ, iş vərəqi 78-79). İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnamədən və Xətai Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs1 Xətai Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 02 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Xətai Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 01 il 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuşdur (cild İİ, iş vərəqi 81-87). İş materiallarında olan xx.xx.2022-ci il tarixli Xətai RPİ 37-ci Polis Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Xətai Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərarı əsasında xx.xx.2022-ci il tarixdə tutulmuş, Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir (cild İ, iş vərəqi 135). İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, dəymiş ziyan ödənilmiş, buna görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur, onunla barışmışdırlar. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, dəymiş ziyan ödənilməmiş, təqsirləndirilən şəxslərin qısa müddətdə ziyanı ödəyəcəklərinə söz verdiyindən onlarla barışmışdır. İş materiallarında olan AZ-İV 515692 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxs X4 himayəsində xx.xx.2020-ci il təvəllüdlü Xədicə Qədirova adlı azyaşlı uşağı var. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxslərin səmimi etirafları, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tamamilə sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxslər təqsirli bilinib həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən peşman olduğunu, səmimi etirafını, himayəsində azyaşlı uşağın olması, zərərçəkmiş şəxslərlə barışdığını, vurulmuş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar kimi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Xətai Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərarı ilə cəzanın icrası qaydalarını pozduğundan azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuşdur. Hazırki iş üzrə cinayətləri də azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə törətmişdir. Buna görə də məhkəmə ona yenidən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, dəfələrlə oğurluq etdiyinə görə məhkum olunmasını, bundan nəticə çıxarmamasını, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən islah etmək mümkün deyildir. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci və 67.4-cü maddələrinə əsasən, hökmlərin məcmuyu ilə cəza təyin edilərkən məhkəmə yeni hökmlə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir, bu zaman qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarına görə, Azadlqdan məhrum etmə növündə cəza cəkən şəxs tərəfindən yeni cinayət törədildikdə,cəzanın çəkilməmiş hissəsi törədilmiş yeni cinayətə görə həbs qismində qətimkan tədbirinin seçilməsindən sonra qalmış müddət hesab olunur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 7(011)- 541/2022 saylı qərarı əsasında məhkum Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 05 dekabr 2022-ci il tarixdən hesablandığı nəzərə alınmaqla, onun bugünə qədər cəzasının 05 (beş) ay 29 (iyirmi doqquz) günü çəkilməmiş qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin edilmiş həmin cəza CMnin 67-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 7(011)-541/2022 saylı qərarı üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi ilə qismən birləşdirilərək ona qəti cəza təyin edilməli və azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublıkası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq o, təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 iyun 2002-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan AR CM-nin 49.3, 53.4-cü maddələrinə müvafiq olaraq həmin cəzalar məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş şəxslər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun əməlindən peşman olduğunu, səmimi etirafını,ilk dəfə cinayət törətməsini,əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, saxlandığı 03 (üç) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) gün çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs1 qaytarılmış “EPA PA6-GF30” markalı drel, “Rotary Hammer 24 mm” markalı perferator və “Maket-2 T-125C” markalı laqonda hökm qanuni qüvvəsini aldıqdan sonra onun istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə məhkəmə xərci hesab edilən 50 (əlli) manat Təqsirləndirilən şəxs1 alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş cəzaya Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə müvafiq olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 7(011)-541/2022 saylı qərarı üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 29 (iyirmi doqquz) gün hissəsi qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 20 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 saxlandığı 03 (üç) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) gün çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs1 qaytarılmış “EPA PA6-GF30” markalı drel, “Rotary Hammer 24 mm” markalı perferator və “Maket-2 T-125C” markalı laqonda hökm qanuni qüvvəsini aldıqdan sonra onun istifadəsinə verilmiş hesab edilsin. İş üzrə məhkəmə xərci hesab edilən 50 (əlli) manat Təqsirləndirilən şəxs1 alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar